İrəvan Tbilisidən sülh çağırışını eşidəcəkmi?

post-img

Yaxın qonşu uzaq qohumdan yaxşıdır

Əsrlər boyu səyyahları, salnaməçiləri, şair və yazıçıları, daha kimləri özünə cəlb edən Qafqaz həm də iki qitənin qovuşduğu bir məkandır. Amma burada “külək” təkcə Şərqdən və Qərbdən deyil, hərdən Şimaldan və Cənubdan da əsir. Məhz bu zaman bölgənin siyasi ab-havası dəyişir. İqlim qurşaqları ilə yanaşı, siyasi cərə­yanların da toqquşduğu ərazilərdə “tufan və qasırğaların, burulğanların” əmələ gəlməsi də təbiidir. 

Qafqazın havası, həm də bu səbəb­dən düzəlmir. XXI əsrdə başları üzərin­dən qara buludların çəkilməsini, dava­ların qurtarmasını gözləyən 3 Qafqaz dövləti (Azərbaycan, Gürcüstan və Ermə­nistan) 32 ildir müstəqildir. Amma, təəssüf ki, öz sərhədi, bayrağı, milli pulları olan bu dövlətlərin vətəndaşları hər gün kənar və uzaq dövlətlərin adlarını təkrarlayır: Rusiya, İran, ABŞ, Fransa... Demək olar ki, hər gün bu böyük güclərin baş kənd­lərindən Bakıya, Tbilisiyə və İrəvana töv­siyə, dəvət kimi, təzyiq zəngləri də gəlir. Yəni, bu üç dövlətin kiçik Qafqazda necə yaşamasını, hansı qərarlar qəbul etməsi­ni həmin “böyüklər” müəyyən etməyə ça­lışırlar. Elə bil Cənubi Qafqaz onlar üçün seleksiya zonası, eksperiment laborato­riyası, yarışların keçirildiyi tatami döşəyi olub...

SSRİ dağıldı, Cənubi Qafqazın üç respublikası da müstəqil oldu. Fəqət Ru­siya hələ bölgədən getməyib. O, Azər­baycanda (Qarabağ), Ermənistanda (Gümrü) və Gürcüstanda (Abxaziya və Cənubi Osetiya) qalmaqdadır. Bu, azmış kimi, son vaxtlar ABŞ, Fransa və Avropa İttifaqının da Qafqaza əl-ayağı uzanıb. İran da regiona soxulmaq üçün məqam gözləyir. Uzun sözün qısası, hazırda Cə­nubi Qafqazda gəlmələrin, yadellilərin tıxacı yaranıb. Böyük və Kiçik Qafqaz dağlarının həm zirvələrindən, həm də ətəklərindən pay uman kənar güclərin hərəsinin öz marağı var. Yüz il, iki yüz bundan əvvəl olduğu kimi, bu maraqlar yenə kəllə-kəlləyə gəlib. 

Azərbaycanın müzəffər Ordusu 44 günlük müharibədə şanlı Zəfərə imza ataraq əzəli və tarixi torpaqlarımızın böyük hissəsini işğaldan azad etdik­dən sonra ölkə Prezidenti İlham Əliyev Cənubi Qafqazda yeni əməkdaşlıq və regional təhlükəsizlik mühitinin yaradıl­ması ideyasını irəli sürdü. O, bölgədə üçtərəfli əlaqələrin inkişafı üçün bütün addımları atmağa hazır olduğunu bəyan etdi. Dövlətimizin başçısı dəfələrlə deyib ki, sülh vasitəçiliyində Moskvanın, Va­şinqtonun, Brüsselin səylərini təqdir edir. Amma İlham Əliyevin çıxışlarını diqqətlə izləyənlər onu da bilir ki, Prezidentin heç vaxt bu ölkələrin vasitəçiliyinə ayrılıqda etibarı olmayıb. Bu prizmadan yanaşan­da Tbilisi sülh sazişinin imzalanacağı şəhər kimi daha optimal variant hesab oluna bilər. 

Aydındır ki, Cənubi Qafqaz respub­likaları arasında münasibətlərin yeni müstəviyə daşınmasının təməl şərti qar­şılıqlı olaraq ərazi bütövlüyü prinsipinə hörmət edilməsi, Ermənistanın regionda əmin-amanlığın bərpası naminə Türkiyə və Azərbaycanla normal qonşuluq mü­nasibətlərini qəbul etməsidir. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdo­ğan da son müsahibələrindən birində dedi, əlaqələrin normallaşması üçün rəsmi İrəvana daha bir fürsət verildiyini bildirdi. Ermənilər anti-türk siyasətindən əl çəkərək Qafqazdan Anadoluya qədər əsrlər boyu Türk dövlətlərinin hakimiyyəti altında olan ərazilərdə rahat yaşadıqları­nı, ticarətdən siyasətə yüksək mövqelərə çatdıqlarını, hər dəfə Türk yüksəlişinin Avrasiyanın bütün xalqlarının həyatın­da uzlaşma, harmoniya və rifah mühütü yaratdığını unutmadan, ağıllı bir siyasət yolunu tutarlarsa, bütün Qafqaz xalqları ilə bərabər yenə fayda görəcək. Bundan başqa, region müxtəlif kənar güclərin mübarizə poliqonu olmaqdan çıxacaq və tərəqqi yoluna qədəm qoyacaq. 

* * *

Hansı bucaqdan baxsaq da, Tbilisi­nin Bakı və İrəvan arasında sülhə nail­ma yolunda vasitəçiliyi, ilk növbədə, Er­mənistan üçün faydalıdır. Azərbaycan Prezidenti İlham Əliyev İrəvanla sülh danışıqlarında Gürcüstanın vasitəçiliyinə müsbət yanaşır. Cənab Prezident bu barədə fikirlərini bir neçə dəfə bildirib. 

“Bu gün bir neçə ölkə və eyni za­manda, bəzi beynəlxalq təşkilatlar Ermə­nistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışırlar. Biz bunu alqışlayı­rıq. Əgər, bu, birtərəfli və qərəzli deyilsə, əlbəttə, biz istənilən vasitəçiliyi və yardı­mı qəbul edirik. Ancaq mənim fikrimcə, bu sahədə ən düzgün seçim həm tarixi əlaqələri, həm də coğrafi faktoru nəzərə alaraq, əlbəttə ki, Gürcüstan ola bilər”. 

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Tbilisidə Gürcüsta­nın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında deyib. Gürcüs­tanın bu məsələdə mümkün vasitəçilik imkanlarını ortaya qoyduğuna görə Baş nazir İrakli Qaribaşviliyə minnətdarlığını bildirən dövlətimizin başçısı əlavə edib: “Hesab edirəm ki, biz buna hazır olan ölkə kimi Ermənistandan da eyni ya­naşmanı gözləməliyik. Əgər Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüs­tanda həm ikitərəfli, həm də üçtərəfli gö­rüşə gələ bilərlər”.

Yeri gəlmişkən, Ermənistan baş naziri Nikol Paşinyan da Gürcüstana mütəma­di səfərlər edir, qonşu dövlətlə strateji tərəfdaşlıqdan danışır, ancaq Tbilisinin vasitəçiliyi ilə bağlı fikir bildirməkdən ya­yınır. İkitərəfli sülh sazişinin imzalanması üçün Tbilisi ən münasib məkandır. Buna Brüssel, Vaşinqton, Ankara, hətta Mosk­va da etiraz etməz. 

* * * 

“Bizim Azərbaycanla çox gözəl ikitərəfli münasibətlərimiz var. Ölkələri­miz böyük layihələrdə birgə iştirak edir. Bakı və Tbilisi regional əhəmiyyətli in­frastrukturun qlobal əhəmiyyət qazan­masına çalışırıq və buna nail olmuşuq”. Bu sözləri Gürcüstan Baş nazirinin sabiq müavini Eka Tkeşelaşvili bir il bundan əv­vəl IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel müzakirədə deyib. Xanım Tkeşelaşvilinin sözlərinə görə, Azərbay­canın əzəli torpaqlarının işğaldan azad olunması onu göstərir ki, sülhə doğru addım atıla bilər: “Gürcüstan hökumə­ti bu sülh danışıqlarına yardım etməyə, təmsil olunmağa hazırdır. Azərbaycan və Gürcüstan bu prosesdə maraqlıdır”. Baş nazirin sabiq müavini deyib ki, Gürcüs­tan iki xalqı yaxınlaşdırmaq istəyir: “Bu, sülhün bərqərar olmasına töhfə verəcək. Gürcüstan Azərbaycan və Ermənistan­dan olan nümayəndələrin görüşlərinin keçirilməsinə evsahibliyi edə bilər”. O, həmçinin xatırladıb ki, Gürcüstanın ərazi bütövlüyünün bərpası məsələsi hələ də dünya ictimaiyyətinin gündəmindədir.

Sabiq nazir müavini Eka Tkeşelaş­vilinin ardınca Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili erməni həmkarı Alen Simonyanla keçirdiyi brifinqdə deyib: “Gürcüstan Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq nümunəsinə çevril­məsi üçün Ermənistan və Azərbaycan arasında vasitəçi kimi davam etməyə hazırdır”. O, ümidvar olduğunu bildirib ki, Qafqaz xalqları ən çətin anlarda belə öz müdrikliyi və əməkdaşlığı ilə sülhsevər gələcək qura biləcəklərini ilk növbədə gənc nəsilə göstərə biləcəklər. Baş nazir İrakli Qaribaşvili keçən həftə Ermənistana səfəri zamanı müəyyən məsələlərlə ya­naşı, vasitəçilik missiyasını da gündəmə gətirmişdi. 

Bəli, İkinci Qarabağ müharibəsində hava məkanını İrəvanın üzünə bağla­maqla Ermənistana silah daşınmasının qarşısını alan Tbilisi indi ikitərəli danı­şıqlar meydanı kimi öz vasitəçiliyini təklif edir. Bölgədə sülhə və sabitliyə nail olma­ğın ən doğru yolu kimi görünən bu qon­şuluq platforması, yuxarıda qeyd etdiyi­miz kimi, həm də yadellilərin Qafqazdan ayağı yığışardı. Təbii ki, burada son sözü qalib tərəfin nümayəndəsi – Prezident İlham Əliyev deyəcək. 

Fikrət SADIXOV,
politoloq

Tbilisinin Bakı və İrəvan ara­sında vasitəçiliyi Cənubi Qafqazın hər üç ölkəsinin maraqlarına cavab verən variantdır. Azərbaycan bu­nunla bağlı əvvəllər də müəyyən təkliflərini səsləndirmişdi. Bu vari­antın üstünlüyü ondan ibarətdir ki, burada hansısa üçüncü qüvvənin, dövlətin müdaxiləsi olmadan öz ara­mızda regionun problemlərini həll edirik. Daha doğrusu, müzakirələrin gedişində həll etməyə çalışırıq. Tə­bii ki, bu danışıqlarda Gürcüstan da maraqlı olmalıdır. Çünki Tbilisi Bakı ilə normal münasibətlərin və əmək­daşlığın inkişafında maraqlıdır. Eyni zamanda, rəsmi Tbilisi Azərbay­canın ərazi bütövlüyünü tanıdığını dəfələrlə bəyan edib. Hazırda Gür­cüstanın özü də mürəkkəb geosiya­si durumdadır. Abxaziya və Cənubi Osetiya bölgələrinin işğal altında ol­ması ilə bağlı ciddi qayğıları var. 

Bu formatda gedəcək danışıqlar­da bir çox məsələlər Ermənistandan asılıdır. Yəni, İrəvan süni maneələr, problemlər yaratmamalıdır. Gündə­liyə salınacaq məsələlərin önündə sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması da daxil olmaqla, əlbəttə ki, ilk növbədə Azərbaycan və Ermənistan arasında imzalana­caq sülh sazişi gəlir. Şübhə etmirəm ki, sülh danışıqlarının məhz bu kon­tekstdə aparılması hər üç dövlə­tin maraqlarına cavab verir. Tbilisi görüşü həm də bölgənin gələcək inkişaf perspektivi üçün əhəmiyyət daşıyacaq. 

 

Tofiq ABBASOV,
siyasi şərhçi

Gürcüstan hakimiyyətində bu ideya çoxdan var. Hələ iki il əvvəl Prezident Salome Zurabişvili Tbi­lisinin Azərbaycan və Ermənistan arasında vasitəçi ola biləcəyini demişdi. Faktiki olaraq, Ermənis­tan odu söndürüb, külü ilə oynayır. Bütün proseslərin konturları bəllidir. Ermənistan müharibəni uduzub, qalib məlumdur. İndi gərək öz məğ­lubiyyətini tanısın və bunun ardınca ondan tələb olunanlar bəllidir. Sər­hədlərin demarkasiya və delmitasi­yası keçirilsin, sonra da sülh müqa­viləsinə imza atılsın.

Düzünü desək, Gürcüstan Qərb tərəfindən Cənubi Qafqazda Ermə­nistandan və Azərbaycandan yaxın qəbul edilən ölkədir. Amma Gürcüs­tan ərazi bütövlüyünü təmin etmə­yib. İndi rəsmi Tbilisi bu məsələdə irəliləmək və Azərbaycan–Ermə­nistan münasibətlərinin tənzimlən­məsində özünü beynəlxalq aləmə arbitr kimi göstərmək istəyir. Bunu yeni imicdə, yeni formada etməyə çalışır. Amma indi artıq arbitrə eh­tiyac qalmayıb. Ona görə ki, “Dağ­lıq Qarabağ” problem daha yoxdur. 2023-cü il sentyabrın 19-dək Ru­siya, ABŞ, Fransa, Avropa İttifaqı Azərbaycanı sonsuz və səmərəsiz danışıqlar prosesinə cəlb etmək istəyirdilər. Bakı bir sutkaya belə cəhdlərin üstündən qalın bir xətt çəkdi. İndi Ermənistanın sülh müqa­viləsi imzalamaqdan başqa çıxış yolu qalmayıb. Güc, söz və nəzarət Azərbaycandadır. Ermənilər reallıq­la barışmalıdırlar. 

İmran BƏDİRXANLI
XQ





Siyasət