Qaluzinin “Meğri marşrutu” və Zəngəzur dəhlizi ideyası

post-img

Rusiyanın Ermənistanı inandırması mümkündürmü?

“Meğri marşrutunun yaradılması Zaqafqaziyada ümumi sabit­ləşmə üçün çox mühüm amil olacaq”. Bu fikri Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin RBK telekanalına müsa­hibəsində deyib. Məlumdur ki, Qaluzin Azərbaycanın Zəngəzur dəhlizi layihəsindən söz açır. O layihədən ki, hazırda Ermənistan onun əleyhinə çıxır. 

Ancaq İrəvan, həm də bü­tün platformalarda Rusiyaya qarşı zidd mövqe də ortaya qoyur. Bu anlamda Rusiya XİN başçısının müavininin fi­kirlərini, müəyyən mənada, İrəvana qarşı qlobal miqyaslı demarş kimi dəyərləndirmək mümkündür. Ancaq məsələ yalnız demarşda deyil. Çünki bu metodun faydasının olma­dığı aşkardır. Rusiyanın Er­mənistanı düz yola gətirməsi üçün başqa hansısa metod varmı, bu barədə yazının so­nunda söz açacağıq.

Hələlik isə M.Qaluzin xatır­ladıb ki, bu il iyunun 2-də Azər­baycan, Rusiya və Ermənistan üçtərəfli işçi qrupunun sonun­cu görüşü baş tutanda tərəflər nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması istiqamə­tində irəliləyişin olduğunu qeyd ediblər. Yəqin mövcud səbəb­dəndir ki, nazir müavini Ermə­nistanla Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının açılacağına ümid bəslədiyini de­yib. O, Azərbaycanın əsas əra­zisini Naxçıvanla birləşdirəcək “Meğri marşrutu”nun yaradılma­sı üzərində dayanıb. Bu məqam­da müxbirin diplomatın Zəngəzur dəhlizini nəzərdə tutub-tutma­dığına aydınlıq gətirmək üçün ünvanladığı dəqiqləşdirici sual maraq kəsb etməkdədir. Qaluzin deyib ki, onsuz da söhbət Ermə­nistan ərazisindən keçən dəmir yolundan gedir. Ona görə “Meğri marşrutu” ifadəsindən istifadəni məqbul sayır. 

“Bəli, Azərbaycanda buna Zəngəzur dəhlizi deyirlər” şək­lində cavab verən M.Qaluzin əlavə edib ki, bu formul hər kəsə uyğundur və Rusiya Azərbayca­nın və Ermənistanın mövcud is­tiqamətdə razılıq əldə etməsinə kömək göstərir. Çünki “biz inanı­rıq ki, bu saziş Cənubi Qafqaz­da ümumi sabitləşmə üçün çox mühüm amil olacaq. Bu, bütün Zaqafqaziya dövlətlərinin iqtisa­di inkişafına töhfə verəcək”. 

Rusiya XİN başçısının müa­vini əlavə edib ki, “Meğri marş­rutu”nun (Zəngəzur dəhlizinin – red.) reallaşması Ermənistanı nəqliyyat-logistika mərkəzinə çevirəcək, ona Azərbaycan, Türkiyə və Rusiya ilə nəqliy­yat əlaqələrini gücləndirmək və genişləndirmək imkanı qazan­dıracaq. Azərbaycan ölkənin iki bölgəsi arasında fasiləsiz ritmik nəqliyyat rabitəsinə ma­lik olacaq. Cənubi Qafqazda vəziyyətin ümumi sabitləşməsi isə Ermənistanla Azərbaycan arasında gələcək üçün etimadın əsaslarının möhkəmlənməsinə xidmət edəcək: “Beləliklə, biz üçtərəfli işçi qrupu çərçivəsində bu məsləhətləşmələri davam et­dirməkdə israrlıyıq”.

Göründüyü kimi, M.Qaluzinin bildirdikləri Zəngəzur dəhlizinin Rusiya üçün də önəmini vurğu­lamaqdadır. Onun “Meğri marş­rutu” ifadəsinə üstünlük verməsi isə anlaşılandır. Çox güman ki, diplomat Zəngəzur dəhlizi deyi­minin Ermənistanda doğurduğu mənfi assosiasiyanı nəzərə alır və İrəvanı qıcıqlandırmaqdan uzaq durur ki, məsələyə soyuq başla yanaşma meydana çıx­sın. Amma məlumdur ki, rəsmi İrəvanda bu yanaşma yoxdur. Ermənistan Azərbaycanın irəli sürdüyü, Türkiyənin və indi daha yaxşı göründüyü qədərilə Rusi­yanın dəstəklədiyi layihənin re­allaşmasına qarşı çıxır, məsələ­ni ərazilərinin işğalı kontekstində dəyərləndirir. Hər halda, ölkənin hakim siyasi dairələrinin söy­lədiklərindən bu qənaət hasil olmaqdadır. Nəticədə iş o yerə çatır ki, Azərbaycanın digər böl­gələrini Naxçıvanla birləşdirən yolun İran ərazisindən keçməsi planından söz açılır. Bu gedişat kimə sərf eləsə də, Rusiyanı qə­tiyyən qane etmir. Diqqət edək, nə üçün? 

Fikrimizin təsdiqi üçün Azər­baycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatının 9-cu bəndini xatırladaq: “Bölgə­dəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənis­tan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklə­rin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Mux­tar Respublikası arasında nəq­liyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçi­rirlər. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayon­larını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası tə­min ediləcək”.

Birincisi, bu bəyanatda Rusi­ya liderinin imzası var və demək olar ki, yerinə yetirilməsi ölkə üçün vacibdir. Həm də ona görə ki, imza Moskva qarşısında öh­dəlik yaradır. Təbii ki, bəyanat­da Ermənistan baş nazirinin də imzası yer alır. Yəni, onun da öhdəliyi var. Amma, bir qayda olaraq, Nikol Paşinyan öhdəlik­dən yayınmaq da, belə demək mümkünsə, püxtələşib. İkincisi, Ermənistanın Qarabağ avantü­rası tarixə qovuşduqdan sonra bölgədəki Rusiya sülhməram­lılarının orada qalmaları məna­sızlaşacaq. Yəni, onların ərazidə mövcudluqlarının heç bir anla­mı olmayacaq. Belədə üçtərəfli Bəyanatdakı “nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata ke­çirirlər” ifadəsi son dərəcə cid­di tutacaq yerdir. Yəni, Moskva Cənubi Qafqazda varlığını məhz mövcud kontekstdə sürdürə bilər. Həm də nəzərə alaq ki, sözüge­dən marşrut İranla sərhədin qo­runması anlamı daşıyır ki, bu da Rusiya üçün son dərəcə mühüm məsələdir. Üçüncü bir məqam da aktualdır. İndiki durumda Rusiya­nın özü də bu logistik əlaqənin qurulmasında maraqlıdır. Çünki Ukrayna müharibəsi səbəbindən ölkə beynəlxalq aləmdən təcrid durumdadır və Zəngəzur dəhlizi təcridin ağır şərtlərini xeyli mini­mallaşdırmaq nöqteyi-nəzərin­dən vacibdir. 

İndi isə gələk, Rusiyanın Er­mənistanı inandırması metodu­na. Onu deməliyik ki, Ermənista­nın hazırkı anti-Rusiya ovqatının Zəngəzur dəhlizi məntiqinə qarşı çıxma göstəricisi də aktuallığını qorumaqdadır. Əlbəttə, nəzərə almalıyıq ki, Azərbaycanı Nax­çıvanla birləşdirəcək quru yol İran ərazisindən keçsə, bundan Ermənistan heç nə udmayacaq. Ancaq İrəvan öz gəlirini düşü­nüb müstəqil qərar vermək po­tensialından uzaqdır. Ölkə daha çox Qərbin “sifarişlərini” yerinə yetirməklə məşğuldur. “Sifariş” isə Rusiyanın Cənubi Qafqaz­dan sıxışdırılmasıdır. Bu səbəb­dən Moskvanın İrəvanı hansı yolla Zəngəzur dəhlizinə, M.Qa­luzinin təbirincə desək, “Meğri marşrutu”nun vacibliyinə inan­dırması maraqlıdır. Hər halda Rusiya XİN başçısının müavini­nin haqqında söz açdığı üçtərəfli işçi qrupu platformasının bunun üçün o qədər də təkmil müstəvi sayılmadığı ortadadır. 

Ə.RÜSTƏMOV
XQ

Siyasət