İƏT-in əmək nazirləri Bakıda

post-img

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 5-ci konfransının Nazirlər Sessiyası keçirilib. 

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 5-ci konfransının iştirakçılarına ünvanladığı müraciət səsləndirilib. Müraciətin mətnini Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov oxuyub.

Sessiyada İƏT əmək nazirlərinin 4-cü konfransının sədri kimi Səudiyyə Ərəbistanı Krallığının insan resursları və sosial inkişaf nazirinin müavini Adnan Abdulla Al Nuaimin çıxışı dinlənilib. Sonra konfransın sədri və bürosunun tərkibi seçilib.

Konfransın sədri seçilmiş Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev İƏT-in bu konfransının üzv ölkələrin əlaqələrinin genişlənməsinə, fəal təcrübə mübadilələrinə imkan yaratdığını vurğulayıb.

Sahil Babayev Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycanda vətəndaş rifahının təminatı sahəsində aparılan islahatları, ölkəmizdə son 5 ildə sosial ödənişlərdəki ciddi artımları, DOST Konsepsiyasının və sosial sahədə geniş elektronlaşdırma proqramının nailiyyətlərini diqqətə çatdırıb. 

İƏT-in Baş katibi Hissein Brahim Taha bu konfransın üzv ölkələr üçün önəmindən bəhs edib, müzakirə olunan məsələlərin həllində əməkdaşlığın genişlənməsinin vacibliyini qeyd edib.

İƏT Əmək Mərkəzinin Nizamnaməsinin 6 ölkə tərəfindən  imzalanıb.  Bununla da Nizamnaməni imzalayan ölkələrin sayı 16 olub. 

Beynəlxalq Əmək Təşkilatının Baş direktoru Qilbert Hungbonun konfrans iştirakçılarına videomüraciəti təqdim edilib. O, İƏT-in Bakıda Əmək Mərkəzinin açılması münasibətilə təbrikini ifadə edib. 

XQ

 

Son xəbərlər