Brüssel formatı, yoxsa ermənipərəstliyin iflası?

post-img

Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşünün baş tutmamasına dair düşüncələr

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında bu ay keçirilməsi nəzərdə tutulan növbəti Brüssel raundu təxirə salındı. Əslində, bunu gözləmək olardı. Birincisi, İrəvan son zamanlar özünün anti-Azərbaycan ritorikasını gücləndirib. Mövcud şəraitdə görüş ab-havası nəzərə çarpmırdı. İkincisi, təşkilatçı tərəf – Avropa İttifaqının, konkret olaraq Aİ Şurasının prezidenti Şarl Mişelin komandasının təmasın təşkilinə dair fəallığı hiss olunmurdu. Nəhayət, Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar hər şeyə aydınlıq gətirdi. O, dünən Ermənistanın ARPI analitik mərkəzinin “Qeyri-müəyyənlikdə irəliləyiş” mövzusundakı konfransında məlum etdi ki, növbəti Brüssel raundu baş tutmayacaq. 

Əvvəldə də bildirdiyimiz ki, T.Klaar məsələni görüşün təxirə salınması kontekstində qoydu. Bu isə o deməkdir ki, Aİ Azərbaycan və Ermənistan liderlərini bir araya gətirmək ümidini üzməyib. O, ni­zamlama prosesinin ləng, amma düzgün istiqamətdə getdiyini vur­ğulayıb. Əlbəttə, bu deyimdən düz istiqamətin nədən ibarət olduğunu söyləmək çətindir. 

Əslində, aydın olmayan heç nə yoxdur. Azərbaycan bütün ərazilərində suverenliyini bərpa edib. Qarşıda tərəflər arasında sülh müqaviləsinin imzalanması vəzifəsi dayanıb. Əlbəttə, sərhəd­lərin delimitasiyası və demarkasi­yanın həyata keçirilməli olduğunu da qeyd etməliyik. Amma mövzu­dan bəhs edən Rusiya Preziden­ti Vladimir Putinin bildirdiyi kimi, Qarabağ münaqişəsi həllini tapıb, yerdə qalan məsələlər texniki xa­rakterlidir. 

T.Klaarın fikirlərindən gəlinən qənaət texniki əhəmiyyət daşıyan heç nəyin yoxluğunu söyləməyə əsas verir. O vurğulayıb ki, Aİ-nin qarşısında duran məqsəd Qa­rabağ ermənilərinin öz evlərinə qayıtmalarıdır. Çox təəccüblüdür. Qurum niyə bunu prioritet sayır? Bir halda ki, Qarabağ erməniləri öz xoşlarına bölgəni tərk ediblər, məsələ Aİ-ni narahat etməməli­dir. Əlbəttə, heç də hər şey dü­şünüldüyü kimi sadə deyil və bu, müəyyən mənada başadüşüləndir. Amma... Yuxarıda da bildirdiyimiz kimi, Ermənistan inad edir və ən pisi isə budur ki, ölkənin inadına haqq qazandıranlar var. Axı T.Kla­ar Qarabağ ermənilərinin qayıtma­ları barədə heç də təsadüfən söz açmır.

Məlum olduğu kimi, Azərbaycan və Ermənistan liderləri bu il oktyabrın 5-də Qranadada Avropa Siyasi Birliyinin üçün­cü Zirvə toplantısı çərçivəsində bir araya gəlməli idilər. Lakin ölkəmiz görüşdən imtina etdi. İmtinanın səbəbi Fransanın ermənipərəst mövqe tutmasıdır. Bakı mövcud tərəfkeşliyə qarşılıq Fransa pre­zidenti Emmanuel Makronun, Almaniya Kansleri Olaf Şoltsun, Ermənistanın baş naziri N.Paşinyanın və Aİ Şurasının pre­zidenti Şarl Mişelin oturacağı masada özü ilə birgə Türkiyə liderinin də əyləş­məsini istədi. Buna imkan verilmədi... 

T.Klaar açıqlamasında Azərbaycan Prezidentinin qatılmamasına rəğmən, Qranada sammitinin əhəmiyyətini vur­ğulayır. Bu isə o deməkdir ki, Aİ həmin sammit çərçivəsindəki prioritetləri rəhbər tutmaqdadır. Prioritetlərdən biri Qarabağ ermənilərinin bölgəyə qayıtmasıdırsa, başlıca məqam prosesin hansı şərt­lər altında reallaşmasıdır. Yeri gəlmiş­kən, həmin şərtlər də məlumdur. Bunu N.Paşinyan əvvəl Ermənistanın İctimai televiziyasına müsahibəsində dilə gətir­di, sonra nisbətən örtülü şəkildə Avropa Parlamentindəki çıxışında səsləndirdi. O dedi ki, Qranada sammitində imzalanmış sənədlər önəmlidir və onlara korrektələr yolverilməzdir. Sözügedən sənədlərdə isə Qarabağ ermənilərinin qayıdışı üçün əlavə hüquq və təhlükəsizlik təminatla­rından söz açılır. Sanki Azərbaycanın konstitusion əsasda təqdim etdiyi vədlər yetərli deyil. 

Bəli, Qranada sammiti Qarabağ er­mənilərinin bölgəyə qayıtma şərtlərinə dair ayrıca beynəlxalq statusun tətbiqi­ni əsas götürməkdədir. Üstəlik, sammit çərçivəsində Azərbaycanın Qarabağda, guya, etnik təmizləmə həyata keçirdi­yi məsələsi də gündəmə gətirilmişdi ki, bu cür yanaşma da tam yolverilməzdir və qərəzlidir. Deməli, Aİ Ermənistanın qərəzli dəst-xəttini müdafiə etmiş tərəf kimi görünməkdədir. Hər halda, T.Klaa­rın Qranadadan danışmasından gəlinən nəticə budur. Halbuki, qurum bitərəf dav­ranmalı idi. Davranmadı və Ş.Mişelin şəxsində obyektiv vasitəçidən konkret tərəfə çevrildi ki, mövcud trayektoriyanın hərəkətverici qüvvəsinin Fransa olduğu aşkardır. 

İndiki durumda Brüssel raundunu səmərəsiz edən cəhətlərdən biri elə Ş.Mişelin açıqlamasıdır. O, bir müddət əvvəl bildirmişdi ki, Azərbaycan Qara­bağ ermənilərinin bölgəyə qayıtmala­rına səmimi yanaşırsa, bunu əməli ilə təsdiqləməlidir. Əməl bu olmalıdır ki, ölkəmiz Qarabağa BMT sülhməramlıla­rının yeridilməsinə razılıq verməlidir. Bir halda ki, Qarabağ münaqişəsi həllini ta­pıb, Rusiya sülhməramlıları bölgədəki varlıqlarını məhdudlaşdırmağa və Azər­baycan ərazisini tərk etməyə başlayıblar, o zaman nəyə görə onların yerini BMT sülhməramlıları tutmalıdır? Ona görə ki, Qarabağ erməniləri, daha doğrusu, on­lardan faydalanmaq yolu tutan separatçı­lar özlərinin bölgə ilə bağlı avantüralarını davam etdirsinlər? Yəni, faktiki olaraq, hazırda Qərb tənzimləmə xəttinin ölkə­mizə sırımaq istədiyi məhz budur. 

Azərbaycan belə bir gedişatla razılaş­sa, o zaman Ermənistanın Qarabağ da daxil olmaqla, ölkəmizin 86,6 min kvad­ratklilometrlik ərazidə suveren hüquqla­rını tanımasının heç bir əhəmiyyəti qal­mayacaq. Yeri gəlmişkən, İrəvan və Aİ mövcud tanınmadan söz açarkən, onun Alma-Ata Bəyannaməsinə əsasən ger­çəkləşəcəyini vurğulayırlar. Sual olunur: nəyə görə məhz Alma-Ata prinsipləri? Cavab çox sadədir. Əgər Qərbdə bildi­rildiyi kimi, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi baxımından beynəlxalq təminatlar məntiqi işə düşsə, gələcəkdə Ermənistan sözügedən Alma-Ata Bə­yannaməsini də şübhələndirmək yolu tuta bilər. Məsələn, deyə bilər ki, Qara­bağda referendum 1991-ci ilin noyabrın­da keçirilib və bölgə “müstəqilliyini” elan edib, Alma-Ata Bəyannaməsi isə həmin ilin dekabrında imzalanıb. Yəni, Qara­bağın Azərbaycanın tərkibində olmadığı bir vaxtda. Baxın, hazırda Ermənistanda olan separatçı rejimin sonuncu “prezi­denti” Samvel Şahramanyan sözündən, imzaladığı fərmana oxşar şeydən imtina edərək vurğulayıb ki, heç kəs “Dağlıq Qarabağ Respublikası”nı ləğv edə bil­məz. Çünki, o, referendum yolu ilə ya­ranıb. Samvel, necə deyərlər, xoruzun quyruğunu göstərdi. 

Belə olan halda, Aİ-nin şəxsində Qərb vasitəçiliyi formatını təmsil edənlər bölgə­də yenidən separatçılığın alovlanmaya­cağına təmina verə bilərlərmi? Əlbəttə ki, yox! Nəinki təminat verə bilməzlər, üstə­lik, Fransanın Aİ-dəki mövqeyinin güclü olduğunu nəzərə alsaq, tam əminliklə deyə bilərik ki, əksinə, Qarabağ avan­türasına dəstək məntiqi işə düşəcək. Deməli, T.Klaarın hazırkı şərtlər daxilində Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağına ümid bəs­ləməsi diplomatik gedişdən başqa bir şey deyil. Qərb N.Paşinyanın başından Qra­nada eyforiyası ab-havasını çıxarmayın­ca, sülh mümkünsüzdür. 

Əvvəldə vurğuladığımız məqama qayıdaraq bildirək ki, hazırda Ermənis­tan bütün beynəlxalq platformalarda anti-Azərbaycan ritorikasına baş vur­maqdadır. Paşinyan administrasiyasının təmsilçiləri, ölkəmiz Qranada sammitin­də iştirakdan imtina edəndə, bu təbliğata daha tünd “rəng çalarları” qataraq bildir­dilər ki, Bakı sülhdən yayınır, Ermənista­na qarşı işğalçılıq planları qurur və sair və ilaxır. Hələ Parisin İrəvanın təhlükəsizli­yinin qayğısına qalmaq üçün qaldırdığı vay-şivən də var, üstəlik, bir neçə gün öncəki Fransa–Ermənistan hərbi-texniki əməkdaşlıq müqaviləsi də... 

Halbuki, belə olmamalı idi. Əgər Paşinyan həqiqətən sülhə sadiq idisə, MDB Dövlət Başçıları Şurasının Biş­kekdə keçirilmiş toplantısına qatılmalı, Azərbaycan Prezidenti ilə görüşməli idi. Nikol bundan imtina etdi və bu, o demək idi ki, Qranadada Azərbaycanın iştirakı olmadan imzalanmış sənədlər mənasız kağız parçasıdır. Belə olan təqdirdə, ölkəmizin təklif etdiyi təkbətək təmas məntiqi tam uyğundur. Bir halda ki, Er­mənistan Rusiyanın vasitəçiliyindən rəsmi şəkildə imtina etməyib, o zaman nəyə görə bölgədən min kilometrlərlə aralıda olan Qərb platforması əsas götü­rülməlidir? Elə Moskva müstəvisi götü­rülsən də. Demək, bir daha məlum olur ki, Qərb İrəvanı dəstəkləmək məntiqinə köklənib... 

Əlbəttə, Ermənistan Azərbaycanla danışıqlar prosesində həmişə mani­pulyativ mövqe tutub, sülhdən yayınıb. Bu mövqe necə olursa-olsun, Qarabağ avantürasının davamına hesablanmış­dı. Lakin Azərbaycanın bu il sentyabrın 19-da keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra mövcud istiqamət­dəki cəhdlər tamamilə sıradan çıxdı. İndi görünən budur ki, Qərb vasitəçiliyi Qara­bağdakı erməni avantürizminin saxlanıl­masına hesablanmışdı. Elə ona görə də Qranada sammitində anti-Azərbaycan tezislər ortaya atılmağa başladı. Ş.Mişel isə bunu pərdələmək üçüb, tez-tələsik, Brüssel görüşü təşəbbüsünü irəli sürdü. Həm istədi ki, özünün vasitəçilik missiya­sı iflasa uğramasın, həm də Qranadada­kı nəticələr gücləndirilsin. Birinci məqamı başa düşmək haradasa mümkündür, ikincini isə yox. Çünki sözügedən sam­mitdəki sənədlər vasitəçilik yox, yalnız ermənipərəstlik məhsuludur. 

Sonda onu da deyək ki, Ermənistanda T.Klaarın haqqında söz açdığımız açıqla­masından doğan bir sıra fikirlər gündəmə gəlməkdədir. Bu fikirlər sırasında Azər­baycan, Rusiya və Türkiyənin birləşərək Qərbə qarşı çıxmasından tutmuş, Ermə­nistanın işğalı perspektivinədək bir sıra məqamlar var. Halbuki, belə konspriativ­liyə əsla ehtiyac yoxdur. Çünki reallıq çox sadədir. Qarabağ Azərbaycan ərazisidir və bölgədə yaşayan insanların, o cüm­lədən ermənilərin rifahı ölkəmizin təklif etdiyi təminat qaydaları ilə tənzimlənmə­lidir. Burada hansısa başqa mətləblərin qabardılmasına qətiyyən ehtiyac yoxdur. Sülh müqaviləsinə gəlincə, məğlub Er­mənistan bunu istəmirsə, eyni zamanda, sərhədlərin delimitasiyası və demarkasi­yasından boyun qaçırırsa, Fransadan və digər ölkələrdən aldığı silahlara güvənib reallıqları dəyişməyə ümidlidirsə, üstəlik, blokada şəraitində qalıb Avropanın hesa­bına yaşayaraq rəzil duruma düşməyi ar­zulayırsa, buyursun. Necə deyərlər: can onun, cəhənnəm Tanrının!

Ə.CAHANGİROĞLU
XQ



Siyasət