Xalqın əzəli Vətən haqqını özünə qaytaran lider

post-img

Çağdaş dünyada söz sahibi olan dövlətlərin bir çoxunun müstəqillik tarixi yüz illərlə hesablanır. Lakin təəssüf ki, tarixdə neçə-neçə dövlət qurmuş xalqımızın 2 əsr əvvəl ərazisi müxtəlif  səbəblərdən bir neçə yerə bölünmüş, məmləkətin quzeyi müstəqilliyini, güneyi isə milli haqlarını itirmişdir.

Xalqımız XX əsrdə Arazın hər iki tayında dövlət müstəqilliyini və milli haqlarını bərpa etmək üçün qəhrəmanlıqa mübarizə aparmış, Vətənin quzeyində 2 dəfə istiqlalını qazanmışdır. Güneyli soydaşlarımıza isə bu xoşbəxtlik hələ də nəsib olmamışdır. Lakin Quzey Azərbaycanın 1918-ci ildə və 1991-ci ildə qazandığı dövlət suverenliyi ona baha gəlmişdir. 1920-ci ildə erməni daşnakların böyük xəyanətkarlığı nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradılaraq, suverenlik mədəni muxtariyyət səviyyəsinə salınmışdır. Sovet imperiyasının süqutu prosesində isə həmin daşnak törəmələri imperialist dairələrin əlində yenidən alətə çevrilərək Azərbaycana ərazi iddiası irəli sürmüş, 20 faiz torpağımızı işğal etmiş, müstəqilliyimiz üçün hərbi-siyasi təhdidə çevrilmişdir.

Bütün bunlar barədə Ümummilli Lider Heydər Əliyev ikinci dəfə qazanılmış müstəqilliyi xilas etdikdən sonra ölkəyə rəhbərlik etdiyi 10 ildə Azərbaycan Prezidenti İlham Əliyev isə Ulu Öndərin siyasi kursunu inamla davam etdirdiyi son 20 ildə, xüsusən 2020-ci ildən bəri çoxsaylı açıqlama və bəyanatlarında dünya birliyinə, dünyanın taleyini həll edən dairələrə və liderlərə müfəssəl bilgi vermişlər. Dövlət başçısı ötən gün MDB təhlükəsizlik qurumları rəhbərlərini qəbul edərkən bir daha bu barərə ətraflı və geniş söhbət açmışdır.

Ümummilli Liderimiz 1993-cü ildə dövlət müstəqilliyimizi xilas etsə də, işğal olunmuş torpaqlarımızı geri qaytarmaq üçün yaratdığı ciddi əsaslar üzərində bu mübarizəni qələbə ilə başa çatdırmaq onun ən layiqli davamçısı Prezident İlham Əliyevə nəsib olmuşdur. O zaman süqut etmiş sistemin dağıntıları üzərində müstəqil bir dövlət quran Ulu Öndərin ən böyük arzusu və məramı isə dövlətimizin çağdaş dünyada söz sahibinə çevrilməsi, suverenlyini qoruyub saxlaması və ərazi bütövlüyünü təmin etməsi, o cümlədən, dünyanın siyasi gedişatında söz sahibi olacaq gücə malik olması idi. Uzaqgörən dövlət xadimi bu missiyanı özü qədər inandığı varisi İlham Əliyevə əmanət edərək əbədiyyətə qovuşdu.

2003-cü il 15 oktyabr prezident seçkilərində Azərbaycan xalqı Ulu Öndərin bu müqəddəs vəsiyyətini tale yolu olaraq qəbul edərək xilaskarlıq missiyasının uğurla davam etdirilməsinə səfərbər olundu. Ümummilli Liderin böyük inamı və xalqın göstərdiyi tarixi etimad cənab İlham Əliyevə müstəqil Azərbaycanı ötən 20 ildə möhtəşəm qələbələrə qovuşdurmağa çox kömək etdi. Artıq Ulu Öndərin ən böyük arzusu və tarixi vəsiyyəti gerçəkləşdirilib.

Hakimiyyətə Azərbaycan gəncliyinin lideri və Ulu Öndərin siyasi varisi kimi gəlmiş İlham Əliyev bu illərdə xalqımızın şəriksiz lideri, dünya miqyaslı siyasətçi və dövlət xadimi zirvəsinə yüksəlməyi bacardı.

Prezident İlham Əliyevin mükəmməl idarəçiliyi sayəsində Azərbaycan  güclü iqtisadiyyat qurdu, beynəlxalq arenada söz sahibi olan dövlət  kimi tanındı.

 Prezident İlham Əliyev hakimiyyətə gələndə gözəl bilirdi ki, vətəndaşlarımızın sosial durumunu, problemlərini həll etmək çətin olmasa da, xalqımızın Qarabağ dərdinə əlac etmək qədər də asan olmayacaq. Xalq isə yalnız Qarabağın işğaldan azad olunması ilə tam xoşbəxt ola bilərdi. Xalq bu problemin həllini Prezident İlham Əliyevdən gözləyir və bir gün həmin xoşbəxtliyə çatacağına inanırdı. Prezident İlham Əliyevin ən böyük dəstəyi məhz bu inam idi.

Prezident İlham Əliyev 2020-ci ilin payızında xalqımıza qazandırdığı zəfərlə Qarabağı xilas etdi. Bu ilin sentyabrında isə Xankəndi xuntasını darmadağın etməklə suverenliyimizin tam bərpasına nail oldu. Xalqımızın 200 il tarixində iilk dəfə itirilmiş əraziləri geri qaytaran qalib sərkərdə Vətəni bütövləşdirən lider kimi gerçək qəhrəmana çevrildi. Qarabağ namərd yağıdan təmizləndi. Ölkəmizin ərazi bütövlüyünü tam təmin edən Prezident İlham Əliyev bizə qalib xalq, qalib ölkə sevincini yaşatdı. Ötən əsrdə bu xoşbəxtliyi böyük Atatürkün rəhbərliyi ilə  istiqlal savaşından qalib çıxan Türkiyə yaşamışdı. Bir əsr sonra təkcə Ermənistanla deyil, imperialist qüvvələrlə  savaşan müzəffər Komandan İlham Əliyev bu rekordu təzələyərək Azərbaycana qələbə sevincini gətirdi.

Bu oxşar savaşlar Atatürku Türkiyənin istiqlal, İlham Əliyevi isə Azərbaycanın zəfər rəmzinə çevirdi!

Beləliklə, tarix bir daha  sübut etdi ki, 2003-cü il 15 oktyabr prezident seçkilərində Azərbaycan xalqı düzgün seçim edərək dünəninə, bugününə və sabahına səs verməkdə çox haqlı imiş. Xalqın əzəli Vətən haqqını ona qaytaran Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan bu gün xoşbəxtliyinə qovuşub. Nəsil-nəsil dünyadan nakam köçmüş babaların, nənələrin ruhu da, nəhayət, bu gün şad və rahatdır. 

Bütün bunları Azərbaycana qalib lider İlham Əliyev bəxş edib. Onun liderliyi ilə Azərbaycan çox xoşbəfxt, çox gözəldir və bu ölkədə yaşamaq,  vətəndaş olmaq qürurvericidir.

Rəşad Mahmudov,
Milli Məclisin deputatı,
Tibb elmləri doktoru



Siyasət