Xankəndidə xeyli sayda tələ qurğular, silah-sursat aşkarlanıb

post-img

Xankəndi şəhəri ərazisində xeyli sayda tələ qurğular, silah-sursat aşkarlanıb.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən XQ-ə bildirilib ki, Xankəndi şəhəri ərazisində yerləşən müəyyən inzibati binalarda xeyli sayda partlayıcı qurğular aşkarlanıb.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən inzibati binalara baxış keçirilən zaman qanunsuz hərbi birləşmələr tərəfindən quraşdırılan tələ qurğular, eləcə də silah-sursat aşkar edilib.

ANAMA əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı ərazinin girişində yerləşən boruların içərisində sürpriz formaya salınmış əl qumbaraları, habelə otaqlarda yerləşən çəkməcələrdə, pərdələrin arxasında, hərbi jiletlərin ciblərində, binanın zirzəmisində əl qumbaraları və yüksək partlayış gücünə malik müxtəlif hərbi sursatlardan ibarət tələ qurğuları aşkarlanıb. Eyni zamanda, yüksəklikdən buraxılaraq partlayış törətmək və geniş radiusda qəlpələnmə yaradılması məqsədilə minaatan mərmiləri, qəlpələnən bombletlər, VOQ-17 silah qumbaralarından ibarət improvizə olunmuş partlayıcı qurğulara rast gəlinib.

Tələ qurğular Agentlik əməkdaşları tərəfindən zərərsizləşdirilərək, ərazilərin təhlükəsizliyi təmin edilib.









Hadisə