“3+3” – regional immunitet və müqavimət platforması

post-img

Azərbaycanın, Türkiyənin, Rusiyanın, İranın və Ermənistanın xarici işlər nazirlərinin iştirakı ilə “3+3” platformasının Tehranda keçirilmiş ikinci iclası yalnız yaşadığımız coğrafiyada deyil, bütövlükdə, dünyanın Cənubi Qafqaza maraq göstərən regionlarında da geniş müzakirə predmetinə çevrildi. Bunu təsdiqləyən faktlar yetərincədir. Başlıca məqam isə iclasa və mövcud xüsusda “3+3” formatının özünə ABŞ-dan verilən reaksiyadır. 

Məlum olduğu kimi, Birləşmiş Ştatların Dövlət De­partamentinin sözçüsü Metyu Miller bu platforma çər­çivəsində nazirlərin Tehran toplantısına Azərbaycan və Ermənistan arasındakı gərginliyin yumşaldılması kon­tekstində münasibət bildirmiş və demişdi ki, vəziyyətin normallaşmasını təmin edəcək istənilən müstəvi ölkəsi üçün məqbuldur. 

Əlbəttə, demək olmaz ki, Miller və ya qeyrisi Bakı–İrəvan gərginliyinin yumşaldılması, münasibətlərin nor­mal məcraya düşməsi üçün “3+3”-ün imkanlarını yüksək qiymətləndirir. Əslində, hazırda Ermənistanın ortaya qoyduğu davranış da optimizmə imkan vermir. Ancaq hər bir halda, bu formatın yüksək perspektivi ilə bağlı gözləntilər var.

Bəli, Azərbaycanın 44 günlük müharibədən son­ra irəli sürdüyü platforma Cənubi Qafqaz regionu və ümumən bu bölgə ilə bağlı qütblərin maraqlarının uz­laşdırılması baxımından müstəsna, hətta deyərdik ki, tarixdə analoqu olmayan əməkdaşlıq düzənidir. Nəzərə alaq ki, bölgənin tarixi “3+3”-də təmsil olunan ölkələrin də ortaq tarixidir. O tarix ki, yüzilliklər ərzində konfliklərə, müharibələrə, toqquşmalara şahidlik edib. 

Bir çox hallarda qanlı olayların yaşanmasını xarici amillər şərtləndirib.

Azərbaycanın və Türkiyənin təklif et­diyi hazırkı model isə belə hallara qarşı immunitet formalaşdırır, “Region region ölkələri üçündür” ideyasını rəhbər tutur. Məsələyə məhz bu baxımdan yanaş­saq, “3+3” platformasının oktyabrın 23-də keçirilmiş iclasının yekunlarına dair birgə kommünikenin əhəmiyyəti xüsusi vurğulanmalıdır.

Sənədin ilk bəndində XİN rəhbərlə­ri – Ceyhun Bayramov, Hakan Fidan, Sergey Lavrov, Hüseyn Əmir Abdullahi­an və Ararat Mirzoyan ölkələr arasında dostluq əlaqələrinin qarşılıqlı maraqlar və mehriban qonşuluq münasibətləri əsasında inkişafının vacibliyini nəzərə alıb, mübahisələrin sülh yolu ilə həl­linin, suverenliyə, siyasi müstəqilliyə, ərazi bütövlüyünün toxunulmazlığına hörmətin vacibliyini vurğulayıblar. Onlar bu zaman BMT Nizamnaməsinin bütün prinsipləri əsasında beynəlxalq səviy­yədə tanınmış sərhədləri, daxili işlərə qarışmamaq, güc tətbiq etməmək və ya zorla təhdid etməmək, həmçinin insan hüquqlarına hörməti əsas götürüblər. 

Bu prinsiplərin açıqlanması ilk baxışdan adi görünə bilər. O anlamda ki, onsuz da dövlətlər bir-biri ilə müna­sibətlərdə həmin prinsiplərə üstünlük verməlidirlər. Sadəcə olaraq, dünyanın indiki gərgin durumunda bunları yada salmaq, yenidən bəyan etmək həm də mesajdır. Region dövlətləri bildirirlər ki, onlar qlobal gərginliklərin özlərinə sirayət etməsinə yol verməyəcəklər. Haqqında az əvvəl söz açdığımız immu­nitet məntiqi də elə budur. 

Qeyd etdiyimiz məqam, əslində, kommünikenin ikinci bəndində də vurğu­lanmaqdadır. Orada göstərilir ki, tərəflər müxtəlif beynəlxalq problemlərə dair fi­kirlərini bildirərək, regionun ən mühüm məsələlərini müzakirə etdilər və konst­ruktiv dialoq imkanlarının yaradılmasın­da və ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığın qurulmasında “3+3” regi­onal məsləhət platforması kimi platfor­maların əhəmiyyətini vurğuladılar. Bu bənd, eyni zamanda, dövlətlər arasında­kı mümkün anlaşılmazlıq və gərginliklər zamanı əsas olan, belə demək müm­künsə, təmkin paradiqmasını vurğulayır, habelə dialoqu səmərəli nəticələrə imza atmaq baxımından vacib sayır. 

Kommünikedəki mühüm əhəmiyyət daşıyan məqamlardan biri də iqtisadi əməkdaşlığın önə çəkilməsidir. Məlum­dur ki, tarixən qarşılıqlı faydalı münasi­bətlərin qurulması bir sıra dövlətlər və xalqlar arasında düşmənçilik və ziddiy­yətlərə son qoyan faktor rolunda çıxış edib. Region isə iqtisadi əməkdaşlıq baxımından cəlbedicidir, onun böyük perspektivi var. 

Nəinki Azərbaycan, eləcə də bü­tövlükdə Cənubi Qafqaz üçün müstəs­na əhəmiyyət daşıyan başlıca faktor isə 1994-cü ildən götürülmüş kursdur. O kurs ki, onu ümummilli lider Heydər Əliyev müəyyənləşdirdi, Prezident İlham Əliyev isə uğurla icra və inkişaf etdirdi. Bəli, böyük neft kontraktları bölgənin müstəsna təhlükəsizlik təminatıdır. Əl­bəttə, bu təminat balanslı və optimal­laşdırılmış siyasətsiz mümkünsüzə çev­rilərdi. 

Nəticə etibarilə onu deyə bilərik ki, bu gün Azərbaycanın reallaşdırdığı si­yasət ümumən Cənubi Qafqazı sabitlik adası kimi görmək imkanları formalaş­dırır. Əlbəttə, haqqında söz açdığımız və regiona aid dövlətlərin gərginliklərə münasibətdə adekvat davranmaları və müqavimət yaratmaları da önəmlidir. İmkanları həmin müqavimət üçün daim səfərbər saxlamaq şərtdir. Bunun üçün kommünikedə göstərildiyi kimi, iqtisadi əməkdaşlığı dərinləşdirməklə qarşılıqlı etimadın möhkəmlənməsi, dövlətlərin rifahı ilə regiondakı sabitlik alətlərini sağlam saxlamaq mütləqdir. Yeri gəl­mişkən, mövcud məqamı nazirlər sənə­din beşinci bəndində də vurğulayıblar: “Regionda davamlı sülhün və iqtisadi inkişafın möhkəmləndirilməsi üçün ikitərəfli və çoxtərəfli məsləhətləşmələr və əməkdaşlıq dərinləşdirilməlidir”.

***

Əlbəttə, kommünike yalnız siyasi amplitud və ona reaksiya zəmini baxı­mından əhəmiyyətli deyil. Məsələn, sənədin dördüncü bəndində mədəni əməkdaşlığın, insanlar arasında təmas­ların və təhsil, elm, turizm, mədəniyyət və idman sahələrində birgə layihələrin əhəmiyyəti vurğulanmaqdadır. Belə yanaşmanın özü də hazırkı qlobal gər­ginliklər şəraitində mümkün çətinliklərin, potensial narazılıqların aradan qaldırıl­ması baxımından son dərəcə müstəsna önəm daşımaqdadır. 

***

Nazirlərin təsdiqlədikləri kommünike, eyni zamanda, dövlətlər arasındakı mü­nasibətlərin hazırkı rəvanlığının nəticəsi kimi meydana çıxmış sənəddir. Buna görə orada regionun bütün ölkələri ara­sında münasibətlərin tənzimlənməsinə və inkişafına yönəlmiş proseslərdən məmnunluq ifadəsini tapmaqdadır. Əl­bəttə, belə qənaətə gələrkən, müəyyən məsələlərə diqqət yetirilməsi şərtdir. 

Birincisi, hazırda “3+3” platforma­sı faktiki olaraq “3+2” platforması kimi fəaliyyət göstərməkdədir. Gürcüstan Rusiya ilə soyuq münasibətə görə ora qoşulmayıb. Ancaq nazirlər onun üçün də qapıların hər zaman açıq olduğunu vurğulayıblar və bu, kommünikenin yed­dinci bəndində əksini tapıb: “Bu görüşün nəticələrini müsbət qiymətləndirərək, bu platformanın Gürcüstanın bərabər­hüquqlu iştirakı üçün açıq olduğunu bir daha təsdiq etdik”.

Mövcud xüsusdakı ikinci məqam Azərbaycan və Ermənistan arasındakı gərginlikdir. Məlumdur ki, Ermənistanın XİN rəhbəri A.Mirzoyan Tehrana iranlı həmkarının dəvətini qəbul edərək get­mişdi. Sırf bu məntiq erməni mediasın­da kifayət qədər işıqlandırılmışdı. Yəni, belə nəticə hasil olmuşdu ki, Ermənistan təkcə İranın təklifini geri çevirməməyi, yalnız ona hörmətsiz yanaşmamağı rəh­bər tutub. 

Yeri gəlmişkən, haşiyə çıxaraq deyək ki, Tehranda Azərbaycan XİN rəhbəri C.Bayramovla A.Mirzoyanın görüşü baş tutdu. Məsələ ilə bağlı tələm-tələsik mə­lumat yayan Ermənistan XİN-in sözçüsü Ani Badalyanın söylədiklərindən görü­şün əhəmiyyətini böyütməyin lazımsız­lığı məntiqi boylandı. Bu, o demək idi ki, “3+3” Bakı–İrəvan münasibətlərinin tənzimlənməsi platforması sayıla bil­məz. Sual olunur: nə üçün ola bilməz? İki dövlətin xarici siyasət konturlarını müəyyənləşdirən və icra edən şəxslər bir araya gəlirlərsə, daha nə olmalıdır? Təbii ki, ölkə rəhbərlərinin görüşü əsas­dır. Ancaq bu cəhət onu deməyə əsas vermir ki, nazirlərin təması adi qiymət­lənləndirilməlidir. 

Ancaq qiymətləndirildi və bu ya­naşma onu deməyə əsas verir ki, kom­münikedə bildirildiyinin əksinə olaraq, regionun bütün ölkələri arasında müna­sibətlərin tənzimlənməsinə və inkişafı­na yönəlmiş proseslərdə məmnunluq yüksək səviyyədə deyil. Ermənistan “3+3”–də yer alsa da, bu təmsilçiliyi pozitiv prizmadan dəyərləndirmək mən­tiqindən uzaqdır. Çünki Qərbdən gələn direktivlər əsasında hərəkət etməkdədir. Ölkənin regional platformada iştirakı isə İranı özündən narazı salmamaq məqsə­di güdür. 

Ancaq o da məlumdur ki, İrəvan hazırkı yanaşmasında dəyişikliklər et­məsə, Qərbi regiona gətirmək cəhdlərin­də israrlılıq nümayişində olsa, Tehranla konflikt qaçılmazdır. Hər halda, ikinci də öz sərhədləri daxilində kənar qüvvələrin yerləşməsindən məmnunluq duymaya­caq. Əksinə, qəzəb və hiddətə köklənə­cək. 

***

Əlbəttə, dünya bir-biri ilə əlaqədədir. Beynəlxalq miqyasda baş verən pro­seslərin bumeranq effekti doğurması qaçılmaza çevrilir. XİN rəhbərləri bunu da nəzərə alıblar. Ona görə Qəzzadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıb­lar. Onlar günahsız mülki şəxslərin hə­dəfə alınmasının dərhal dayandırılması­nın vacibliyini vurğulayıblar ki, bununla əlaqədar müddəa təsdiqlədikləri sənə­din səkkizinci bəndində yer alıb.

***

Daha bir vacib məsələ davamlılıq­dır. Azərbaycanın, Türkiyənin, Rusiya­nın, İranın və Ermənistanın xarici işlər nazirləri “3+3” formatı üzrə təmasların müntəzəm şəkil almasının zəruriliyi amili üzərində dayanıb, növbəti görüşün Tür­kiyədə keçirilməsi ilə bağlı razılığa gə­liblər. Belə bir razılaşma kommünikenin doqquzuncu bəndində əksini tapıb. Hə­min bənddə, həmçinin İrana toplantının təşkili üçün təşəkkür də ifadə olunub. 

***

Sonda ümumiləşdirmə apararaq, bəzi cəhətlərə diqqət yetirək. Bir qədər əvvəl Ermənistanın qeyri-məqbul davra­nışı kontekstində bildirdik ki, İrəvan Cə­nubi Qafqazı Qərb təsir zonasına daxil etmək niyyətindədir. Bu niyyətin regionla əlaqəli dövlətlər üçün arzuolunmazlığını da vurğuladıq və İranın üzərində dayan­dıq. 

Məlumdur ki, Ermənistan hazırda daha çox Rusiyanı Cənubi Qafqazdan çıxarmaq niyyətindədir. Amma Tehran Moskvadan sonra növbənin ona çataca­ğını yaxşı anlayır. İndiki durumda vəziy­yət elədir ki, Ermənistan İrana müəyyən mənada sipər kimi yanaşır. İrəvan İran İs­lam Respublikasının özü ilə bağlı maraq­larının olduğunu düşünərək, bu amildən gen-bol yararlanır. Əslində, ikili oyun oy­nayır. Qərbin regiona gəlişinə münasibət­də İranı neytral saxlamağa cəhd göstərir. “Region region ölkələri üçündür” şüarını rəhbər tutan “3+3” platforması isə kənar qüvvələr qarşı açılmış siyasi cəbhədir. Bu cəbhənin prioritetləri həmin qüvvələr­lə əməkdaşlıq zamanı region ölkələrinin hər birinin maraqlarını nəzərə almağı, onları uzlaşdırmağı tələb edir. Başqa sözlə desək, səmimiyyəti əsas götürür. 

Bəli, Ermənistan mövcud formatda təmsil olunursa, səmimi davranmalıdır. Kommünikenin birinci bəndindəki şərtlər – ərazi bütövlüyünə, suverenliyə, sərhəd toxunulmazlığına hörmət məhz bu hal­da keçərli olacaq. İrəvan Azərbaycan, Türkiyə və Rusiya ilə münasibətlərini yoluna qoymalı, konstruktiv davranma­ğı bacarmalı, rasional düşüncəni rəhbər tutmalı, alətə çevrilməməlidir. Əlbəttə, Fransanın və dünya ermənipərəstliyinin təhriklərindən uzaq müstəqil hərəkət etməyi bacarmalı, özündə qətiyyət və iradə formalaşdırmalıdır. Əks halda regional sipər baxımından İrana ümid bəsləməsi yersiz olacaq. Çünki Tehra­nın İrəvandansa, sözünə sadiq Bakını, Ankarını və Moskvanı seçməsi daha məntiqidir. 

Üzərində dayanmaq istədiyimiz di­gər məqam da var. Məlumdur ki, Qərbin planlarında Cənubi Qafqaz ölkələrini vahid məkan kimi Avropa Birliyinə daxil etmək niyyətləri var. Bölgədə “Qafqazın Benilüksü” yaratmaq planını nəzərdə tuturuq. Əlbəttə, məsələ ilk baxışdan cəlbedici görünsə də, onun hələ yetiş­mədiyi aşkardır. Ona görə yetişməyib ki, Qərbin yanaşmasının qayəsində mövcud coğrafiyada maraqlı olan güc­lərin mənafelərini heçə saymaq məntiqi dayanır. Belə bir məntiq isə regionu qan gölünə çevirə bilər. “3+3” platforması həm də bu cür qorxunc ssenariyə qarşı sipər mahiyyəti daşımaqda, sülh carçısı missiyasını daşımaqdadır. 

Əvəz CAHANGİROĞLU
XQ

Siyasət