Tarixi ədaləti bərpa edən Zəfər qələbəmiz

post-img

Müstəqil və müasir Azərbaycanın tarixində noyabr ayı artıq Zəfər, Qələbə ayı kimi qalacaqdır. Azərbaycan xalqı işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda 27 sentyabr tarixində başlatdığı Vətən Müharibəsi 10 noyabr tarixində Azərbaycanın qələbəsi, düşmənin kapitulyasiyası ilə sona çatdı. İkinci Qarabağ müharibəsində hərbi döyüşlər nəticəsində 300-ə yaxın yaşayış məntəqəsi, həmçinin Füzuli şəhəri, Cəbrayıl şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Hadrud qəsəbəsi, Suqovuşan qəsəbəsi, digər qəsəbələr döyüş meydanında azad edildi. Prezident, Ali Baş Komandan İlham Əliyev 8 noyabr tarixində Şuşanın azad edilməsi müjdəsini xalqımıza verdi. 10 noyabr tarixində imzalanan üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. İmzalanan bəyanata əsasən, 2020-ci il dekabrın 1-i tarixinədək Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana qaytarılacaq, NMR ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.

Beləliklə, Azərbaycan xalqının 30 illik həsrətinə son qoyuldu. Nəhayət ki, Azərbaycanın ərazi bütövlüyü, süverenliyi bərpa edildi və ədalət öz yerini tapdı. Biz öz tarixi torpaqlarımıza, öz doğma yurd, yuvalarımıza qayıdacayıq. Dövlətimizin başçısı “Qarabağ Azərbaycandır və nida” ifadəsini gerçəkləşdirildi. Torpaqlarımızın düşmən işğalından azad edilməsi yolunda neçə-neçə igid, qəhrəman oğullarmız şəhid oldu, yaralandı, Vətən uğrunda qanından, canından keçdi. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.

Xalqımız bu gün müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli günlərini yaşayır. Vətən müharibəsində qazandığımız qələbə xalqımızın torpaq həsrətinə son qoydu, düşmən üzərində böyük qələbə əldə edildi. Məhz Ali Baş Komandan İlham Əliyevin həm siyasi arenada, həm də döyüş meydanındakı gücü, qüdrəti sayəsində ölkəmiz tarixi ədaləti bərpa etdi. Azərbaycan bütün dünyaya öz siyasi və hərbi gücünü nümayiş etdirdi. İkinci Qarabağ müharibəsində ən əsas məqamlardan biri Azərbaycan xalqı ilə Ali Baş Komandan birliyi oldu. Xalq Prezidentin ətrafında bir yumruq kimi birləşərək ordumuza böyük dəstək verdi. Rəşadətli Azərbaycan Ordusu döyüş meydanında Ali Baş Komandanın əmrlərini şərəflə icra edərək düşmənə ağır zərbələr endirdi və işğal altındakı torpaqlarımızı azad etdi. 

Ali Baş Komandan, Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi, diplomatiya və informasiya savaşı cəbhəsində də öz qətiyyəti, sarsılmaz iradəsi, cəsarəti ilə bütün təzyiqlərə məharətlə sinə gərdi, Azərbaycana qarşı informasiya blokadasını yardı, müharibə dövründə və müharibədən sonra dünyanın ən nüfuzlu telekanallarına, mətbuat orqanlarına 30-dan çox müsahibə verdi. Dövlətimizin başçısı nümayişkaranə şəkildə düşmənin mövqeyini dəstəkləyən ölkələrin kütləvi informasiya vasitələrinin təmsilçilərinin ən qərəzli suallarına belə qətiyyətli cavab verməkdən yayınmadı. Prezidentimiz nə dərəcədə hazırlıqlı və uzaqgörən olduğunu göstərməklə yanaşı, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirlərlə, Azərbaycanın haqlı olduğunu konkret faktlarla dünya ictimaiyyətinə çatdırdı. Ali Baş Komandan xalqını milli hədəflərinə yetirdi, ona imzasını atdı. 

Qədim yaşayış məskənlərimiz olan Ağdam, Kəlbəcər və Laçın rayonlarını bir güllə atmadan belə Azərbaycan Prezidentinin diplomatik yolla düşmən tapdağından azad etməsi isə dünya tarixində nadir hallarda rast gəlinən möhtəşəm uğurlardandır. Ölkəmiz öz torpaqlarını işğaldan azad etməyə həmişə hazır olub. Ali Baş Komandan tərəfindən həyata keçirilən düşünülmüş, uzaqgörən, prinsipial siyasət nəticəsində daxili və xarici diplomatiyada qazandığımız böyük uğurlar bizi addım-addım Zəfərə yaxınlaşdırırdı. Qazanılan bu Zəfər təkcə Ermənistan üzərində deyil, həm də Azərbaycana qarşı qeyri-dost münasibəti bəsləyən, bütün vasitələrlə təzyiqlər göstərməyə çalışan haqsız qüvvələr üzərində Qələbədir. 

17 il ərzində dövlətimizin başçısı yürütdüyü müdrik daxili və xarici siyasətin töhfəsi qalib, qüdrətli Azərbaycan oldu. Zəfər bayramı bizim üçün qürur mənbəyidir. Bütün dünya Azərbaycanı qalib ölkə kimi tanıdı. Şanlı Zəfər, Ermənistanın isə acınacaqlı məğlubiyyəti "Dağlıq Qarabağ"ın statusunun müəyyən edilməsi məsələsinin üstündən birdəfəlik xətt çəkdi, tarixi Azərbaycan torpaqlarında yeni erməni dövlətinin qurulması planlarını darmadağın etdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!

Döyüş meydanında göstərilən əzmkarlıq, liderlik iradəsi bu gün azad torpaqlarımızda aparılan bərpa-quruculuq işləri ilə davam etdirilir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə düşməndən təmizlənmiş ərazilərimiz sürətlə yenidən qurulur, dirçəldilir, bu torpaqlara həyat gətirilir. Azərbaycan xalqının milli-mədəni irsinin qorunub saxlanmasında mühüm rol oynayan Heydər Əliyev Fondu quruculuq işlərində yaxından iştirak edir. Şuşadakı Vaqifin məqbərəsinin bərpası, "Xarı-bülbül" festivalı, "Vaqif Poeziya Günləri", mədəni irsin bərpası artıq bu torpaqlarda insanlar üçün layiqli həyata, yeni bir başlanğıca doğru işıqlı yol deməkdir. Prezident cənab İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlara səfərləri, böyük qələbəni xalqla birlikdə qeyd etmələri hər birimizi qürurlandırdı. Bütün dünya tarixi ədaləti bərpa edən Azərbaycan Ordusunun, cənab Ali Baş Komandanın və xalqımızın gücünü gördü. Azərbaycan indi regionun inkişafında, təhlükəsizliyində, sülh içində yaşamasında maraqlı olan hər kəsi inkişafa doğru səsləyir.

Azərbaycan bölgədə sülh tərəfdarıdır!

Qeyd etdiyimiz kimi, noyabr ayı artıq müasir tariximizin parlaq zəfər səhifəsi kimi yaddaşlarımıza həkk olunub. Bu mənada ərazi bütövlüyümüzün bərpa edilməsi, düşmən üzərində qazandığımız qələbə münasibətilə soydaşlarımızı təbrik edirəm.

Yaşasın müstəqil Azərbaycan!

Fərid MUSTAFAYEV,

 YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

 



Siyasət