Putin Bakı və İrəvanı Moskvada danışıqlara çağırdı

post-img

Moskva Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına kömək etməyə hazırdır və danışıqlar üçün öz platformasını təqdim edə bilər. Bu barədə Rusiya Prezidenti Vladimir Putin deyib. Məlumatı “İnterfaks.ru” verib. 

“Gündəmdə uzun müddətdir davam edən bu münaqişəyə son qoymaq üçün sülh müqaviləsinin hazırlanması məsələsi var. Rusiya tərəfi, əlbəttə ki, bu işdə tərəfdaşlarımıza hər cür kömək göstərməyə hazırdır. Xüsusilə, biz danışıqların Moskvada təşkili ilə bağlı razılığa gəlirik”, - Putin cümə günü Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclasında bildirib.

Dövlət başçısı qeyd edib ki, istənilən formatda danışıqlar aparıla bilər: “Lazım gələrsə, görüşlərə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri və ekspertləri formatında başlamaq olar. Əlbəttə ki, biz danışıqların bu ölkələrin liderləri tərəfindən imzalanacaq sülh sazişi ilə yekunlaşmasına kömək edəcəyik”.

Rusiya Federasiyasının prezidenti onu da bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə ötən gün keçirilən görüşdə Qarabağ nizamlanması və ümumilikdə Ermənistan-Azərbaycan münaqişəsi məsələləri müzakirə olunub: "Son üç ildə Rusiya tərəfi hərbi əməliyyatların dayandırılması və eskalasiyanın qarşısının alınması üçün mühüm səylər göstərib. Bizim yardımımızla müvafiq üçtərəfli sənəd hazırlanıb. Bütün bu müddət ərzində üçtərəfli formatda - Rusiya, Azərbaycan, Ermənistan - iki paytaxt - Bakı və İrəvan arasında münasibətləri normallaşdırmaq üçün ciddi iş aparılıb”.

O, eyni zamanda, vurğulayıb ki, Rusiya sülhməramlıları “əllərində olan səlahiyyətlər çərçivəsində Qarabağda öz missiyalarını vicdanla yerinə yetiriblər”.

P.ƏMİRCANOV
XQ

Siyasət