Azərbaycanın polad yolları 3 beynəlxalq dəhlizin qovşağında

post-img

Şəbəkənin Qarabağ və Şərqi Zəngəzur qolları sürətlə bərpa edilir

Prezident İlham Əliyevin 2005-ci il oktyabrın 7-də “Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında” imzaladığı sərəncama əsasən, hər il oktyabrın 13-ü Azərbaycan dəmiryolçularının peşə bayramı kimi qeyd olunur.

141 illik tarixi olan Azərbaycan də­mir yolları möhtəşəm inkişaf yolu keçib. Azərbaycanda dəmir yolu tikintisinin bi­rinci mərhələsi 1878-ci ildə başlanıb və 1880-ci il yanvarın 20-də uzunluğu cəmi 20 kilometr olan Bakı–Sabunçu–Suraxa­nı dəmir yolunun istifadəyə verilməsi ilə başa çatıb. O vaxtdan Azərbaycan Dəmir Yolları yükdaşımalara tələbatın artması nəzərə alınmaqla mərhələ-mərhələ inki­şaf etdirilib və müstəqillik illərində təkmil­ləşdirilib.

Üç beynəlxalq nəqliyyat dəhlizinin kəsişməsində yerləşən Azərbaycanın dəmir yolları “Şərq–Qərb”, “Şimal–Cə­nub” və “Cənub–Qərb” nəqliyyat dəhlizi üzrə yüklərin daşınmasını həyata keçirir. 2017-ci il oktyabrın 30-da istismara ve­rilən və “Şərq-Qərb” Nəqliyyat Dəhlizinin bir hissəsini təşkil edən Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu nəqliyyatı ilə bir sıra ölkələrin yükləri Avropaya və əks is­tiqamətə daşınır. Bu marşrutun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu getdikcə artır, infrastrukturdan istifadə edən ölkələr arasın­dakı əməkdaşlıq isə dərinləşir. BTQ 3 dövləti əlaqələndirməklə yanaşı, həm də onlarca xalq və ölkə üçün körpü rolunu oynayır. Xatırladaq ki, 2017–2022-ci illər­də BTQ dəmir yolu xətti ilə 1 milyon 347 min 585 ton, ümumilikdə isə, indiyədək 1 milyon 470 min ton yük daşınıb.

Azərbaycanın turizm potensialının artırılmasında xüsusi yeri olan dəmir yolu xətlərinin yenidən bərpası, inşası is­tiqamətində də işlər aparılır. Bu layihələrə misal olaraq Ləki stansiyası–Qəbələ birxətli dəmir yolunu göstərmək olar. Bu istiqamətdə də sürət qatarlarından istifa­də olunacağı nəzərdə tutulur. Gəncədən sonra Qəbələyə sürət qatarının təşkili şimal regionunun turizm potensialının genişlənməsi üçün mühüm önəm daşıyır. Qəbələ daxili və xarici turistlərin səyahəti baxımından Bakıdan sonra ikinci yerdə qərarlaşır. Həmçinin bu rayon ilin bütün fəsillərində turistləri özünə cəlb edən bir istiqamətdir. 

Vətən müharibəsində qazanılan par­laq qələbə ilə dəmir yolu infrastruktu­runda da yeni mərhələnin əsası qoyul­du. Savaşdan az sonra Prezident İlham Əliyev “Bərdə–Ağdam dəmir yolu xətti­nin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzaladı. Uzunluğu 45 kilometr olan Bərdə–Ağdam dəmir yolu xəttinin layihələndirmə və ti­kinti işlərinin iki mərhələdə həyata keçiril­məsinə başlandı. 

Layihəyə əsasən, əvvəlcə Bərdə–Təzəkənd istiqamətində 19 kilometr, ikinci mərhələdə isə Təzəkənd-Ağdam dəmir yolunun bərpa edilməsi, Köçərli, Təzəkənd, Ağdam stansiyalarında yeni standartlara uyğun binaların tikintisi nəzərdə tutulub. Bərdə–Ağdam mənzi­li üzrə 117 süni qurğunun, o cümlədən, 103 ədəd dəmir–beton borunun, 2 bö­yük yolötürücü qurğunun və 2 körpünün tikilməsi planlaşdırılıb. Həmçinin Hora­diz–Ağbənd dəmir yolu istiqamətində də infrastruktur işlərinə başlanılıb.

Ümummilli lider Heydər Əliyevin rəh­bərliyi ilə yaradılmış nəqliyyat infrastruk­turunun inkişaf etdirilməsi və modernləş­dirilməsi prosesi Prezident İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır. “Bakı–Tbilisi–Qars” və “Şimal–Cənub” beynəlxalq və regional nəqliyyat dəhlizlə­rinin reallaşması həyata keçirilən irimiq­yaslı işlərdəndir. 

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələ­ri ərazi bütövlüyümüzü bərpa etdikdən dərhal sonra ölkə başçısının tapşırıqla­rına uyğun olaraq Qarabağda başlanılan quruculuq işləri çərçivəsində dəmir yolu infrastrukturu layihələri intensiv şəkildə həyata keçirilir. “Azərbaycan Dəmir Yol­ları” Qapalı Səhmdar Cəmiyyəti Bərdə–Ağdam, Horadiz–Ağbənd dəmir yolu xət­lərinin yenidən qurulması və Füzuli–Şuşa yeni dəmir yolu xəttinin inşası işlərini da­vam etdirir. 

Azərbaycan Prezidenti İlham Əliyevin 24 noyabr 2020-ci il tarixli sərəncamına əsasən, yenidən qurulması işlərinə baş­lanılan Bərdə–Ağdam dəmir yolu xəttinin ox üzrə uzunluğu 47,1 kilometrə bəra­bərdir. Layihə çərçivəsində birxətli dəmir yolu xətti üzrə hazırda fəaliyyətdə olan Bərdə və Köçərli stansiyaları təmir edilə­cək, Təzəkənd və Ağdam stansiyaları isə yenidən tikiləcək. Həmçinin yol üzrə 114 ədəd süni mühəndis qurğusunun tikintisi də nəzərdə tutulur. 

Prezident İlham Əliyev tərəfindən 14 fevral 2021-ci il tarixində təməli qoyul­muş Horadiz–Ağbənd dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 kilometrə bəra­bərdir. Birxətli dəmir yolu 8 stansiyadan ibarət olacaq, həmçinin layihə çərçivə­sində ümumilikdə 300-ə yaxın süni mü­həndis qurğusunun tikintisi planlaşdırılır. Horadiz stansiyası ilə yanaşı, digər yeddi stansiya – Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Mincivan, Bartaz və Ağbənd ta­mamilə yenidən tikiləcək. 

İcrasına başlanılan layihələrlə yanaşı, ADY-nin mütəxəssisləri tərəfindən azad edilmiş ərazilərdə dəmir yolu xətlərinin inşası üçün yeni istiqamətlər araşdırılır. Belə istiqamətlərdən biri də Dəliməm­mədli–Kəlbəcər dəmir yolu xəttidir. Dəmir yolu xəttinin ilkin konseptual layihəsi ha­zırlanıb. Ox üzrə uzunluğu 88,8 kilometrə bərabər bu birxətli dəmir yolu xətti üzrə 220-ə yaxın süni mühəndis qurğusunun layihələndirilməsi və tikintisi təklif edilir.

Azərbaycan Dəmir Yollarının vaqon və lokomotiv parkının yenilənməsi is­tiqamətində atılan mühüm addımlar da olduqca təqdirəlayiqdir. Yükdaşımalarına olan tələbatın ödənilməsi, xidmətin sə­viyyəsinin daha da yüksəldilməsi, əlavə yüklərin cəlb olunması və daşınan yüklə­rin mənzil başına təhlükəsiz şəraitdə çat­dırılması üçün texniki vasitələrin yeniləş­dirilməsi zamanın tələbidir. Bu, həm də əlavə valyuta resurslarının Azərbaycan iqtisadiyyatına yönəldilməsi deməkdir. 

XQ

Sosial həyat