Anklavlarsız sülh mümkün deyil

post-img

İşğal altındakı 8 kəndimiz də azad olunmasını gözləyir

Ermənistanla Azərbaycan arasın­da həllini gözləyən məsələlərdən biri də anklavlar məsələsidir. Üç il öncə – 2020-ci ilin payızında Vətən müharibə­si nəticəsində Azərbaycan öz ərazi bü­tövlüyünü, cari ilin sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri sayəsində isə bütün ölkə üzrə suverenliyini bərpa edib.

Hazırda Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması üçün danışıqlar aparılır. Hələ 2022-ci ilin əvvəlində Azər­baycanın iki dövlət arasında münasibətlərin yaradılması üçün baza prinsiplərinə dair tək­lifi vasitəçilər tərəfindən Ermənistana təqdim edilib. Burada iki dövlət arasında münasibət­lərin normallaşması üçün beş baza prinsipi əks olunub. Bu prinsiplərdən ikisi bilavasitə ərazi bütövlüyünün tanınması ilə bağlıdır. Bunlar dövlətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qar­şılıqlı şəkildə tanıması, digəri isə dövlətlərin bir-birinə qarşı ərazi iddialarının olmadığının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddia­nın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsidir. Buna baxmayaraq, Ermənis­tan son vaxtlar öz ərazisindəki Azərbaycan anklavları barədə müzakirələri arxa plana keçirmiş kimi görünür.

Qeyd edək ki, anklav beynəlxalq hüquq­da bir dövlətə məxsus, amma hər tərəfdən digər dövlətin ərazisi ilə əhatə olunmuş yerə deyilir. Sovet İttifaqının mövcud ol­duğu dövrdə Azərbaycanın Ermənistanda 8 kənddən ibarət anklavları olub. Bunlar Qa­zax rayonunun Bağanis Ayrım, Xeyrimli, Barxudarlı, Sofulu, Yuxarı Əskipara, Aşağı Əskipara, Qızıl Hacılı və həmçinin Naxçı­van Muxtar Respublikasının Sədərək rayo­nunun Kərki kəndləridir. Bir müddət əvvəl Ermənistan mediasında əvvəllər Azərbaycan kəndlərinin olduğu yerdə indi heç kimin ya­şamadığı, heç bir tikilinin salamat qalmadı­ğı barədə məlumat yayılmışdı. Bu məlumat bizim üçün təəccüblü olmadı. Çünki haylar işğal dövründə Azərbaycanın digər şəhər və rayonlarında da evləri yağmalayıb, onları ti­kinti materialı kimi ya özlərinin, ya da qonşu ölkələrin tikinti bazarlarında satıblar. Amma hazırda əsas məsələ anklavların qaytarılma­sıdır. Ermənilər Qarabağ və Şərqi Zəngəzur­da da daşı daş üstdə qoymamışdılar. Amma işğalın başa çatmasından dərhal sonra ölkə­miz viran edilmiş yurd yerlərini yenidən dir­çəltməyə başladı. Nəticə göz önündədir. Bu gün Qarabağ və Şərqi Zəngəzur abad, inkişaf edən diyara çevrilib, burada yaradılan “ağıl­lı kəndlər” dünyanın diqqətini cəlb edir. Bu mənada vaxtilə işğal edilmiş ərazilərimizlə eyni aqibəti yaşayan anklavların da geri qay­tarılmasından sonra dirçəliş dövrü yaşayaca­ğı şübhə doğurmur.

Onu da bildirək ki, Ermənistanın Azər­baycan ərazisində yalnız bir anklavı olub. Hayların Artsvaşen adlandırdıqları və in­zibati-ərazi bölgüsü baxımdan Gexarkunik vilayətinə (əsl adı Göyçə mahalı) daxil ol­duğunu iddia etdikləri bu kənd Gədəbəy ra­yonunun inzibati-ərazi vahidindəki Başkənd kəndidir. Kənd 1992-ci il 6-8 avqust tarixlə­rində həyata keçirilən “Başkənd əməliyyatı” nəticəsində Azərbaycanın nəzarəti altına ke­çib.

Ermənistan bu mövzunu hər nə qədər arxa plana keçirməyə çalışsa da, Azərbaycan üçün anklavlar məsələsi hər zaman aktual olub. Sonuncu dəfə oktyabrın 7-də Avropa İt­tifaqı Şurasının prezidenti Şarl Mişelin Prezi­dent İlham Əliyevə etdiyi zəng zamanı dövlət başçımız anklavlar barədə danışıb. Prezident İlham Əliyev Azərbaycanın 8 kəndinin hələ də Ermənistanın işğalı altında olduğunu deyərək, bu kəndlərin işğaldan azad olunma­sının vacibliyini vurğulayıb.

***

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan bu il mayın 22-də keçirdiyi geniş mətbuat konfransında (Paşinyan həmin mətbuat konfransında Azərbaycanın 86,6 min kvadratkilometrlik ərazisinə Qaraba­ğın da daxil olduğunu ilk dəfə etiraf etmiş­di–S.H.) bildirmişdi ki, anklavlar Azərbayca­nın ərazi bütövlüyünün bir hissəsidir. “29,8 min kvadratkilometrlik Ermənistanın ərazi bütövlüyünə isə Artsvaşen daxildir. Anklav­lar məsələsinin həlli üçün bir neçə variant var. Onlardan biri bu ola bilər: xəttin hər iki tərəfindəki anklav ərazilər yerləşdikləri tərə­fin nəzarəti altında qalır. Digər variant isə odur ki, sülh müqaviləsi imzalandıqdan son­ra Artsvaşen Ermənistanın, qalan ərazilər isə Azərbaycanın suverenliyi altına qayıdacaq. Bu, siyasi nöqteyi-nəzərdən olan mövqedir, lakin hüquqi aspekt hələ də öyrənilməlidir”, – deyə Paşinyan bildirmişdi.

Həmin vaxt Paşinyanın bu mövqeyi er­mənilər arasında böyük etirazla qarşılanmış­dı. 1998–2008-ci illərdə ölkənin xarici işlər naziri olmuş Vardan Oskanyan “Mediamaks” saytı üçün məqaləsində yazırdı: “Nikol Paşin­yanın mətbuat konfransında, nəhayət, aydın oldu ki, o, Qarabağı Azərbaycana verir (?). O da bəlli oldu ki, “anklavlar” adı altında əlavə əraziləri də verir ki, bu da iki dost ölkə – İran və Gürcüstanla strateji kommunikasiyala­rımıza mütləq ziyan vuracaq. Təbii olaraq ciddi təhlükəsizlik problemləri yaradacaq. Şübhə etmirəm ki, tezliklə biz Azərbaycana “qeyri-dəhliz məntiqi” ilə dəhliz veriləcəyini də eşidəcəyik”.

Revanşist kəsimin nümayəndəsi olan V.Oskanyan iki gün öncə yenə anklavlardan bəhs edib. “Facebook”da yaydığı videomüra­ciətində sabiq nazir bildirib ki, N.Paşinyanın səhvləri davam edir, son nümunə onun Qra­nadada imzaladığı bəyanatdır: “Bu bəyanatın mahiyyəti nədir? Qarabağ məsələsi, ümu­miyyətlə, gündəmdə deyil. Söhbət Ermə­nistan Respublikasının ərazi bütövlüyündən gedir. Siz isə bizim Qarabağ məsələsindən qurtulmaqla Ermənistanın ərazi bütövlüyünə nail olduğumuzu bildirirsiniz. Bunu qəhrə­manlıq kimi təqdim edirsiniz, sanki siz nəsə etmisiniz, uğur qazanmısınız, dünya ərazi bütövlüyümüzü tanıyır. Siz ciddisinizmi? Pa­şinyanın dediyi ərazi bütövlüyü bizim üçün qeyri-müəyyəndir, orada qeyd olunan rəqəm­lər (29,8 min kvadratkilometri nəzərdə tutur – S.H.) bu gün xalqımız üçün heç bir əhə­miyyət kəsb etmir. Ən azından bu vəziyyətdə Paşinyan xalqın qarşısında dayanmalı, xalqın gözünə baxmalı və həqiqətən deməlidir ki, bu rəqəmlərə nə daxildir. Biz başa düşürük, Qarabağı siz verdiniz, Qarabağ Azərbayca­nın ərazi bütövlüyünə daxildir. Bəs bu saya qondarma anklavlar da daxildirmi? Sizin ət­rafınızdakılar deyir ki, belə bir şey yoxdur, amma siz mətbuat konfransınızda dediniz ki, anklavlar da bu rəqəmə daxildir, anklavları da verirsiniz. Həqiqətən də onları verirsiniz? Siz ərazi bütövlüyünü belə başa düşürsünüz ki, Ermənistan Respublikası vətəndaşı İrana və ya Gürcüstana getməzdən əvvəl Azərbay­candan keçməlidir? Bu, bizim ərazi bütövlü­yümüz olacaqmı?”

Oskanyan qeyd edib ki, Qarabağı təslim edən (?) Paşinyan anklavları da təslim edirsə (?), deməli, onun bir dəqiqə belə vəzifəsində qalmağa haqqı yoxdur.

***

Onu da bildirək ki, Paşinyan bundan əv­vəl də dəfələrlə xəttin hər iki tərəfindəki ank­lav ərazilərin yerləşdikləri tərəfin nəzarəti al­tında qala biləcəyini bildirmişdi. Amma onun ortaya qoyduğu mövqenin qəbul olunacağı inandırıcı deyil. Məsələ ondadır ki, Azərbay­candakı Ermənistan anklavının, yəni, Baş­kəndin ərazisi cəmi 40 kvadratkilometrdir. Ermənistandakı Azərbaycan anklavlarının, yəni faktiki işğal olunmuş 8 kəndin ümumi ərazisi isə 120 kvadratkilometrdən çoxdur. Belə ki, Yuxarı Əskipara kəndi 8,6, Aşağı Əskipara 9,1, Bağanis Ayrım 40, Bərxudarlı 10,1, Sofulu 22, Qızıl Hacılı 11, Xeyrimli 4,1, Kərki kəndi isə 19,2 kvadratkilometr əraziyə malikdir. Ümumilikdə, Qazax rayonunun 7 kəndinin və Naxçıvan MR-in bir kəndinin ümumi sahəsi 124,1 kvadratkilometrdir ki, bu da Başkənd yaşayış məntəqəsinin əra­zisindən üç dəfə böyükdür. Bu baxımdan Paşinyanın yanaşması qüsurludur və həyata keçirilməsi problemlidir.

Anklav ərazilərlə bağlı məsələni Azər­baycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələlə­ri şöbəsinin müdiri Hikmət Hacıyev bu ilin martında “Report”a müsahibəsində də qaldır­mışdı. “Qazax rayonunun 7, Naxçıvanın isə 1 kəndi hələ də işğal altındadır. Laçın yolundan hərbi məqsədlər, o cümlədən silah-sursatın, minaların daşınması, şəxsi heyətin rotasiyası üçün istifadə olunurdu. Ermənistan 10 no­yabr bəyanatına zidd olaraq, Zəngəzur dəh­lizi ilə bağlı öhdəliklərini də yerinə yetirmir. Azərbaycanın qərb rayonlarından Naxçıvana bu günə qədər bir maşın belə keçməyib”, – deyə H.Hacıyev qeyd etmişdi.

Bütün hallarda Ermənistandakı Azərbay­can anklavlarının qaytarılması günün tələ­bidir. İki ölkə arasında, bütövlükdə bölgədə davamlı sülhün əldə olunmasının yolu işğal altındakı 8 kəndin geri qaytarılmasından ke­çir. Anklavlar olmadan sülh müqaviləsinin imzalanması qeyri-mümkündür. Bu, birmə­nalıdır.

Tofiq ZÜLFÜQAROV,
politoloq

– Ermənistanla Azərbaycan arasın­da delimitasiya və demarkasiya pro­sesinin birdəfəlik yekunlaşması üçün anklav və eksklavların qaytarılması zəruridir. Qazax rayonunun yeddi və Sədərək rayonunun bir kəndi proses çərçivəsində Azərbaycana qaytarılma­lıdır. Sərhəd komissiyasının ilk birgə iclasında bu məsələ gündəmə gəlməsə də ümid edirəm ki, sonrakı görüşlərdə müzakirə predmeti olacaq. Azərbayca­nın anklavlardan imtina etməsi heç bir halda mümkün deyil.

Ermənistanın anklav və eksklav tələbinin doğru olduğunu da düşün­mürəm. Ümumiyyətlə, delimitasiya və demarkasiya prosesi hazırda tərəflər arasında həllini gözləyən əsas prob­lemlərdəndir. Digər vacib məsələ de­limitasiya prosesində hansı xəritələrin əsas götürülməsidir. Azərbaycan tərəfi açıq şəkildə bildirib ki, Ermənistan id­dialarından əl çəkməlidir. Əks-təqdirdə Azərbaycan da Zəngəzura iddia edə, delimitasiya prosesinin 1918-ci ilin xə­ritəsi əsasında aparılmasını istəyə bilər. Hesab edirəm ki, indiki məqamda əsas məsələ budur.

 

Səxavət HƏMİD
XQ



Siyasət