BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ölkəmizdə uğurla həyata keçirilir
Bakıda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və BMT-nin birgə təşəbbüsü ilə oktyabrın 24-də keçirilən 3-cü Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) həsr olunan toplantıda Baş nazirin müavini, adıçəkilən şuranın sədri Əli Əhmədov ölkəmizdə bu sahədə görülən işlər barədə məlumat verərək Azərbaycanın 2030-cu ilədək Milli Prioritetlərinin və 2022‒2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasının DİM-lər ilə sıx uzlaşdığını diqqətə çatdırıb.
Baş nazirin müavini respublikamızla BMT arasında mövcud münasibətləri xüsusi vurğulayıb, beynəlxalq əməkdaşlıq platformaları çərçivəsində aparılan müzakirələrin qlobal çağırışlara adekvat cavab verilməsi imkanlarını artırdığını bildirib. Əli Əhmədov daha sonra ölkədə DİM üzrə vəzifələrin icrası və bütövlükdə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması üçün kompleks tədbirlərin uğurla həyata keçirildiyini diqqətə çatdırıb.
İclasda Azərbaycanın BMT-nin müxtəlif ixtisaslaşmış qurumları ilə sıx əməkdaşlıq etdiyi, DİM-in icrası ilə ölkəmizin sosial-iqtisadi inkişafı üçün səmərəli mexanizmlər formalaşdırıldığı vurğulanıb. Eyni zamanda, respublikamızın regionda ilk olaraq DİM-lərin reallaşdırılması istiqamətində BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna indiyədək 3 Könüllü Milli Hesabat təqdim etdiyi, növbəti hesabatın isə gələn il açıqlanacağı bildirilib. DİM-in həyata keçirilməsində vəsaitlərin məqsədyönlü istifadəsində, həmçinin şəffaflıq və hesabatlılığın gerçəkləşməsində ali audit orqanlarının rolu da yüksək dəyərləndirilib.
Çıxışlarda işğaldan azad olunmuş yaşayış sahələrinin bərpası istiqamətində qlobal inkişaf prioritetlərinin nəzərə alındığı, ancaq mina təhlükəsinin bu ərazilərin sürətli reinteqrasiyasında başlıca maneəyə çevrildiyi də xatırladılıb. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev tərəfindən minatəmizləmə fəaliyyətinin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi BMT-nin 2030 Gündəliyinə əlavə olunması təşəbbüsü irəli sürülüb və bununla bağlı müvafiq layihə hazırlanaraq, yerli və beynəlxalq ictimaiyyətə təqdim edilib.
Tədbirin sonunda bildirilib ki, pandemiyanın hələ də davam etməsinə, həmçinin geosiyasi gərginliklərin dayanıqlı inkişafı zəiflətdiyinə baxmayaraq Azərbaycan 30 ilə yaxın işğal altında qalan torpaqlarını düşməndən təmizlədikdən sonra həmin ərazilərin bərpa və yenidən qurulmasını, insanların doğma yurdlarına geri qayıtmasını başlıca hədəf kimi qəbul edib. Bu proses BMT-nin dayanıqlı inkişaf planına uyğun olaraq həyata keçirilir.
Ölkəmizdə DİM-in icrasından danışarkən bir məqama da toxunmağı zəruri hesab edirik. Ekspertlərin fikrincə, dayanıqlı inkişaf məqsədlərini reallaşdırmaq üçün dünyada ÜDM-in 1,5–4 faizi qədər resurs tələb olunur. Biznes strukturlarının dayanıqlı inkişaf sahəsində dövlət təşəbbüslərinə cəlb olunmasının vacibliyi də məhz bununla əlaqələndirilir. DİM-də informasiya əlçatanlığı, məlumatların toplanılması, monitorinqi və hesabatlılığı dayanıqlı inkişaf üçün ən mühüm elementlər kimi dəyərləndirilir.
Ümumiyyətlə, beynəlxalq qurumların məlumatına görə, 17 DİM-in 8-i mühasibat uçotu, hesabatlılıq və o cümlədən auditlə birbaşa əlaqədardır. Başqa sözlə, mühasiblər və auditorlar DİM-nin reallaşmasında mühüm rola malikdir. Bununla yanaşı, mühasibat uçotunun və auditin də korporativ dayanıqlı inkişafın yeni tələblərinə uyğun olaraq transformasiyası günümüzün tələbləri sırasındadır. Məhz mühasibat uçotu və auditin birbaşa təsiri ilə dayanıqlı inkişafın təhsilin keyfiyyəti, gender bərabərliyi, ləyaqətli əmək və iqtisadi artım, məsuliyyətli istehlak və istehsal, bərabərsizliyin azaldılması, təhlükəsizlik, iqlim dəyişikliyi, ekosistemin qorunması, güclü institutların yaradılması və əməkdaşlıq kimi Dayanıqlı İnkişaf Məqsədləri reallaşa bilər.
Yeri gəlmişkən, BMT-nin 2016–2030-cu illər üçün təsdiqlənmiş “2030 Gündəliyi” üzrə Azərbaycanın qəbul etdiyi öhdəliklərin həyata keçirilməsi bu gün ölkəmizin dövlət siyasətinin mühüm tərkib hissələrindən birinə çevrilib. Bu istiqamətdə sosial, iqtisadi, ətraf mühit sahələri ilə bağlı dövlət proqramları, startegiyalar, tədbirlər planları DİM-in hədəflərinə uyğunlaşdırılıb.
Xatırladaq ki, BMT-nin Baş Assambleyasının qəbul etdiyi 17 məqsəd təşkilatın 2015-ci ilin sentyabr ayında keçirilmiş sammitində dünya liderlərinin qəbul etdiyi “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də əks olunub, 2016-cı il yanvarın 1-də rəsmi şəkildə qüvvəyə minib. Universal xarakter daşıyan bu yeni məqsədlər fonunda 2030-cu ilə qədər ölkələri yoxsulluğun bütün formalarına son qoymaq, bərabərsizliklərə qarşı tədbirlər görmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədi ilə bütün səylərini səfərbər etmək nəzərdə tutulub.
“Qlobal məqsədlər” kimi də tanınan DİM-lər Minilliyin İnkişaf Məqsədlərinin əldə etdiyi nəticələrə əsaslanır, eyni zamanda, yoxsulluğun bütün formalarının aradan qaldırılmasını qarşıya mühüm vəzifə kimi qoyur. Yeni DİM-lərin özünəməxsusluğu bütün dövlətləri, o cümlədən yoxsul, zəngin və orta gəlirli ölkələri planetin mühafizəsini reallaşdırmaq şərti ilə tərəqqini təşviq etmək üçün tədbirlər görməyə səsləyir.
DİM-lərin tətbiqi təsdiqləyir ki, yoxsulluğun aradan qaldırılması iqtisadi artımın təmin edilməsinə yönələn strategiyalarla əlaqəli şəkildə həyata keçirilməlidir. Onlar təhsil, sosial müdafiə və məşğulluq imkanları da daxil olmaqla geniş spektrli sosial ehtiyacları və bununla yanaşı, iqlim dəyişikliyi ilə mübarizəni və ətraf mühitin mühafizəsini ön plana çəkir.
Sonda xatırladaq ki, Azərbaycan 2022-ci ildə dayanıqlı inkişaf məqsədləri indeksinə görə Cənubi Qafqaz regionunda lider mövqe, dünyanın 163 ölkəsi arasında isə 50-ci yeri tutur. Bu göstəricinin əldə olunmasına isə ölkəmizdə alternativ enerji mənbələri, ətraf mühitin mühafizəsinin təmin edilməsi və tullantıların təmiz emalı, habelə “yaşıl iqtisadiyyat”a keçid üzrə layihələrin reallaşdırılması imkan yaradır.
Artıq bu gün Azərbaycanda bərpaolunan enerji mənbələri sektoruna milyon dollarla investisiyalar qoyulur, ölkənin investisiya iqliminin daha da yaxşılaşdırılması, birbaşa xarici investisiyaların cəlb olunması və DİM-in gerçəkləşdirilməsi məqsədilə ölkənin tam potensialının araşdırılması üzrə işlər aparılır.
XQ

