Baş nazirin müavini Şahin Mustafayev İranın yol və şəhərsalma naziri ilə görüşüb

post-img

Oktyabrın 6-da Bakıda Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ilə İran İslam Respublikasının yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfdən həmsədri Mehrdad Bəzrpaş arasında görüş keçirilib.

Tərəflər bu gün Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında təməlqoyma mə­rasiminin keçirilməsi, müvafiq inşaat işlərinə başlanılması və inşa ediləcək yeni dəmir yolu xətti və körpülərinin planlarının müzakirəsi ilə bağlı məmnun­luqlarını ifadə etdilər.

İki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçi­rilmiş görüşdə Azərbaycan­la İran arasında nəqliyyat və kommunikasiya, enerji və su ehtiyatlarından istifadə ilə bağlı ikitərəfli gündəlikdə du­ran aktual məsələlər müzakirə edildi. 

Tərəflər regionun tranzit cəlbediciliyinin artırılmasının önəmini qeyd edərək, “Şi­mal-Cənub” dəhlizinin vacib komponenti olan Astaraçay üzərində inşa edilmiş körpü­nün yaxınlaşma yollarının tikintisi və sərhəd-gömrük inf­rastrukturunun yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyini vurğu­ladılar. 

Eyni zamanda, Astara yük terminalının tikintisinin tezliklə başa çatdırılması üçün dövlət qurumlarına müvafiq tapşırıq­lar verildi. 

Görüşdə, həmçinin “Xu­dafərin”, “Qız qalası” və “Or­dubad-Marazad” hidroqo­vşaqlarının və su elektrik stansiyalarının tikintisi la­yihələrinin tezliklə yekunlaşdı­rılması məqsədilə işlərin sürət­ləndirilməsinin vacibliyi qeyd edildi.

Danışıqların yekunlarına görə, iki ölkə arasında aşağı­dakı sənədlər imzalandı:

- İran İslam Respublika­sının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur İqtisadi Rayo­nu ilə Naxçıvan Muxtar Res­publikası arasında yeni dəmir yolu xəttinin və dəmir yolu körpülərinin tikintisi haqqında Niyyət Protokolu;

- Azərbaycan-İran dövlət sərhədində Ağbənd (Azər­baycan Respublikası) - Kə­lalə (İran İslam Respublikası) dövlət sərhədinin buraxılış məntəqələrində Araz çayı üzə­rində avtomobil sərhəd kör­püsünün və piyada keçidinin tikintisinə dair Birgə İşçi Qru­pun həmsədrlərinin görüşünün Protokolu.

XQ

Son xəbərlər