Cənubi Qafqazda sülh üçün yeni şanslar yaranıb

post-img

Dövlət başçımız bu fikri Tbilisi səfərində səsləndirdi 

Dövlət başçımızın Gürcüstana bir günlük işgüzar səfəri, orada mühüm görüşlər keçir­məsi və müzakirələr aparması barədə hazırladığımız qəzet materialının əvvəlində yada salaq ki, Azərbaycan Prezidentinin xarici siyasət kursunda yaxın qonşularla dostluq və tərəfdaşlıq münasibətlərinin genişləndirilməsinə xüsusi önəm verməsi ulu öndər Hey­dər Əliyevin bu istiqamətdəki addımlarının davam etdirilməsidir. Elə həmin ünsiyyət­lərin öz müsbət nəticələrini verməsinin təməlində də bilavasitə ümummilli liderimizin tövsiyələri dayanır.

Danılmaz faktdır ki, gənc müstəqil dövlətimizin mühüm tarixi uğurlara imza atmasında qardaş Türkiyə Cümhuriyyəti, strateji müttəfiqimiz olan Rusiya Federa­siyası, Xəzərin Azərbaycan sektorundan çıxarılan karbohidrogen ehtiyatlarının Avropa bazarlarına çıxarılmasında ilk tərəfdaşımız olan Gürcüstan və Xəzərin gündoğan sahillərindəki türkdilli ölkələr­lə davam etdirilən dostluq və tərəfdaşlıq münasibətlərinin xüsusi rolu olmuşdur. Həmin ölkələrin hamısı ilə təmaslarımız intensivləşir. Hətta, münasibətlərdə gər­ginliyin yarandığı, tez-tez soyuyub isinmə ilə müşayiət olunan İran İsıam Respubli­kası ilə əməkdaşlıqda da xoşməramlı ad­dımlar atırıq. 

… Təxminən, 25 ilin söhbətidir. Ra­yona getmişdim. Atam soruşdu ki, Sadiq necədir? (Ailəmizin ilkini nəzərdə tutur­du– İ.M.) Dedim yaxşıdır, öz dərslərini oxuması ilə yanaşı, ingilis dilini bilməsinə də çalışıram. Atam gülümsündü: – Tək­nədən əppəyin, lampadan nöyütün qur­taranda kimdən istəyirsən? 

Məqsədini başa düşmədiyimə görə cavab verə bilmədim. Ona görə də rəh­mətliyin özü cavab verdi: – Əlbəttə, qon­şudan istəyirsən. Ona görə də uşağın əv­vəlcə qonşularla ünsiyyət qurmasına nail ol, sonra ingilis dilini öyrədərsən. Məhz elə orada anladım ki, ulu öndər Heydər Əliyev nə üçün coğrafi baxımdan yaxın ölkələrlə dostluq və tərəfdaşlığın geniş­ləndirilməsinə çalışır. 

Dövlət başçımızın dost Gürcüstana bu səfəri də bir neçə cəhətdən əlamətdar oldu. Kütləvi informasiya vasitələri xəbər verirlər ki, Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Baş naziri İrakli Qari­başvili oktyabrın 8-də Tbilisidə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “The Architect of Prosperity” – “Firavanlığın memarı” adlı fotosərgi ilə tanış olublar. Qeyd olunub ki, Azərbaycanı müasir və iqtisadi cəhətdən çiçəklənən ölkəyə çevirən Ümummilli li­derə ehtiramın ifadəsi olan bu sərgi Ulu öndərin bütün həyatını dövlətçiliyimizə və xalqımıza həsr etməsindən və ölkənin gələcək inkişafının əsasını necə müdrik­liklə qoymasından bəhs edir.

Eləcə də, sərgidə Ulu öndərin Azər­baycan mədəniyyətinə qayğısını, gənc­lərlə görüşlərini əks etdirən fotolar yer alıb. Ekspozisiyanın Azərbaycan – Gür­cüstan münasibətlərinə həsr edilmiş guşəsində Heydər Əliyevin Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze, həmçinin Prezident İlham Əliyevin Baş nazir İrakli Qaribaşvili ilə görüşlərindən də fotoşəkillər nümayiş olunur. 

Bundan başqa, Azərbaycan Prezi­denti və Gürcüstan Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər. Dövlət başçı­mız öz bəyanatında vurğulayıb ki, Azər­baycan Gürcüstanın Qara dəniz sahi­lindəki Kulevi limanını genişləndirməyi nəzərdə tutur. Bu, əlbəttə ki, əməkdaşlı­ğımızı daha da gücləndirəcək: “Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırılması və yaxın gələcəkdə fəaliyyətə başlama­sı, əlbəttə ki, Orta dəhlizin güclənməsinə xidmət göstərəcək”.

Xatırladaq ki, bu il aprelin 7-də Azər­baycanda səfərdə olan Gürcüstan Baş naziri İrakli Qaribaşvili Qəbələ şəhərin­dəki çıxışında qeyd etmişdi ki, Azərbay­canla, Azərbaycan xalqı ilə bu sıx dost­luq və qardaşlıq münasibətləri olduqca önəmlidir: “Bizim dostluğumuzun çox qə­dim tarixi var və Azərbaycan təkcə qon­şumuz və dostumuz deyil, bizim mühüm strateji tərəfdaşımızdır. Uzun illər ərzində biz müxtəlif sahələrdə tarixi layihələri hə­yata keçirmişik və o layihələr bizim xalq­ları, ölkələri daha da sıx birləşdirdi. Biz yaxşı mənada bir-birimizdən asılıyıq və əminəm ki, bundan sonrakı uzun illərdə də bu, belə olacaqdır. Biz dəfələrlə bu mühüm layihələri qeyd etmişik”.

Biz isə əlavə edirik ki, Gürcüstan Azərbaycan üçün etibarlı tranzit ölkəsi, tranzit tərəfdaşıdır. Dost ölkənin Baş na­ziri yazda Azərbaycanda olarkən demişdi ki, bizim əsas məqsədimiz regionda sül­hü və sabitliyi təmin etməkdir. Regionda daha çox layihələr həyata keçirməliyik və biz işimizi qardaşlıq mühitində irəli apa­racağıq. Fikrimizcə, onun sülh və sabitlik haqqında dediklərinin konkret ünvanları da var idi. Hətta Ermənistanın müxalifət mətbuatı bu səfərdən əvvəl yazırdı ki, Bakı ilə Tbilisi regiondakı vəziyyəti müza­kirə edəcəklər, biz isə kiminləsə, hansısa müzakirəni apara bilmirik. 

Sonda xatırladaq ki, Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin dəvəti əsasın­da Azərbayan Prezidenti İlham Əliyevin işgüzar səfəri çərçivəsində ikitərəfli mü­nasibətlərin gündəliyində duran aktual məsələlər müzakirə edilib. Xüsusilə vur­ğulanmalı məqamlardan biri də dövlət başçımızın mətbuat üçün verdiyi bəya­natda Ermənistan–Azərbaycan münasi­bətlərinin normallaşdırılması barədə da­nışarkən səsləndirdiyi fikirlər idi: “Hesab edirəm ki, biz buna hazır olan ölkə kimi Ermənistandan da eyni yanaşmanı göz­ləməliyik. Əgər Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm də üçtərəfli görüşə gələ bilərlər”.

İttifaq MİRZƏBƏYLİ
XQ

Siyasət