İşğalın nəticələri aradan qalxdıqca taxılçılıq yenidən dirçəldilir
İşğal altında olan torpaqlarımızın əkin dövriyyəsinə daxil edilməsi məhsul istehsalının artırılmasına mühüm təsir göstərir. Bu istiqamətdə tədbirlər “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2021-ci il 27 aprel tarixli fərmanının icrası çərçivəsində həyata keçirilir.
Sənədə uyğun olaraq ərazilərin minalardan təmizlənməsi prosesinə paralel olaraq kənd təsərrüfatı əkinlərinin aparılması işləri görülür. Bu vaxt hər bir iqtisadi rayonun təbii-iqlim şəraiti nəzərə alınır. Ötən müddətdə bu istiqamətdə müəyyən işlər görülüb. Füzuli, Zəngilan, Qubadlı rayonlarında, o cümlədən Laçının bir hissəsində taxıl əkilib. Keçən il 50 min hektardan məhsul yığılıb. Bu il isə 70 min hektar sahədə taxıl biçini həyata keçirilib.
Ərazilərin minalardan təmizlənməsi işləri genişləndikcə, məskunlaşma artdıqca taxıl əkininə ayrılan sahələrin 100 min hektara çatdırılması gözlənilir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində deyib: “Düzdür, məhsuldarlıq çox aşağıdır, bu da təbiidir. Çünki uzun illər bu torpaqlar istifadəsiz qalmışdır, suvarma da yoxdur, dəmyə şəraitində taxıl yetişdirilir və birinci ildir ki, əkin aparılmışdır. Ona görə hektardan orta məhsuldarlıq, təqribən, 1 tondan aşağıdır. Ancaq əminəm ki, növbəti illərdə məhsuldarlıq və əkin sahələri artacaq. Mən hesab edirəm ki, biz azad edilmiş torpaqlarda taxılçılıq üçün, ən azı, 100 min hektarı dövriyyəyə buraxmalıyıq və əlbəttə ki, bütün müasir aqrotexniki tədbirlərin görülməsi, o cümlədən suvarma məsələlərinin düzgün təşkil edilməsi şərtilə”.
Ermənistan tərəfindən bu ərazilərdə ekoloji fəlakət yaradılıb, əkinə yararlı torpaqlar deqradasiyaya uğradılıb. Torpaqların bərpa edilməsi, yenidən əkinçilik mədəniyyətinin formalaşdırılması üçün vaxt lazımdır. Bu istiqamətdə tədbirlər görülür. Yararsız torpaqların keyfiyyətinin yaxşılaşdırılması üçün innovasiyalar və texnologiyalar tətbiq edilir. Rayonlara uyğun sertifikatlaşmış taxıl sortlarının seçilməsi itiqamətində işlər görülür. Suvarma, yemləmə gübrələrinin verilməsi, alaqlarla və zərərvericilərlə mübarizə tədbirlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsi istiqamətində addımlar atılır.
Mütəxəssislərin fikrincə, təqribən, 3-4 il ərzində həm əkin sahəsini, həm də məhsuldarlığı artırmaqla buğda istehsalı 300 tona çatdırıla bilər. Bu isə əhalinin etibarlı ərzaq təminatına mühüm töhfə deməkdir. Çünki taxılçılıq əhalinin çörək və çörək məmulatlarına olan tələbatını ödəməklə yanaşı, həm də heyvandarlığın qüvvəli və qaba yemə tələbatının ödənilməsində mühüm rol oynayır.
Qarabağda heyvandarlıq da aparıcı sahə olacaq. Çünki maldarlığın inkişaf etdirilməsi üçün çox münbit iqlim və təbii şərait var. Bu, həmin ərazilərdə otlaq və yaylaqların üstünlük təşkil etməsi və tarixən təsərrüfatçılıq ənənələrinin olması ilə bağlıdır.
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, bölgədə 1980-ci illərdə 321 min qaramal və 1,1 milyon davar mövcud olub. Hazırda onların sayının qaramal üzrə 430 minə və davar üzrə isə 1,6 milyona çatdırılması nəzərdə tutulub. Bu məqsədlə iri fermaların qurulacağı gözlənilir.
Heyvandarlıq sahəsinin inkişafı isə ölkənin ət və süd məhsulları ilə təminatı baxımından xüsusi önəm kəsb edir. Belə ki, bölgədə, təqribən, 45 min ton ət və 240 min ton süd istehsalının olacağı proqnozlaşdırılır. Bu da idxalın əvəzlənməsi və ərzaq təhlükəsizliyinin gücləndirilməsi baxımından regionun əhəmiyyətinin böyük olmasını bir daha göstərir.
Ə. PÜNHAN
XQ