Ermənistan üçün “fransız çətiri”

post-img

Fransa Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibə­sində Zəfər çalaraq, ərazi bütövlüyünü bərpa etməsini və bu il keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində bütün ölkə üzərində suverenliyinin bərqərar olunmasını heç cür qəbul edə bilmir. Rəsmi Paris ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinə sahib çıxmasını, Qarabağın qaytarılması ilə Azərbay­canın tam olmasını, vahidliyini az qala özünün təhlükəsizliyinə təhdid kimi qiymətləndirir və bu işdən bərk narazılığını, kin-kü­durətini, hirsini-hikkəsini müxtəlif yollarla təcəssüm etdirir. Fransanın Ermənistanın silahlandırılması istiqamətində atdığı addımlar da bunlardan biridir.

Parisin indiyədək bölgədə yürüt­düyü militarizasiya (hərbiləşdirmə) siyasəti Cənubi Qafqazda sülhün əldə olunması yolunda əsas maneə idi. İndi isə maneə olmaqdan çıxaraq təh­lükəyə çevrilib. Fransa bu kimi ad­dımlarla İrəvanı sülhə yaxınlaşmağa qoymur.

Bəllidir ki, Avropa İttifaqı Şura­sının prezidenti Şarl Mişelin vasitəçi­lik təşəbbüsü kimi meydana çıxan və “Brüssel formatı” adı alan danışıqlar platforması qurulmuşdu. 2021-ci il dekabrın 14-dən etibarən “Brüssel formatı” çərçivəsində səmərəli gö­rüşlərin keçirilməsinə başlanılmış­dı. Bu görüşlərdə konkret məsələlər müzakirə olunur, tərəflər arasında fikir ayrılıqları yaradan məqamlar aradan qaldırılır, beləliklə, müəyyən nəticələr əldə edilirdi. Fransa ilk dəfə 2022-ci il oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada Avropa Siyasi Bir­liyinin I sammiti əsnasında “Brüssel formatı”nda keçirilən görüşə özünü dürtdü. Bununla da Fransa faktiki olaraq, Brüssel formatını pozdu.

Bunun nəticəsidir ki, oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Avropa Siyasi Birliyinin III sammiti çərçivəsində Azərbaycan Preziden­ti və Ermənistan baş naziri arasında keçirilməli olan görüş baş tutmadı. Azərbaycan Almaniya Kansleri Olaf Şoltsun da qatılacağı görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakını təklif etdi. Ancaq məhz Makron bunun əleyhinə çıxdı. Nə­ticədə dövlət başçımız haqlı olaraq, görüşə qatılmadı.

Sonra Nikol Paşinyan “bəzi sə­bəbləri” əsas gətirərək oktyabrın 13-də Bişkekdə Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasına qatılmaqdan imtina etdi. Pa­şinyan bununla həm də Rusiyanın va­sitəçilik səylərinə qarşı çıxmış oldu. Eyni zamanda, İrəvanda bildirildi ki, onlar oktyabrın sonunda Brüsseldə keçiriləcək görüşə qatılmağa hazır­dırlar. Dünən isə Azərbaycan və Er­mənistan liderlərinin bu ay Brüsseldə görüşməyəcəkləri məlum olub. Bunu Avropa İttifaqının Gürcüstan böh­ranı və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bildirib. Klaarın sözlərinə görə, Prezident İlham Əliyev və baş nazir Nikol Pa­şinyan vaxt azlığı ilə əlaqədar olaraq oktyabr ayının sonunda Brüsseldə görüşməyəcəklər. “Həqiqətən də, li­derlərin Brüssel formatında üçtərəfli görüşü ilkin olaraq nəzərdə tutulduğu kimi, çox güman ki, ayın sonunda baş tutmayacaq. Azərbaycan və Ermənis­tan son bir neçə həftə ərzində sülh da­nışıqlarına, xüsusən də Aİ Şurasının prezidenti Şarl Mişelin rəhbərlik etdi­yi Brüssel prosesinə sadiq olduqlarını açıq şəkildə bəyan ediblər. Biz indi Azərbaycan və Ermənistanla növbəti sammitin hazırlığına yönəlmiş məs­ləhətləşmələr keçiririk və gözləntilə­rimiz odur ki, daha əvvəl razılaşdırıl­dığı kimi, liderlər ən erkən fürsətdə görüşəcəklər”,– deyə Aİ-nin xüsusi nümayəndəsinin ofisindən bildirilib.

Qeyd etdiyimiz kimi, Fransa­nın təqsiri üzündən iki ölkə arasında danışıqlar prosesi faktiki olaraq, po­zulmuş durumdadır. Ancaq Makron hökuməti bununla kifayətlənmir. Oktyabrın 23-də Parisdə iki ölkənin müdafiə nazirləri – Suren Papikyan və Sebastyan Lekornyu “Thales” şirkətinin istehsalı olan üç ədəd “GM 200” radarının alqı-satqısına dair müqavilə və gələcəkdə Fransanın “Mistral” yaxınmənzilli hava hücu­mundan müdafiə sistemlərinin təda­rükünə dair anlaşma memorandumu imzalayıblar. Azərbaycan Ordusunun Qarabağın erməni azlığının yaşadığı hissəsindəki qanunsuz silahlı birləş­mələri tərk-silah etməsindən sonra rəsmi Bakının sülh gündəliyini, rein­teqrasiya planını irəli sürdüyü halda, Fransanın bölgəyə yenidən silah-sur­sat göndərməsi sülh prosesinə böyük zərbə, yeni münaqişələr üçün zəmin yaratmaqdır. Axı, Fransanın Ermənis­tanı kimə qarşı silahlandırması tama­milə göz qabağındadır.

Bununla belə, həm hərbi-siya­si ekspertlərin şərhlərində, həm də analitik yazılarda Fransa–Ermənistan hərbi-texniki əməkdaşlığına müəy­yən dərəcədə skeptik yanaşılır. Pari­sin İrəvana tədarük edəcəyi silahlarla nəyəsə nail ola bilməyəcəyi vurğu­lanır. Qeyd olunur ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində Er­mənistana vurduğu zərbənin aradan qaldırılması üçün hələ xeyli vaxt la­zımdır.

Fransadan silah alınmasını şərh edən erməni politoloq Suren Suren­yants bunu daxili siyasi piar adlandı­rıb. Bu barədə o, “Facebook” səhifə­sində yazıb: “Ermənistan Fransadan üç ədəd “GM200” radiolokasiya stansiyası alacaq. Təbii ki, silah alı­şının şaxələndirilməsi müsbət haldır. Bununla belə, “GM200” məhdud imkanlara malik kəşfiyyat silahları­dır. Ermənistan–Fransa hərbi-texniki əməkdaşlığı ətrafında yarana biləcək səs-küy və onun mənfi təsirlərinin yerdə əldə ediləcək nəticədən daha çox olacağını söyləmək çətin de­yil. Mən qəti şəkildə əminəm ki, bu sövdələşmə hökumətimiz tərəfindən daha çox daxili siyasi piar məntiqi ilə istifadə olunacaq. Paris üçün isə bu mövzu daha geniş regional kon­tekstdə “vizit kartı”dır və onun siyasi nəticəsi kimi, bizdə daha bir mənəvi qələbə hissi yarana bilər”.

Bu xüsusda Caliber.az saytında yerləşdirilmiş təhlil də diqqəti cəlb edir. Yazıda “Ermənistan kifayət qədər baha başa gəlsə də, müdafiə siyasətini şaxələndirməyə niyə bu qə­dər can atır?” – sualına cavab olaraq bildirilir: “Görünür, buna son 3 il ər­zində və əsasən 44 günlük müharibə zamanı Ermənistanın hava hücumun­dan müdafiə arsenalının, demək olar ki, 70 faizini itirməsi şərait yaradır. İrəvan əmin olub ki, hərbi-texniki baxımdan Bakıdan çox geri qalır”.

Qeyd edilir ki, fransız silahlarının yüksək qiymətini nəzərə alaraq, söh­bət ən ucuz sistemlərin alınmasından gedir: “Ola bilər ki, onlar da kreditlə alınıb. Rusiyaya və ya Kollektiv Təh­lükəsizlik Müqaviləsi Təşkilatına gəl­dikdə isə güman etmək olar ki, əgər söhbət mürəkkəb silah sistemlərinin, məsələn, döyüş təyyarələrinin alın­masından gedirsə, o zaman KTMT çərçivəsində hava hücumundan mü­dafiə sistemlərinin əlaqələndirilməsi nəzərə alınmaqla bu amil maneəyə çevrilə bilər. Digər tərəfdən, Fransa Ermənistanı qısa zamanda regionda qüvvələr balansını dəyişdirəcək və ya orada mövcud olan Rusiya silahlarını əvəz edəcək qədər silahla təmin edə bilməz. Məsələn, Hindistan silahla­rı fransız silahlarından daha çox rus silahlarına uyğunlaşdırılıb. Ona görə də Ermənistan silahlı qüvvələrində fransız silahlarının strateji əhəmiyyəti olmayacaq. Azərbaycan üçün bu fakt heç nəyi dəyişməyəcək. Azərbaycan ordunun modernləşdirilməsinə və müasir silah sistemlərinin alınmasına inkişaf etmiş İsraildən dəfələrlə çox vəsait ayırır”.

Mövzu ilə bağlı fikirlərini “Xalq qəzeti” ilə bölüşən hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib ki, Fransa­nın bu addımı bölgədə vəziyyəti daha da gərginləşdirməyə yönəlib. Onun sözlərinə görə, Fransa Cənubi Qafqazda tutduğu mövqenin sülhə və əmin-amanlığa xidmət etmədiyini növbəti dəfə sübut edir: “Mən dü­şünmürəm ki, iki ölkə arasında im­zalanmış sənəd Ermənistan ordusunu birdən-birə gücləndirəcək. Əlbəttə, müəyyən təhlükə olduğunu başa dü­şürük. Biz bunun fərqindəyik. Amma bu silahların istifadəsini mənim­səmək və onların peşəkarlıqla tətbiqi xeyli vaxt tələb edir. Bu mənada qüv­vələr nisbətində bərabərlik yaranaca­ğını düşünmürəm. Vətən müharibəsi zamanı Ermənistan ordusu sarsıdıcı zərbə alıb. Onun ordusunu normal vəziyyətə gətirmək üçün illər lazım­dır, çoxlu təlimlər keçirilməlidir”.

Üzeyir Cəfərov qeyd edib ki, bu­nunla Fransa öz mövqeyini açıq şəkil­də bəyan edir: “Biz də bu mövqedən çəkinməməliyik. Biz də Silahlı Qüv­vələrimizin gücləndirməli, onun arse­nalında olan silah-sursatın çeşidini və həcmini artırmalıyıq. Peşəkarlığımızı artırmalıyıq. Təlimlər keçirilir. Plana uyğun olaraq, həm öz təlimlərimiz, həm Türkiyə ilə ikitərəfli, həm də Türkiyə və Pakistanla üçtərəfli təlim­lər baş tutur. Dünya hərb institutları­nın açıqlamalarında da Azərbaycan Ordusunun Ermənistan ordusundan qat-qat üstün olduğu görünür. Bu, əlbəttə, bizim iqtisadi imkanlarımız sayəsində mümkün olub”.

Hərbi ekspert bildirib ki, Fransa­nın bu addımı Ermənistanı müəyyən revanşist, yaxud təxribatçı addımlara sövq edəcək: “Nə edirlərsə-etsinlər, bizim Slahlı Qüvvələrimiz və xalqı­mız buna hazırdır. Fransanın bu ad­dımı onun Azərbaycanla münasibət­lərinin daha da zəifləməsinə gətirib çıxaracaq. Bundan da itirən yalnız Fransa olacaq. Azərbaycan indiyədək Fransa ilə dostluq və tərəfdaşlıq mü­nasibəti qurmağa həm səy göstərib, həm də bunu konkret addımlarla sü­but edib. Amma Fransanın Ermənis­tanı son vaxtlar silah-sursatla təchiz etməsi onun heç də xoş niyyətindən xəbər vermir”.

“Atlas” Araşdırmalar Mərkə­zinin rəhbəri Elxan Şahinoğlu isə bildirib ki, Ermənistan İkinci Qa­rabağ müharibəsində böyük zərbə alıb, hərbi texnikasının böyük his­səsini itirib, şəxsi heyətdən də xeyli itkilər olub. İndi isə İrəvan bunların yerini doldurmağa çalışır: “Ermənis­tan Rusiyadan hərbi texnika ala bil­mir. Çünki Rusiyanın özünə lazımdır. Moskva Ukraynada müharibə aparır. Rusiya özü hazırda başqa ölkələrdən silah-sursat alır. Hətta, Şimali Kore­yadan raket almağa çalışır, İrandan keyfiyyəti yüksək olmayan dronlar alır. Ona görə də Ermənistan bu və­ziyyətdə axtarışa çıxıb ki, görək, kim­dən nə ala bilər. Hindistandan bir az nəsə alıb. İndi Fransadan alır”.

Elxan Şahinoğlu hesab edir ki, Fransadan alacaqları hayların prob­lemlərini həll etməyəcək: “Fransa bununla təxribatçı siyasətini davam etdirmək istəyir. Prezident İlham Əli­yev haqlı olaraq bildirib ki, əgər bir gün yenə də Ermənistanla Azərbay­can arasında müharibə başlasa, bunun təqsirkarı Fransa olacaq”.

Müsahibimiz qeyd edib ki, Fran­sanın Ermənistana silah satması Azərbaycanın manevr imkanlarını da genişləndirəcək: “Birinci Qara­bağ müharibəsindən sonra Avropa dövlətlərinin Azərbaycana və Ermə­nistana silah satışına qeyri-rəsmi qa­dağası var idi. Fransa faktiki olaraq, bu qadağanı pozdu. Deməli, Avropa ölkələrindən silah-sursat almaqda bizə heç nə mane olmur. Məsələn, bizim İtaliya ilə danışıqlarımız var. Onların hərbi təyyarələrinə maraq göstəririk. Bu, Fransanın xoşuna gəlməyəcək. Fransa İtaliyaya təzyiq edə bilməz. İtaliya deyə bilər ki, sən Ermənistana silah satırsansa, mən Azərbaycana niyə hərbi texnika sata bilməyim?!”

Politoloq hesab edir ki, Fransanın Ermənistana silah-sursat satmasın­dan çox da ehtiyatlanmağa dəyməz: “Əlbəttə, biz Fransanın siyasətini tənqid etməliyik. Amma biz hazırda əsas silah-sursatı Türkiyə və İsraildən alırıq. Bu çeşidi artıra bilərik. Şərqi Avropada da müasir silahlar istehsal edən Polşa, Çexiya kimi ölkələr var. Onlarla danışıqlar aparıb bizə lazım olan silah-sursatı ala bilərik”.

Səxavət HƏMİD
XQ





Siyasət