“Əsas məqsəd ölkəmizin imicini qorumaqdır”

post-img

“Paris-2024”də də idmançılarımızın test nümunələri Köln laboratoriyasında yoxlanılacaq

Dünyanın ən nüfuzlu idman yarışları olan Parisdə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarına 1 ildən az qalıb. Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) olaraq əsas məqsədimiz Azərbaycanın idman imicini qorumaq, təmiz və ədalətli idman prinsiplərinə sadiqlik nümayiş etdirməklə idmançıların hüquqlarını qorumaqdır. 

Bu sözləri “Xalq qəzeti”nə açıqlamasın­da Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli bildirdi. Agentliyin dördilliyin zirvə yarışlarına ciddi hazırlaşdığını diqqətə çatdıran Ş.Hüsey­nli dedi ki, dopinqlə mübarizə sahəsində kompleks tədbirlər həyata keçirilir. İdman­çılar arasında maarifləndirmə işinin aparıl­ması Ümumdünya Antidopinq Agentliyinin (WADA) əsas tələblərindən hesab olunur. Təbii ki, rəhbərlik etdiyim qurum da bunu nəzərə alaraq maarifləndirmə işinə xüsusi önəm verir. Cari ilin ilk doqquz ayı ərzində idman federasiyalarının nümayəndələri, idmançılar və onların köməkçi heyəti üçün bu tipli 80-dək tədbir təşkil olunub. Bu təd­birlərdə 2 min 700-dək şəxsə təmiz idman dəyərləri, ədalətli idman prinsiplərinə sadiq­lik, dopinqin zərərləri, narkotikdən istifadə­nin fəsadları haqqında ətraflı məlumat ve­rilib. Sonda həmin şəxslərin bilikləri xüsusi sorğular vasitəsilə yoxlanılıb. Hazırda maa­rifləndirmə işi davam etdirilir. Maarifləndir­mə tədbirləri paytaxtla yanaşı, bölgələri də əhatə edir.

“AMADA-nın fəaliyyətə başladığı 2016-cı ildən idmançılardan götürülən test nümunələri Köln şəhərindəki Almaniya İd­man Universitetinin Biokimya İnstitutunun laboratoriyasında yoxlanılır. Həmin labora­toriya WADA tərəfindən xüsusi lisenziyaya malikdir. Bunu xüsusi vurğulamaq istərdim ki, test nümunələrinin WADA-nın akkredi­tasiyasından keçmiş laboratoriyalarında yoxlanılmasına icazə verilir. Hazırda bizə bir çox inkişaf etməkdə olan ölkələrin labo­ratoriyalarından əməkdaşlıqla bağlı təkliflər daxil olur. İllərin təcrübəsinə əsaslanaraq Azərbaycan idmançılarının test nümunələ­rinin Köln laboratoriyasında yoxlanılmasını məqsədəuyğun hesab edirik. Məhz həmin laboratoriya ilə əməkdaşlıq nəticəsində Azərbaycan idmançılarının test nəticələrin­də şəffaflığa nail oluruq. Azərbaycan Prezi­denti İlham Əliyevin sərəncamı ilə yaradılan AMADA-nın fəaliyyətə başlamasından son­ra idmançılarımız arasında dopinq qayda pozuntularının sayının xeyli azaldığının şa­hidi olmuşuq. Agentliyimiz həmişə ölkəmiz­də təmiz idmanının inkişafına töhfə verməyi qarşısına məqsəd qoyub”, – deyə Ş.Hüsey­nli əlavə etdi.

“Paris-2024” Yay Olimpiya və Para­limpiya Oyunlarında Azərbaycan idman­çılarının təmiz idman dəyərlərinə sadiqlik nümayiş etdirəcəyinə əminliyini ifadə edən AMADA-nın direktoru Fransa paytaxtında təmsilçilərimizin uğurla çıxış edib üçrəng­li bayrağımızı dalğalandıracaqlarına və Azərbaycan Respublikasının Dövlət Himni­ni səsləndirəcəklərinə inandığını vurğuladı. 

Leyla QURBANOVA
XQ



İdman