Azərbaycanın uğurlu lokal antiterror tədbirlərindən dərhal sonra ermənilərin katalikosu TV kanallarında dünyadakı həmcinslərini birləşməyə, çarpışmanı davam etdirməyə çağırdı. Bu harayın ardınca sentyabrın 28-də Qarabağdakı separatçıların qondarma qurumu– Xankəndi xuntası özünü buraxdığını bütün dünyaya elan etdi.
Mən bədnam hay-qriqorian kilsəsinin Qarabağ münaqişəsində mürtəce rolunu, din mərkəzinə yaraşmayan faşist mövqeyini, terror əməllərini, hələ sovet dönəmində kilsələri silah-sursat anbarlarına çevirməsini, keşişlərin daşnakçı terrorçularla birgə dinc əhalinin hərəkət etdiyi yollara minalar basdırmasını bir kənara qoyub hayların tarixi istinadgaha çevirdikləri Artsax sözü barədə danışmaq istəyirəm. Ermənilər bu sözlə Qarabağ toponimini unutdurmaq istəyirdilər. Lakin unudurdular ki, Qarabağ kimi Artsax da türk mənşəlidir.
Əski çağlardan dədə-babalarımız Arazın bu tayını Qarabağ – iri bağ, bağ-bağatlı torpaq, o tayını Qaradağ – iri dağ, dağlıq yer adlandırmışlar. Qaradağ adı Türküstandan tutmuş Anadoludan o yanlaradək neçə-neçə ölkələrdə mövcuddur. O ki qaldı “Artsaq” sözünə bu kəmsavad, bədbəxt toplum bilmir ki, həmin etnoniminin dəyişilmiş şəkli olan “Ərsaq” da türkcədir. “Ərməniyyə”ni “Armenia” elədikləri kimi, “Ərsaq”ı da “Artsax”a çevirmişlər. Ərsaq “ər” və “saq” sözlərinin birləşməsindən yaranmışdır. “Saq ərləri” Saq kişiləri deməkdir. “Saq” etnonimi qədim türk tayfasının adıdır. Və bu sözə haralarda rast gəlinmir... Dünya ədəbiyyatının ilk nümunələrindən olan Saqalar, Saxa Respublikası, Saxalin yarımadası... Yunan tarixçisi Herodot Azərbaycanın İsmayıllı rayonundan Balakənin çevrələrinədək ərazinin “Sakasen” adlandırıldığını yazmışdır. VIII Roma legionu Britaniyaya gedəndə sakslar–saqlar burada məskunlaşmışdılar.
Dağlar qoynundakı cənnət guşədə Şəki, Zaqatala toponimlərinin yaranmasında Saq etnonimi birbaşa iştirak etmişdir. Dünya dillərində ş-s-z səsləri bir-birinə keçir. Məsələn, “şeytan” sözü Avropa dillərində “satan” kimi işlənir. Biz “baş”, “beş”, “talış” deyirik. Qazaxlar və Qırğızlar isə “bas”, “bes”, “talas” deyirlər. Bizdəki Şəki toponimi Krımda “Saki” kimi tələffüz edilir. Müalicə kurortları ilə məşhurlaşmış şəhər dünyada “Saki” kimi tanınır. Yeri gəlmişkən, deyim ki, Azərbaycanda ikinci Şəki ölkəmizin güneyindəki Zəngəzur vilayətindədir. Babəkin tutulduğu tarixi Şəki şəhəri erməni işğallarından sonra kəndə çevrilmiş, 1988-ci ilədək yaşamışdır. Quzeydəki Balakən toponimi tarixən Balasaqun (oxu: balasaq), Zaqatala isə Saq tala olmuşdur.
Əgər haylar indiki Qarabağın min illər öncə Artsax adlandırılması haqqında dəlil-sübut tapıblarsa, çox gözəl, alqışlayırıq. Amma bunun onlara nə aidiyyatı? Bəyəm onlar saq türklərinin törəmələridirlər? Bəlkə, Şəki, Zaqatala, Balakən bölgəsi də Hayastan imiş, xəbərimiz olmayıb. Və nə yaxşı ki, dəmir yumruq onların sərsəm başlarını əzdi, yoxsa Qarabağda uğur qazansaydılar qədim Sakaseni – Şəkini, Zaqtalanı, Balakəni də “Artsax”a qatacaqdılar.
Güman etmək olar ki, Almaniyanın Saksoniya əyalətinin Anqlosas termininin, İngiltərədə əfsanəvi Kral Arturun (Ərtur) saqlarla bağlılığı var. Bütün bunlar, ən önəmlisi dilimizlə, tariximizlə, coğrafiyamızla bağlı olan saqalar ciddi araşdırmalar tələb edir. Və bu araşdırmaların sonuclarını əcnəbi dillərdə nəşr etmək gərəkdir. Axı, bizlər əski türklərdən olan Saqların genlərini, dillərini daşıyırıq. Nədən indiyə qədər saqalar tərcüməsi ilə nəşr olunub xalqımızın ixtiyarına verilməmişdir? Təəssüf ki, sovet dönəmində, Stalin–Mikoyan antitürk despotizm dönəmində buna qəti yol verilmirdi. Belə təşəbbüs göstərmələr fiziki və mənəvi cəhətdən məhv edilirdilər. Rəhbər qurumlar, Azərbaycan Elmlər Akademiyası Moskvadan idarə olunurdu. Milli varlığa arxa çevirənlər buna imkan vermirdilər. Bəs indi niyə susqunluq davam edir? Əks halda katalikos dünya ermənilərini “Artsax” uğrunda ölüm-dirim savaşına çağırır. Qarabağ kimi Artsax da Azərbaycandır! Bunu bütün dünya bilməli və qəbul etməlidir.
Fazil GÜNEY,
Əməkdar jurnalist, yazıçı,fəlsəfə doktoru