Erməni baş nazir Bişkek görüşündən niyə qaçdı?

post-img

Paşa ƏMİRCANOV
[email protected]

Azərbaycan birmənalı şəkildə Cənubi Qafqazda sülh yaradılması uğrunda mübarizə aparır. Ölkəmizin Ermənistan tərəfindən pozulmuş ərazi bütövlüyü təmin olunduqdan sonra bu məsələ Azərbaycanın qarşıya qoyduğu bir nömrəli məsələ kimi gündəlikdə durur. Bu günlərdə Azərnbaycan Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfərinin və bu ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüşünün məqsədi də bu idi – Cənubi Qafqazda sülh. Regionun üç ölkəsinin heç bir xarici iştirakçı olmadan sülh istiqamətində real, səmimi addımlar atmasına nail olmaq üçün Prezident İlham Əliyev davamlı səy göstərir. 

Bir müddət əvvəl Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bu is­tiqamətdəki təşəbbüsü də Azərbaycan lideri tərəfindən qəbul edildi. Azərbay­can Ermənistanla sülh yaradılmasına çalışsa da, qonşu ölkə bunu istəmir. Baş nazir Nikol Paşinyanın, bu gün Bişkekdə keçirilən MDB Dövlət Başçı­ları Şurasının sammitinə qatılmaması­nın səbəbi də budur. 

Oktyabrın 11-də Azərbaycan Pre­zidenti İlham Əliyev MDB-yə üzv döv­lətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının Bakıda keçirilmiş 53-cü iclasının iştirakçılarını qəbul edərkən də bu məsələyə toxun­du. Dövlətimizin başçısı bildirdi ki, ok­tyabrın 12-də Rusiya tərəfinin təklifi ilə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Bişkekdə görü­şü olmalı idi: “Rusiya bizim qonşumuz, müttəfiqimiz, həmçinin bizim region­da yerləşən, minlərlə kilometr uzaqda olan ölkələrdən fərqli olaraq qonşu­luqda yerləşən Ermənistanın da müt­təfiqidir. Təbii ki, ölkələrimiz arasında münasibətlərin tarixi, əlbəttə, Rusiya tərəfinin vasitəçiliyini nəzərdə tutur. Biz bu təklifi müsbət qarşıladıq və xarici işlər nazirimiz Rusiya və erməni həm­karları ilə görüşməyə hazır idi. Təəssüf ki, erməni tərəfi bu görüşdən imtina etdi. İndi sual yaranır: Ermənistan sülh istəyirmi? Zənnimcə, xeyr, çünki əgər sülh istəsəydi, bu imkandan imtina et­məzdi. Ermənistanın baş naziri 6 saata Qranadaya uçur, orada Azərbaycansız Azərbaycanın müzakirə edildiyi mə­nasız görüşdə iştirak edir, amma 2-3 saata Bişkekə uça bilmir, onun mühüm işləri varmış. Bax, biz bütün bunları açıq deməliyik”.

Bu fikirlər, heç şübhəsiz, regionun taleyi üçün tarixi məsuliyyətin ifadəsi­dir. Amma, neyləyəsən ki, Ermənistan təzə tapdığı “böyük bacısı” Fransanın məkrinə uyaraq, sülh prosesindən qa­çır. Azərbaycan lideri həmin görüşdə bu barədə də danışaraq dedi ki, Fran­sa rəhbərliyi 2020-ci ilin bütün döv­ründən başlayan qeyri-konstruktiv və təxribatçı rolunu davam etdirir, Azər­baycanın ünvanına əsassız ittihamlar, əsassız təhdidlər səsləndirir, bizə qarşı şantaja əl atır. Amma bu cəhdlər heç bir səmərə vermir. Nəticədə, rəsmi Paris Ermənistanın sülhə gəlməsinə, Cənubi Qafqazda ədalətin bərpasına maneçilik törədir. 

Acınacaqlı haldır ki, son 30 ildə ölkəsinin imperialist dairələrin əlində oyuncaq olmasından nə qədər zərər çəkdiyini görəndən sonra da Paşinyan Fransa kimi “müttəfiqləri”nin hiylələrinə inanır. Unudur ki, Fransa İrəvandan istifadə edərək Cənubi Qafqazda möh­kəmlənməyə, Rusiyanı bu regiondan sıxışdırıb çıxarmağa çalışır. Amma bundan Ermənistanın nə isə qazan­ması mümkün deyil. İkincisi də, “Də­mir yumruq” işə düşəndə başına zərbə dəyən Fransa vətəndaşı deyil, Ermə­nistan vətəndaşı olacaq.

Bütün bunları nəzərə alaraq, demə­liyik ki, Paşinyan nə Bişkek, nə Brüs­sül, nə də başqa bir görüşdən qaçma­malı, yaşadığı regionun dinc sabahı naminə cəsarətli addımlar atmaqdan çəkinməməlidir. Azərbaycanın inadlı səyləri nəticəsində Cənubi Qafqaza sülh, əlbəttə, gec-tez gələcək. Ancaq bu, nə qədər tez baş versə, Ermə­nistan o qədər tez dirçələ, qonşularla əməkdaşlıqdan dividend qazana bilər.

Siyasət