Fransa var gücü ilə “hücuma keçib”

post-img

Paris hegemonluq etdiyi təşkilatlarda Azərbaycanla bağlı qərəzli sənədlərin qəbuluna çalışır

Fransanın hegemonluq etdiyi, yaxud etməyə çalışdığı bir sıra Avropa təsisatları son vaxtlar ölkəmizin üzərinə necə deyərlər, “səlib yürüşü”nə çıxıblar. Onlar Azərbaycanın Qarabağ iqtisadi rayonunda sentyabrın 19-da başlayan və bir sutkadan az davam edən lokal xarakterli antiterror tədbirləri keçirməsini, bundan az sonra erməni əhalinin bölgəni tərk etməsini, qondarma separatçı rejimin ləğv olunmasını heç cür qəbul edə bilmirlər.

Ancaq Avropa təsisatları bu zaman vacib olan üç məqamı nəzərə almırlar. Birincisi, Azərbaycan antiterror təd­birlərini beynəlxalq hüquqla tanınmış ərazisində keçirib. Bu zaman hədəf bölgədə yaşayan mülki əhali yox, Er­mənistan ordusunun silahlı birləşmələ­ri, hərbi texnika və hərbi infrastrukturu olub. Məqsəd ermənipərəst dairələrinin iddia etdikləri kimi hansısa “soyqırımı”, “etnik təmizləmə” yox, dünyanın bütün ölkələrinin, o cümlədən, Ermənistanın da Azərbaycan ərazisi kimi tanıdığı Qa­rabağ iqtisadi rayonunda suverenliyi tam təmin etmək idi.

İkincisi, erməni əhali bölgədən zor gücünə çıxarılmayıb. Əksinə, onlara qalmaq təklif olunub, reinteqrasiya pla­nı təqdim edilib. Azərbaycan Xarici İşlər Nazirliyinin sentyabrın 28-də yaydığı məlumatda bu barədə deyilirdi: “Ermə­nistan baş naziri Nikol Paşinyanın Azər­baycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin, guya, “etnik təmiz­ləmə”yə məruz qaldığı barədə verdiyi bəyanatı qətiyyətlə pisləyir və rədd edi­rik. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin gedişinin on­ların şəxsi və fərdi qərarı olduğu, bunun məcburi yerdəyişmə ilə heç bir əlaqəsi olmadığı baş nazir Paşinyana yaxşı məlumdur. Əgər erməni sakinlərinin hansısa hissəsi Azərbaycan qanunveri­ciliyi və hakimiyyəti çərçivəsində yaşa­maq və ona tabe olmaq istəmirsə, on­ları buna məcbur edə bilmərik. Bunun əksinə, biz erməni sakinləri öz yaşayış yerlərini tərk etməməyə və multietnik Azərbaycan cəmiyyətinin bir hissəsi ol­mağa çağırırıq”.

Azərbaycan Prezidentinin xüsu­si tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov isə elə həmin günlərdə BBC radiosunun efirində müzakirə zamanı aparıcının “Azərbaycan bu qədər insa­nın köçdüyünü görəndə məmnun olur­mu?” sualına “xeyr” cavabını verərək, əlavə etmişdi ki, amma biz onları zorla saxlaya da bilmərik. Çünki bu halda er­məni əhalini, guya, girov saxlamağımız barədə şayiələr yayılacaq: “Onlar Azər­baycan cəmiyyətinə yenidən inteqrasi­ya olunaraq, dövlətin vətəndaşlığının təqdim etdiyi imkanlardan yararlana, həyat şəraitlərini yaxşılaşdıra bilərlər. Gələcəkdə fikirlərini dəyişsələr, qayıda da bilərlər”.

Azərbaycan dövlətinin bu mövqe­yi digər rəsmi şəxsləri tərəfindən də dəfələrlə səsləndirilib. Ancaq ermə­nipərəst dairələr özlərini eşitməzliyə vururlar. Onlar, həmçinin Prezident Ad­ministrasiyasının oktyabrın 2-də açıq­ladığı Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasına dair planını da görmək istəmirlər. Bundan əlavə, Qarabağ erməniləri yaşayış yeri seçməkdə sərbəstdirlər: onlar istədikləri vaxt geri qayıda, yaxud indi məskunlaş­dıqları ərazilərdə qala bilərlər. Onu da qeyd edək ki, Azərbaycan dövləti qa­yıdacaq şəxslərin təhlükəsizliyinə zə­manət verib. Həmçinin, Rusiya sülhmə­ramlıları da bölgədədir. Bunun özü də Azərbaycana ünvanlanan “soyqırımı” və “etnik təmizləmə” kimi ittihamların heç bir əsasının olmadığını göstərən mühüm amildir.

Üçüncüsü, separatçı rejimin ləğvi ilə bağlıdır. Heç bir dövlət ərazisinin ay­rılmaz hissəsində hansısa oyuncaq reji­min mövcudluğuna dözməz. Dövlətlərin ərazisi bütöv, sərhədləri toxunulmaz olmalıdır. Azərbaycan da bu baxımdan istisna deyil. Separatçılar 1990-cı illə­rin əvvəllərində Azərbaycanda mərkəzi hakimiyyətin zəifliyindən istifadə edərək ərazilərimizdə qondarma rejim yarat­mağa, ardınca keçmiş DQMV-yə heç bir aidiyyatı olmayan 7 rayonumuzu işğal etməyə müvəffəq oldular. Otuz il­dən sonra Azərbaycan gücləndi və öz torpaqlarını geri aldı.

İndi isə qeyd etdiyimiz kimi, Azər­baycanın tarixi torpaqlarımızda ikinci erməni dövləti yaratmaq istəyənlərin planlarını pozması ilə Fransa sayaq bəzi dövlətlər və müxtəlif siyasi dairələr heç cür barışa bilmirlər. Onlar hər vəch­lə ölkəmizi qaralamağa, böhtan atmağa çalışırlar. Özlərini ermənilərin hamisi, canıyananı kimi göstərirlər. Əslində isə, onlardan bir alət kimi istifadə edirlər. Məhz onların ermənilərlə azərbaycan­lılar arasında yeni yaranan münaqişə­ni qızışdırmaları, “miatsum” ideyasını dəstəkləmələri erməni xalqını indiki acınacaqlı vəziyyətə salıb. Ancaq hə­min qüvvələr yenə də öz əməllərindən qalmırlar. Dünən Avropa Şurası Parla­ment Assambleyasının Qarabağdakı “humanitar vəziyyəti” müzakirə etməsi bunun daha bir göstəricisidir. Maraqlıdır ki, müzakirələr əvvəlcədən planlaşdı­rılmayıb. O, “təcili müzakirə tələb edən məsələ” kimi gündəliyə daxil edilib.

Bundan başqa, dünən Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Azərbaycana qarşı iddiası çərçvəsində dinləmələr başlayıb. İddia İrqi ayrı-seç­kiliyin bütün formalarının ləğvi haqqın­da Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlıdır. İrəvan Azərbaycanı beynəlxalq konvensiyanın tələblərini pozmaqda it­tiham edir. Ermənistan hökuməti ötən həftə Azərbaycana qarşı iş üzrə mü­vəqqəti tədbirin tətbiqi xahişi ilə Bey­nəlxalq Ədalət Məhkəməsinə müraciət etmişdi.

Dünənki iclasda çıxış edən Ermə­nistan nümayəndəsi Yegişe Kirakosyan bildirib: “Demək olar ki, bütün ermə­nilər Qarabağı tərk ediblər. Qarabağda, praktiki olaraq, heç bir etnik erməni qal­mayıb. Əgər, bu, etnik təmizləmə deyil­sə, mən bilmirəm, nəyi etnik təmizləmə adlandırmaq olar”.

Göründüyü kimi, Ermənistan “soyqı­rımı”, “etnik təmizləmə” kimi ağır məna yükünə malik sözləri belə ucuzlaşdırıb. Qarabağdan erməni əhalinin könüllü gedişini “etnik təmizləmə” adlandırmaq isə heç bir əndazəyə sığışmır.

Ümumiyyətlə, erməni lobbisi bütün gücünü işə salaraq Azərbaycanın əldə etdiyi uğurlara, qazandığı tarixi zəfər­lərə görə ölkəmizdən heyfini çıxmaq istəyir. Oktyabrın 5-də Avropa Parla­mentinin ksenofob və şovinist yanaşma əsasında qəbul etdiyi anti-Azərbaycan xarakterli qətnamə, orada səsləndirilən fikirlər də bundan xəbər verirdi.

Həmçinin, oktyabrın 11-də Fran­sanın təşəbbüsü ilə bir qrup dövlət BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycan əleyhinə birgə bəyanat qəbul edib. Bəyanatda Azərbaycanın Qarabağ bölgəsindən ermənilərin köç­məsinin səbəbləri ilə əlaqədar böhtan xarakterli iddialar yer alır və qayıdış hüququ məsələsi ilə spekulyasiya edilir. 

Eyni gündə Fransanın xarici işlər naziri Ketrin Kolonna Senatdakı çıxı­şında ermənilərin Qarabağa qayıdışına dair BMT-nin Təhlükəsizlik Şurasında qətnamə qəbul edilməsinə çalışacaqla­rını bildirib.

Ancaq hamısı eyni mərkəzdən, əsasən Parisdən idarə olunan bu qüvvələr anlamalıdırlar ki, onların bu yanaşması qəbuledilməzdir və söykən­diyi iddialar yanlışdır. Bu təşəbbüslər insan hüquq və azadlıqlarının təmin olunmasına, təhlükəsizliyə və rifaha deyil, sülh prosesini pozmağa və bölgə­də gərginliyin artırılmasına xidmət edir. Sülhün olmamasından isə, ilk növbədə, onların “müttəfiqi” Ermənistan və “halı­na acıdıqları” erməni xalqı əziyyət çəkir.

Aydın QULİYEV,
siyasi şərhçi

– AŞPA-da və Beynəlxalq Ədalət Məhkəməsində eyni gündə Ermənistanın və ermə­nipərəst qüvvələrin təşkilat­çılığı ilə Azərbaycana qarşı müzakirələrin aparılması bu işin mütəşəkkil qaydada təşkil olunmasından və Azərbaycan əleyhinə qərəzli, ikili standart siyasəti aparılmasından xəbər verir. Bundan cəmi bir gün əv­vəl ransanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurasında bəyanat qəbul edilməsi də buna sübutdur. Oktyabrın 5-də isə Avropa Parlamenti Azərbaycan əleyhinə, əsasən Fransadan olan deputatların təşəbbüsü ilə qətnamə qəbul etmişdi.

Bütün hallarda bu prosesin təşkilatçısı qismində Fransa, fransız deputatlar çıxış edir­lər. Bu da təsadüfi deyil. Çünki Azərbaycanın apardığı uğurlu antiterror tədbirlərindən sonra Cənubi Qafqazda ən sabit döv­rün şahidi oluruq. Belə görünür ki, Azərbaycanın suverenliyi­nin tam təmin edilməsi bölgədə ümumi təhlükəsizlik sisteminin məhək daşına çevrilib.

Sentyabrın 19-dan sonra böl­gəmizə nisbi sabitlik gəlməyə başlayıb. Bu, bir daha sübut edir ki, Cənubi Qafqazda ümumi ge­osiyasi təhlükəsizliyin və sabit­liyin açar dövləti məhz Azərbay­candır. Təbii ki, Fransa bununla barışa bilmir. Bölgədə sülhün əldə olunması Parisi ciddi nara­hat edir və qondarma tezislərlə kövrək sabitliyi pozmağa çalışır. Bütün qüvvələri səfərbər ediblər ki, Qarabağdan öz xoşu ilə kö­çüb getmiş ermənilərə BMT-dən qaçqın statusu alsınlar. Sanki Fransanın başqa problemi yox­dur. Afrikadan noemüstəmləkə­çilik siyasəti üzündən qovulan Fransa bu acı vəziyyətdən özü üçün nəticə çıxarmaq əvəzinə, daha əcaib formada dünyanın başqa bölgələrində, o cümlədən Cənubi Qafqazda oxşar siyasəti həyata keçirməyə cəhdlər edir. Bunu da Ermənistanın haqsız mövqeyinin müdafiəsi konteks­tində etmək istəyir. Əlbəttə, bu­nun heç bir perspektivi yoxdur.

Səxavət HƏMİD
XQ



Siyasət