Fransa Prezidenti Afrikada öyrəndiyi rəqsi Cənubi Qafqazda oynamaq istəyir
Gedişatdan göründüyü kimi, Avropa İttifaqının Avropa Siyasi Birliyi (ASB) çərçivəsində Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı görüşlər bir daha olmayacaq. Əslində, Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının Brüssel formatı Aİ prezidenti Şarl Mişelin moderatorluğu ilə keçirilir və dialoqun “dörtərəfli” və ya “beştərəıfli ” formatı gözlənilən səmərəni vermədi.
Rusiyanın baş diplomatı Sergey Lavrovun “ayaqüstü görüşlər” kimi politoloji leksikona daxil etdiyi ASB Sammitini az qala rəsmiyyətdən uzaq, saatın əqrəblərinin dəqiqləşdirilməsi adlandırmaq olar. Bəzi yerli ekspertlər artıq yetişmiş və bağlanması real görünən ikitrəfli sülh sazişinin Avropa Siyasi Birliyinin köməyi olmadan da imzalamasının mümkünlüyü ehtimalını irəli sürürlər.
Azərbaycanın qatılmadığı Qranada sammitinin yekunları barədə danışan Fransa prezidenti Emmanuel Makronun Bakının Qarabağın erməni sakinlərinə münasibətilə bağlı reallıqdan uzaq, yalan məlumatları tirajlaması, əslində, beynəlxalq hüquq və diplomatik etika ilə bir araya sığmayan davranışdır. O, Azərbaycanın Qarabağın erməni sakinlərinin təhlükəsizliyinə təminat vermək istəmədiyi kimi cəfəng iddiası ilə yanaşı, Avropa İttifaqının rəsmi Bakıya qarşı sanksiya tətbiqi variantını da nəzərdən keçirilə biləcəyini də istisna etməyib.
DOSYE: 2022-ci ildə siyasi və strateji diskussiyalar üçün təsis edilmiş hökumətlərarası təşkilat kimi Avropa Siyasi Birliyinin (ASB) məqsədi “Köhnə qitə”nin siyasətini əlaqələndirəcək platforma yaratmaqdır. Bu birliyə Aİ-nin üzvü olmayan ölkələr, o cümlədən, Böyük Britaniya, Azərbaycan, İslandiya, Ukrayna, Moldova, Türkiyə, Gürcüstan və Ermənistan da daxildir. ASB-nin ilk sammiti 2022-ci ilin oktyabrında Praqada, ikincisi isə cari ilin iyununda Moldovada keçirilib. Qranada zirvəsi ASB-nin sayca üçüncü toplantısı oldu.
“Fransa prezidentinin Azərbaycan və Türkiyənin Qranadadakı tədbirdə iştirakdan imtina etməsi məsələsi ilə bağlı iddiaları riyakarlıq nümunəsidir”. Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda yer alıb.
Rəsmi Bakının Qranada görüşündə iştirakdan imtinasını Ermənistanla sülh danışıqlarından boyun qaçırması kimi təqdim edilməsinin qətiyyən düzgün olmadığını bildirən Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bununla bağlı “X” hesabında aşağıdakıları yazıb: “Fransanın regionda qərəzli və militarizasiya siyasətinə, Cənubi Qafqazda regional sülh və sabitliyə zərər gətirən və Avropa İttifaqının Cənubi Qafqaz siyasətini risk altına qoyan addımlarına və rəsmi Bakının israrına baxmayaraq, region ölkəsi olaraq qardaş Türkiyənin beşlik formatında (Azərbaycan, Ermənistan, Avropa İttifaqı, Fransa və Almaniya) olan görüşdə iştirakına imkan verilmədiyinə görə Azərbaycan Qranadada iştirak etməməyə qərar verdi. Biz, həmçinin ev sahibi kimi İspaniyanın da bu formatda keçirilən görüşdə iştirakının tərəfdarı idik. Bəzi beynəlxalq media resurslarında bunun Azərbaycanın Ermənistanla təmaslardan və ya danışıqlardan imtina etməsi kimi təqdim edilməsi düzgün deyil”. H.Hacıyev, həmçinin Bakının sülh danışıqlarının üçtərəfli Brüssel formatını dəstəklədiyini və Türkiyənin Qranadada nəzərdə tutulan görüşdə iştirakına qarşı çıxan Fransanın mövqeyini pislədiyini qeyd etmişdi.
Paris hər vəchlə Ermənistanı, guya, Azərbaycanın ehtimal olunan təcavüzündən müdafiə edəcəyindən, bu məqsədlə İrəvana ən müasir silahları göndərəcəyindən danışır. Bir qədər əvvəl Ermənistana səfər edən Fransanın XİN başçısı Ketrin Kolonna “X” platformasındakı hesabında Ermənistanla hərbi əməkdaşlığı gücləndirəcəklərini, Yerevana hərbi attaşşe təyin olunacağını, Zəngəzurda konsulluğun açılacağını bildirmişdi. Bəs sıravi fransızların Yelisey sarayının Qafqaz siyasətinə münasibəti necədir? Fransanın BFM TV kanalının sifarişi ilə yerli KİV-lər Parisin Azərbaycanın Qarabağ regionu məsələsində fəaliyyətsizliyi, o cümlədən, erməniləri qorumalı olduğu ilə bağlı yayılan materiallardan sonra fransızlar arasında rəy sorğusu keçiriblər. Məlum olub ki, respondentlərin böyük əksəriyyəti – 63 faizi bu məsələyə müdaxilənin əleyhinədir. Bəzilərinin isə bölgədə baş verənlərdən xəbəri yoxdur. Rəyi soruşulanların 38 faizi sorğuda iştirak etmək istəmədiyini, 25 faizi isə bu məsələ ilə bağlı fikir bildirməkdə çətinlik çəkdiyini bildirib. Cəmi 6 faiz “yerli əhalini qorumaq”la bağlı Qarabağa hərbi müdaxilə barədə absurd ideyanı dəstəkləyib.
* * *
“Köhnə qitə”nin ən böyük dövləti sayılan Fransanın BMT, ATƏT, Avropa İttifaqı kimi qurumların yaranmasında və formalaşmasında müstəsna rolunu danmaq olmaz. Amma son otuz ildə rəsmi Parisin əksər liderləri Ermənistan–Azərbaycan münaqişəsinə münasibətdə açıq-aşkar ermənipərəst mövqe sərgiləyiblər. Fəqət onlardan heç biri diplomatik qırmızı xətti keçməyib. Emmanuel Makron üçün isə sanki bu xətt mövcud deyil. O, son çıxışları ilə göstərir ki, Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq fikrindədir. Yəni, Paris Rusiyanın Ukraynadakı müharibə nəticəsində zəiflədiyini anlayır və yaranmış “əlverişli məqamdan” maksimum yararlanmağa çalışır.
E.Makron Qarabağla bağlı qeyri-adekvat bəyanatları ilə həm də ölkəsindəki erməni elektoratın rəğbətini qazanmağa çalışır. Axı Fransada kifayət qədər böyük və güclü erməni diasporu var. Bu ölkədə, təxminən, 600 min erməni yaşayır və onların seçki prosesinə təsir imkanları var. Makron iqtidarı həm də Afrikada məruz qaldığı siyasi-iqtisadi itkilərini Cənubi Qafqazda kompensasiya etməyə cəhd edir. Artıq gizlədilməsi mümkün olmayan fakt budur ki, Fransanın Afrika qitəsinin ondan çox ölkəsi ilə strateji səviyyədə davam edən münasibətləri Makron hakimiyyətə gəldikdən sonra ikitərəfli diplomatik əlaqələrin dondurulmasına qədər pisləşib. Yəqin bunun səbəbini həm tarix, həm də sadə fransızlar ondan soruşacaq. Kənar müşahidəçiyə elə gəlir ki, Ermənistana dayaq durmağı, guya, özünün şərəf məsələsi kimi təqdim edən Fransanın indiki iqtidarı qeyri-ixtiyari özünüqoruma instinkti ilə hərəkət edir.
* * *
Emmanuel Makrona, eləcə də Avropanın ermənipərəst digər siyasilərinə “Şalaxo” ilə “Lambada”nı səhv salmamağı məsləhət görərdik. Çünki dünyanın hər bir qitə və regionunun özünəməxsus mədəni dəyərləri olduğu kimi, onlara riayət etməyənlərə münasibətdə xüsusi davranış üsulları da mövcuddur. Cənubi Qafqazın geosiyasi məkanında “afrikasayağı siyasi “Lambada” oynamağa girişən Makronun Azərbaycanla ultimatum dilində danışmağa çalışması əvvəlcədən uğursuzluğa məhkum nömrədir. Həmin uğursuzluq halqalarından artıq zəncir əmələ gəlib. Azərbaycana yuxarıdan-aşağı baxmağa həvəslilərə mükəmməl cavabın ən bariz nümunəsini isə Prezidenti İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində bu sözlərlə nümayiş etdirdi: “Bizimlə heç kim diktə və ultimatum dilində danışa bilməz!”.
Ötən əsrdə Yaxın Şərqdən, XXI yüzillikdə isə Afrikadan məhz etnik soyqırımı, müstəmləkəçilik və irqçilik siyasətinə görə qovulan Fransanın, bu ölkənin ən uğursuz rəhbəri “titulunu” qazanmış Emmanuel Makronun müxtəlif xalqların, millətlərin, dini konfessiyaların sülh və əmin-amanlıq şəraitində birgə yaşadığı Azərbaycana qarşı milli azlıqların haqlarının təminatı ilə bağlı nəinki tələb irəli sürməyə, ona məsləhət verməyə, hətta, bu barədə danışmağa belə ixtiyarı yoxdur.
Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq
Qranada görüşü elə Emmanuel Makronun təşəbbüsü ilə keçirilib. Bu toplantının məqsədinin, nəticəsinin nə olacağını heç özləri də bilmirlər. Sonda heç bir mənaya və qüvvəyə malik olmayan kommünikelər imzalanması ilə tamamlanır. Azərbaycana bu tədbirin heç bir aidiyyatı yoxdur. Makrona gəldikdə isə, yuyulmamış çömçə kimi düşüb ortalığa. O, indi heç Fransanın özündə nüfuz sahibi deyil. Afrikadan qovurlar, Parisdə isə üzünə tüpürüblər. Bunların əvəzi kimi gəlib Cənubi Qafqazda siyasi xal toplamaq istəyir. Buradan da əli ətəyindən uzun çıxıb getməyə məcbur olacaq. Ümumiyyətlə, bundan sonra Azərbaycan hökuməti heç bir məsələdə Fransanı özünə yaxın buraxmamalıdır. İspaniyada, yaxud öz ölkəsində nə danışırsa, danışsın, onun dedikləri Bakı üçün mənasızdır.
Əgər hünəri varsa, getsin bizə qarşı sanksiya qəbul etdirsin. Bunu bacarmaz. Çünki sanksiyaların tətbiqinə heç bir əsas yoxdur. Qəti əminəm ki, bu zaman Makronun itirəcəkləri qazancından qat-qat çox ola bilər. Fransa rəhbəri bunu deməklə, guya, Azərbaycana hədə-qorxu gəlmək istəyir. Amma bunu elan edə bilməz. Avropa İttifaqının daxilində bir ölkənin təkbaşına hansısa sanksiya tətbiq etmək imkanı yoxdur. Həmin Avropa İttifaqının tərkibində Azərbaycanla yaxın dostluq, əməkdaşlıq əlaqələrinə malik İtaliya, Bolqarıstan, Rumıniya, Macarıstan kimi ölkələr var. Bizdən qaz alan Yunanlıstan belə Parisin cəfəng təklifinə qoşulmayacaq.
Tofiq ABBASOV,
siyasi şərhçi
Azərbaycan Prezidentinin Qaranada görüşündə iştirak etməməsi tədbiri şou səviyyəsinə saldı. Bəli, Makron və Şolts orada siyasi oyunbazlıq etdilər. Şarl Mişelin özü də görüş öncəsi ikibaşlı açıqlama verdi. Həqiqətən də o görüş Azərbaycan diplomatiyasına lazım deyildi. Heç nə itirmədik. İndi bizi sanksiya ilə hədələyirlər. Hansı səbəbə görə? Azərbaycan hansı qanunu pozub? Separatizmdən, terrordan, mina təxribatlarından məgər Ermənistan əziyyət çəkib? Bakı bütün bunlara son qoydu. Ermənilərin Qarabağdan çıxmalarına gəldikdə isə Makron soydaşlarımızın hansı vəziyyətdə qovulduğunu qoy yadına salsın. Əsl etnik təmizləmə o vaxt törədilib. O, bu proseslərdən heç də məlumatsız deyil. Bu həqiqətləri Şolts və Şarl Mişel də yaxşı bilirlər.
Diplomatiyamızın dəst-xətti ondan xəbər verir ki, Azərbaycan düşmənə, bədxahlara, təftiş düşkünlərinə ölkəmizi ittiham etməyə şans vermir. Məsuliyyətsiz ittihamlara, hədə-qorxulara isə layiqincə cavab vermişik, bundan sonra da verəcəyik. Fransa neomüstəmləkəçilik siyasətini Qafqaza gətirməyə çalışır. Bura Afrika deyil. Yeri gəlmişkən, həmin “Köhnə qitə” də səndən üzünü döndərib. Əgər əvvəllər deyilirdisə ki, Cənubi Qafqazda supergüclərin marağı var, indi burada supergücə çevrilmiş Azərbaycan var.
Azərbaycan sülh danışıqları üçün Brüssel, Moskva, Vaşinqton platformalarını özünə uyğun görür. Amma bu prosesdə kənar “subyektlərin” iştirakı yolverilməzdir.
Fərhad MƏMMƏDOV,
politoloq
Fransanın qeyri-konstruktiv bəyanatları, qeyri-sağlam hərəkətləri barədə Bakının rəsmi cavab və şərhləri açıqlandı. Fransa liderinin müəllifi olduğu həmin Anti-Azərbaycan tezisləri, neqativ məqamlar bəyanatda da öz əksini tapıb. Toplantının yekununda Emmanuel Makronun söylədikləri açıq-aşkar yalandır. Rəsmi Bakı Qarabağ ermənilərinin qayıtması ilə bağlı öz fikrini bildirib, prinsipial mövqeyini ortaya qoyub. Amma düşünürəm ki, Azərbaycanın ermənipərəst çıxışlara ən düzgün adekvat cavabı Qranada görüşündə iştirakdan imtina etməsi oldu. Bu cavabın konkret və praktiki nəticəsi var. Artıq oktyabrın sonlarında yalnız Şarl Mişelin iştirakı ilə üçrətəfli (Ermənistan – Azərbaycan –Aİ – red.) Brüssel formatının növbəti raundu planlaşdırılır. Bu barədə cənab Prezidentin Almaniya Kansleri ilə ayrıca telefon danışığı olub. Yəni, Azərbaycan aydın şəkildə bildirib ki, Fransanın iştirakı olmadan Avropa İtifaqının sülh təşəbbüslərinə müsbət yanaşır. Əgər Avropa İttifaqı geosiyasi gücə çevrilmək iddiasında olan bir siyasi təsisat kimi Cənubi Qafqazda cərəyan edən proseslərdə nizamlayıcı kimi iştirak etmək istəyirsə, bu halda Azərbaycanın ədalətli, beynəlxalq hüquqa və daxili qanunvericiliyə söykənən mövqeiyini mütləq nəzərə almalıdır. Amma bu təmaslar, təbii ki, Fransasız baş tutacaq.
İmran BƏDİRXANLI
XQ