ABŞ Konqresi Ukrayna ilə bağlı mühüm qərar qəbul edib

post-img

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya verilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib.

TASS xəbər verir ki, sənədi 40 qanunverici dəstəkləyib, ikisi əleyhinə səs verib. Qanun layihəsinin Nümayəndələr Palatasının tam iclasında baxılacağı tarix dəqiqləşdirilməyib.

Qanun layihəsi Senatda və Nümayəndələr Palatasında 2023-cü ilin iyununda təqdim edilib. Təşəbbüs müəllifləri “Rusiya Federasiyası Mərkəzi Bankından müsadirə edilmiş aktivlər və Rusiya Federasiyasının digər suveren aktivləri” hesabına Ukraynaya əlavə yardım göstərməyi təklif ediblər. Sənəd Rusiyadan Kiyevə dondurulmuş vəsaitlərin köçürülməsi üçün “beynəlxalq kompensasiya mexanizminin” yaradılmasını da nəzərdə tutur.

Bundan əlavə, qanun layihəsi Rusiya qoşunları Ukrayna ərazisini tərk edənə və Moskva Kiyevə hərbi təcavüzə görə kompensasiya təmin edənə qədər aktivlərin sərbəst buraxılmasına qadağa qoyulmasını nəzərdə tutur.

Rusiyanın Ukraynaya təcavüzündən sonra Qərb sanksiyalar çərçivəsində Rusiyanın xaricdəki aktivlərinin bir hissəsini dondurdu. Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib ki, ümumilikdə 300 milyard dollar - qızıl-valyuta ehtiyatlarının demək olar ki, yarısı bloklanıb. ABŞ Xəzinədarlığı öz növbəsində Rusiyanın dondurulmuş aktivlərinin ümumi dəyərini təqribən 280 milyard dollar qiymətləndirib. Rusiya ehtiyatlarının böyük hissəsi Avropada saxlanılıb. Avropa Komissiyasının məlumatına görə, 2023-cü ilin may ayına olan məlumata görə, Aİ ölkələrində Rusiya Federasiyası Mərkəzi Bankının 200 milyard avroluq aktivləri bloklanıb.

XQ

Dünya