“Politico” Qranadadakı Zirvə toplantısını əhəmiyyətsiz sayır
Məlum olduğu kimi, oktyabrın 5-də Avropa Siyasi Birliyinin Qranadada üçüncü Zirvə toplantısı təşkil edildi. Tədbir Azərbaycan üçün də önəmli ola bilərdi. Çünki orada Prezident İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə görüşün təşkili planlaşdırılırdı. Görüşdə, eyni zamanda, Fransa Prezidenti Emmanuel Makronun və Almaniya Kansleri Olaf Şoltsun iştirakı nəzərdə tutulmuşdu.
Lakin Azərbaycan Prezidenti görüşə qatılmaqdan imtina etdi. Ona görə ki, ölkəmizin, belə demək mümkünsə, “beşli masa”nı Türkiyə ilə “altılı masa”ya çevrilmək təklifi keçmədi. Belədə beşli masa dördlü masaya çevrildi. Nüfuzlu “Politoco” nəşri Qranada Sammiti ilə bağlı məqaləsində məsələyə geniş yer verib. Nəşrin üçüncü zirvə toplantısına münasibətdə gündəmə gətirdiyi fiasko məntiqində də başlıca səbəb elə vurğuladığımız məqamdır.
Bəli, “Politico” yazır ki, Avropanın 50-yə yaxın ölkəsinin liderlərinin, onların köməkçilərinin və digər rəhbər şəxslərinin, həmçinin yüzlərlə jurnalistin qatıldığı Avropa Siyasi Birliyinin üçüncü zirvə toplantısı fiaskoya uğradı. Nəşrin bildirdiyinə görə, toplantıya yığışanlar Avropanın astanasında olan münaqişələrin, yaxud hansısa digər regional problemin həllində əhəmiyyətli irəliləyiş əldə edə bilməyiblər.
“Politico” yazır ki, Fransa prezidenti Emmanuel Makronun layihəsi olan Avropa Siyasi Birliyi ideyası, indiki halda bu platformanın üçüncü zirvə toplantısı Ermənistan və Azərbaycan arasında sülhə nail olmaq, Balkanlarda gərginliyi azaltmaq və qitənin təhlükəsizliyinə dair strateji söhbətlər aparmaq imkanı kimi təqdim edilib. Avropa liderləri ABŞ-ın Ukraynaya yardımı ilə bağlı narahatlıqlar fonunda, Avropanın dəstəyini hiss etdirmək üçün Qranadada olan Ukrayna Prezidenti Vladimir Zelenskinin ətrafında dolaşsalar da, əsas oyunçuların olmaması səbəbindən, digər münaqişələrdə irəliləyiş əldə edə bilmədilər.
Nəşrin diqqət yetirdiyi başlıca məqamlardan biri Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan üçüncü zirvə toplantısında iştirak etməməsi idi. Bu isə “Politico”nun fikrincə, Qarabağdakı humanitar böhranın həlli üçün hərəkətə keçmək ümidlərini puça çıxardı. Halbuki, liderlər Azərbaycanın bölgədə, 100 min qaçqının (?) ölkəni tərk etməsinə səbəb olan, ildırım sürətli hücumundan sonra Prezident İlham Əliyevlə baş nazir N.Paşinyan arasında ilk görüşü keçirməyə ümid bəsləyirdilər.
Nəşr bildirir ki, Azərbaycan Fransanı danışıqlarda qərəzli olmaqda ittiham etdiyindən, Prezident İlham Əliyev Qranadaya getmədi. Amma ümumən Bakı son nəticədə danışıqlara razıdır, bir şərtlə ki, proses ancaq Avropa İttifaqının himayəsi altında Brüsseldə gerçəkləşsin. Nüfuzlu Avropa nəşri bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “X” sosial şəbəkəsində bildirdiklərinə istinadən yazıb.
“Politico” toplantıda Kosovo və Serbiya arasındakı gərginliyi aradan qaldırmaq cəhdlərinin də Azərbaycan–Ermənistan münasibətlərinin tənzimlənməsi kimi, nəticəsiz qaldığından söz açıb. Nəşr bu baxımdan Kosovo Prezidenti Vjosa Osmaninin mövqeyi üzərində dayanıb. Mövqe isə bundan ibarətdir ki, o, Belqrada qarşı sanksiyaların tətbiq edilməyəcəyi təqdirdə, serb həmkarı Aleksandr Vuçiçlə danışıqlardan imtina qərarını verib.
“Politico” bu qənaətdədir ki, qeyri-rəsmi sammitin mənasızlığı ev sahibi ölkənin – İspaniyanın 700-ə yaxın jurnalist üçün toplantının gözlənilən məqamlarına dair əvvəlcədən planlaşdırılmış mətbuat konfransını son anda ləğv etdikdə özünün pik həddinə çatıb. Halbuki, mətbuat konfransında İspaniya qəbul edilən bəyanatların mətnini açıqlamalı, həmçinin Avropa Siyasi Birliyinə rəhbərliyin özündən Böyük Britaniyaya keçdiyini rəsmən təsdiqləməli idi.
Nəşr liderlərin sammitə həvəssizliyi məsələsinə də diqqət yetirib. Media orqanının yazdığına görə, bu, günün əvvəlindən açıq-aydın görünürdü. Bir çox dəvətlilər jurnalist kütləsi ilə fikirlərini bölüşməkdən çəkindilər. İtaliyanın baş naziri Corcio Meloni isə sən demə, mediaya münasibətdə lap saymazyana davranıbmış. Xanım baş nazir jurnalistlərin qarşısından mobil telefonla danışa-danışa keçibmiş. Bundan başqa nə Almaniya Kansleri Olaf Şolts, nə də Böyük Britaniyanın baş naziri Rişi Sunak mətbuata açıqlama verib. Öz növbəsində Avropa Siyasi Birliyinin yaradılması ideyasını verən Fransa lideri E.Makronun da media təmsilçilərinə deyəcək heç nəyi yox idi.
“Politico” Makronun yalnız günün sonuna yaxın mətbuat konfranslarının birində tədbirlə bağlı danışmaq üçün özündə cəsarət tapdığına diqqət çəkib. O, Avropa Siyasi Birliyinin 47 üzvü arasında kibercinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığı gücləndirmək məsələlərindən söz açıb. Ən əsası isə Makron görüşün faydalılığına sübut kimi, Azərbaycanın olmadığı şəraitdə, Ermənistanla aparılmış danışıqların faydalarını reklam etməyə girişib. Bəli, reklam etmək. Nəşrin qənaəti məhz belədir. Aydın görünür ki, “Politico” mövcud istiqamətdəki danışıqları əhəmiyyətsiz saymaqdadır...
Fransa Prezidenti ABŞ-ın Ukraynaya yardımı gecikdirməsi ilə bağlı suala cavab olaraq, Birləşmiş Ştatların Kiyevə milyardlarla dollarlıq dəstəyini, habelə Aİ-nin töhfəsini böyük tamamlayıcı faktor adlandırıb. Lakin bir qədər də populist tonlarla xəbərdar edib ki, mövcud durum “Avropa səfərbərliyimizi əvəz edə bilməyəcək”. “Politico” Avropa Siyasi Birliyi ideyasının orijinallıq məntiqini irəli sürən Makrona, Əlhambrada axşam turu üçün liderlərə qoşulmazdan əvvəl, jurnalistlərdən həmişəkindən daha az sual ünvanlandığını da nəzərəçarpan mənfi hal olaraq vurğulayıb. Nəşrin qənaəti belədir ki, bu durum tədbirə və ideyaya olan marağın zəifləməsindən xəbər verir.
Qeyd edək ki, İspaniya Administrasiyası Avropa Siyasi Birliyinin üçüncü Zirvə toplantısı ilə bağlı əsas mətbuat konfransının niyə ləğv edildiyinə izahat verməkdən yayınıb. Aİ diplomatlarından birinin sözlərinə görə, bu halın yaşanmasında “heç bir fundamental problem” yox idi və mətbuat üçün bəyanatlara, demək olar, ehtiyac qalmamışdı: “Bu, mini BMT-dir. Bu, liderlərin hərəkətə keçə və sövdələşmələr bağlaya biləcəyi bazardır”.
Onu da deyək ki, E.Makron Rusiya–Ukrayna münaqişəsi başlandıqdan sonra, konkret olaraq 2022-ci ilin mayında Avropa Siyasi Birliyi ideyasını işə salıb. O zaman bu təşəbbüs xeyli ambisiyalı görünüb. Hesab edilib ki, mövcud platforma liderlər üçün sadəcə Davos İqtisadi Forumu kimi bir yer olmayacaq, eyni zamanda, onlara “əməkdaşlıq üçün yeni məkan” yaratmaq, sülh və təhlükəsizliyin daha əzmlə təşviqi müstəvisinə çevriləcək.
Ancaq məlumdur ki, ASB münaqişələrin həllində az irəliləyiş əldə etdi. Danışıqlarda əsas diqqət miqrasiya məsələlərinə yönəldi. Elə indi də belə oldu. Nəzərə alaq ki, bu, Britaniya lideri Rişi Sunak üçün başlıca mövzudur. Çünki onun ölkəsinin məlum “Brexit”dən sonra məsələni Avropa dövlətləri ilə müzakirə imkanı yoxdur. Makronun bildirdiyinə görə, zirvə toplantısı çərçivəsində R.Sunak, C.Meloni (İtaliyanın baş naziri) və Albaniyanın baş naziri Edi Rama arasında keçirilən görüşdə tranzit ölkələrində məlumat mübadiləsi və insan alverinə qarşı əməliyyatlar üzrə əməkdaşlığı artırmaq üçün öhdəliklər götürülüb. “Politico” yalnız bu cəhəti oktyabrın 5-də keçirilmiş toplantının başlıca uğuru kimi qiymətləndirib.
Sonda ümumən qeyd edək ki, aparılan bir sıra təhlillər Almaniyada Angela Merkelin hakimiyyətinin sona çatması ilə Avropada liderlik probleminin yarandığını göstərib. Mövcud kontekstdə Fransa Almaniyadan boş qalan yeri doldurmağı hədəfləyən siyasət yürüdüb. ASB ideyası da bundan qaynaqlanıb. Əslində, Parisin gərgin diplomatik səyləri ilə fəaliyyətə başlayan yeni mexanizm Avropanın dünya siyasətində nüfuzunun artırılmasını qarşısına məqsəd qoyub. Fransa Prezidenti Makron üçün məsələ çox vacibdir. Ona görə ilk növbədə ASB Makronun Avropa siyasətində və dünya diplomatiyasında liderlik mövqeyini gücləndirmək cəhdi kimi qiymətləndirilib.
Onu da nəzərə alaq ki, bu platformanın toplantıları son illərdə dünya diplomatiyasında təsiri azalan Fransa və bu mövzuda tənqidlərə məruz qalan Makron üçün xüsusi məna və əhəmiyyət kəsb edir. “Politico” haqqında söz açdığımız məqaləsi ilə göstərdi ki, tədbirə maraq aşağı səviyyədədir. Yəni, toplantı elə bir mühüm məna yükü daşımır. Azərbaycan isə Türkiyənin Bakı–İrəvan danışıqlarında iştirakı təklifini irəli sürməklə, həm də onu sübut etdi ki, aşkar ermənipərəst mövqe tutan Makron Fransasının Avropa liderliyini qəbul etmir.
Ə.RÜSTƏMOV
XQ