Bu “çirkli biznes”in təşkilatçısı Ermənistan hakimiyyətidir
Xankəndidəki separatçı rejimin işbaz liderləri İrəvandakı şərikləri ilə əlbir olub Qarabağda yaşayan erməni sakinlərin sayını süni şəkildə artırmaqla məşğuldur. Onlar özəl maraqlarına xidmət edən bu “biznes proje”ni Fransada, ABŞ-da, eləcə də digər ölkələrdəki zəngin erməni diasporuna sırımaqla onlardan yüz milyonlarla dollar həcmində ianələr, humanitar yardımlar qoparıblar.
İndi “caylarını Bakının həbsxanalarında içən” separatçı “bizmesmənlərin” sərfəli bazarı və “canlı xammalı” əllərindən çıxmış və onların İrəvana qaçmış şərikləri pul qazanmağın yeni üsulundan yararlanmağa çalışırlar. Onlar bu dəfə Ermənistana köçmüş Qarabağ ermənilərinə “qaçqın” statusu təşkil etməklə bizneslərini davam etdirmək barədə düşünürlər. Əsas məqsədləri “qaçqınların” sayını süni şəkildə çoxaltmaqla yenə xaricdəki milyarder hay “xeyriyyəçilərin” göndərəcəyi, eləcə də Ermənistanın dövlət büdcəsindən ayrılacaq maliyə vəsaitini mənimsəməkdir.
“Ermənistan Qarabağı tərk edən ermənilərə həm ölkə daxilində güzəştli şərlərlə yaşamaları, həm də beynəlxalq müstəvidə hüquqlarının qorunması üçün onlara status verməyə hazırlaşır”. Bunu dörd gün əvvəl Ermənistan baş naziri Nikol Paşinyan parlamentin iclasında ənənəvi hökumət saatında deputatların suallarını cavablandırarkən deyib. Baş nazir Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra könüllü şəkildə bölgəni tərk edərək Ermənistanda yaşamağa qərar verən ermənilərə “müvəqqəti müdafiə” statusu veriləcəyini söyləyib. Amma bu zaman statusun əsas mahiyyəti və onun hansı kriteriyalarla müəyyən ediləcəyini açıqlamayıb. Hayastanın baş naziri onu da parlamentarilərin nəzərinə çatdırıb ki, bu məsələ ilə bağlı yekun qərar Ermənistan hökumətinin növbəti iclasında veriləcək. Onun sözlərinə görə, artıq işlənib hazırlanmış həmin qərar layihəsi bir neçə dəfə müxtəlif formatlarda müzakirə olunub.
Paşinyan açıq mətnlə bildirməsə də, Qarabağı tərk edərək, Ermənistanda yaşamağı seçən ermənilərə “qaçqın statusu” verməyi düşünür. Baş nazir “müvəqqəti müdafiə” adı altında nəyi nəzərdə tutduğunu açıqlamasa da, söhbətin Qarabağ ermənilərinə məhz “qaçqın statusu”nun verilməsindən getdiyi aydındır. Guya, bu addım həm milli, həm də beynəlxalq səviyyədə onların hüquqlarının maksimum dərəcədə müdafiəsinə imkan verəcək. “Hər halda, bizim hüquqşünaslarımız belə bir qənaətə gəliblər”, – Paşinyan bunu parlamentdəki çıxışında bildirib.
Baş nazirin ardınca ədliyyə naziri Qriqor Minasyan da hökümətin Qarabağdan köçmüş erməniləri rəsmən “qaçqın” olaraq tanıdığını bəyan edib. Onun sözlərinə görə, “müvəqqəti mühafizəyə” götürülməsi və qaçqın kimi tanınması üçün Qarabağ erməniləri 3 meyarla təyin edilib: 1) Qarabağda əhalinin reyestrində qeydiyyatda olan şəxslər (yəni sovet dönəmindən orada yaşayan yerli ermənilər- red.); 2) Ermənistan ərazisində və ya onun hüdudlarından kənarda yaşayan, son qeydiyyat ünvanı Qarabağ olan şəxslər (1988-ci il fevral ayından sonra əhalinin sayını artırmaq məqsədilə ora yerləşdirilən ermənilər – red.); 3) Qarabağın erməni əhalisinin reyestrində qeydiyyata alınmayan, amma “Dağlıq Qarabağda” (?) yaşamış və 2023-cü il sentyabrın 19-da “hərbi əməliyyatlar” (?) nəticəsində məcburi köçkün kimi Qeydiyyat xidməti tərəfindən qeydə alınmış şəxslər (sonuncu qrup Ermənistan hökümətinin Livan, Suriya, İraq ərazisindən Qarabağa gətirib, onlar üçün qəsəbələr tikib məskunlaşdırdığı ermənilərdir -red.). Q.Minasyan vurğulayıb ki, layihənin qəbulu onların hüquq və qanuni mənafelərini qorumaq məqsədilə “Dağlıq Qarabağdan” (?) məcburi köçkünlərin müəyyən qrupunun “müvəqqəti mühafizəyə” götürülməsinə imkan yaradacaq.
Oxucuların nəzərinə çatdıraq ki, Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasında “qaçqın” anlayışı təsbit olunur və digər məqamlarla yanaşı, “beynəlxalq sərhədi keçən insan” anlayışı qabardılır. Bu, o deməkdir ki, indi Qarabağdan köçmüş şəxslərə qaçqın statusu verməklə Ermənistan onların gəldiyi ərazilərin başqa dövlətə, yəni Azərbaycana məxsusluğunu, eləcə də dövlətlərarası sərhədi keçdiyini rəsmən etiraf edir. İndi Hayastan hökuməti 100 min “qaçqından” danışır. Amma, əslində, əvvəlcə bu ərazidə yaşamış şəxslərin kateqoriyaları müəyyən edilməlidir. Qarabağda məskunlaşmış insanların xeyli hissəsi xarici dövlətlərin vətəndaşlarıdır. Bu gün rəsmi İrəvan bəyan edir ki, Qarabağdan Ermənistana köçənlərin 10 mini xaricə gedib. Elə bu faktın özü onu təsdiqləyir ki, həmin sakinlərin cibində vaxtilə gəldikləri xarici ölkələrin pasportları var. Və onlar indi İrəvandan aldanıb çıxdıqları “ilkin vətənlərinə” dönməkdə çətinlik çəkmirlər.
Hazırda Bakıda istintaq altında olan separatçıların keçmiş “silahdaşlarının” verdikləri ifadələrlə bir daha təsbit olunur ki, Qarabağda Ermənistan ordusunun 15 minə yaxın hərbi qulluqçusu olub. Onların ailə üzvlərini də saysaq, ortaya 30-40 minlik rəqəm çıxır. Bunların üzərinə işğaldan sonra əraziyə köçürülən, qanunsuz məskunlaşma yolu ilə oraya yerləşdirilən təxminən, 20 min “qonağı” da gəlmək lazımdır. Qanunsuz məskunlaşma cinayət sayıldığına görə, gəlmələrin mülkiyyət hüququ kimi qaçqın statusu da tanınmır. Belə məlum olur ki, 30 il əvvəldən Qarabağda yaşayan yerli ermənilərin sayı, təxminən, 30-35 minə yaxındır. Məntiqlə qaçqın statusu yalnız bu şəxslərə verilə bilər. Amma burada da bir “əmma” var. Qarabağı tərk edərək Ermənistanda yaşamağı seçən ermənilərə qaçqın statusu veriləcəyi halda ortaya belə bir sual çıxacaq: həmin ermənilər hansı dövlətdən qaçıblar? Ermənilər üçün bu sualın iki cavabı ola bilər: Azərbaycandan, yaxud “Artsax”dan. Birinci variantda onlar müstəqil Azərbaycanın vətəndaşlığını qəbul etməyiblər. Əgər qəbul ediblərsə və bunu pasportları ilə təsdiq edə bilirlərsə, onlara qaçqın statusu verilə bilər. İntəhası, Qarabağı könüllü tərk etmiş ermənilərin heç biri nə faktiki, nə də hüquqi cəhətdən Azərbaycan vətəndaşı olmayıb. Belə olan halda onlara Azərbaycan ərazisindən qaçqın düşmüş şəxs statusu verilə bilməz. Bunun heç bir beynəlxalq hüquqi əsası yoxdur. İkinci varianta gəldikdə isə dünyada “Artsax” adında dövlət olmayıb və yoxdur. Hətta, rəsmi İrəvanın özü bu qondarma “respublikanı” tanımır. Yəni, “Artsax respublikasının vətəndaşı” kimi dünyaya təqdim etməyə çalışdıqları ermənilərə qaçqın statusu verilə bilməz.
Hayastan mediası və rəsmi orqanları son günlərədək Qarabağı könüllü tərk etmiş erməniləri “məcburi köçkün” kimi qeyd edirdilər. İndi isə guya, onların hüquqlarını qorumaq, beynəlxalq səviyədə təminatlarını təşkil etmək üçün “qaçqın statusu” variantını ortaya atıblar. Nə beynəlxalq hüquq, nə də siyasi məntiq baxımından heç yerə sığmayan bu avantüranı da İrəvanın Bakıya təzyiq üsulu kimi düşündüyü gedişdir. Amma, bundan əvvəlkilər kimi, siyasi rəng verməyə çalışdıqları “qaçqın statusu” biznes-şousunun da tezliklə iflasa uğrayacağı indidən məlumdur.
Zaur MƏMMƏDOV,
politoloq:
Qarabağdan Ermənistana, oradan isə xaricə köçən ermənilər bəlli məsələdir ki, yaxşı həyat yaşamağı qarşılarına məqsəd qoyublar. Onlar 30 il ərzində Qarabağda separatçıların girovuna çevrilmişdilər. Əhali ilə doğru-düzgün rəftar olunmurdu. Qarabağdan könüllü çıxan ermənilər beynəlxalq hüquqa görə qaçqın sayılmır.
Qarabağda yaşayan ermənilərin orada qalmasının əsas səbəbi ondan ibarətdir ki, yerli sakinlər müxtəlif vədlərlə aldadılıblar. Hazırda onların böyük qismi Ermənistandadır. Məlumatlara görə, həmin şəxslər gələcəkdə harada yaşayacaqlarını götür-qoy edirlər. Harada yaşayacaqlarından asılı olmayaraq, onlar qaçqın kimi qəbul edilməyəcəklər. Xarici ölkələrlə yanaşı, Ermənistanın özündə də qaçqın statusu ala bilməyəcəklər. Beynəlxalq hüquqa görə, Qarabağdan köçən ermənilər qaçqın sayılmır. Çünki Azərbaycan onları qovmayıb, güclə çıxartmayıb. Könüllü şəkildə bölgəni tərk ediblər. Bununla bağlı Azərbaycanın əlində kifayət qədər dəllil var. Onlardan götürülən müsahibələrdə ermənilər bildiriblər ki, bu addımı könüllü şəkildə atırlar. Separatçıların bölgədə qurduqları mühit ona gətirib çıxardı ki, ermənilər Qarabağdan, faktiki olaraq bu separatçıların əlindən qaçdılar. Düzdür, indi hər hansı yalan və bəhanələr uydura bilərlər. Hər halda, bu, zorla qovulma və etnik təmizləmə deyil.
Asif NƏRİMANLI,
siyasi analitik:
Ermənistan hakimiyyəti Qarabağdan qayıdan ermənilərə vətəndaşlıq yox, “qaçqın statusu” verir. Burada iki məqsəd güdülür: birincisi, siyasi hədəfdir ki, “qaçqınların qayıdışını” Bakıya qarşı təzyiq aləti kimi ehtiyatda saxlamaq. Həm də Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın geri qayıtması məsələsində “ermənilərin də Qarabağa qayıdışı” iddiasını irəli sürmək. İkincisi, əlbəttə ki, iqtisadi maraqdır: Qərbdən “erməni qaçqınlara yardım” adı ilə milyonlarla avro maliyə vəsaiti almaq. Hərçənd, ermənilərin “qaçqın statusu” beynəlxalq hüquqda özünün təsbitini tapmır.
Həmin hüquqa görə, “qaçqın “irqi, dini, milli mənsubiyyətə, mənşəyinə görə təqib olunacağından qorxduğu üçün ölkəsinə qayıda bilməyən, yaxud qayıtmaq istəməyən şəxsə” deyilir. Bu səbəbdən, Qarabağdan Ermənistana köçən, daha doğrusu, qayıdan ermənilər “qaçqın” statusu ala bilməz. Qarabağ ermənilərinin “qaçqın statusu” alması üçün onların “öz ölkələrini” tərk etmələri lazımdır. Onların “ölkə” dediyi ərazi isə beynəlxalq hüquqa əsasən Azərbaycan ərazisidir. Yəni, hayların “ölkə” adlandırdıqları qondarma separatçı rejimi beynəlxalq hüquq tanımır. Qarabağın keçmiş erməni sakinlərinin bir qisminin mənsub olduğu hüquqi sənəd separatçıların onlara verdiyi qondarma pasportdur ki, o da kağız parçasından başqa bir şey deyil. Əksəriyyəti Ermənistan pasportu daşıyıb. Bu fakt isə ermənilərin “öz ölkələrini” tərk etmədiyini, sadəcə, vətəndaşı olduqları ölkəyə qayıtdığını sübut edir.
Fərhad MEHDİYEV,
beynəlxalq hüquq üzrə professor:
Qondarma “dqr” tanınmadığı üçün Qarabağda yaşayan ermənilər xaricə Ermənistan pasportu ilə gedirdilər. Beləliklə, Qarabağdakı ermənilərin böyük əksəriyyəti xaricdə de-yure Ermənistan vətəndaşı kimi qəbul edilir. Axı Ermənistan vətəndaşına hansı hüquqla qaçqın statusu verilə bilər?
Digər tərəfdən, Ermənistan özü də pasport verdiyi və hətta vermədiyi Qarabağdan köçən ermənilərə qaçqın statusu verə bilməz. Çünki bu status yaşadığı yerdən məcburi şəkildə köçən şəxslərə verilir. Amma ermənilər bu əraziləri məcburi yox, könüllü şəkildə tərk ediblər. Məlum məsələdir ki, Azərbaycan həmin şəxsləri qovmayıb, əksinə, bölgədə qalmalarını təklif edib. Ona görə də onlara qaçqın statusunun verilməsinin doğru olmadığını düşünürəm. Həmin statusu almaq üçün beynəlxalq tribunallara müraciət etmək mümkün deyil. Amma nümunə kimi deyək ki, Almaniya həmin şəxslərə qaçqın olaraq viza vermək istəsə, bunu edə bilər. Fransanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurasında Qarabağdan Ermənistana köçən erməni əhalisinə “qaçqın statusu”nun verilməsi ilə bağlı Azərbaycan əleyhinə bəyanat qəbul olunub. Fəqət bu qərardan öncə nəzərə alınmalı idi ki, ermənilər Qarabağdan könüllü və təhlükəsiz şəraitdə, bir nəfər yaralanmadan, oğurlanmadan, evləri yandırılmadan köçüblər. Onlar sadəcə olaraq Azərbaycan ərazisində yaşamaq istəməyiblər...
İmran BƏDİRXANLI
XQ