Makronun “siyasi daltonikliyi”

post-img

Fransa rəhbərinin Cənubi Qafqaz və Afrika siyasətini izləyənlər onu məhz bu cür xarakterizə edirlər

Onun həm Cənubi Qafqaz bölgəsi, həm də Azərbaycanla bağlı sərgilədiyi mövqe, burada baş verən hadisələr barədə söylədikləri, bir qayda olaraq, saxta “fakt və sübutlar”, dezinformasiya və şantaj üzərində qurulub. Bu adam istər 44 günlük Vətən müharibəsinin gedişində, istərsə də ondan sonra Ermənistan və Azərbaycan arasında sülh dialoqu və münasibətlərin normallaşması mərhələsində Bakıya hər türlü diplomatik, hərbi, iqtisadi təzyiqlər göstərməyə, hətta hədə-qorxu gəlməyə girişdi. Söhbət Fransa prezidenti Emmanuel Makrondan gedir.

Əslində, Fransanın erməniləri dəstək­ləməsi bu günün, yaxud dünənin mövzusu deyil. Hərçənd, doxsanıncı illərin əvvəllərində, Qarabağ münaqişəsi yeni qızışanda fransız­lar, guya, balanslı mövqedən çıxış etdiklərini nümayiş etdirirdilər. Amma elə onda da mas­kalanmış müsyölərin hiyləgərlikləri görünür­dü. Paris ATƏT-in Minsk qrupunun üçüncü həmsədri kimi tərəflər arasında sülhə nail olma üzrə vasitəçi kimi də ikiüzlü siyasət yü­rüdürdü. Azərbaycan hələ o vaxt Parisin sülh vasitəçiliyinə etirazını bildirmişdi. Fransa Er­mənistanın daim yanında olduğunu nümayiş etdirib, münaqişənin Ermənistanın maraqları çərçivəsində həllinə çalışıb. 

Keçmişə qayıdış olmayacaq

İndi dövran da dəyişib, reallıq da. Daha Azərbaycan kənar vasitəçilərin məsləhətinə ehtiyac duymur. O, özünün ərazi bütövlü­yünü təmin edib, suverenliyimiz beynəlxalq hüquqa uyğundur. İndi əminliklə deyə bilərik ki, Cənubi Qafqazın tarixində hərbi cəhət­dən ən sabit dövr başlayıb. Bölgənin otuz il intizarında olduğu bu sabitlik Azərbaycan Or­dusunun 23 saatdan bir qədər artıq vaxtda Qarabağda həyata keçirdiyi antiterror tədbir­ləri nəticəsində separatçı-xunta rejiminə son qoyması sayəsində əldə edildi. Amma hərbi müstəvidə yaranmış bu sabitliyə bəzi ölkələr və dairələr diplomatik müstəvidə zərər verə biləcək addımlar atırlar. Bu xüsusda, Fransa­nın adı birincilər sırasındadır. Rəsmi Parisin Hayastana silah-sursat göndərməsi, Fransa­nın baş diplomatı Ketrin Kolonnanın İrəvana səfərləri, burada verdiyi bəyanatlar, Senatda iki gün əvvəlki çıxışı, onun ermənilərin Qa­rabağa qayıdışına dair BMT-nin Təhlükə­sizlik Şurasında qətnamə qəbul edilməsi is­tiqamətində təşəbbüsü bütün bunların böyük oyunun tərkib hissəsi olması təsəvvürünü yaradır. Yəni, Fransa özünün aşkar sezilən militarizm siyasəti, diplomatik avantürizmi ilə Cənubi Qafqazda sülhün və əmin-amanlı­ğın bərqərar olmasının qarşısını almağa ça­lışır. Məqsəd hərbi qarşıdurma və gərginlik fonunda bölgədə yerini möhkəmlətməkdir. Prezident İlham Əliyev MDB-yə üzv dövlət­lərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçıla­rı ilə görüşündəki çıxışında məhz Emmanuel Makronun ölkəmizə qarşı təxribatlarına işarə vuraraq deyib: “Azərbaycan həm işğal müd­dətində, həm İkinci Qarabağ müharibəsində, həm də antiterror tədbirləri zamanı bütün humanitar normalara riayət edib. Beynəlxalq ekspertlər bunun şahididirlər. Yeri gəlmişkən, bu yaxınlarda azad edilmiş ərazilərdə səfərdə olan BMT missiyası dünən və bundan, təx­minən, bir həftə əvvəl artıq iki dəfə məhz bunu vurğulayıb ki, bütün humanitar normalara əməl olunub. Bununla belə, Qərbdəki ermə­ni havadarları Azərbaycana qarşı iyrənc təx­ribata və yalançı kampaniyaya əl ataraq, hər şeydə bizi ittiham edirlər. Burada əsas skrip­kanı çalan Fransadır və bu, həm sözügedən ölkənin rəsmi şəxslərinin bəyanatlarında, həm Azərbaycanın diskreditasiya edilməsi cəhdlə­rində, həm də Azərbaycana qarşı aparılan və hər şeyin alt-üst şəkildə təqdim edildiyi media kampaniyasında özünü büruzə verir. Azərbay­can işğalçı kimi, Ermənistan isə qurban kimi qələmə verilir. Otuz illik işğalın tarixi, bütün şəhər və kəndlərimizin yerlə-yeksan edilməsi, Xocalı soyqırımı, bütün bunların hamısı inkar edilir, yalanla dolu hekayələr uydurulur”.

Neomüstəmləkəçinin filantropluğu

Ümumiyyətlə, Fransanın Azərbaycan–Er­mənistan dialoqunda, sülh danışıqları prose­sində iştirak etməsi kökündən yanlış idi. Bakı özünü nüfuzdan və etimaddan salmış bir ölkə­nin vasitəçilik missiyasına vaxtaşırı etirazını bildirirdi. Amma səbrin də tükənən məqam­ları olur. Son zamanlar Fransa iqtidarı prezi­dent Makronun timsalında sülh gündəmində olmayan məsələləri qabardır, ciddi-cəhdlə danışıqlar prosesinə təsir göstərməyə, va­sitəçilik missiyasından sui-istifadəyə çalışır. Qatı ermənipərəst siyasət yürüdən Fransa iq­tidarının erməni lobbisinin güclü təsiri altında olması faktdır. Rəsmi Paris həm də bu amilə görə Ermənistanın maraqlarını açıq şəkildə və ədalətsizcəsinə müdafiə edir. Bütün bun­ları nəzərə alaraq, Fransanın heç bir halda Azərbaycan və Ermənistan arasında “sülh­yaradıcı” missiyalı vasitəçiliyə layiq olmadığı qənaətinə gələ bilərik.

Son proseslər həm də onu göstərirdi ki, rəsmi Paris Brüssel formatını özəlləşdirməyə çalışırdı. Hərçənd onu da etiraf etmək lazımdır ki, İrəvan və Bakı arasında münasibətlərin nor­mallaşması istiqamətində Brüssel formatı çər­çivəsində, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin moderatorluğu və ciddi səyləri müqabilində sülhə doğru addımlar atıldı.

Ermənidən daha çox ermənilik etmək sevdasına düşən Fransanın xarici işlər nazi­rinin Azərbaycanın Qarabağ bölgəsini təzyiq göstərilmədən, sərbəst və könüllü şəkildə tərk edən ermənilərin Ermənistanda yerləşməsi­nin, guya, Azərbaycan tərəfindən planlaşdırı­lan “etnik təmizləmə” iddiasını səsləndirməsi riyakarlığın zirvəsi idi. Bununla, o, ölkəsinin beynəlxalq təşkilatların rəyinin, hətta Ermə­nistan baş nazirinin 21 sentyabr tarixli bəya­natının tam əksinə, məkrli və utopik siyasət­lərini davam etdirmək marağını güddüyünü nümayiş etdirdi.

Otuz il ərzində müstəmləkəçiyə, işğalçıya dəstək verən Fransanın indi durub insan haq­larından, ədalətdən və beynəlxalq hüquqdan danışması sadəcə ironiya və gülüş doğurur. Ərazilərimizin işğaldan azad olunmasını, iş­ğalçı qüvvələrin oradan qeyd-şərtsiz və dərhal çıxmasını, məcburi köçkünlərin öz evlərinə qayıtmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasını təmin etmək üçün qımıldanmayan Fransa liderinin bu gün həmin beynəlxalq qurumda ölkəmizə qarşı qətnamənin qəbuluna çağırış etməsi ri­yakarlıqdan başqa bir şey deyil. 

Yalnız gülüş və ironiya

Müstəmləkəçilik röyasından hələ də ayıla bilməyən Parisin Yaxın Şərqdə, Şimali Afrika­da ölkələrə və xalqlara qarşı həyata keçirdiyi soyqırımı siyasəti, müsəlmanlara antipatiyası, dini və irqi ayrı-seçkiliyi, o cümlədən Azərbay­can və Türkiyəyə qarşı qərəzli siyasəti hamıya bəllidir. Emmanuel Makron isə rəsmi Parisin bu ənənəvi siyasi kursunu yüksək templər­lə davam etdirməkdə “gül vurur”. Həm ölkə daxilində, həm də onun xaricində “Fransanın ən uğursuz prezidenti” statusunu qazanmış Makron özünün anti-Azərbaycan və anti-Tür­kiyə baxışlarını heç vaxt gizlətməyib. İstər Aİ, ATƏT və AŞPA-da, istərsə də NATO, BMT kimi beynəlxalq platformalarda Makron bir­mənalı şəkildə ermənipərəst mövqe nümayiş etdirib. Buna görə də Azərbaycan Fransanın iştirakı ilə keçirilən görüşlərə qatılmır və bu ölkənin vasitəçilik təklifini rədd edir.

“Fransa Prezidentinin bu yaxınlarda Azər­baycanın beynəlxalq hüquqla problemləri olduğuna dair verdiyi bəyanat yalnız gülüş doğura bilər. Çünki Azərbaycan beynəlxalq hüququ pozmayıb. Biz öz ərazimizdə döyüş­müşük, separatizmi aradan qaldırmışıq, bütün humanitar normalara, Cenevrə Konvensiyası­na əməl etmişik. Beynəlxalq hüququ isə 30 il ərzində Fransanın əlaltısı, bu gün onun əsas müttəfiqi olan Ermənistan qonşu dövlətin əra­zisini işğal edərək pozub. Necə deyərlər, öz gözündə tiri görməyib başqasının gözündə tük axtarmaq lazım deyil”.

Bu sözləri də İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının iclasının iştirak­çıları ilə görüşündəki çıxışında söylədi. Döv­lətimizin baçşçısının Emmanuel Makronun həddini aşan ermənipərəstliyinə və “siyasi daltonikliyinə” xalqımızın müdrik kəlamı ilə ca­vab verməsi tam yerinə düşdü. 

Elxan ŞAHİNOĞLU,
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik:

Emmanuel Makron prezident se­çiləndən sonra Fransa Ermənistana və Azərbaycana münasibətdə sözdə olan balansı da pozdu. Yəni, birmənalı şəkildə sırf ermənipərəst mövqeyə keçdi. Birinci Qarabağ müharibəsi, ondan sonra, eləcə də indiki dövrdə ikiüzlü yanaşma sərgilə­di. Cənubi Qafqazın açar dövləti sayılan Azərbaycanla münasibətlərini tamamilə korladı və Bakı öz sözünü dedi: Fransa­nın olduğu yerdə biz yoxuq! Balansı poz­duğuna, ermənpərəst mövqedən çıxış et­diyinə görə vasitəçi ola bilməz. İtirən kim oldu? Əlbəttə, Fransa. 

ABŞ-da da ermənipərəst qüvvələr, dairələr var, amma rəsmi Vaçinqton hər halda balansı qoruyub saxlamağa çalışır. Buna görə Birləşmiş Ştatların vasitəçili­yindən imtina etməmişik. Çünki Makron Fransası Bayden Amerikası kimi siyasət yürütmür. Makron son illər dəfələrlə İrə­vana səfər etdi, amma bir dəfə də Azər­baycana gəlmədi. İkitərəfli münasibətlər gərginləşmədən öncə də bunu etmədi. Halbuki, Fransanın keçmiş prezident­ləri İrəvana yolları düşəndə Bakıya da gələrdilər. Makron bu diplomatik balansı da pozdu. O, təkcə Qafqazda deyil, di­gər coğrafiyada da eyni siyasəti güdür. Afrikadan bu səbəbə görə sıxışdırılıb çıxarılır. Ermənistan baş naziri Nikol Paşinyan isə sanki Makronu özünə yeni ağa seçib. Düşünür ki, Fransa Hayasta­nın bütün dərdlərinə çarə edəcək. Fəqət Fransa heç vaxt Rusiyanı əvəz edə bil­məz. Sabah Moskva onların qazını kəs­sə, onu Fransa verəcək? Hansı xətlə? Yaxud Ermənistan Rusiya bazarından məhrum edilsə, Fransa onun məhsulla­rını qəbul edəcəkmi? Makronun İrəvana dəstəyi ancaq sözdədir. Əməldə isə hay­ları daha dərin uçuruma aparır. Paşinyan Makronsuz danışıqlar masasına oturmaq istəmir, MDB-dən, KTMT-dən imtina edir. Parisin vasitəçiliyini də Azərbaycan qə­bul etmir. Nə vaxt bu ölkənin prezidenti dəyişərsə, Fransa balanslı mövqeyə qa­yıdarsa, onda münasibətlər normallaşa bilər. Amma nə qədər ki, Makron haki­miyyətdədir, ikitərəfli münasibətlərin normallaşma mərhələsinə daxil olması­na inanmıram. 

Tofiq ABBASOV,
siyasi şərhçi:

Fransa prezidentliyinə bir növ səhnə arxasından gələn Emmanu­el Makron faktiki olaraq Rotşildlərin əlindən su içən marionet fiqurdur. Onun nə siyasi savadı, nə də intel­lekti Fransa kimi nüfuzlu bir dövlə­tin rəhbəri olmağa, dünya nizamında iştirak etməyə imkan vermir. Amma, deyilənə görə, bankir kimi müəyən bacarığa malikdir. Prezident olandan sonra fransızların sosial durumu pis­dən daha pisə yuvarlanıb. Bu məna­da, Makronun personası və fəaliyyəti müəyən suallar doğurur. Onun ölkə­nin mövcud problemlərini həll etmə­diyi bir yana, bütün istiqamətlərdə yeni problemlər yaradır. 

ABŞ-nin sabiq prezidenti Tramp Makronla uşaq kimi davranırdı. O da Trampın qarşısında lisey şagirdinə dönmüşdü. Görürük ki, bu adamın həm Amerika, həm Afrika, həm də Qafqaz strateji xətlərinin hamısında siyasi balansı sıfırlanıb. İndi o, fəa­liyyəti ilə neqativ resurslar bazasını artırmaqla məşğuldur. Azərbaycana çağırışlar göndərən Makron bilsin ki, bura Afrika deyil. Yeri gəlmişkən, yuxarıdan aşağı baxdığı Afrika da on­dan üz döndərdi. 

Makron bizdən nə istəyir? Çalışır ki, Ermənistanı özünə sipər etməklə, heç olmasa, Qafqaz cinahında özünə müsbət dividend qazansın. Burada da gördük ki, rəsmi Bakının zərgər dəqiqliyindəki diplomatiyası, dövlət başçımızın uğurlu gedişləri Makronu “mat” vəziyyətində qoydu. BMT Təh­lükəsizlik Şurasında Fransa liderinin üzləşdiyi uğursuzluq ona dərs olma­lıydı. Amma, hər şeydən göründüyü kimi, Makron Azərbaycan vasitəsilə Orta Asiyaya, Şərqə açılan marşrut­lara qoşulmağı düşünür. Məqsədi isə Qazaxıstan və Özbəkistanın uran yataqlarına əl uzatmaqdır. Yəni Afri­kada əldən çıxardığı itikiləri postso­vet məkanında kompensasiya etmək istəyir. Bu yolda Azərbaycanı özünə maneə görür. Bir az da şəxsi qısqanc­lıq məsələsi var. Bəli, Makron Azər­baycan Prezidenti ilə rəqabət apar­maq istəyir. Fəqət İlham Əliyev bütün müstəvilərdə cılız və uğursuz fransı­zın layiqli cavabını verir.

İmran BƏDİRXANLI
XQ





Siyasət