Oktyabrın 24-də Xarici İşlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.
Görüşdə Azərbaycan və Ermənistan arasında sülh prosesinin perspektivləri, regionda mövcud vəziyyət və son inkişaflar, eləcə də Tehranda “3+3” regional platforması çərçivəsində keçirilmiş görüşün nəticələri müzakirə olunub.
Nazir Ceyhun Bayramov, öhdəliklərə zidd olaraq son 3 il ərzində Azərbaycan ərazisindən çıxarılmayan qanunsuz erməni silahlı qüvvələrinə qarşı həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycanın öz suveren ərazilərinə nəzarəti tam olaraq təmin etməsindən sonra Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin qısa müddətdə razılaşdırılması üçün real şansların olduğunu diqqətə çatdırıb.
Qarabağın erməni sakinlərinin Azərbaycanın qanunvericiliyi çərçivəsində ölkəmizin ərazisində Azərbaycan vətəndaşı kimi yaşaması üçün bütün imkanların yaradıldığı, bunun üçün reinteqrasiya məqsədilə müvafiq portalın fəaliyyət göstərdiyi qeyd edilib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
Həmin gün Xarici İşlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Telefon danışığı zamanı nazirlər Azərbaycanla Rusiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, Azərbaycan–Ermənistan sülh prosesinin perspektivləri, bölgədəki cari vəziyyət, “3+3” regional platformasının Tehranda keçirilmiş nazirlər iclasının nəticələri, Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının cari ilin dekabr ayında Moskvada keçirilməsi nəzərdə tutulan iclasının gündəliyində duran məsələlər barədə fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı, Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar edilməsi istiqamətində real şansların olduğu, bölgədə yaranmış tarixi imkanın əldən verilməməsinin vacibliyi vurğulanıb. Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
XQ