Araz üstündən yeni yol salınır

post-img

Ağbənd qəsəbəsində tikilən körpü Zəngilanı Naxçıvanla birləşdirəcək

Dünən Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” çərçivəsində avtomobil körpüsü, həmçinin sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasimi keçirilib. 

Təməlqoymada Baş nazirinin müa­vini, Azərbaycanla İran arasında iqti­sadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfdən həmsədri Mehrdad Bəzr­paş iştirak ediblər.

Araz çayı üzərindən tikintisi başla­nılan körpünün koordinatları və texniki parametrləri, körpüyə yaxınlaşma yolu layihəsi, ərazidə yaradılacaq müvafiq sərhəd-gömrük məntəqəsinin göstəri­ciləri, çayın əvvəlki məcrasına qaytarıl­ma məqsədilə görüləcək sahilbərkitmə və məcratəmizləmə tədbirləri və İran ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında inşa ediləcək yeni dəmiryolu xətti və körpülərinin planları barədə aidiyyəti dövlət qu­rumları tərəfindən Şahin Mustafayevə və Mehrdad Bəzrpaşa ətraflı məlumat verilib.

Həmsədrlər avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun göstəricilərinin ölkələrin ərazisindən keçən tranzit yükdaşımalarının artımı­na və Naxçıvan Muxtar Respublika­sına gediş-gəlişin asanlaşdırılmasına xidmət göstərəcəyini xüsusi qeyd edib­lər. Belə ki, 7 gediş-gəliş xətləri olacaq dövlət sərhədindən buraxılış məntəqə­sinin, eləcə də avtomobil körpüsünün gündəlik qəbul edə biləcək yük-nəqliy­yat vasitələrinin sayı, ən azı, 1100 təş­kil edəcək.

Baş nazirin müavini Şahin Musta­fayev Zəngilanda jurnalistlərə açıqla­masında yeni körpülər vasitəsilə İran ərazisindən keçməklə Naxçıvanla bağlantı yaradılacağını bildirib. İra­nın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaşın ölkəmizə səfəri zamanı Azərbaycan–İran arasında nəqliyyat əlaqələrinin inkişafı məsələlərinə daha çox vaxt ayrılacağını söyləyən Ş.Mus­tafayev dünyanı koronavirus pande­miyası bürüsə də, bunun ölkələrimizin nəqliyyat daşımalarına təsir etmədiyini qeyd edib. Onun sözlərinə görə, bu ilin 8 ayında yükdaşımalar 41 faiz artıb. Bundan başqa, tranzit daşımalarının həcmi 47 faiz çoxalıb. Həmçinin Şi­mal-Cənub Beynəlxalq Nəqliyyat Dəh­lizi ilə daşımaların həcmi 57 faiz artıb.

Nəqliyyat sektorunda daha böyük potensialın olduğunu vurğulayan baş nazirin müavini bildirib ki, Azərbayca­nın 44 günlük müharibədə əldə etdiyi qələbədən sonra regionda yeni vəziy­yət yaranıb, nəqliyyat-logistik sektorda yeni imkanlar açılıb.

Ş.Mustafayev qeyd edib ki, Prezident İlham Əliyev işğaldan azad edilən ərazilərdə bərpa işlərinin apa­rılmasına və ərazilərin potensialından səmərəli istifadə olunmasına xüsusi önəm verir. Hazırda bu ərazilərdə ge­nişmiqyaslı proqramlar yerinə yetirilir, o cümlədən yeni nəqliyyat infrastrukturu yaradılır. Bu gün Horadizdən Ağbən­də kimi avtomobil yolu çəkilir və dəmir yolu infrastrukturu bərpa olunur. Bu tədbirlər nəticəsində bölgənin tranzit imkanları artır. Eyni zamanda, Naxçı­van Muxtar Respublikasına gediş-gəliş imkanlarını yaxşılaşdırmaq və yüklərin asan daşınması istiqamətində addım­lar atılır. İran İslam Respublikası ilə sözügedən məsələdə razılıq əldə olun­ması da bunun bariz ifadəsidir. 

Onun sözlərinə görə, Zəngilanın Ağbənd qəsəbəsi yaxınlığında və Nax­çıvan ərazisində tikiləcək körpülər va­sitəsilə İran ərazisindən keçməklə bağ­lantı yaradılacaq. Ş.Mustafayev bildirib ki, qarşılıqlı razılaşma əldə olunub, körpünün layihəsi hazırlanıb. Bundan başqa, Araz çayı sahilinin bərpası işləri də aparılıb və çay əvvəlki məcrasına qaytarılıb. Eyni zamanda, gömrük ke­çid məntəqəsi infrastrukturunun da ya­radılması nəzərdə tutulur.

Baş nazirin müavini qeyd edib ki, Ağbənd avtomobil yolu ilə gündəlik 1100 avtomobilin, 30 avtobusun, 15 min insanın sərhəddən keçidi təmin olunacaq. Bu yol tranzit yüklərin daşın­masına da xidmət edəcək. Həm Azər­baycan, həm İran, həm də region üçün əhəmiyyətli olacaq. Bu yol Şərqi Zən­gəzur iqtisadi rayonu üçün zəruri inf­rastrukturdur. Bunun nəticəsində bölgə logistik mərkəzə çevriləcək. O əlavə edib ki, ərazidə avtomobil yolu ilə ya­naşı, dəmir yolu körpüsünun də tikintisi nəzərdə tutulub. Bütün infrastruktur bir il ərzində reallaşdırılacaq.

XQ



Sosial həyat