İttifaq MİRZƏBƏYLİ
[email protected]
Azərbaycanın son günlərdəki uğurları böyük Tofiq Fikrətin bu inamını yada salır
Doğrusu, Azərbaycanın son üç ildə nail olduğu genişmiqyaslı tarixi uğurları başqaları kimi mən də heç zaman ağlıma belə gətirə bilməzdim. Çünki düşmənin qaniçənlik, terrorçuluq, təxribatçılıq “təcrübəsi” də çox idi, qahmar çıxanları da. Üstəlik, düşmən otuz il əsarətdə saxladığı torpaqlarımızda bir-birindən möhkəm olan çoxsaylı istehkamlar, özlərinin də fəxr etdiyi kimi “Ohanyan sədləri” qurmuşdu. Onları adlamaq mümkünsüz görünürdü.
Bizim hansısa məqsədə çatmağımızı “mümkünsüz edən” xarici amillər də çox idi. Bir tərəfdən, Rusiya öz vassalının ayaq üstdə durması üçün gah açıq, gah da gizli havadarlıq edir, digər tərəfdən Qərb və Avropa Azərbaycanla dostluqda, əməkdaşlıqda maraqlı olsa da, anti-Türk, anti-Azərbaycan, anti-İslam əhval ruhiyyəsindən qopa bilmir, orta əsrlərdəki “Xaç yürüşləri”ni müasir ideoloji və texniki vasitələrlə davam etdirirdi. Bu yandan da İran Türk dünyasının tərəqqisini həzm edə bilmirdi. Yəni Azərbaycanın öz hüquqlarını qoruya bilməsi, ərazi bütövlüyünə nail olması mümkünsüz görünürdü.
Ona görə də biz on illər idi ki, Türkiyənin istiqlal şairi Tofiq Fikrətin qətiyyətli çağırışlarla dolu olan məşhur şeirini xatırlayaraq köks ötürürdük:
Çeynəndi yetər, varlığımız cehl ilə qəhrə,
Doğrandı mübarək Vətənin bağrı səbəbsiz.
Birlikdə bu gün bulmalıyız dərdinə çarə,
Can qardaşı, qan qardaşı, şan qardaşıyız biz.
Millət yoludur, haqq yoludur tutduğumuz yol,
Ey Haqq, yaşa, ey sevgili millət, yaşa, var ol!
Ancaq zaman gəldi, biz cahillərin varlığımızı çeynəməsinin, mübarək Vətənin bağrının səbəbsiz yerə doğranmasının çarəsini birlikdə tapdıq. Can qardaşlarının, qan qardaşlarının, şan qardaşlarının millət yolunda, haqq yolunda apardığı mübarizə haqqı da yaşatdı, milləti də var etdi. Biz çoxsaylı dəstəyi olan şərə qalib gəldik və bütün dünyaya sübut etdik ki, Azərbaycan xalqı məğlubedilməz xalq, dövlət başçımız isə müasir dünyanın ən qətiyyətli liderlərindən biridir.
Mən Rusiya Prezidenti Vladimir Putinin Valday Beynəlxalq Diskussiya Klubunun (həmin tribuna bizə hələ İkinci Qarabağ müharibəsindən əvvəl də yaxşı tanışdır) plenar iclasında söylədiyi fikirləri eşidəndən sonra bu sətirləri qələmə almaq qərarına gəldim. Rusiya Prezidenti dedi ki, Qarabağın Azərbaycan ərazisi kimi statusu müəyyən ediləndən sonra sülhməramlılarımızın statusu keyfiyyətdə dəyişikliyə uğradı: “Azərbaycan Prezidenti mənə dedi ki, sizin sülhməramlılar bizim ərazimizdə yerləşir. Gəlin, indi onların statusu ilə bağlı ikitərəfli əsasda danışaq. Ermənistan baş naziri Paşinyan da bunu təsdiq etdi, bəli, siz indi ikitərəfli əsasda razılaşmalısız. Yəni ki, Qarabağ getdi... İndi bu status haqqında nə istəsən demək olar. Bu, əsas məsələ idi, ötən on illiklər ətrafında hər şey o statusun ətrafında fırlanırdı. Bitdi. Ermənistan onu həll etdi. Qarabağ rəsmən Azərbaycanın tərkibinə keçdi. Müasir Ermənistan dövlətinin mövqeyi belə oldu. Biz nə edə bilərik ki?”
Yəni Rusiya artıq ədalətli mövqe nümayiş etdirir. Halbuki, 2021-ci ilin yayında Rusiya müdafiə naziri Ermənistan müdafiə naziri ilə görüş zamanı söyləmişdi ki, Ermənistana Rusiya silahlarının göndərilməsi prosesi başlamışdır. Ona görə də avqustun 14-də Azərbaycan Prezidenti Rusiya rəhbərliyinə mesaj göndərmişdi: “Kremldən gözləntimiz odur ki, Rusiya Ermənistanı silahlandırmasın. Biz bu məsələni Rusiya tərəfinə çatdırmışıq. Bu, bizi narahat edir”.
Deməli, Tofiq Fikrətin “Zülmün topu var, gülləsi var, qələsi varsa,
Haqqın da bükülməz qolu, dönməz üzü vardır” fikrini birbaşa Azərbaycan həqiqətlərinə tətbiq edə bilərik.
Hələ bu, harasıdır? Azərbaycanın Xarici İşlər Nazirliyi Emmanuel Makronun Qranadadakı mətbuat konfransında Bakının sentyabrın 19-da apardığı lokal antiterror əməliyyatına şər atmaq, həmin əməliyyatları, az qala, Fransanın Afrikada törətdiyi vəhşiliklərdən də betər olduğunu sübut etmək cəhdlərinə görə onu başa saldı ki, ağlınızı başınıza yığın: “Azərbaycanla təzyiq dilində danışmaq mənasız və qəbuledilməzdir”.
Onu da xatırladaq ki, bədxahlarımız əvvəllər də Azərbaycanla təzyiq dilində danışırdılar. Sonra nə oldu? Bədxahlarımızın neyləməsindən asılı olmayaraq, ermənilər bizim dediklərimizi etməli oldular.
Dövlət başçımız sentyabrın 20-də xalqa müraciətində ermənilərin bizim dediklərimizlə razılaşdıqllarını aydın şəkildə dilə gətirmişdir: “Artıq qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma prosesi başlamışdır. O cümlədən, onlar bizim şərtimizi qəbul edərək silahların da təhvil verilməsinə başlamışlar. Sual olunur: Bu vəziyyətə gətirib çıxarmaq kimə xeyir gətirdi? Axı, İkinci Qarabağ müharibəsindən dərhal sonra biz haqlı narahatlığımızı ifadə edərək dəfələrlə Ermənistan rəhbərliyinə, onların xaricdəki havadarlarına və digər tərəflərə müraciət edərək deyirdik ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qalması qanunsuzdur və buna son qoyulmalıdır... Qarabağ Azərbaycan ərazisidir və bunu bütün dünya tanıyır, o cümlədən, Ermənistan rəhbərliyi artıq bunu başa düşüb. Əgər vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyirdisə, indi “Qarabağ Azərbaycandır” deyir və nəinki deyir, hətta bizim ərazimizin ölçülərini də dilə gətirməyi unutmur”.
Sonda – TASS xəbər verir ki, Ermənistan baş naziri Nikol Paşinyan Qranadada keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Aİ, Almaniya və Fransa ilə görüşdə bəyannamə imzalayıb. Aİ Şurasının yaydığı həmin sənəddə deyilir ki, “Tərəflər Ermənistanın (29 800 kv. km) və Azərbaycanın (86 600 kv. km) suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün səylərə sadiq qalırlar”.
Fikrimcə, burada “İlan ulduz görməyincə ölməz” – deyimi də yada düşür, Tofiq Fikrətin yuxarıda xatırlatdığımız şeiri də. Hər halda, zalımın, zülmkarın nəyi olsa da, “Haqqın da bükülməz qolu, dönməz üzü vardır.”