Humanitar məsələdəki milli ayrı-seçkiliyin yaratdığı ikrah dəhşətli olur, müsyö
Səninlə yanbayan və səninlə birlikdə yaşayan bəşər övladının sevincinə və ümidlərinə şərik ol. Sən onun bir parçasısan və ona görə də sabahkı günün bütün insanlar üçün daha yaxşı olması naminə onlarla birlikdə ümid bəsləməli və çalışmalısan.
Roma Papası II İoan Pavelin 2002-ci il mayın 25 - də Bakıda oxuduğu moizədən
Xristian dini rəhbəri məhz Bakıda – bir milyondan çox qaçqın və məcburi köçkünü olan ölkənin paytaxtında xatırlatdığı “Sabahkı günün bütün insanlar üçün daha yaxşı olması naminə çalışmaq” çağırışı konkret bir auditoriyada səsləndirilsə də, əslində dünyanın siyasi rəhbərlərinə ünvanlanmış müraciət idi.
Vatikan dövlətinin başçısı Azərbaycanda gördüklərindən və eşitdiklərindən çox ciddi şəkildə narahat olmuşdu. Bir xristian dövləti sərhəd qonşusu olan müsəlman ölkəsinin ərazisini işğal etmiş, milyondan çox əhalisini yurd-yuvasından didərgin salmış, mədəni abidələrini dağıtmış, yandırmış, iqtisadiyyatına ciddi zərər vurmuşdu. Dünyanın aparıcı xristian ölkələri isə zərərdidə olana yox, işğalçıya yardım edirdilər. Həm də hərtərəfli. Dəhşətli dərəcədə ədalətsizlik idi.
Çox təəssüf ki, yeni əsrin ikinci ilində səsləndirilən həmin çağırış əsrin 23-cü ilində də qulaqardına vurulur və beynəlxalq aləmdəki xristian təəssübkeşliyi humanitar yardım məsələsində sözün həqiqi mənasında hərki-hərkilik, özbaşınalıq və anarxiya yaratmışdır. Əgər elə olmasaydı, Azərbaycanın Qarabağ iqtisadi rayonundan köçən erməni əsilli insanların sayı on dəfələrlə artıq göstərilməz və onlara sayı-hesabı bilinməyən qədər “humanitar yardım” göndərilməzdi.
Bu cümlədəki humanitar yardım sözünün dırnaq arasında verilməsi təsadüfi deyil. Çünki həmin yardım humanitar yox, birbaşa siyasi məzmun kəsb edir. Azərbaycanın yaratdığı yeni reallıqları həzm edə bilməyən bəzi siyasi dairələr həm bizim uğurlarımıza kölgə salmaq, həm də erməniləri növbəti aqressiyalara ruhlandırmaq üçün gündə bir yeni ssenari düşünürlər. Hamı bilir ki, Qarabağdan Ermənistana köçənlər Ermənistandan və sonrakı illərdə Qarabağdan Azərbaycanın digər ərazilərinə qovulanlar kimi bütün hüquqları əlindən alınmış insanlar deyil. Bunu BMT rəsmilərinin yaydığı “Azərbaycandan Ermənistana gedən adamların hansısa təzyiqə məruz qaldıqları barədə məlumat yoxdur” bəyanatı da sübut edir.
Beynəlxalq ictimaiyyət gördü ki, Azərbaycan separatçıların silahı yerə qoyacağı təqdirdə öz üzərinə götürdüyü öhdəliklərin hamısına əməl etdi. Ərzaq, yanacaq, enerji verilməsi məhz erməni əsilli vətəndaşlarımızın Yevlaxda və Xocalıda xahiş etdikləri şəkildə həll olundu. Bəs nə üçün çıxıb getdilər? Etibarlı mənbələrin verdiyi məlumata görə, sadə ermənilər – yəni azərbaycanlılara qarşı soyqırımlarında, qarət və soyğunlarda, terror və təxribatlarda iştirak etməyənlərin hamısı Qarabağda qalmaq istəyirdi. Amma hansısa gözəgörünməz əl onları da öz isti ev-eşiklərindən didərgin saldı.
Bəzi ekspertlər deyirlər ki, guya, ABŞ və Fransadan daha çox humanitar yardım almaq üçün bütün erməniləri köçürürlər. Digər ekspertlərin fikrincə isə, Parisin sonrakı addımları üçün fransızlara daha çox “zərərdidə olmuş erməni” lazımdır. Deyəsən, elə ona görə də, Azərbaycan Prezidenti Zəngilanda xəbərdarlıq etdi ki, heç kəs bizim səbrimizlə oynamasın.
Bəli, Ermənistan ötən əsrin son onilliyində Azərbaycana qarşı misli görünməmiş bir ədalətsizilik, işğal, terror və təxribatlarla müşayiət edən düşmənçilik etmişdi. Nəticədə isə… ABŞ-dan külli miqdarda humanitar yardım almış, Azərbaycana isə “907-ci düzəliş” adlı qeyri-insani münasibət göstərilmişdi.
Ermənistana göndərilən yardımlar bu ölkəni birmənalı olaraq, yeni hücumlara hazırlayırdı. Həmin illərdə sayı milyondan artıq olan qaçqın-köçkün azərbaycanlıya xarici donor təşkilatları hansı yardımı göstərmişdilər? İndi Qarabağdan Ermənistana köçənlər yülərlə baş qoyun sürüsünü də sərhəd keçid məntəqəsində keçirərək apardılar. Ermənistandan Azərbaycana qovulanlar isə ayaqyalın, başaçıq, ac-yalavac gəlmişdilər. Onların bir çoxu bu gün hələ də evinə, torpağına qayıda bilmir. Çünki işğaldan azad edilmiş bütün ərazilərimizə əclafcasına minalar düzülüb. Nədənsə, onlar yada düşmür, heç bir humanitar yardım göstərilmir. Amma Qarabağdan çıxan ermənilərə yardım üçün Qərb təsisatlatı sıraya düzülüblər. Kimsə buna etiraz etmir. Amma ekspertlər soruşurlar ki, azərbaycanlı qaçqınlar niyə yada düşmür? Bu, ayrı-seçkilik, ikili standartların bariz nümunəsidir.
Bizə heç kəs kömək etməsə də, biz öz qaçqın və köçkünlərimizin qayğısına qalmağı bacardıq. Məlumatlı mənbələrdə oxuyuruq ki, Azərbaycan dövləti 1993-2019-cu illərdə qaçqın və məcburi köçkünlərin sosial təminatı və digər məsələlərə 10 milyard manat həcmində vəsait xərcləyib. Bu vəsaitin 4 milyardı dövlət büdcəsindən, 2,5 milyardı dövlət neft fondundan, 1,4 milyardı beynəlxalq maliyyə qurumlarından, qalanı isə digər mənbələrdən götürülüb.
Hətta torpaqlarımız düşmən işğalından azad ediləndən sonra da – 2020 – 2023-cü illərdə belə qaçqın və kpçkünlərimizə vahid aylıq müavinət daxil olmaqla hər il üçün 380 milyon manat, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 600 milyon manat, təhsil və s. xərclər dövlət tərəfindən ödənilir.
Ermənistan isə Qarabağdan köçmüş 35-40 min erməninin ( özləri həmin rəqəmi yarım milyon da göstərə bilərlər) problemlərini həll etməkdə acizdir. Çünki dövlətləri qondarma olduğu kimi, siyasətləri də daim xəyallara əsaslanıb. Kiminsə məqsədli şəkildə yaratdığı Ermənistan dövləti bu gün məhz kimlərinsə əlinə baxmaqdan başqa heç nəyə qadir deyil. Azərbaycanın təkliflərini qəbul edərək sülhə gəlsələr, təbii ki, ələbaxımlıqdan qurtara bilərlər.
İttifaq MİRZƏBƏYLİ,
XQ