Makronun minnət dolu Orta Asiya turnesi

post-img

Əgər onun məqsədi urandırsa, Azərbaycana da üz tutacaq...

Yelisey sarayının rəhbəri, sözün həqiqi mənasında, özünün yaratdığı bataqlıqdan çıxmaq üçün yollar aramaqdadır. Parisin uzaq Afrika ölkələrində burnunun ovulması az imiş kimi, köhnə rəqibi Rusiya ilə münasibətləri də son dərəcə gərginləşib. Vaxtilə Azərbaycanın işğal edilmiş ərazilərindəki təbii sərvətlərin qarətində yaxından iştirak edən başqa ölkələr kimi, fransız şirkətləri də “oyundankənar vəziyyətdə” qalıblar. Çirkin əllərini uzadaraq, sahib çıxmaq istədiyi Ermənistanın isə “adaxlıları” olduqca çoxdur. Bir tərəfdən də ölkə daxilindəki qeyri-sabitlik Makron iqtidarının durmunu xeyli ağırlaşdırıb. Yəni Emmanuel Makronun indi vurnuxmaqdan başqa yolu qalmayıb. 

İş o yerə çatıb ki, hakimiyyətdə ol­duğu illərdə türk dünyasına və İslam ölkələrinə qarşı açıq düşmənçilik edən bu zat indi Orta Asiya türklərinin aya­ğına gedir. Yelisey sarayından verilən məlumatlarda bildirilir ki, Makronun Qa­zaxıstan və Özbəkistana səfəri dostluq, tərəfdaşlıq və əməkdaşlıq təşəbbüs­lərinin göstəricisidir: “Fransa islahatlar və modernləşmə yolunda bu iki ölkəni dəstəkləməyə, beynəlxalq əlaqələrin şaxələndirilməsinə, eləcə də onların Avropa ilə münasibətlərini gücləndir­mək niyyətinə töhfə verməyə hazırdır. Qazaxıstan və Özbəkistanı Fransa­ya yaxınlaşdırmaqda məqsəd iqtisadi sahədə, xüsusilə enerji sektorunda, mühüm materialların tədarükü, nəqliy­yat, səhiyyə, kənd təsərrüfatı və müda­fiə sahələrində əməkdaşlıqdır”.

Maraqlıdır, niyə bu təşəbbüslər bir il, iki il əvvəl yada düşmürdü? Cavab sadədir: çünki o vaxta qədər Afrikadan istədiyi qədər uran gətirə bilirdi. Bəli, bu, həqiqətdir. Bəzi ekspertlər yazırlar ki, Emmanuel Makron Afrikada itirdiyi uran ehtiyatlarının əvəzini Orta Asi­yada bərpa etmək istəyir. Çox əcəb! Qazax və özbək qardaşlarımız öz ölkələrinin təbii sərvətlərini kiməsə sat­malıdırlar. Belə bir müştərini isə axtar­mağa ehtiyac olmayıb, özü öz ayağı ilə gəlib çıxıb. Türk qardaşlarımıza “bazar olsun!” – deyirik. Makrona isə xüsusi xatırlatmamız var. 

Cənab Makron yəqin unutmayıb ki, beynəlxalq aləmdə mövcud olan aviasiya daşımaları haqqında qanun və əsasnamələrə görə, uran adlı ma­terialın hava yolları ilə daşınması qa­dağandır. Yəni bu vasitələr əlinizdən çıxıb. Odur ki, siz Orta Asiyadan almaq istədiyiniz malları ya Rusiya ərazisin­dən, ya da Azərbaycandan keçməklə aparmalı olacaqsınız. Moskva ilə mü­nasibətləri hansı səviyyəyə gətirdiyinizi hamıdan yaxşı özünüz bilirsiniz. Dövri olaraq səsləndirdiyiniz anti-Rusiya bə­yanatları və açıq düşmənçilik səviy­yəsində olan addımlarınız sizin üçün Rusiya yolunu birdəfəlik bağlayıb. Ona görə də çıxış yolu ancaq Azərbaycan­dan xahiş etməkdədir. Yəni “bazarlığı­nızı” Orta Dəhlizə – Xəzər dənizindən keçərək Azərbaycan üzərindən Avro­paya gedən yola “etibar” edə bilərsiniz. Ancaq siz Azərbaycan yollarına etibar etsəniz də, son beş-altı ildəki məz­munsuz və mənasız düşmənçilik mü­nasibətlərinizə görə Azərbaycanın sizə etibar edəcəyi o qədər də gözlənilən deyil. Hər halda, cəhd eləmək hələ heç nəyi itirmək demək deyil. Odur ki, əgər Daşkənddə və Astanada bazarlığınız alınarsa, onda Azərbaycan qarşısında üzrxahlıq etməkdən çəkinməyin. 

Xatırlayırsınızsa, siz onsuz da Cə­nubi Qafqaza gəlmək, Ermənistandan alət kimi istifadə etmək yolunu tutmuş­dunuz. İndi həmin yol da bağlanıb, o alətdən isə başqaları istifadə edəcək­lər. Azərbaycanın yol imkanları isə çox­dur, lap çox. 

Əlavə edək ki, Fransa Prezidenti Emmanuel Makron noyabrın 1-də Qa­zaxıstana, noyabrın 2-də Özbəkistana gedəcək.

Mövzuya bir əlavəmiz də var. Bu sətirləri qələmə alarkən elektron informasiya vasitələrindən birində oxuduq: “Makronun Misirdə hücuma məruz qalması, yumurta “yağışına” tutulması da ümummüsəlman mü­nasibətlərinə görədir… Fransa pre­zidenti Emmanuel Makron Misirdə naməlum şəxsin hücumuna məruz qalıb. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. İsraildən sonra Misirə səfər edən Makrona naməlum şəxs tərəfindən yumurta atılıb. Müha­fizəçilər Makronu növbəti zərbədən qorumaq üçün onu tutublar”.

İndi iş elə gətirib ki, özbək və qa­zaxlar da Makronun illər boyu təhqir etdiyi və təzyiq göstərməyə çalışdığı müsəlmanıların və türklərin təmsilçilə­ridir. 

Türklər də, müsəlmanlar da tarix boyu ayaqlarına gələn çox günahka­rı bağışlayıblar. Elə azərbaycanlılar da.  İndi zəmanə dəyişib. Bunun da günahkarı müsyö Makron özüdür.

 

İttifaq MİRZƏBƏYLİ
XQ

Siyasət