Hayastanın “xilaskar ordusu”

post-img

Qərbin “səlib” missiyası hansı hücumu dəf etməyə hazırlaşır?

Ermənistan hakimiyyəti ölkənin əra­zisinə fransız, alman, çex, holland və kanadalı “missionerləri” dəvət etməklə guya dövlət təhlükəsizliyi­nin təminatı görüntüsünü yaratmağa çalışır. 

Avropa İttifaqının “mülki missiyası”, yaxud “monitorinq heyəti” kimi qon­darma adlarla Azərbaycanla sərhəd bölgələrinə yerləşdirilən həmin “trans­missiyaların” əsl məqsədinin nədən ibarət olduğu çoxlarına məlumdur. Bu tip heyətlərin öz ərazisində fəaliyyətinə ehtiyac duymadığını bəyan edən rəs­mi Bakı üçün İrəvanın “avropasayağı özfəaliyyətinin” heç bir qorxusu yoxdur. İntəhası, Paşinyan iqtidarı bu siyasi manevrləri ilə Qərb qarşısında müəy­yən öhdəliklər götürdüyünü nümayiş etdirir.

İrəvanın boynuna qoyulan əsas öh­dəlik isə Rusiyanı Cənubi Qafqazdan çıxarmaqdır. Axı, Paşinyan məhz bu mis­siyanı, yəni, Moskvanı bölgədən çıxar­maq planını yerinə yetirmək öhdəliyini qəbul etdiyinə görə hakimiyyətə gəlmək şansı qazanmışdı. Amma Ermənistan hakimiyyətinin bu istiqamətdə addımla­rını Moskva cavabsız qoymur. Əksinə, Kreml son vaxtlar Paşinyan iqtidarına açıq mətnlə xəbərdarlıqlar edir. 

Ermənistan–Rusiya münasibətlərini gərginləşdirən əsas amil rolunu Avropa İttifaqının mülki missiyasının sərhədə yerləşdirilməsi oldu. İrəvanın bu addımı Moskvada o qədər də isti qarşılanmadı və Rusiya Xarici işlər naziri Sergey Lav­rov “Ermənistan öz ərazisində KTMT-nin sülhməramlılarının yerləşdirilməsi əvə­zinə Avropa İttifaqının mülki müşahidəçi missiyasının yerləşdirilməsinə üstünlük verir” şəklində münasibət bildirmişdi. Aİ-nin missiyasını “zərərli” adlandıran Lavrov bunun bölgədə “əlavə gərginlik yarada biləcəyini” bəyan etmişdi. Ehti­yata buraxılmış alman hərbçilərindən və fransız jandarmlarından təşkil olunmuş, əvvəlcə 40 nəfərdən ibarət yarı-mülki, yarı-hərbi monitorinq heyətinin sərhəd zonasına iki aylığa göndərildiyi deyilsə də, “missiya” bir ildir ki, oradadır.

* * *

Artıq Qərbin Ermənistana üz tutan mülki missiyalarının coğrafiyası geniş­lənməkdə, çeşidi isə artmaqdadır. Misal üçün, “Avropa İttifaqının Ermənistan­dakı mülki missiyanın gücləndirilməsi zərurəti” barədə özünün mikrobloqunda yazan Almaniya Bundestaqının xarici münasibətlər üzrə komissiyasının sədri Mixael Rot hesab edir ki, bu fəaliyyə­ti gücləndirmək lazımdır: “Avropa İtti­faqının Ermənistandakı mülki missiya komandasına böyük təşəkkürlər edirik. Biz sərhəddə vəziyyəti sabitləşdirmək və Azərbaycanın Ermənistan ərazisinə mümkün hücumlarını üzə çıxarmaq məqsədilə bütün sərhəd boyu monito­rinq aparmaqdan ötrü missiyanı operativ şəkildə gücləndirməliyik”. 

Deməli, Azərbaycan Ordusu top-tüfənglə Hayastana “hərbi təcavüz” edəndə avropalıların “beynəlmiləl xilas­kar ordusu” bunun qarşısını alacaq və “hücumu” dəf edəcək. Çox gözəl! Xe­yirxah missiyadır, amma arxadan “xoru­zun quyruğu” görünməsəydi. Doğrudan­mı, Avropanın az qala bütün ölkələrindən toplanan “səlib döyüşçülərini” Ermənis­tana onun təhlükəsizliyini təmin etmək, xarici təcavüzdən qorumaq üçün gəlib? Yəni, Paşinyanın ərazisinə buraxdığı mülki missiyalar yalnız “müntəzəm pat­rul xidməti həyata keçirmək və vəziyyət haqqında məlumat verməklə” məşğul olur? Aİ-nin elan etdiyi sərhəd bölgələrin­də sabitliyə verəcəyi töhfənin xarakteri, ən əsası isə səmərəsi nədən ibarətdir? 

Missiyanın fəaliyyətə başlamasından bir il keçdi, fəqət bu sualların cavabını bilən yoxdur. Yox, Bakı bu sualların ca­vablarını çox yaxşı bilir. Məqsəd Azər­baycanın boynuna “işğalçı erməniləri etnik təmizləməyə məruz qoyan ölkə”, indi də “işğalçı” damğasını vurmaqla, Qarabağa BMT-nin, yaxud başqa bey­nəlxalq təşkilatın mandatına malik hərbi missiyanın göndərilməsinə nail olmaqdır. Bundan ötrü Hayastanın həm Qərbdəki, həm də okeanın o tayındakı “qardaş və bacıları” tam səfərbərliyə alınır. Həmin dəstəyə Kanada da qoşulub. Bu barə­də Aİ Şurasının Siyasi və Təhlükəsiz­lik Komitəsi qərar verib. Sual olunur: Aİ üzvü olmayan “amerikalı” Kanada hansı niyyətlə özünün agentlərini Ermənis­tan–Azərbaycan sərhədinə göndərir? Bizə məlumdur ki, hələ Qarabağ işğal altında olduğu dövrdə Kanada müxtəlif səviyyələrdə İrəvana dəstək verib, eləcə də Qərbin anti-Azərbaycan layihələrində yaxından iştirak edib. Artıq Qarabağ adlı problemin qalmadığını dünya qəbul edir, Ermənistanla sülh danışıqları aparılır. Bu təqdirdə adı çəkilən ölkələr hansı mə­ramla şərti sərhəddə növbəyə düzülüb­lər? Onları bölgəyə gətirənin və rəhbərlik edənin Fransa olduğu hamıya məlumdur. 

* * * 

Azərbaycan Qarabağ və oradakı er­məni sakinlərlə bağlı bütün addımlarını beynəlxalq hüquq və qoşulduğu konven­siyaların norma və prinsiplərinə riayət et­məklə atıb. Məhz bu səbəbdən ölkəmizə qarşı Fransanın dirijorluq etdiyi “huma­nitar böhran”, “Laçın blokadası”, “aclıqla etnik təmizləmə” kimi siyasi şoular baş tutmadı və suveren Azərbaycan ədalətli mövqeyini beynəlxalq platformalarda və kürsülərdə sübuta yetirdi. 

İndi Bakının İrəvanla ikitərəfli sülh dialoqunda təmas nöqtələri aradığı bir mərhələdə Azərbaycanı siyasi cəhət­dən əsassız və səbatsız ittihamlarla nə­dəsə güzəştə getməyə məcbur etmək cəhdləri, sadəcə, gülüş doğurur. Amma, ağalarından ənamlarını almış “muzdlu təşviqatçıların” inadkarlığı sərhəd tanı­mır. Onların ruporuna çevrilmiş media qurumları isə feyk kampaniyasını davam etdirirlər. Belələrinin bayraqdarı rolunda “Politico” nəşri çıxış edir. “Azərbaycanın Ermənistana hərbi müdaxiləyə hazır­laşdığı barədə ABŞ Dövlət katibi Anto­ni Blinkenin xəbərdarlığını” xatırladan üzdəniraq nəşr indi də Bakının regional ambisiyalarının davam edəcəyindən dəm vurur. İndi bütün diqqətin Zəngəzur dəh­lizinə yönəldiyini vurğulayan “Politico”­nun məqaləsindəki iddiaya görə, təhlükə ondan ibarətdir ki, “Azərbaycan Silahlı Qüvvələrinin bir addım atması Cənubi Qafqazda daha genişmiqyaslı münaqişə­nin alovlanmasına səbəb ola bilər. Çünki bu bölgədə Türkiyə, Rusiya və İran stra­teji maraqlara malikdir”. 

Keçən əsrin axırlarından etibarən, xüsusilə də son üç ildə Bakıya qarşı çox planlar qurulub. Fəqət onların hamısı puç olub gedib. Bundan sonra da belə olacaq. Ən azı ona görə ki, regional oyunçular, xüsusilə də Rusiya və İran İrəvanın geo­siyasi separatizmini qəbul etməyəcəklər. Digər tərəfdən, hazırda Cənubi Qafqaz­da Azərbaycanın iradəsinin əksinə han­sısa siyasi plan qurmaq mümkün deyil. Rəsmi Bakının qətiyyətli imtinasından sonra Parisin vasitəçilik imkanlarının if­lasa uğraması da bunun əyani sübutu­dur. Azərbaycan regionun problemlərinin məhz region çərçivəsində həlli edilməsi prinsipindən çıxış edir. İrəvan üçün isə görünən yeganə və ən doğru yol bununla barışmaqdan ibarətdir.

Rasim MUSABƏYOV, 
Milli Məclisin deputatı, politoloq

Qərbli dəstəkçiləri Ermənista­na heç bir kömək edə bilmədiklə­rinə görə, indi süni şəkildə hay-küy qaldırırlar ki, bu gün-sabah Azərbaycan Ermənistana hücum edəcək. Həmin hücum olmadığı təqdirdə isə deyəcəklər ki, gör­dünüz, biz Ermənistanı, erməni xalqını bu təhlükədən xilas etdik. Halbuki, necə deyərlər, ortada nə ölən var, nə də öləni görən. Ona görə onlar faydasız işlərlə məşğuldurlar. Orada nədənsə danışırlar, amma Azərbaycanın hər hansı hücumu təşkil etmə­si ilə bağlı bircə fakt da olsun göstərə bilmirlər. Əgər biz Tür­kiyə Ordusu ilə birgə hərbi təlim­lər aparırıqsa, bunu heç kəsdən gizlətmirik. Belə birgə təlimləri ildə dörd-beş dəfə keçiririk. Bəli, Azərbaycan Ordusu Türkiyə Si­lahlı Qüvvələri ilə bir-birinə uy­ğun şəkildə fəaliyyət göstərir və bundan sonra da bu əməkdaşlığı davam etdirəcək. Bu əməkdaşlıq kiminsə xoşuna gəlmirsə, onun problemidir. Azərbaycan belələri­nin açıqlamasına görə öz planla­rından imtina etməyəcək. 

Həqiqət ondan ibarətdir ki, Azərbaycanın Ermənistana hü­cum etmək kimi planı, niyyəti yoxdur. Cənab Prezident çıxı­şında aydın şəkildə bildirdi ki, bəli, biz Zəngəzura qayıdacağıq, amma tanklarla deyil, öz avto­mobillərimizdə gedəcəyik. Yəqin “day-dayıları” ermənilərin gözü­nü qorxutmaq istəyirlər ki, sonra da özlərini xilaskar kimi göstər­sinlər... 

Asif NƏRİMANLI, 
siyasi şərhçi

Avropada Fransanın başçılığı altında Azərbaycana qarşı cəbhə açmaq cəhdləri müşahidə edilir. Bundan rəsmi Parisin, o cümlədən, Avropa İttifaqının məqsədi Cənu­bi Qafqazda öz maraqlarını təmin etməkdir. Əsas hədəf, əslində, Ru­siyadır. Qərb çalışır ki, Rusiyanı Cənubi Qafqazdan sıxışdırsın və bu planda Ermənistandan plasdarm kimi istifadə edir. Belə görünür ki, Rusiyanın Ermənistanın təhlükəsiz­liyində yerini zəiflətməyə çalışırlar. Rəsmi İrəvan Rusiyadan uzaqlaş­maq xəttini açıq şəkildə elan edib, Fransanın Ermənistanı silahlandır­ması da prosesin tərkib hissəsidir. Qərbin ermənipərəst siyasilərinin Azərbaycanın Ermənistana “hücum edə biləcəyi” iddiasını davamlı şə­kildə tirajlaması isə hədəflərə nail olmaq üçün əsas ittihamlarını rəs­mi Bakının üzərinə yönəltdiklərini göstərir. Bu iddiaların iki mümkün səbəbi var: Birincisi, Ermənistanın Rusiyadan və KTMT-dən uzaqlaş­masıdır. Fransa başda olmaqla, Qərbin bölgəyə gəlməsi üçün əsaslı səbəb lazımdır. İstisna deyil ki, bu məqsədlə sərhəddə təxribatlar törə­dilə, eskalasiya riski yaradıla bilər. Bu halda KTMT-nin, eləcə də təh­lükəsizlik müttəfiqi olan Rusiyanın Ermənistanı qorumaq öhdəliyini yerinə yetirmədiyini əsas gətirərək, təşkilatdan çıxmaq, Fransaya sığın­maq addımı atıla bilər. “Azərbaycan hücum edəcək” feyki mümkün təx­ribatlardan öncə beynəlxalq ictimai rəyi formalaşdırmağa hesablanıb.

İkincisi, Azərbaycan–Ermənis­tan dialoqunu Qərb platformasın­da aparmağa sövq etməkdir. Bu da vasitəçiliyi Rusiyadan almağa və bölgədə təsir imkanlarını artırmağa hesablanıb. Qranada görüşü təsdiq etdi ki, Qərb platformasında gündə­lik əsasən Ermənistanın mövqeyinə uyğundur və Azərbaycan xüsusilə Fransanın ermənipərəst siyasətinə görə bundan imtina edir. Görünür, uydurma iddialarla Azərbaycan haqqında mənfi rəy yaratmağa, rəs­mi Bakıya təzyiq etməyə çalışırlar.

İmran BƏDİRXANLI
XQ





Siyasət