“Azərbaycanın regiona sülh gətirməsi MDB ölkələri üçün də cəlbedicidir” - ŞƏRH

post-img

“Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclası fonunda Azərbaycan və Rusiya liderlərinin görüşü zamanı Qarabağ barəsində söhbətlər yüksək qiymətləndirilməlidir. Çünki Rusiya Prezidentinin Qarabağ məsələsini vacib amil hesab etməsi təqdirəlayiqdir. MDB-nin aparıcı ölkəsinin başçısının Qarabağın Azərbaycanın tərkibi hissəsi kimi təhlükəsizliyi vacib məsələ hesab olunursa, burada narahatlığa heç bir əsas yoxdur.” 

Bu fikirləri XQ-yə siyasi şərhçi Aydın Quliyev Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclasının əhəmiyyətini şərh edərkən deyib. 

“Ürəkaçan digər bir məsələ isə Azərbaycanın Qarabağ bölgəsində separatizm meyllərinin, Ermənistanın pozuculuq hərəkətlərinin məhdudlaşdırılmasıdır. Ermənistanın bölgədə sülh və perspektivliklər baxımından təhlükəli dönüşlər etməsi, revanşist hərəkətləri MDB məkanına da bəllidir”, - deyə siyasi şərhçi vurğulayıb. 

Aydın Quliyev Azərbaycanın regiona sülh gətirməsinin MDB ölkələri üçün də cəlbedici olduğunu qeyd edib: “Azərbaycanın antiterror tədbirlərindən sonra Cənubi Qafqazda, demək olar ki, son 40-50 ildə görünməyən sabitlik müşahidə edilməkdədir. MDB məkanına da məlumdur ki, harada ərazi problemi varsa, sabitliyin olmaması problemi də var. Bu görüşlərdə Azərbaycanın yaratdığı sabitliyə qiymət verilir, dəyərləndirilir”.  

Rizvan FİKRƏTOĞLU
XQ

Siyasət