Bu çəmənlərdə 300 min arı ailəsi saxlamaq olar
Azərbaycanın ərazisi təbii-iqlim şəraiti baxımından arıçılığın inkişafı üçün əlverişlidir. Zəngin bitki örtüyü bal istehsalı üçün geniş imkan yaradır. Arıçılıq iqtisadi cəhətdən yüksək rentabelli fəaliyyət sahəsi, əhalinin sağlamlığını qoruyan qida mənbəyidir.
Mütəxəssislər göstərirlər ki, arıçılıq həm də kənd təsərrüfatının digər sahələrində məhsuldarlığı artıran ekoloji amildir. Bu sahənin genişləndirilməsi ətraf mühitin heç bir resursunu azaltmır. Əksinə, arı ailələrinin çoxluğu biomüxtəlifliyin qorunmasına, kənd təsərrüfatı bitkilərinin tozlandırılmasına səbəb olur. Bununla keyfiyyət və məhsuldarlıq yüksəldilir.
İşğaldan azad edilən ərazilərdə də arıçılığın inkişafı üçün bu amillər qədərincədir. Bu torpaqlarda, təxminən, 300 min arı ailəsi saxlamaq olar. Daha çox Kəlbəcər və Laçın ərazisi, tarixən, arıçılıq rayonları hesab edilir. Vətən müharibəsindən sonra bu rayonların təhlükəsiz zonalarına pilot layihə çərçivəsində arı ailələrinin köçürülməsi həyata keçirilib. Əgər 2022-ci ildə Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarındakı yaylaqlara 1101 arıçı 61 min arı ailəsi aparmışdırsa, bu il həmin göstərici 125 minə çatdırılıb. Mövsüm ərzində Kəlbəcər rayonunda 1603, Laçında 808, Qubadlıda 55, Füzulidə 19, Xocavənddə 10, Cəbrayılda 18, Zəngilanda 8 arıçı fermer fəaliyyət göstərib. Kəlbəcər yaylaqlarında 77 min, Laçın yaylaqlarında 43 min, digər 5 rayonun yaylaqlarında isə 5 minə yaxın arı ailəsi saxlanılıb.
Təcrübəli arıçı fermer, Ağcabədi şəhərində yaşayan Laçın rayonunun Mişni kəndindən məcburi köçkün Nicad Abbasov 2 ildir ki, yay mövsümündə pilot layihə çərçivəsində doğma kəndində arı saxlayır. Təsərrüfatında 68 arı ailəsi var. Məhsul keyfiyyətli olduğu üçün əldə qalmır, daimi müştəriləri olur. Təəssüf ki, bu il davamlı yağışlar səbəbindən məhsul keçən ilə nisbətən az olub.
Müsahibimiz arı ailələrinin sayını artırmaq istəyir:
– Daha məhsuldar arı ailələri almaq, genefondu dəyişmək istəyirəm. Bir arı ailəsi yeşiyi pətəyi ilə birlikdə 300 manata başa gəlir. Odur ki, arıçılığa kredit ayrılmasına böyük ehtiyac var. Bu işlə məşğul olan məcburi köçkünlərə dəstək verilməsi vacibdir.
Hazırda qışa hazırlıq gövrürəm. Arıların yuvasının təmizlənməsi, yeşiklərin çıxarılması, onların mumlarını əritmək və s. hamısı əziyyətdir. Amma bu peşəni çox sevdiyim üçün həm zövq alıram, həm də qazancımı artırıram.
Yeni arıçıların isə təcrübəsi azdır. Onlar üçün təlimlər keçirilsə, lazımi dərmanları rahat tapsalar arıçılığın inkişafı sürətlənər.
Mişni kəndindən olan daha bir arıçı Bəxtiyar Abbaslı isə dedi:
– Bizim regionun bitki örtüyü çox zəngindir. İnanıram ki, bu imkan arıçılığın inkişafına təsir edəcək, yarmarkalara daha çox bal çıxarılacaq. Mən əldə etdiyim balın keyfiyyətinə cavabdehəm. Alıcı istədiyi laboratoriyada onun keyfiyyətini yoxlada bilər. Digər tərəfdən, arıçılıq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi saxta məhsulun satışının qarşısını alır.
Qeyd edək ki, builki yarmarkada Qarabağ və Şərqi Zəngəzur geniş təmsil olunub. Bu barədə məlumat verən Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov dedi:
– Builki yarmarkada işğaldan azad edilmiş rayonlardan gətirilən ballar digər illərə nisbətən artıb. Bunu uğur və yenilik hesab edirik. Həmin torpaqlardan gətirilən bal, əsasən, Kəlbəcər, Laçın, Hadrut, Xocavənd, Qubadlı və Zəngilandakı arıçılıq təsərrüfatlarının məhsullarıdır. 2020-ci ildən etibarən arıçılar təsərrüfatlarını işğaldan azad olunan ərazilərə köçürməyə başlayıblar. Qarabağ bölgəsinə köçən ilk təsərrüfatçılar da arıçılar idi.
Bədrəddin Həsrətov daha sonra bildirir ki, balın qiymətlərində nəzərəçarpacaq dərəcədə olmasa da, artım müşahidə olunur. Əvvəllər, təxminən, balın bir kiloqramının orta qiyməti 20–25 manat idisə, hazırda alıcılara 30–35 manata təklif olunur. Bu da balın məhsuldarlığının aşağı olması ilə əlaqədardır. Eyni zamanda, son illərdə baş verən qiymət artımı da buna təsir göstərir.
Beləliklə, damazlıq arıçılıq təcrübəsinin genişləndirilməsi, genofond arıxanaların yaradılması, arıçılıq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi, sərgi-satış yarmarkalarının təşkili və s. istiqamətlərdə məqsədyönlü tədbirlər əhalinin sağlamlığına xidmət edir. Bu tədbirlərin nəticəsi olaraq, arı ailələrinin sayında, bal və digər arıçılıq məhsullarının istehsalında, həmçinin bal ixracında əhəmiyyətli artım müşahidə ediləcək. Məhsul istehsalı artdıqca qiymətlər də aşağı düşəcək.
P.ƏFƏNDİYEV
XQ