Qranadada “fransızsayağı kommünike”

post-img

İspaniyada imzalanan bəyanatda anklavlar və Zəngəzur dəhlizi nədənsə “unudulub”

Oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Avropa Siyasi Birliyinin sayca üçüncü sammiti keçirilib. Sammitdə Azərbaycan ictimaiyyətinin diqqətini daha çox cəlb edən məsələ onun gedişi zamanı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin, Fransa prezidenti Emmanuel Makronun və Almaniya Kansleri Olaf Şoltsun Ermənistan baş naziri Nikol Paşinyanla görüşməsidir.

Görüşün yekunlarına dair birgə bə­yanat qəbul edilib. Bəyanatda Mişel, Makron və Şolts Ermənistanın müstəqil­liyi, suverenliyi, ərazi bütövlüyü və sər­hədlərinin toxunulmazlığına dəstəyin dəyişilməz olaraq qaldığını vurğula­yıblar. Onlar, həmçinin Ermənistan Respublikasının ehtiyacları əsasında Ermənistan-Avropa İttifaqı münasibət­lərinin bütün ölçülərdə gücləndirilməsini dəstəklədiklərini bildiriblər. Avropa lider­ləri “Qarabağ ermənilərinin bu yaxınlar­da kütləvi köçkünlüyünün nəticələri ilə üzləşən Ermənistana əlavə humanitar yardımın göstərilməsi zərurəti haqqın­da” razılığa gəliblər.

Mişel, Makron və Şolts qeyd ediblər ki, bu “qaçqınlar” heç bir şərt olmadan, bey­nəlxalq nəzarət altında və öz tarixlərinə, mə­dəniyyətlərinə və insan hüquqlarına lazımi hörmətlə evlərinə və yaşayış yerlərinə qayıt­maq hüquqlarını sərbəst şəkildə həyata keçirə bilməlidirlər. Onlar Şarl Mişelin 14 may və 15 iyul 2023-cü il tarixli bəyanatlarında qeyd olunduğu kimi, Ermənistanın (29800 kvad­ratkilometr) və Azərbaycanın (86600 kvad­ratkilometr) suverenliyi, sərhədlərinin toxu­nulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Ermənistan və Azərbay­can arasında münasibətlərin normallaşdırıl­masına yönəlmiş bütün səylərə sadiq qalır­lar. Mişel, Makron və Şolts gücdən istifadə etməmək və onun tətbiqi ilə hədələməmək prinsipinə ciddi əməl etməyə çağırıblar.

Onlar SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının tərəflərə təqdim edilmiş ən son xəritələri əsasında sərhədlərin delimitasiyası üzərində işin təcili aparılmasının zəruriliyini vurğulayıblar ki, bu xəritələr həm də qüv­vələrin ayrılması, habelə sülh müqaviləsi və bütün humanitar məsələlərin həlli üçün əsas olmalıdır.

Mişel, Makron və Şolts regional əmək­daşlığın genişləndirilməsinə və bütün sər­hədlərin, o cümlədən, Ermənistan və Türkiyə arasındakı sərhədin, eləcə də ölkələrin su­verenliyinə və yurisdiksiyasına tam hörmət, həmçinin bərabərlik və qarşılıqlılıq əsasında regional nəqliyyat əlaqələrinin açılmasına çağırıblar. Avropa liderləri Ermənistan və Azərbaycanı bütün saxlanılanları azad et­məyə, itkin düşmüş şəxslərin taleyinin müəy­yən olunmasında əməkdaşlığa və minalardan təmizləmə işlərinə birgə işləməyə çağırıblar.

Göründüyü kimi, Fransa, Almaniya lider­ləri və Aİ Şurasının rəhbəri yenə də Azərbay­canla Ermənistan arasında bərabərlik işarəsi qoyublar. Onların Ermənistanın ərazi bütöv­lüyü ilə bağlı dərin narahatlıq keçirməsindən belə anlaşılır ki, sanki Azərbaycan həmin ölkəyə hücuma hazırlaşır. Halbuki, ölkəmi­zin belə bir niyyəti yoxdur və Ermənistanın ərazi bütövlüyünü tanıyır. Bu məsələ bir neçə dəfə yüksək səviyyədə bəyan olunub. So­nuncu dəfə sentyabrın 20-də xalqa müraciə­ti zamanı Prezident İlham Əliyev bu barədə deyib: “Mən ümid etmək istəyirəm ki, bizim atdığımız addımlar və antiterror tədbirlərinin nəticələri imkan verəcək ki, nəhayət, sülh danışıqları üçün olan, Ermənistan tərəfindən qoyulan, verilən, təklif olunan, necə adlandı­rırsınız adlandırın, maneə aradan qalxa bilər. Bu, Cənubi Qafqazda yeni reallıq yarada­caq, uzunmüddətli sülh yaradacaq. Biz əmin olmalıyıq ki, qarşı tərəf revanşist fikirlərlə yaşamır və onlar da əmin olmalıdırlar ki, bi­zim onların torpağında gözümüz yoxdur. Biz onların ərazi bütövlüyünü tanıyırıq və bunu bəyan etmişik, bütün ölkələrin ərazi bütövlü­yünü tanıyırıq”. Ermənistanın ərazi bütövlü­yü ilə bağlı Azərbaycandan ən yüksək səviy­yədə bəyanatın verilməsindən sonra Avropa liderlərinin nümayiş etdirdikləri bu mövqe anlaşılmazdır.

Bundan əlavə, sənəddə ümumi sözlərlə SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının tərəflərə təqdim edilmiş ən son xəritələrindən söhbət açılır. Bəyanatdan bilmək olmur ki, söhbət neçənci illərin xəritələrindən gedir. Həmin xəritələrdə nələrin qeyd olunduğu isə ümumiyyətlə, müəmmalıdır. Güman etmək olar ki, Ermənistan baş nazirinin də iştirak etdiyi görüşdən sonra açıqlanan bəyanatda haqqında bəhs edilən xəritələr İrəvanın ma­raqlarına cavab verir.

Bəyanatda Azərbaycanın hələ də erməni işğalı altında olan 8 anklav kəndinin taleyi barədə heç nə deyilmir. Əgər Ermənistan Azərbaycanın 86,6 min kvadratkilometrdə ərazi bütövlüyünü tanıdığını bəyan edirsə, bura anklav kəndlər də daxil olmalıdır. Çünki ölkəmizin ərazisi həmin anklav ərazilərlə bir­likdə 86,6 min kvadratkilometrdir.

Həmçinin, Azərbaycanın cənub-qərb ra­yonları ilə Naxçıvan MR arasında əlaqənin yaradılmasına xidmət edəcək Zəngəzur dəh­lizinin də adı çəkilmir. Görünür, Ermənistan bu sözdən qıcıqlandığı üçün onun baş naziri­nin olduğu tədbirdə dəhliz ifadəsini işlətmək­dən yayınıblar. Əvəzində regional nəqliyyat əlaqələrindən bəhs ediblər. Olsun. Amma məsələ bundandır ki, İrəvan hətta Zəngəzur dəhlizi sözü olmadan da bu prosesə qarşı çıxır. Daha doğrusu, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliyi icra etmir.

Ermənistan, Fransa, Almaniya liderləri və Aİ Şurası rəhbərinin bəyanatında əksini tapan fikirlərdən Qərbi Azərbaycan İcması da narazı qalıb. İcmanın yaydığı bəyanatda bu barədə bildirilib: “Ermənistan, Fransa, Almaniya və Avropa İttifaqının Qranadada verdikləri bəyanat ayrı-seçkilik xarakteri daşıyır. Biz, Ermənistandan zorla qovulmuş azərbaycanlıları təmsil edən Qərbi Azərbay­can İcması Ermənistan, Fransa, Almaniya və Avropa İttifaqı liderlərinin 5 oktyabr 2023-cü il tarixində İspaniyanın Qranada şəhərində verdikləri ayrı-seçkilik xarakterli bəyanatla bağlı dərin məyusluğumuzu və narahatlığı­mızı bildiririk. Onlar Ermənistandan qovul­muş azərbaycanlıların öz evlərinə qayıtmaq üçün bərabər və legitim hüquqlarını tanımaq­dan imtina ediblər. Geri qayıtmaq hüququ­muzu inkar edən bu yanlış və birtərəfli bə­yanat bizim iztirablarımızı dərinləşdirməklə yanaşı, regionda gərginliyi daha da artırır və davamlı sülhün və barışığın əldə edilməsinə mane olur”.

Qeyd olunub ki, Qərbi Azərbaycan İcma­sı dəfələrlə Ermənistana, Aİ-yə və onun üzv dövlətlərinə müraciət edərək, ata-baba tor­paqlarımıza təhlükəsiz və ləyaqətlə qayıtma­ğımıza imkan yaratmağı xahiş edib: “Təəs­süflər olsun ki, bu müraciətlərimiz biganəlik və sükutla qarşılanıb. Qranadada yaydıqları qərəzli bəyanatla Aİ və onun bəzi üzv döv­lətləri Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinə faktiki olaraq dəstək veriblər. Biz Ermənistanı, Fransanı, Almaniyanı və Aİ-ni öz mövqelərinə yenidən baxmağa və Ermənistandan qovulmuş azər­baycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə öz evlərinə qayıtmaq hüquqlarını tanımağa çağırırıq”.

Onu da bildirək ki, Avropa Siyasi Bir­liyinin yaradılması təşəbbüsü Emmanuel Makrona məxsusdur. O, 2022-ci il mayın 9-da Ukrayna kimi Aİ-dən kənar ölkələrin daxil ola biləcəyi yeni siyasi birliyin yaradıl­masını təklif edib. Avropa Siyasi Birliyi qitə ölkələri arasında siyasi əlaqələndirmə plat­forması kimi düşünülüb. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdir­mək, Avropa qitəsinin təhlükəsizliyini, sabit­liyini və rifahını gücləndirməkdir. Onun ilk sammiti 2022-ci il oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada, ikinci sammiti 2023-cü il iyunun 1-də Moldovanın paytaxtı Kişineuda keçirilib. Qranada sammiti sayca üçüncü idi.

Ancaq Makronun digər təşəbbüsləri kimi bu təşəbbüsünün də uğursuz olduğu­nu söyləmək üçün əsaslar var. Azərbaycan və Türkiyə liderlərinin Fransanın qərəzliliyi üzündən sammitə qatılmadıqları belə əsas­lardan biridir. “Politico” nəşri isə Qranada sammitinin fiaskoya uğradığını yazır. Nəşr 50-yə yaxın dövlət və hökumət başçısının, siyasətçilərin və jurnalistlərin qatıldığı sam­mitin Avropada münaqişələrin, yaxud hansı­sa digər regional problemin həlli baxımından əhəmiyyətli irəliləyişin əldə olunmadığı təd­bir kimi yadda qaldığını bildirib.

Qeyd olunur ki, üçüncü sammit siyasi texnoloqlar tərəfindən Ermənistan və Azər­baycan arasında sülhə nail olmaq, Balkanlar­da gərginliyi azaltmaq və qitənin təhlükəsiz­liyi ilə bağlı strateji danışıqlar imkanı kimi təqdim edilirdi: “Liderlər ABŞ-ın Ukraynaya yardımı ilə bağlı narahatlıqlar fonunda Avro­panın dəstək verməsi üçün Qranadada olan Ukrayna Prezidenti Vladimir Zelenskinin ətrafında toplaşsalar da, əsas iştirakçıların olmaması səbəbindən digər münaqişələrin həllində irəliləyiş əldə edə bilmədilər. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan görüşdə iştirak etməmək qərarına gəldilər, amma iş­tirakçılar Azərbaycan və Ermənistan liderləri arasında antiterror tədbirlərindən sonra ilk görüşün keçiriləcəyinə ümid edirdilər.

O da bildirilir ki, İspaniya hökumətinin 700-ə yaxın jurnalisti akkreditasiyadan ke­çirdiyi sammitdə mətbuat konfransı gözlə­nilmədən ləğv edilib. Halbuki, ev sahibi bə­yanatları açıqlamalı və Avropa Siyasi Birliyi rəhbərliyinin İspaniyadan Böyük Britaniyaya keçdiyini rəsmi şəkildə bildirməli idi. Rəsmi Madrid mətbuat konfransının niyə ləğv edil­diyi barədə məlumat verməyib.

“Politico” onu da qeyd edir ki, liderlərin sammitə həvəssiz gəldiyi günün əvvəlindən açıq-aydın görünürdü. Nə Almaniya Kansle­ri Olaf Şolts, nə də Böyük Britaniyanın Baş naziri Rişi Sunak mətbuata açıqlama verib. “Avropa Siyasi Birliyinin ideyası Emmanuel Makrona məxsus olsa da, onun da deyəcək sözü yox idi”, – deyə nəşr qeyd edib.

Fərid ŞƏFİYEV,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri:

– Qəbul olunan bəyanatın bizə və ümumiyyətlə proseslərə heç bir təsi­ri yoxdur. Qranadada görüşənlər dərk ediblər ki, Azərbaycansız bu işi irəli aparmaq mümkün olmayacaq. Ona görə də Şarl Mişel oktyabrın sonunda Brüs­seldə görüş təşkil olunacağını və orada yalnız Azərbaycanla Ermənistanın işti­rak edəcəyini bəyan edib. Bu, Qranada bəyanatının effektini müəyyən dərəcədə aşağı salır. Amma Qranada bəyanatında bizim üçün vacid olan bəzi məqamlar var. Məsələn, Paşinyan konkret rəqəmlə göstərməklə Azərbaycanın ərazi bütöv­lüyünü tanıdığını etiraf edib.

Mənfi məqamlara gəldikdə isə qeyd etmək lazımdır ki, oktyabrın 5-də Avro­pa Parlamentinin ölkəmizlə bağlı qərəzli qətnaməsi qəbul olunub. Həmin qət­namədə ikili standartlar öz əksini tapıb. Azərbaycanlı qaçqınlar, vaxtilə işğal olunmuş ərazilərdəki dağıntılar barədə orada heç nə deyilməyib, mina problemi də öz əksini tapmayıb. Biz bunları lap əvvəldən müşahidə edirik. Hələ 1989-cu ildə – Sovet İttifaqının mövcud olduğu dövrdə Avropa Parlamentinin Azərbay­canla bağlı qətnaməsi qəbul olunmuşdu. Ona görə də biz buna öyrəşmişik. Avro­pa İttifaqı və Avropa Parlamenti bununla ancaq özlərini nüfuzdan salırlar.

Səxavət HƏMİD
XQ



Siyasət