Erməniləri rahat buraxın, müsyö Makron!

post-img

Paşa ƏMİRCANOV
[email protected]

Dünyanın az qala yarısının – demək olar ki, Qərb aləminin böyük əksəriyyətinin Ermənistanın tərəfində olmasına, Cənubi Qafqazın hələ uzun illər münaqişə zonası kimi qalmasını istəməsinə baxma­yaraq, Azərbaycan öz gücünə güvənərək ərazi bütövlüyünü bərpa etdi, necə deyərlər, öz göbəyini özü kəsdi. 

İndi bu, həmin “köhnə dünya”da çoxunun, xüsusən də Fransa prezi­denti Makronun xoşuna gəlmir. Əs­lində, Fransa münaqişənin bütün 30 ili ərzində Azərbaycana düşmən olub, torpaqlarımızın işğalını, ermə­ni terrorçularının ərazilərimizi nar­komaniya yuvasına və xarabazara çevirməsini dəstəkləyib. Bu gün Azərbaycan və qardaş Türkiyə ABŞ Dövlət Departamenti kimi illik hesa­batlar hazırlayıb yaysalar, Fransa­nı terroru dəstəkləyən dövlət kimi təqdim etməkdə tam haqlıdırlar. Sadəcə, hələ ki, kollektiv Qərbə və Fransaya qarşı bunu reallaşdırmaq mümkün görünmür. 

Amma Fransa bir sıra ölkələri və təşkilatları başına yığıb Azərbay­cana təzyiq göstərmək istəyindən əl çəkmir. Bax, buna görə Azərbay­can Prezidenti İlham Əliyev bu gün­lərdə Gürcüstanda açıq bəyan etdi ki, əl çəkin, cənablar, qoyun Cənubi Qafqaz rahat nəfəs alsın! 

Yox, əl çəkmək fikrində deyil­lər. Dünən artıq Birləşmiş Millətlər Təşkilatı özünün ikinci missiyasını Qarabağa göndərib. Birinci missi­yanın hazırladığı hesabat bunları qane etməyib. Axı həmin sənəddə bildirilirdi ki, heç bir mülki erməniyə xətər yetirilməyib, Azərbaycanın hərbi qüvvələrinin insan haqlarını pozması ilə bağlı ərazini tərk edən erməni sakinlər tərəfindən də heç bir fakt irəli sürülməyib. Əksinə, er­mənilər könüllü şəkildə getdiklərini bildiriblər. 

Başa düşmək çətindir ki, bu he­sabat ortada olduğu halda, ikinci missiyaya, yaxud Fransanın tələb etdiyi “beynəlxalq monitorinq”ə nə ehtiyac var? Niyə razılaşmaq istəmirlər ki, Qarabağ sakini olan ermənilər orda yaşamaq istəmir­lər? Bu da səbəbsiz deyil. Son 30 ildən artıq müddətdə Qarabağ məhz Fransa kimi ölkələrin, Avro­pa Parlamenti və digər beynəlxalq təşkilatlar kimi qurumların təhriki ilə separatizm vuvasına çevrilib. Məhz Fransa kimi ölkələrin təhriki ilə Er­mənistan və onun himayəsi altında Qarabağ erməniləri uzun illər Cə­nubi Qafqazda sülh yaradılmasına imkan verməyiblər. Bu, azmış kimi, məhz Fransa kimi müsəlman düş­məni olan ölkələrin təhriki ilə Azər­baycanın 20 faiz ərazisində yerli əhaliyə – azərbaycanlılara qarşı etnik təmizləmə aparılıb, minlərlə günahsız insan – uşaq, qadın, qoca əsir və girov götürülərək ermənilər tərəfindən insanlığa yaraşmayan əzablara, işgəncələrə, təhqirlərə məruz qalıb. Fransa kimi “insan haqları” haqqında boğazdan yuxarı moizələr oxuyan dövlətlər isə kə­nardan baxaraq müsəlmalara qarşı alçaldıcı hərəkətlərdən ləzzət alıb­lar. 

Bax, bu gün saxlanılaraq Azər­baycanda istintaqa cəlb edilən V.Xaçatryan, Araik Arutyunyan, Bako Saakyan və digərləri məhz Fransa tərəfindən ələ alınıb icra etdikləri əmrlərin – qəddarlıqla­rın, vəhşiliklərin bədəlini ödəyirlər. Amma onlar tək deyil. Qarabağda günahsız azərbaycanlılara divan tutmuş minlərlə belə cani var. Onlar adını qeyd etdiyimiz və etmədiyimiz komandirlərinin əmrlərinin icraçı­larıdır. Azərbaycanılılara qarşı o qədər günah işlədiblər ki, indi, bax, bu günahlardan qaçırlar. Onları bu günahları törətməyə, hərbi cinayət­lərin səbəbkarı olmağa Makron kimilər sövq ediblər. İndi əlimizə keçmiş bu canilər kimlərdən əmr aldıqlarını bircə-bircə istintaqa elan edirlər. 

Bəs Fransa nə istəyir? Qranada görüşündə hələ də Azərbaycana “beynəlxalq monitorinq” göndər­məkdən danışır. Axı bu “monito­rinq”lər dünənki hərbi cinayətkarla­rın yaşadıqları torpaqların sahibləri qarşısında günahlarını yuya bilə­cəkmi? Əlbəttə, yox. Makron özünü öldürsə də, Qarabağda cinayətlər törədənlər geri qayıdıb sabah qon­şusu olacaq azərbaycanlıların üzlə­rinə baxa bilməyəcəklər. Onlar öz günahlarından qaçırlar. 

Amma sənin də günahların az deyil, müsyö Makron! Ən azı Azər­baycanın iştirak etmədiyi Qranada görüşündə onun taleyini həll etmək cəhdinə görə məsuliyyət daşıyır­san. Ermənilərlə isə nə edirsən, et, özün bilərsən. Onları hansı forma­da istəyirsən, separatizmə və ter­rorizmə sürükləyə bilərsən. Çünki axırda “Dəmir yumruq” işə düşəndə zərər çəkən fransız deyil, erməni olacaq. Bu həqiqəti sən çoxdan bilirsən, ermənilər də bilsə, ağılla­rı başlarına gələr. Bax, ermənilər bunu başa düşəndə Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə yalva­racaqlar ki, Azərbaycanla sülh ya­radılmasına kömək etsin. Ona görə də tövbə edin, cənab Makron. Siz də, ermənilər də tövbə edin! Sülhə yol tövbədən keçir!..

Siyasət