XİN: Mühüm görüşlər, vacib müzakirələr

post-img

Oktyabrın 9-da xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb.

Görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəli­yi, regiondakı mövcud vəziyyət, Azərbay­can ilə Ermənistan arasında normallaşma prosesi, Azərbaycanın Qarabağ bölgə­sində yaşayan erməni sakinlərin reinteq­rasiyası istiqamətində ölkəmiz tərəfindən atılan addımlar barədə fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov ölkəmizin ərazisində qanunsuz mövcudluğunu da­vam etdirən erməni silahlı qüvvələrinin növbəti təxribatlarına cavab olaraq baş­layan antiterror tədbirləri, onları şərtlən­dirən səbəblər barədə qarşı tərəfi məlu­matlandırıb. 

Görüşdə nazir Ceyhun Bayramov, həmçinin Azərbaycan hökuməti tərəfin­dən ölkəmizin Qarabağ bölgəsində ya­şayan erməni sakinlərin reinteqrasiyası üzrə aparılan işlər barədə məlumat verib, hazırda tərəfimizdən yaradılmış elektron portal vasitəsilə yerli erməni sakinlərin qeydiyyatı prosesinin aparıldığını diqqətə çatdırıb.

Erməni sakinlərin Azərbaycan ərazisi­ni tərk etməsinin onların könüllü və fərdi qərarı əsasında baş verdiyi, bu addımın hər hansı bir məcburi yerdəyişmə ilə heç bir əlaqəsinin olmadığı, bunun həm Er­mənistan baş naziri, həm də beynəlxalq təşkilatlar tərəfindən təsdiqləndiyi diqqətə çatdırılıb. 

Ermənistan hökuməti tərəfindən səs­ləndirilən qondarma “etnik təmizləmə” ilə bağlı bəyanatların Azərbaycanın yerli ermənilərin reinteqrasiyası prosesini poz­mağa yönəldiyi bildirilib.

***

Ceyhun Bayramov Tacikistanın xa­rici işlər naziri Sirojiddin Muhriddin ilə görüşüb.

Dünən xarici işlər naziri Ceyhun Bay­ramov İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin Şuşada keçiriləcək 27-ci İclasında iştirak məqsədilə Azərbay­canda səfərdə olan Tacikistan Respubli­kasının xarici işlər naziri Sirojiddin Muh­riddin ilə görüşüb.

Görüş zamanı Azərbaycan və Taci­kistan arasında ikitərəfli əməkdaşlıq gün­dəliyinin aktual məsələləri, çoxtərəfli plat­formalarda əməkdaşlıq, habelə regional məsələlər müzakirə edilib.

***

Oktyabrın 9-da Azərbaycan Res­publikasının xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşki­latının Nazirlər Şurasının 27-ci iclası çərçivəsində ölkəmizdə səfərdə olan İran İslam Respublikasının xarici işlər nazirinin müavini Mehdi Səfərini qəbul edib.

Görüş zamanı Azərbaycan-İran mü­nasibətlərinin gündəliyində duran bir sıra məsələlər müzakirə olunub və son dövrlər həyata keçirilən qarşılıqlı yüksək səviyyə­li səfərlərin və görüşlərin münasibətlərin daha da irəli aparılmasına öz müsbət töhfəsini verdiyi vurğulanıb.

***

Oktyabrın 9-da Azərbaycanın sədr­liyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərinin yüksək səviyyəli rəs­milərinin görüşü keçirilib. Tədbir xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin sədrliyi ilə baş tutub.

Görüşə oktyabrın 10-da Şuşa şəhə­rində keçiriləcək İƏT-in Xarici İşlər Na­zirləri Şurasının 27-ci iclasına hazırlıq və təşkilatçılıq məsələləri, habelə tədbirin gündəliyində duran sənədlər müzakirə olunub.

XQ





Son xəbərlər