Ermənistanın Azərbaycana “işğalçı” deməsi gülüş doğurur

post-img

Dövlət öz ərazisini necə işğal edə bilər?

Ermənistan və ümumilikdə erməni dünyası hazırda çox aktiv şəkildə bir məsələni beynəlxalq ictimaiyyətin diqqətinə sırımaqdadır. Guya, Azərbaycan Ermənistanın suveren ərazisinə hücum edəcək. 

Qeyd edək ki, əvvəllər bununla əlaqədar fikirlər daha çox müxalifət nümayəndələri tərəfindən dövriyyəyə buraxılırdısa və məqsəd baş nazir Ni­kol Paşinyan iqtidarını gözdən salmaq idisə, hazırda Ermənistanın hakim komandası da belə bir ritorikanı ge­niş şəkildə tirajlamaqdadır. Görünür, “məsələnin” ən aktiv təbliğatçısı Er­mənistanın Avropa İttifaqındakı səfiri Tiqran Balayandır (Bədnam Zori Bala­yanın tör-töküntülərindən də ola bilər– red.). Balayan son iki həftədə verdiyi artıq ikinci müsahibədə haqqında söz açdığımız fikri gündəmə gətirməkdə­dir. Əvvəl “Reuters”ə, indi isə “Brüssel Signal”a müsahibəsində səfir ölkəmizi işğalçı kimi qələmə verib. 

Əslində, istər Balayanın, istərsə də digər balayanların, eləcə də onların xaricdəki dəstəkçilərinin, belə demək mümkünsə, isterik demarşına, bəlkə də, əhəmiyyətsiz yanaşmaq müm­kündür. Ancaq hesab edirik ki, Azər­baycan–Ermənistan sülh gündəliyinin aktivləşməyə doğru getdiyi hazırkı məqamda məsələyə diqqət yetirmək şərtdir. Çünki belə yolverilməz ritorika İrəvanın sonrakı davranışlarının anon­sudur. Bunu keçmişin təcrübəsində çox görmüşük.

İlk proqnozumuz budur ki, Ermə­nistan Azərbaycan ərazisinə hücuma hazırlaşır, sadəcə olaraq, niyyətini pərdələmək istəyir. Balayanlar isə mümkün intervensiyaya görə Bakını günahkar çıxarmaq yolunu tuturlar. Təxminən belə: Azərbaycan hücum etdi, biz müdafiə olunduq. “Ən yaxşı müdafiə hücumdur” deyiminin ortaya çıxması proqnozlaşdırılandır. Yəni, “hücum Azərbaycan ərazisindəki təh­lükə nöqtələrini susdurmaq məqsədilə gerçəkləşdirilib” deyilə bilər. 

Əlbəttə, sonuncu vurğuladığımız məqam, daha doğrusu, Azərbayca­na hücum Ermənistan və dünya er­məniliyi üçün yalnız yuxudur. Ancaq tipik erməni xəstəliyi bu barədəki düşüncələri ikinci plana çıxarmayıb. Axı, erməni avantürizmi canını tap­şırmayıb. Həm də ona görə ki, Ba­layandan başqa da cəfəng fikirləri gündəmə gətirənlər var. Məsələn, Ermənistan parlamentinin spike­ri Alen Simonyan da Azərbayca­nın Ermənistan ərazisinə hücuma keçəcəyi barədə sərsəm fikirlər irəli sürməkdədir. Söhbət İrəvan üçün təhlükə mənbələrinin susdurulması məntiqindən gedirsə, otuz ilə yaxın müddətdə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan ra­yonların işğalda saxlanılmasından söz açmaq mümkündür. Erməni si­yasi dairələri bildirirdilər ki, ətraf ra­yonların tutulması “Dağlıq Qarabağ Respublikası”nın təhlükəsizliyinin tə­minatı məqsədi daşıyır. Əlbəttə, bu, ərazi iddiasına haqq qazandırmaq yönümlü cəfəngiyat idi.

Bəli, indi T.Balayanın söylədikləri də cəfəngiyyatdan başqa bir şey deyil. An­caq həm də ona görə üzərində dayanılmalı məsələdir ki, Ermənistanın xaricdən külli miqdarda silah-sursat, hərbi texnika aldı­ğına dair məlumatlar təsdiqlənməkdədir. Fransanın Ermənistanı ciddi şəkildə silah­landırdığı da aşkardır. Bu gün Ermənistanın Aİ-dəki səfiri Azərbaycanı işğalçı kimi təq­dim edirsə, məlumdur ki, həmin qurumda başlıca söz sahibi olan rəsmi Paris də eyni mövqedədir. Fransanın Xarici işlər nazi­ri Ketrin Kolonna açıq şəkildə bildirib ki, ölkəsi Ermənistanın müdafiə qabiliyyətinin artırılması məqsədilə ona silah-sursat verə­cək. Kimdən müdafiə üçün? Təbii ki, Azər­baycandan. Deməli, hücum obyekti kimi nəzərdən keçirilən ölkəmizdir. 

T.Balayana gəldikdə isə onun isteriyası daha güclüdür. Diplomat “Brussel Signal”a müsahibəsində “münəccim fəhmi”ni işə salaraq onu da bildirib ki, Azərbaycanın Ermənistanı işğalı yaxın həftələrdə gerçək­ləşəcək. Onun sözlərinə görə, “Qarabağın təslim olmasından sonra” növbə Ermənis­tanındır. Deməli, yaxın həftələrdə İrəvanın Bakıya qarşı təxribat reallaşdırması müm­kündür. Hər halda Balayanın ancaq münəc­cim fəhmi ilə davrandığını düşünmürük. Bildiyi şeylər var və onlar üçün “zəmin” hazırlayır. 

Balayanın məntiqini əsaslandırmaq üçün üzərində ilk növbədə dayanılmalı məqam onun “Qarabağın təslim olmasından sonra” deyimidir. Bu ifadə baş nazir N.Paşinyanın Qranadada imzaladığı sənədə oxşar bir şeyi tam şəkildə puça çıxarır. Təsəvvür edin, hə­min sənəddə Ermənistan Azərbaycanın əra­zi bütövlüyünü tanıdığını bəyan edir. Yəni, Qarabağın da ölkəmizin suveren ərazisi ol­ması ilə razılaşır. Amma Paşinyanın Aİ-dəki bir nömrəli şəxsinin məntiqindən elə anlaşı­lır ki, bu tanıma boş şeydir. Belə çıxır, Azər­baycanın konstitusion quruluşunun bərpası işğalçılıq imiş və Balayanın düşüncəsinə görə, guya, Ermənistan ərazisi işğalçılığın ikinci dalğası ilə üzləşəcəkmiş… 

Bəli, “indi biz Ermənistanın qaçılmaz iş­ğalı təhlükəsi altındayıq”, -– deyən T.Bala­yan vurğulayır ki, Azərbaycanın beynəlxalq hüquqa hörmətlə bağlı vədləri boşdur. Sən demə, ayının min oyunu bir armudun ba­şında imiş. Səfirin bildirdiyinə görə, əsas problem ondan ibarət idi ki, Azərbaycan rəhbərliyi hələ də öz ekspansionist planları­nın konkret nəticələri ilə üzləşməmişdi. Bu nə deməkdir? O deməkdir ki, rəsmi İrəvan ölkəmizə qarşı beynəlxalq miqyasda sank­siyaların tətbiqinə çalışır, ancaq buna mü­vəffəq ola bilmir. Yeri gəlmişkən, Balayan “Reuters”ə müsahibəsində də oxşar məqamı qabartmışdı və Aİ-ni Azərbaycana sanksiya tətbiqinə çağırmışdı. Hətta, öz aləmində yol da göstərmiş və demişdi ki, qurum Azərbay­candan neft və qaz alışını məhdudlaşdırma­lı, Bakı ilə əməkdaşlıq istiqamətlərinə yeni­dən baxmalıdır. 

Ancaq məlumdur ki, Fransa preziden­ti Emmanuel Makron Qranadada Avropa Siyasi Birliyinin üçüncü Zirvə toplantısı çərçivəsində keçirdiyi mətbuat konfransın­da dedi ki, Azərbaycana qarşı sanksiyalar səmərə verməyəcək. Bu, bir tərəfdən onu göstərdi ki, Paris belə bir addımı atmağın ziyanlı tərəflərini görür, digər yandan isə sanksiya məsələsini özünün ermənipərəst siyasətinə daxil etmir. Deməli, onun üçün əsas olan Ermənistanı Azərbaycana qarşı silahlandırmaq və müharibəyə təhrik et­məkdir. Əlbəttə, demək olmaz ki, Balayan və digərləri bunun nə dərəcədə təhlükəli ol­duğunu anlamış durumdadırlar. Çox güman anlasaydılar, belə yaramaz tona üstünlük verməzdilər. 

***

T.Balayan, deyəsən, ya özü gicdir, ya da qarşısındakıları gic yerinə qoyur. “Brussel Signal”a müsahibəsində yenidən sanksiya məntiqi üzərinə gələn səfir son dərəcə ab­surd fikrə baş vurur. Bildirir ki, Aİ Azər­baycana ordusunu Ermənistanın sərhədyanı regionundan çıxarmaq üçün vaxt verməli və buna əməl edilməyəcəyi təqdirdə, qurum Bakı ilə vizasız rejim sazişini dayandırma­lıdır. Onun fikrincə, Azərbaycana qarşı fərdi sanksiyalarla da aydın mesaj verilə bilər. Sual olunur: Ölkəmizin öz ərazisində, öz sərhədləri daxilində nə qədər ordu cəmləş­dirməsinin Aİ-yə nə aidiyyatı var? Diplomat olan şəxs belə cəfəng məsələni gündəmə gətirirsə, bu cür məsuliyyətsiz fikir səslən­dirirsə, Ermənistan dövləti və dövlətçiliyi, doğrudan da, ciddi beyin qanaması keçir­məkdədir. Nəzərə alaq ki, Balayan tipik erməni məntiqi ilə danışır. Deməli, Azər­baycan qoşununu çəkəcək, Ermənistan da hücum edib əraziləri ələ keçirəcək, eləmi?! Başqa cür düşünməyə əsas yoxdur. Çünki 1992-ci ildə eyni “ssenari” gerçəkləşmişdi. İndi də şərti sərhədin Ermənistan tərəfində çox sayda hərbi birləşmələr var. Azacıq zəif­lik bəs edir ki, onlar hücuma keçsinlər.

Başqa məqama da diqqət yetirək. Mə­lum olduğu kimi, Ermənistan rəhbərliyi, eləcə də, bir sıra ermənipərəst dairələr Qa­rabağda etnik təmizləmə məntiqini irəli sü­rürlər. Mövcud xüsusda 100 mindən çox er­məni sakinin bölgədən köçünü qabardırlar. Bu, Ermənistanın anti-Azərbaycan xəttində başlıca məqamlardan biri olaraq meydana çıxır. Hər halda, Azərbaycan həmin erməni sakinlərə vətəndaşlıq təklif etmişdi. Eyni zamanda, onların hüquq və təhlükəsizliyinə təminat da vermişdi. O zaman sual yaranır: Köç dalğası nə üçün idi? 

Məlum olduğu kimi, Azərbaycanın Qa­rabağda lokal xarakterli antiterror tədbirlə­rinədək Ermənistan hakimiyyəti imzalana­caq sülh müqaviləsinə Qarabağ erməniləri ilə bağlı ayrıca müddəanın salınmasını tək­lif etdirdi. Onu da bildirirdi ki, onların hüquq və təhlükəsizliyi üçün beynəlxalq tə­minat nəzərdə tutulmalıdır. Lakin Azərbay­can bununla razılaşmadı və yekunda məlum antiterror tədbirlərini gerçəkləşdirərək su­verenliyini təmin etdi. İndi belə görünür, Qarabağdan gedən köç dalğası bölgə er­mənilərini ayrıca təbəqə kimi göstərməyə hesablanıb. Bu, həm Ermənistana maliyyə axınını şərtləndirir, həm də ölkənin an­ti-Azərbaycan siyasətinə yeni motiv qazan­dırır. Artıq erməni siyasi kluarlarında Qara­bağ ermənilərinin bölgəyə BMT-nin egidası altında qayıtmağa razılıqları ilə bağlı dü­şüncələr dolaşmaqdadır. Demək, antiterror tədbirlərinədək rəhbər tutulan Qarabağın erməni sakinlərinin hüquq və təhlükəsizliyi ilə bağlı beynəlxalq təminat məsələsi yenə aktuallığını saxlamaqdadır. 

Bu yerdə Qarabağdan gedənlərin tərki­binə diqqət yetirmək zərurəti meydana çıxır. Əlbəttə, 120 min say şişirdilmiş rəqəmdir. Bölgənin yerli əhalisi o qədər deyil. Ermə­nistan isə həm işğal müddətində əraziyə köçürülmüşləri, həm oradakı kiçik kaliberli separatçı dəstə üzvlərini, həm də yerləşdir­diyi silahlı qüvvələrin şəxsi heyətini hesaba daxil edir. Belə çıxır, BMT egidası altında da yenidən separatçıları bölgəyə qaytarmaq kimi mənfur planın dövriyyəyə girməsinə ümid bəslənilir. Mövcud mənzərədə isə Fransadan və digər ölkələrdən alınmış silah­larla Azərbaycana hücum, bir növ, tamamla­yıcı faktor rolunda çıxış etməkdədir. Nəzərə alaq ki, artıq indidən keçmiş separatçı rejim təşkilatlanmağa başlayıb. Rejimin özünü buraxdığını elan edən sabiq rəhbəri Samvel Şahramanyan İrəvanda “mübarizələrinin” davamlı olacağının anonsunu verib. Əs­lində, T.Balayanın və digərlərinin məntiqi də buna hesablanıb. Yəni, bir daha deyək ki, Ermənistan rəhbərliyinin Azərbayca­nın ərazi bütövlüyünün tanınması ilə bağlı imzaladığı sənədlər lakmus kağızı kimi bir şeydir…

Nəzərə alaq ki, BMT-nin və digər bey­nəlxalq müşahidəçilərin, yaxud sülhmə­ramlıların bölgədə yerləşdirilməsi oranın erməni varlığı üçün əlavə imtiyaz qazandı­ran faktordur. Elə bir imtiyaz ki, yekunda Azərbaycana qarşı ərazi iddiası üçün əsas yaradır. Bəli, indiki durumda beynəlxalq müşahidəçilər Qarabağın erməni əhalisinin Azərbaycanın yurisdiksiyasını şübhələndir­mək alətindən başqa bir şey deyil. Belə bir niyyət olmasaydı, bölgədə qalar, oranı tərk etməzdilər. 

***

Nəhayət, T.Balayanının anti-Azərbay­can ritorikasındakı və Azərbaycanın Ermə­nistan ərazisinə hücum məntiqindəki sonun­cu məqamın üzərində dayanaq. Bu məqam Zəngəzur dəhlizi ilə bağlıdır. Bəli, həmin dəhlizin ölkəmiz üçün önəmini yenidən sü­buta yetirməyə ehtiyac yoxdur və önəm sax­lanılmaqdadır. Birincisi, Azərbaycanın di­gər rayonlarını Naxçıvanla birləşdirən quru yolu olmalıdır, digər tərəfdən isə ölkəmizin qardaş Türkiyə ilə, deməli, həm də dünya ilə əlaqəsində yeni dönəmin başlanması, eyni zamanda, geosiyasi şərtdir. 

Bu günlərdə aparılmış danışıqlar göstə­rir ki, dəhliz İran ərazisindən də keçə bilər. Bu isə o deməkdir ki, Ermənistan müstəsna önəm daşıyan beynəlxalq layihədən kənar­da qalacaqdır. Məsələnin başqa bir tərəfi isə odur ki, Zəngəzur dəhlizi məntiqi Azər­baycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəya­natından sonra siyasi leksikona daxil olub. Sənəddə bu, Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən yol kimi göstərilirdi və daha çox Laçın dəhlizi məntiqinə alter­nativ idi. 

Ancaq ötən müddətdə gördük ki, Laçın dəhlizi məntiqinə köklənmiş Ermənistan nəinki Naxçıvana gedən yol ilə bağlı üzə­rinə götürdüyü öhdəliklərə əməl etmir, eyni zamanda, Laçın dəhlizi məntiqini Qarabağ­dakı separatçılığın qorunması, Azərbaycana qarşı ərazi iddiası kontekstində görür. Böl­gəyə silah-sursat, hərbi texnika, partlayıcı maddələrin daşınması bunun təsdiqidir. Belə olan təqdirdə Azərbaycan Laçın dəhlizi məntiqini sarsıtmalı idi və sarsıtdı da. Artıq belə bir şey yoxdur. Laçın yolunda Azərbay­canın qurduğu sərhəd-buraxılış məntəqəsi var. Naxçıvana yola gəldikdə isə yuxarıda da vurğuladığımız kimi, İran ərazisi var və daha təhlükəsizdir. Bir halda ki, Ermənistan Zəngəzur dəhlizi məntiqində Azərbaycanın, Ermənistanın iştirakı olmayan, təhlükəsizlik meyarları ilə razılaşmırsa, deməli, fərqli yol seçilməlidir. Axı, anti-Azərbaycan mövqeli, səmimiyyətdən uzaq İrəvanın təhlükəsizlik zəmanəti ölkəmiz üçün qəbuledilməzdir. Ortada vaxtilə Naxçıvana gedən qatarların erməni millətçiləri tərəfindən daşa basıldı­ğını görən nəsil var… 

Ermənistan Zəngəzur dəhlizindən bo­yun qaçırırsa, həm də üçtərəfli Bəyanatla üzərinə düşən öhdəlikləri yerinə yetir­mək istəmirsə, deməli, onun təcridi davam edəcəkdir. T.Balayan isə həmin dəhlizlə əlaqədar məsələyə də köklənərək deyir ki, Azərbaycanın Ermənistanın beynəlxalq sə­viyyədə tanınmış ərazisi ilə bağlı planları­nın olmadığı barədə bəyanatı blefdir. Çünki Azərbaycan rəhbərliyi deyib ki, “erməniləri it qovan kimi qovacağıq”. Həm də Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşdə Zəngə­zurun “tarixi Azərbaycan torpağı” olduğunu vurğulaması var. Hər halda, T.Balayan bu kimi məqamları işğalçılıq əlamətləri saydı­ğını deyərək çərənləyir. 

***

Göründüyü kimi, T.Balayan, ümumən, Ermənistan diplomatiyası var gücü ilə Azər­baycanla bağlı mənfi rəy yaratmaq yolu tut­maqdadır. Yazımızda bunun nəyə hesablan­dığını diqqətə çatdırmağa çalışdıq. Əlbəttə, mövcud anlamda T.Balayanın daha “fanta­ziyalı” olduğunu söyləyə bilərik. Deyirlər ki, məqsəd vasitəyə bəraət qazandırır, Çox güman, İrəvanın Aİ-dəki səfiri də bu dü­şüncədədir və hədyanlarını sıralamaqda da­vam edir. Ancaq nəinki T.Balayanın, eləcə də digər erməni rəsmilərin unutduqları bir məqam var. O məqam da ondan ibarətdir ki, Azərbaycan öz məqsədinə doğru balayanla­rın və başqa yanların oxuya, proqnozlaşdıra, ehtimal edə biləcəkləri tərzdə irəliləmir. Əs­lində, müəyyən mənada, bunu onların özlə­ri də dərk edirlər. Sadəcə çaş-baş durumda qaldıqlarından, ağızlarına gələni danışırlar. Necə deyərlər, tutar qatıq, tutmaz ayran. 

Ə.CAHANGİROĞLU
XQ



Siyasət