Lənkəranda jurnalistlər bu barədə ətraflı fikir mübadiləsi aparıblar
Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Lənkəranda “Regional Medianın İnkişafı” layihəsi çərçivəsində cənub bölgəsinin jurnalistləri ilə görüş keçirilib.
Audiovizual Şura və UNEC Tədqiqat Fondunun da təmsil olunduğu görüşün məqsədi regionlarda fəaliyyət göstərən media nümayəndələri üçün müzakirə platforması yaratmaq, həmçinin media subyektlərinin dayanıqlı fəaliyyət mexanizmini formalaşdırmaq, kadr potensialının gücləndirilməsinə töhfə vermək, eləcə də jurnalistlərin fərdi və peşəkar inkişafını dəstəkləmək məqsədilə konseptual proqramlarının hazırlanmasını təmin etməkdir. Görüşdən əvvəl Medianın İnkişafı Agentliyinin nümayəndələri və tədbir iştirakçıları Lənkəranda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdilər, mətbuata daim yüksək önəm vermiş ulu öndərin xatirəsinə dərin ehtiramlarını bildirdilər.
Tədbirdə çıxış edən Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli bildirdi ki, region mediası, onun ümumi vəziyyəti, mümkün inkişaf perspektivləri daim bu qurumun diqqət mərkəzindədir və cənub bölgəsinin media subyektləri nümayəndələrinin iştirakı ilə keçirilən bu görüş konkret əməli inkişaf proqramlarının tərtibinə yönəlib. O qeyd etdi ki, Prezident İlham Əliyevin media islahatlarının dərinləşdirilməsi ilə bağlı imzaladığı sərəncamdan da göründüyü kimi, dövlətimiz mətbuat sahəsində dövrün çağırışlarına cavab verən təşəbbüslər dəstəkləyir, cəmiyyət və media strukturları arasında etimad mühitinin gücləndirilməsinə mühüm önəm verir.
44 günlük Vətən müharibəsində böyük qələbədən sonra Şuşada keçirilmiş Qlobal Forumda çağdaş mətbuatın qarşısında duran ən vacib vəzifələrə diqqət cəlb olunub. Ötən il Quba rayonunda da analoji müzakirələr keçirilib və gələcəkdə digər bölgələrdə belə işgüzar görüşlər təşkil olunacaq ki, son nəticədə hərtərəfli diaqnostik icmal hazırlanaraq icrası təmin edilsin.
Sonra Audiovizual Şuranın üzvü Bəxtiyar Balakişiyev region mediasında yeniliklərin tətbiqi naminə atılan addımların, ümumilikdə, ölkə mediasının daha da canlandırılmasına müsbət təsir göstərəcəyini bildirdi və həmkarlarını müzakirələrdə fəal iştiraka çağırdı.
Agentliyin nümayəndəsi Pərvanə İbrahimovanın moderatorluğu ilə keçən görüşdə region mediasına dair diaqnostik icmalın hazırlanması məqsədilə mövcud media ekosisteminin xüsusiyyətlərinin və cari ehtiyacların müəyyənləşdirilməsi üçün müxtəlif istiqamətlər üzrə müzakirələr aparıldı. Müzakirələrdə “Cənub xəbərləri” regional xəbər saytının təsisçisi və baş redaktoru Zahir Əmənov, “Lənkəran” qəzetinin baş redaktoru Əlimərdan Əliyev, Salyan rayonunda çıxan “Qələbə” qəzetinin baş redaktoru Rüstəm Məlikov, AZTV-nin bölgə müxbiri Pərvanə Əliyeva, “Asia.az” portalının rəhbəri Cəfər Cəfərov, “Respublika” qəzetinin bölgə müxbiri Əlisəfa Həsənov, “Report.az”ın bölgə nümayəndəsi Asəf Ayazoğlu və başqaları region mediasının fəaliyyət prinsipləri, başlıca hədəfləri və cari problemləri ilə bağlı fikirlərini bölüşdülər. Mətbu orqanların haqqında məlumatların sistemləşdirilməsinə xidmət edən elektron informasiya ehtiyatı – Media Reyestrinin aparılması qaydaları, “Xalq qəzeti”nin səhifələrində eyni mövzunun ətraflı müzakirələrinin aparıldığı təqdir olundu.
Çıxışlarda qeyd edildi ki, medianın təsirli vasitəyə çevrilməsi yerlərdə jurnalistlərin nüfuzunun gücləndirilməsindən, mətbuatda qaldırılan məsələlərə bütün səviyyələrdə çevik reaksiya verilməsindən çox asılıdır. Həmçinin bəzi nazirliklərin və dövlət qurumlarının mətbuat xidmətlərinin yarıtmaz işinin media operativliyinə mənfi təsir etməsi ciddi tənqid olundu. Bildirildi ki, regionlarda müasir mətbəələr yaradılsa, yerli qəzetlərin çapı üçün hər dəfə paytaxt Bakıya üz tutmağa gərək qalmaz.
Bəzi rayonlarda həyatın güzgüsü, uğurların salnaməsi missiyasına xidmət edən qəzetlərin çapının dayandırılması, bəzilərinin isə dövriliyinin yerli icra strukturları rəhbərlərinin əhval-ruhiyyəsindən asılı olması ilə bağlı da həyəcan təbili çalındı. Mətbuatda plagiatlıq hallarının artması, istifadə olunan informasiya ilə bağlı ilkin mənbənin göstərilməsinə çox vaxt həvəssiz yanaşılması ilə bağlı narahatlıqlar da ifadə olundu. Jurnalist fəaliyyətinin müntəzəm stimullaşdırılması, vaxtlı-vaxtında əməkhaqlarının verilməsi, abunələrin təşkili kimi məsələlər də qabardıldı.
Natiq Məmmədli bütün təklif və qeydlərin diqqətə alındığını və sistemləşdirilərək, müvafiq diaqnostik icmala daxil ediləcəyini bildirdi, müzakirənin iştirakçılarına mətin və şərəfli işlərində uğurlar arzuladı.
Daha sonra layihə çərçivəsində Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti Vəfa İsgəndərovanın təqdimatında 60-a yaxın region gəncinin iştirakı ilə “Media savadlılığı” mövzusunda təlim keçirildi.
Əli NƏCƏFXANLI
XQ