“AZƏRNƏŞR” – 100
Kitablar səssiz müəllimlərdir, öyrədir, aydınladır. Yetişən nəslini kitabla bəslə-məyən cəmiyyət ağır xəstəliklərə məhkumdur. Kitab oxumaq insan oğluna sağlam düşünə bilməyi, alicənablığı, səbri, təmkini, nəzakətli davranışı, qarşısındakını dinləmək mədəniyyətini, gözəl xəyallar qurmağı təlqin edir, aqressivliyin, pis vərdişlərin yaranmasına mane olur. Kitab oxuyan insanlar çevrəsini işıqlandırmağa can atırlar. Zəngin tarixə və mədəniyyətə malik xalqımızın mədəni, elmi, siyasi səviyyəsinin yüksəlməsində Azərbaycan kitabının böyük rolu olmuşdur. Bu kitabların yaradılması, poliqrafiya prosesində çap olunub oxucuya çatdırılması isə nəşriyyatların və naşirlərin əməyidir.
Tarixi mənbələr göstərir ki, Şərqdə bir çox ilklər Azərbaycandan başlayıb. İlk demokratik dövlət, ilk demokratik seçki sistemi, ilk parlament, ilk qız məktəbi, ilk opera, ilk teatr, ilk kino, ilk dövri mətbuat və ilk nəşriyyat və sair. 1920-ci ilə qədər – Bakıda gizli şəkildə fəaliyyət göstərən Nina mətbəəsi, 1906–17-ci illərdə Orucov qardaşlarına məxsus mətbəə-nəşriyyat fəaliyyət göstərirdi. Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə kitab nəşrinə diqqət göstərsə də, bolşevik işğalı bunu gerçəkləşdirməyə fürsət verməmişdi. Lakin maarifə, irfana, cəmiyyətin savadlanmasına üstünlük verən AXC hökuməti mətbuatı milli mədəniyyətimizin mühüm tərkib hissəsinə çevirə bilmiş, qəzet nəşri vüsət almışdı.
1920-ci ilin aprel işğalından sonra Azərbaycanda yaranan Sovet hakimiyyəti quruluşu ölkənin qarşısında duran quruculuq işlərini həyata keçirmək üçün tədbirlər proqramı hazırlayır. Proqramda göstərilən əsas sahələrdən biri nəşriyyatın yaranması idi. Kitab nəşri tariximizlə bağlı bir sıra araşdırmalarda Şərqdə ilk rəsmi dövlət nəşriyyatı kimi fəaliyyətə başlayan “Azərnəşr”in yaranma tarixi 1920-ci ildən göstərilir. “Kommunist” qəzetinin tozlu səhifələrində Azərbaycanda poliqrafiyanın mərkəzləşmiş təşkilinə və inkişaf etdirilməsinə 1920-ci ilin may ayından başlandığı qeyd edilir. Mənbələr göstərir ki, nəşriyyatın yaradılması Azərbaycan SSR İnqilab Komitəsini sədri Nəriman Nərimanovun diqqətində olan ən vacib məsələlərdən biri idi. O, 1920-ciil iyunun 9-da mətbuat və dövlət nəşriyyatı şöbəsi – “Azərmərkəzimətbuat”ın yaradılması haqqında 8 paraqrafdan ibarət 40 saylı dekret imzalayır. Bu paraqraflarda “Azərmərkəzimətbuat”ın fəaliyyəti istiqamətləndirilir.
Həmin dekretlə Azərbaycanda Dövlət Nəşriyyatının, yəni, “Azərnəşr”in əsası qoyulur, ancaq adı “Azərmərkəzimətbuat” kimi qeyd edilir, ilk müdiri isə Ağababa Yusifzadə olur. Dekretin birinci paraqrafında deyilir: “Bütün komissarlıqların və idarələrin, partiya və sovet təşkilatlarının nəşriyyat fəaliyyətini mərkəzləşdirmək məqsədilə Xalq Maarifi Komissarlığının yanında Azərbaycan Mətbuat Şöbəsi və Dövlət Nəşriyyatı – “Azərmərkəzimətbuat” təsis edilsin və edilir. Leninin “İşçi qadınların qurultayında nitq” adlı kitabı nəşriyyatın ilk məhsulu olur. Nəriman Nərimanov nəşriyyatda, ilk növbədə, elmi-kütləvi ədəbiyyatın, dərsliklərin və dərs vəsaitlərinin nəşrinin həyata keçirilməsi üçün çalışır və buna nail olur.
“Kommunist” qəzetinin 1920-ci il rusca nəşrinin 29 iyun tarixli sayında yazılır: “Mütəxəssis çapçı və mürəttib kadrların çatışmaması kitab nəşrinin təşkili sahəsində ciddi çətinliklər törədir. Bununla əlaqədar Xalq Maarifi Komissarlığı iyunun 10-da başqa işlərdə çalışan azərbaycanlı mürəttiblərin qeydə alınması haqqında xüsusi əmr verdi. Kadr çatışmazlığını aradan qaldırmaq üçün köhnə mütəxəssislərdən istifadə etməklə bərabər, Bakı mətbəələrində şagirdlərdən ibarət yeni mütəxəssislər hazırlanması sahəsində ciddi iş aparılmasına başlanıldı. Bu mühüm tədbirlərdən sonra Azərbaycan Dövlət Nəşriyyatında ilk sovet kitablarının nəşrinə başlandı.
1920-ci il dekabrın 15-nə qədər “Azərmərkəzimətbuat”ın nəşriyyat şöbəsi 45 nəşri 3.089405 nüsxə ilə çapdan buraxmış, yüzə qədər nəşri isə 1000000 nüsxə ilə buraxmaq üçün çapa vermişdir. 1921-ci ildə görülən tədbirlər nəticəsində respublikada kitab nəşrinin ümumi həcmi artmış, 30-dan çox adda müxtəlif kitab çap edilmişdir. Bu dövrdə dilçiliyə və lüğətçiliyə aid maraqlı kitablar nəşr edilmişdir. R.Q. Mirzəzadə: “Təfsirli xalq lüğəti” (1921), S.M.Qənizadə: “Lüğəti-rusu və türkü” (1922), Ə.Seyidzadənin təht müdriyyəti müqəddiməsi ilə “İctimai-iqtisadi istilahati-elmiyyə lüğəti” (1922) kitablar “Azərnəşr”in 1920-ci ildən fəaliyyət göstərdiyini sübut edir.
Göründüyü kimi, müxtəlif tədqiqatların və dövrün qəzetlərinin gün işığına çıxardığı dəlillərdə Azərbaycan Dövlət Nəşriyyatı – “Azərnəşr”in 1920-ci ildə yarandığı öyrənilir. Lakin 1923-cü il sentyabrın 9-da respublika hökuməti Azərbaycan Dövlət Nəşriyyatının yenidən təşkil olunması barədə qərar verir və Zaqafqaziya Xalq Komissarları Soveti nəşriyyatın yenidən təşkili üçün 3 min manat vəsait ayırır. Beləliklə, Azərbaycan Dövlət Nəşriyyatı “Azərnəşr” kimi nəşr tariximizə 1923-cü ildən yazılır. Yeni formada təşkil edilən “Azərnəşr” Xalq Maarifi Komissarlığı şöbəsinin bazası əsasında təkmilləşdirilir. Poliqrafiya sənayesinin təşkili və maddi-texniki bazasının möhkəmləndirilməsi üçün mühüm tədbirlər görülür. Bu qərardan sonra nəşriyyat xeyli müstəqillik də qazanır. Şuranın qəbul etdiyi nizamnamədə göstərilir ki, nəşriyyatın tərkibində mətbəə, cildxana, mərkəzi kitab anbarı, mərkəzi kitab mağazası, mərkəzi kağız anbarı, musiqi not mağazası, musiqi alətləri emalatxanası yaradılır.
Fəaliyyətə başladığı gündən cəmiyyətin savadlanmasına, elmin, təhsilin, mədəniyyətin və ədəbiyyatın inkişafına xidmət edən “Azərnəşr” dövrün tələblərinə uyğun minlərlə müxtəlif profilli kitab və başqa maarifləndirici çap məhsulları nəşr etmişdir. 1924–1925-ci illərdə məktəblər üçün müxtəlif dərsliklər nəşr etmiş, uşaq ədəbiyyatı, bədii ədəbiyyat, təbliğat-təşviqat, hərbi, xüsusilə də ayrı-ayrı elm sahələri üzrə kitabların nəşrinə nail olmuşdur.
“Azərnəşr”in hansı istiqamətlərdə nəşr etdiyi kitabları araşdırarkən, tədris kitabları ilə daha çox rastlaşırıq. Əlbəttə, ictimai-siyasi, fəlsəfə, tarix, maarif, təhsil, pedaqogika sahələri də əhatə olunub, lakin dərslik və tədris kitabları çoxluq təşkil edir. Bütün fəaliyyəti dövründə müstəqil dövlət müəssisəsi kimi fəaliyyət göstərmiş, ölkəmizdə keyfiyyət və kəmiyyət etibarilə ümumi kitab məhsulunun 50 faizə qədərini əhatə etmişdir. “Azərnəşr” ilk dəfə seriyalarla kitabları 1924-cü ildən nəşr etməyə başlayıb. 1924–1934-cü illərdə 5-6 seriyada kitab çap edilirdisə, 1960–1970-ci illərdə 20-yə qədər seriyada müxtəlif elm sahələrinə dair kitablar nəşr etmişdir.
Yeni binanın tikilib istifadəyə verilməsinə qədər “Azərnəşr” Morskoy (indiki Bülbül prospekti) və Krasno-Xristovski (indiki Şeyx Şamil) küçələrinin tinində yerləşmişdir. 1927-ci il noyabrın 8-də Bazarnı (indiki Azərbaycan) və Zeytuyev küçələri arasında, Parapet bağı yaxınlığında (indiki Fəvvarələr bağı) olan yerdə Azərbaycan Dövlət Nəşriyyatının yeni tikiləcək binasının – “Mətbuat sarayı”nın bünövrəsi qoyulur. Bir ara müxtəlif səbəblərdən tikinti dayandırılsa da, 1930-cuildə yenidən davam etdirilir. “Mətbuat sarayı”nın memarı Moskvanın tanınmış memarı Stansislav Peno şəxsən özü inşaat işlərinə rəhbərlik etmişdir. 1933-cü ildə “Mətbuat sarayı” tam şəkildə istifadəyə verilir. “Mətbuat sarayı”nın alt mərtəbəsində kağız anbarı və çap olunmuş kitablar üçün yerlər müəyyən edilir. Nəşriyyatın binasının sağ tərəfində sütunların altında “Azərnəşr”in nümunəvi kitab mağazası da tikilir. Binanın tikintisinə 1 milyon 200 min manat xərclənir.
Hazırda bu bina Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin reyestrində yerli əhəmiyyətli memarlıq abidəsi statusu altında qeydiyyata alınıb. Lakin 1995-ci ildə “Mətbuat sarayı”nın, yəni, “Azərnəşr”in binasında Bank Standartın baş ofisi açılır və “Azərnəşr” öz evindən çıxarılaraq, başqa ünvanda – Mehdi Hüseyn küçəsi 61, dalan 2, ev 3-də yerləşən kiçik bir binada fəaliyyətini davam etdirir. Bank Standart tərəfindən bina alındıqdan sonra əsaslı təmirə başlanılır və bu proses 2005-ci ildə başa çatır. Öyrəndiyimizə görə, bu gün həmin binada bank Standart fəaliyyət göstərmir, hətta binanın boş, istifadəsiz qaldığı da deyilir.
XX əsr Azərbaycan ədəbiyyatının inkişafında və nəşr olunaraq oxucu kütləsinə çatdırılmasında “Azərnəşr”in böyük rolu olmuşdur. Vaxtilə direktorları və redaktorları olmuş bir çox görkəmli ziyalılarımızın yaradıcılıq və əmək fəaliyyəti yolu “Azərnəşr”dən keçib. Ağababa Yusifzadənin, Xəlil İbrahimin, Cəfər Cabbarlının, Abdulla Şaiqin, Yusif Vəzir Çəmənzəminlinin, Ömər Faiq Nemanzadənin, Salman Mümtazın, Ruhulla Axundovun, Ahmet Triniçin, Vəli Xuluflunun, Əhməd Cavadın, Məmməd Səid Ordubadinin, Hənəfi Zeynallının, Mikayıl Rəfilinin, Əhməd Pepinovun, Qılman Musayevin, Həmid Araslının, Əli Səbrinin, Məmməd Arazın, Hüseyn Arifin, Mustafa Əfəndiyevin, Əliağa Vahidin, Sürəyya Bəylərbəyovanın, Mirvarid Dilbazinin, Əyyub Abbasovun, İlyas Əfəndiyevin, Əjdər Xanbabayevin, Azər Mustafazadənin və daha onlarla irfan işıqlarımızın o binada ayaq izləri, səsləri, nəfəsləri, ruhları yaşayır. Təəssüflə və inancımla bildirirəm ki, bu gün onların ruhları narahatdır. 1937-ci ilə qədər orada direktor və redaktor kimi çalışan tarixi şəxsiyyətlərimizin bir çoxu stalinizm repressiyasına uğrayaraq elə orada həbs edilərək aparılıb, bir daha geri dönməyiblər. Vaxtilə o şəxsiyyətlərimizin sayəsində nəşriyyatda minlərlə maraqlı, məzmunlu, elmi səviyyəsi, bədii və poliqrafik tərtibatı yüksək olan kitablar çap olunmuşdur.
Yaranışının yüzüncü ilində “Azər-nəşr”in öz evinə dönməsi kitab mədəniyyətimizə verilmiş ən böyük töhfə olardı. Beş mərtəbədən ibarət “Azərnəşr”in möhtəşəm binasının, heç olmasa, iki mərtəbəsi özünə verilsin və biz bundan sonrakı fəaliyyətimizi doğma evimizdə davam etdirək. Qeyd etdiyimiz kimi, bu addım o binanın divarlarında ruhu dolaşan görkəmli şəxsiyyətlərimizə də sayğı olardı. Eyni zamanda, Şərqdə ilk kitab nəşriyyatı kimi fəaliyyət göstərən məbədin Azərbaycan olduğunun da tarixi sübutu olar.
Yeri gəlmişkən, bu gün “Azərnəşr”in daha müasir çağırışlarla səsləşməyə, ən müasir kitab standartlarına uyğun yeni nəşrlərə də ehtiyacı var. İnanırıq ki, əgər öz evimizə, “Azərnəşr”in əsl binasına dönərsək, fəaliyyətimiz daha da şaxələnər, ölkəmizin kitab mədəniyyətinin zənginləşməsinə və genişlənməsinə daha həvəslə xidmət edərik.
Ulu öndər Heydər Əliyevin birinci hakimiyyəti dövrünü Azərbaycanda kitab nəşrinin zirvəsi hesab etmək olar. Azərbaycan ədəbiyyatının təkamülü hesab edilən həmin dövrdə yaranmış bədii əsərlər, maraqlı romanlar, povestlər, şeir-lər, dünya ədəbiyyatı incilərindən tərcümələr “Azərnəşr”in qrifi ilə yüksək tirajlarla çap olunaraq oxuculara çatdırılırdı. Ən mühüm təbliğat vasitəsi kimi “Azərnəşr” dövlətin hərtərəfli qayğısı ilə əhatə olunmuşdu. Çünki Heydər Əliyev kitabın inkişafına və zənginləşməsinə diqqət və qayğı ilə yanaşırdı. “Azərnəşr” də Heydər Əliyev irsinin nəşrinə və geniş oxucu kütləsinə çatdırılmasına çalışmışdır. Onun zəngin irsi, ayrı-ayrı əsərləri 1969–1990-cı illərdə “Azərnəşr” tərəfindən Azərbaycan və rus dillərində çap edilmişdir. Bundan başqa, ictimai-siyasi ədəbiyyatın tipologiyasında xüsusi əhəmiyyət kəsb edən çoxcildli əsərləri də nəşriyyatımız tərəfindən çap olunmuşdur. Ulu öndərin ikinci hakimiyyəti illərində onun siyasi fəaliyyətini əhatə edən “Müstəqilliyimiz əbədidir” çoxcildliyinin 46 cildi “Azərnəşr” tərəfindən nəfis tərtibatda çap olunaraq ictimaiyyətə çatdırılmışdır.
2001-ci ildən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərnəşr”in kollektivi 2008-ci ildən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət başçısı kimi işə başladığı gündən bütün siyasi və dövlətçilik fəaliyyəti – çıxış, nitq, məruzə, görüş və məktublarını “İnkişaf – Məqsədimizdir” adlı çoxcildlikdə ən yüksək poliqrafik keyfiyyətdə nəşr edir. Bu günlərdə 130-cu cild işıq üzü görəcək. Tərtibatçı redaktoru olduğum çoxcildliyi hazırda 131-ci cildi tərtib olunur.
Ermənilərin "Böyük Ermənistan" xülyası uğrunda vacib hesab etdikləri addımlardan biri qondarma soyqırımı iddiaları ilə Türkiyəyə qarşı yönəlmiş planları həyata keçirməkdir. Bunun üçün vaxtilə erməni fəaliyyətlərinin əsasını təşkil edən "Dörd T" təşkilatı yaradılmışdı. Tanıtma, Tanınma, Təzminat və Torpaq. Yəni, qondarma erməni soyqrımı dünyada tanınacaq, Türkiyəyə qəbul etdiriləcək və Türkiyə buna görə ağır təzminat ödəyəcək. Azərbaycan Dövlət Nəşriyyatının kollektivi görkəmli naşir, uzun illərdir “Azərnəşr”in baş redaktoru kimi çalışan Əlövsət Ağalarovun rəhbərliyi ilə mühüm bir seriya üzərində işləməyi öhdəsinə götürdü.
Olduqca əhəmiyyətli mahiyyət daşıyan, gərgin axtarışlar və zəhmət tələb edən işi başa gətirmək üçün Əlövsət Ağalarov aylarla Gürcüstanda və müxtəlif ölkələrin arxivlərində işləmiş, müəlliflərin mövzu ilə əlaqəli əlyazmalarını, kitab və broşürlərini, faktları təsdiq edən sənədlərin rəsmlərini əldə edib Bakıya gətirdi. Erməni soyqırımının olmadığını, əksinə, ermənilərin Türkiyə və Azərbaycanda zaman-zaman törətdikləri amansız qətl və soyqırımlara aid erməni, rus, ingilis müəlliflərinin yazdıqları əsərlərdən ibarət tam 17 adda kitab “erməni soyqırımının 100 illiyi” ərəfəsində nəşr olunaraq dünya oxucularına təqdim olundu.
Dünya oxucularına deyirik ki, kitabların müəllifləri rus, ingilis, alman, gürcü olduğu kimi, 4 dildə – rus, alman, fransız və ingilis dillərində nəşr edilmişdir. Bu kitablar dəfələrlə dünyanın müxtəlif ölkələrində keçirilən Beynəlxalq Kitab Sərgilərinə çıxarılmışdır. 2016-cı ildə isə mənim iştirakımla İstanbul Universitetində kitabların geniş təqdim olunması mərasimi keçirildi. “Azərnəşr”in rəhbərliyi hər cilddən bir neçə nüsxə İstanbul Universitetinin kitabxanasına və Tarix fakültəsinə hədiyyə etdi. 2017-ci ildə keçirilən V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında “Azərnəşr”in gərgin əməyi sərginin “Ən yaxşı kitab nominasiyası”nın qalibi oldu.
Araşdırmalar göstərir ki, bütün zamanlarda Azərbaycan Dövlət Nəşriyyatı ölkə əhalisinin, xüsusilə, oxucuların, elmi, siyasi, bədii, estetik, informasiya və s. səviyyəsini nəzərə alıb və bu istiqamətdə oxucuların kitab nəşri vasitəsilə sorğu və tələbatlarının ödənilməsinə xüsusi səy göstərib. “Azərnəşr” kitabçılıq və kitabşünaslıq işinin aktual problemlərinə aid, xüsusilə Vətən tarixinə, erməni terrorizminə, onun ifşa edilməsinə, ərazi bütövlüyünün bərpa olunmasına kömək edən kitab nəşrini genişləndirmişdir. “Azərnəşr”ə bundan sonra da yaradıcılıq uğurları, kitab bolluğu və kitab mədəniyyətimizə xidmət etmək üçün daha neçə yüzillər arzulayırıq.
Son olaraq bildirirəm ki, kitab ən sağlam doyurucu qidadır. Bir naşir kimi insanları kitabla daha çox qidalanmağa dəvət edirəm.
Rəsmiyyə Rzalı-QARAYEVA,
“Azərnəşr”in redaktoru