Avantürizmin “B” planı

post-img

Əvəz RÜSTƏMOV
[email protected]

 

Yaxud insan taleləri üzərində “erməni oyunbazlığı”

 

Hazırda Ermənistan rəhbərliyinin, eləcə də xaricdəki ermənipərəst dairələrin Azərbaycana qarşı total antitəbliğata başladıqlarını müşahidə etməkdəyik. Necə deyərlər, birinin ağzı yumulur, o birininki açılır. İstər beynəlxalq təşkilatlarda olsun, istərsə də hüquq instansiyalarında, fərqi yoxdur, mənzərə eynidir. Hətta, ölkəmizlə bağlı mənfi yönümlü mətnlər və tezisləri səsləndirənlər, o cümlədən, politoloq və ekspertlər də sıraya düzülüblər. Hər kəs bilir ki, hansı sözü, hansı cəfəngiyyatı hansı məqamda dilə gətirmək lazımdır. Sanki, hər şey əvvəlcədən hazırlanmış “ssenari” üzrə gedir. 

Mümkün deyil ki, bu sayaq hallar əvvəlcədən planlaşdırılmış olmasın. Elə Qarabağ ermənilə­rinin köç dalğası da, həmçinin. Yeri gəlmişkən, cəmi üç-dörd gün ərzində Qarabağın, demək olar, tam boşaldılması Ermənis­tana qarşı müəyyən əks fikirlərin formalaşmasına səbəb olub. Hər halda, ölkənin baş naziri Nikol Paşinyan hökumətin iclasındakı çıxışında məsələyə heç də təsa­düfən toxunmadı. Görünür, bəzi siyasi kluarlarda ona bununla bağlı suallar ünvanlayanlar var. Nikol suallara cavab olaraq bil­dirir ki, guya, Qarabağın erməni əhalisinin ərazidən çıxarılması­na dair heç bir planları olmayıb. Daha doğrusu, o, fikrini Azər­baycanın bölgənin sakinlərini qovmasına dair gözləntilərinin istisna təşkil etməsi kontekstin­də izah edib: “Deməliyəm ki, bu vəziyyətlə bağlı bütün beynəlxalq tərəfdaşlarımızda ilk təəssürat ondan ibarətdir ki, onlar bunun necə baş verə biləcəyinə təəc­cübləndiklərini, üç gün ərzində ölkəyə 100 min məcburi köçkü­nün daxil olduğunu və hökumə­tin onların qısa və uzun müddətli ehtiyaclarını necə qarşıladığını, razı sala bildiyini deyirlər. Bizim əvvəldən belə bir planımız yox idi. Böhranın idarə olunması məntiqini nəzərə alsaq belə, Qa­rabağ ermənilərinin köçürülməsi heç vaxt planlarımıza və siyasi istəklərimizə daxil olmayıb. Hər şey, demək olar, bir neçə gün ər­zində baş verdi”.

Heç şübhəsiz, Paşinyan ağ yalan deyir. Çünki “ermənilərsiz Qarabağ” formulu əvvəlcədən ha­zırlanıb. Xeyli vaxtdır, Qarabağ er­mənilərinin hüquq və təhlükəsizli­yi, eləcə də mövcud istiqamətdə beynəlxalq təminatlar məntiqini irəli sürən İrəvan Bakının bütün bunlarla razılaşmayacağını gözəl bilirdi. Lakin müxtəlif xarici təşki­latları, o cümlədən, ermənipərəst hüquq müdafiəçilərini və digər şəxsləri ortaya atmışdı ki, fərqli nəticə əldə etsin. Mövcud xüsus­da okampoların, menendeslərin, kardaşyanların və digər “yan”ların meydana atıldıqlarını da görür­dük. Bu şəxslər beynəlxalq icti­maiyyəti Azərbaycan tərəfindən Qarabağda “soyqırımı və etnik təmizləmə” siyasətinə başlanıldı­ğına inandırmaq istəyirdilər. He­sab edirdilər ki, mövcud ritorika ölkəmizin geri addım atmasını şərtləndirəcək, Bakı təzyiqlər qar­şısında duruş gətirməyərək, özü­nün prinsipial mövqeyindən geri çəkiləcək. Lakin gözləntilər özünü doğrultmadı. 

Bəli, nəyin bahasına olursa-ol­sun ölkəmizin Qarabağ üzərin­dəki yurisdiksiyasının bərpasına yol verməmək xətti əsas götürül­müşdü. Ermənistan rəhbərliyi və ermənipərəstlər Azərbaycanın səbrinin tükənə biləcəyini, onun güc vasitələrinə əl atacağını da hesablamışdılar. Hesablamaya bilməzdilər, çünki necə azğınlıq və həyasızlığa baş vurduqları öz­lərinə yaxşı agah idi.

Göründüyü kimi, Qarabağın müxtəlif yerlərində, müdafiə qur­ğuları, istehkamlar da qurmuş­dular. Əlbəttə, silah-sursat, hərbi texnika da kifayət qədər çox idi. Lakin hesablaya bilmədikləri bir nüans var idi. O da Azərbaycan Ordusunun yüksək peşəkarlığı. Lokal xarakterli antiterror təd­birləri nəticəsində Qarabağdakı separatçı rejimin iflası cəmi 23 saat 43 dəqiqə müddətində başa gəldi. Beləcə ağ bayraq qaldırıb, necə deyərlər, “B” planına keçid alındı. Əvvəldə diqqətə çatdır­dıqlarımız məhz bu “planın” tər­kib hissəsidir. 

Bəli, “qəhrəman, əzmkar Art­sax xalqı” planı kara gəlmədiyin­dən, hazırda Ermənistanın “B” planı var gücü ilə işləməkdədir. Sözügedən plan isə haqqında söz açdığımız “ermənilərsiz Qarabağ” formuluna əsaslanır. Bu “formul” üçün Qarabağ məsələsinə ideo­loji məzmun qazandırmaq, onun əyninə, belə demək mümkünsə, miskin libas geyindirmək xarak­terikdir. Deməli, planlaşdırılmış ildırımsürətli köçün məqsədi də bəllidir. Ermənistan heç bir halda reallıqları qəbul etmək istəmir. Qarabağın Azərbaycana məx­susluğunu vurğulamaq ölkə, Pa­şinyan iqtidarı üçün boş sözdən o tərəfə keçməyən bir şeydir. Çünki hazırda İrəvanın, eləcə də onun xaricdəki dəstəkçilərinin bütün var-gəlləri buna qarşıdır. Onlar elə rəy yaradırlar ki, sanki, Qara­bağ işğal olunub…

Əlbəttə, erməni avantürizmi hər cür “oyunbazlıq metodları”n­dan bəhrələnməkdə mahirdir. Ona görə də Paşinyan Qara­bağdan köçənləri Ermənistanda qəbul etməkdə heç bir çətinliklə üzləşmədi. Burada mühüm əhə­miyyət kəsb edən məsələ dün­yanın erməni avantürizminin musiqisinə qol qaldırıb oyna­masıdır. Hazırda bu avantürizm özünün çürük mahiyyəti naminə bütün beynəlxalq hüquq və ədalət prinsiplərinə tüpürmək­lə, dünyanın aparıcı təşkilatları, qurum və ölkələri isə bu mən­zərəni susqunluqla seyr etməklə məşğuldurlar. Təəssüf doğuran məqam məhz budur. İnsan fak­toruna söykəniriksə, minlərin öz yurd-yuvasını tərk etməsi, yaşa­dıqları evlərdən çıxıb getmələri heç kəsin vecinə deyil. Ortada bu qədər qəddar və manqurt durum var – minlərlə erməninin həyatını heçə sayan durum.

Siyasət