ABŞ prezidentliyinə namizəd coğrafiyadan “2” aldı

post-img

İdmanda olduğu kimi, diplomatiyada da yazılmış və yazılmamış qaydalar var. Birinci arenada dürüstlüklə “lipa”, saxtakarlıq üz-üzə gəlirsə, ikinci müstəvidə obyektivliklə yalan və riyakarlıq qarşılaşır. Hətta bu qarşıdurmaların özündə belə riayət olunası əxlaq normaları, diplomatik etiketlər mövcuddur. Təəssüf ki, Azərbaycana qarşı beynəlxalq mediada, siyasi platformalarda ermənipərəst güclərin apardığı dezinformasiya və qara piar kampaniyalarında həmin əxlaq normaları, diplomatik etiket asanlıqla ayaqlar altına atılır. 

“Adımı sənə qoyum, səni də yana-ya­na” zərbi-məsəlimizin çeşidli imrpovizə versiyalarını təsəvvürünüzə gətirə bilərsi­niz. Amma, üç il bundan əvvəl ABŞ prezi­dentliyinə namizədliyini irəli sürmüş Vivek Ramasvami adlı birisinin özünün təbli­ğat-təşviqat kampaniyasında Gəncənin daşnak faşistləri tərəfindən bombalanma­sı kadrlarını Azərbaycanın erməni şəhə­rinə raket zərbəsi kimi təqdim etməsi va­riantı yəqin heç birinizin ağlına gəlməzdi. 

Əslində, bu, Birləşmiş Ştatlardakı erməni diasporunun, daşnak lobbisinin təşkil etdiyi böhtan kampaniyasını apa­ranların bütün hədləri keçdiyini, Azərbay­cana qarşı qurulmuş misli görünməmiş informasiya savaşının miqyasını göstə­rirdi. Həm də bu savaşın bəşəri dəyərlə­rin, siyasi əxlaqın ayaqlar altına atılaraq aparıldığına dəlalət edirdi. Bu çirkab üsul yalnız hayların beynindən keçə bilərdi. Onun icraçısı rolunda çıxış edən Hin­distan mənşəli amerikalı Ramasvaminin Cənubi Qafqaz barədə elementar təsəv­vürünün olmadığı göz önündə idi. 

* * *

İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanla­rı rəhbərləri şurasının iclasının iştirak­çıları ilə görüşündə üç il əvvəlki həmin epizodu xatırladaraq belə saxtakarlığa və həyasızlığa yol verəcək qədər sima­sızlaşmağın qeyri-mümkünlüyünü qeyd edib. Cənab Prezident İkinci Qarabağ müharibəsinin gedişində Ermənistanın münaqişə zonasından yüz kilometrlərlə uzaqda yerləşən şəhərlərimizi uzaqmən­zilli ballistik raketlərdən atəşə tutması­nı qonaqların nəzərinə çatdırdı: “Bunun nəticəsində azyaşlı uşaqlar da daxil ol­maqla, yüzdən artıq mülki vətəndaşımız həyatını itirdi. Məhz haqqında danışdı­ğım həmin namizəd Azərbaycanı ittiham edərək, ermənilərin Gəncəyə və Bər­dəyə hücumlarının kadrlarını nümayiş etdirirdi. İndi bu insanlarla necə danış­maq olar, onlara nəyi izah etmək olar?”.

Adətən, vizual görüntülərdən mənası bəlli olan süjetləri “Şərhsiz” deyə, təqdim edirlər. Həmin süjeti tamaşaçı elektoratın gözünə dürtən, bununla “əzabkeş” ermə­nilərə canıyananlığını nümayiş etdirən ABŞ prezidentliyinə uğursuz namizədin də bu piar kampaniyasını şərh etmək ağ­rılı olduğu qədər də acınacaqlıdır. Çünki komandanı “ənamla” bir yerdən almış siyasi korafəhimlərə ədaləti çatdırmaq, həqiqəti izah eləmək boş məşğuliyyətdir. 

Onların özlərinə deyil, sifarişçilərinə dövlətimizin başçısının cavabı olduqca ibrətamisdir: “Onlar heç nə eşitmək istə­mirlər. Onlar mərkəzdən verilən təlimata uyğun hərəkət edirlər. Ona görə də biz indi Azərbaycana qarşı aparılan misli gö­rünməmiş informasiya müharibəsi ilə üz-üzə qalmışıq. Biz, əlbəttə, öz gücümüzlə buna müqavimət göstəririk, baş verənlər­lə bağlı həqiqətləri çatdırmağa çalışırıq və çatdırırıq. Ancaq başa düşmək lazım­dır ki, güclər qeyri-bərabərdir. Çoxillik müstəmləkəçilik tarixinə malik Fransa kimi ölkələrin dünya üzrə media resurs­ları bizdəkindən qat-qat çoxdur. Lakin bu­nunla belə, biz müxtəlif platformalardan və beynəlxalq təşkilatlardan, habelə digər formalardan istifadə edərək, baş verənlər barədə həqiqətləri çatdırırıq və bundan sonra da çatdıracağıq”.

Bəli, haqq səsimiz dünyanın hər ye­rində, bütün tribunalarından eşidilənə qədər çalışacağıq. Ədalət zəfər çalana qədər çalışacağıq. 

İ.HƏSƏNQALA
XQ

Siyasət