Paşinyan iqtidarından narazıların sayı artır

post-img

Rəsmi İrəvanın bu vəziyyətdən necə çıxacağı yaxın günlərdə atacağı addımlardan asılıdır

Azərbaycanın bütün ərazisində suverenliyini bərpa etməsindən sonra Ermənistanda başlayan etirazlar davam edir. Müxtəlif siyasi partiyaların, politoloqların, ictimai xadimlərin, sabiq məmurların hökumət əleyhinə çıxışları səngimək bilmir. Etirazçılar baş verənlərə görə birmənalı şəkildə hökumətin başçısı Nikol Paşinyanı ittiham edirlər. Qeyd edirlər ki, son illərdə Ermənistanın və erməni xalqının başına gələn bəlalar onun avantürizminin nəticəsidir.

Sentyabrın 30-da İrəvanda yürüş və mitinq keçirilib. Saat 15:00-da Mesrop Maştots adına qədim əlyazmalar institu­tunun (“Matenadaran”) binasından yürüş başlanıb. Yürüş Qarabağdakı keçmiş separatçı rejimin siyasi və hərbi rəh­bərliyində olmuş və son günlərdə ölkəmizin hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq barələrində həbs-qətimkan tədbiri seçilmiş şəxslərə dəstək məqsədilə keçirilib. Təşkilat­çı Ruben Ayrapetyan yürüşün ümumi mübarizə kontekstində “çox önəmli” olduğunu bildirib. Yürüşə aktyor Vardan Pet­rosyan da qoşulub. “Hökumətimiz tərəfindən sərt münasibət olmalıdır, çünki bu, yolverilməzdir. Ruben Vardanyan nə bi­rinci, nə də sonuncudur”, – deyə Petrosyan bildirib.

O, bununla bağlı Ermənistan haki­miyyətinin hərəkətlərini qeyri-kafi qiy­mətləndirdiyini deyib. V.Petrosyan baş nazirin istefasını tələb edənlərin tərə­fində olduğunu vurğulayıb.

Axşam saatlarında isə İrəvanın mərkəzindəki “Respublika” meyda­nında “Milli komitə”nin təşkilatçılığı ilə mitinq keçirilib. Mitinqin keçirilməsi zə­rurəti barədə danışan “Milli komitə”nin üzvü Avetik Çələbyan deyib ki, hərəkat ölkənin və vətəndaşların təhlükəsizli­yinə yaranmış təhdidə qarşı durmaq məqsədilə yaranıb: “İctimaiyyətə yax­şı məlumdur ki, bu təhdidlərin əsas günahkarı hazırkı hakimiyyət və onun lideri Nikol Paşinyandır. Ona görə də hərəkatın ən mühüm məqsədlərindən biri Nikol Paşinyanı tez bir zamanda hakimiyyətdən uzaqlaşdırmaqdır. Hər bir mitinq həm də Paşinyanın haki­miyyətdən uzaqlaşdırılmasına səbəb olacaq hərəkətləri formalaşdırmaq məqsədi daşıyır”.

***

Ermənistandakı situasiyanı şərh edən politoloq Arman Qukasyan de­yib ki, daxili siyasi vəziyyətin gərgin­ləşməsi bilavasitə Qarabağ ətrafında yaranmış vəziyyətlə bağlıdır. Onun sözlərinə görə, müxalifət Paşinyanı Qarabağı təslim etməkdə ittiham edir. Ermənistan hakimiyyəti isə bütün ox­ları Moskvaya tərəf yönəldir. 2020-ci ildə baş verən 44 günlük müharibəni xatırladan politoloq vurğulayıb ki, hə­min vaxt müharibə yalnız əsas vasitəçi rolunu üzərinə götürən Rusiyanın səy­ləri sayəsində dayandırılmışdı: “Belə görünürdü ki, müəyyən çətinliklərə baxmayaraq, bölgədə vəziyyət sabit­ləşməyə doğru gedir, lakin Ermənistan hakimiyyətinin sonrakı naşılığı Qara­bağda və Ermənistanda bugünkü bə­laların əsasına çevrildi. Paşinyan və komandası məsələnin həlli üçün Qərb variantını seçərək, açıq şəkildə Ermə­nistanın və Qarabağın maraqlarına uyğun olmayan yolla getdi. Eyni za­manda, Paşinyan 2022-ci il oktyabrın 6-da Praqada Prezident İlham Əliyevlə birgə sənəd qəbul edərək Qarabağı Azərbaycanın bir hissəsi kimi rəsmən tanıdı. Baş nazir bu addımı ilə 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyana­tı neytrallaşdırmaqla yanaşı, həm də məsələnin həlli prosesində Ermənistan tərəfinin mövqeyini xeyli zəiflətməklə Rusiyanı Qarabağ ermənilərinə onların mübarizəsində bir növ dəstək vermək imkanından məhrum etdi. Paşinyan Qarabağ əhalisinin mübarizəsinin sə­viyyəsini statusdan sadəcə Qarabağda insanların təhlükəsizliyi məsələlərinə endirdi”.

A.Qukasyan qeyd edib ki, bütün bunların fonunda Ermənistan cəmiy­yətində anti-Rusiya əhval-ruhiyyəsi sürətlə vüsət almağa başlayıb: “Bizim xatırladığımız kimi, Paşinyan hakimiy­yətə gəldikdən sonra dərhal anti-Ru­siya siyasəti yürütməyə və Moskvaya qarşı qeyri-dost bəyanatlar verməyə başladı. Bir çox yüksək rütbəli erməni məmurlar 2020-ci il müharibəsindən sonra anti-rus hucumlarla vəziyyəti daha da gərginləşdirməyə başladılar. İndi isə Paşinyan və komandası bütün problemlərə görə Rusiyanı təqsirləndir­məyə başlayıb, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına dəstəkdən imti­na edib, Avropa İttifaqının mülki missi­yasını qəbul edib”.

Politoloq qeyd edib ki, Paşinyan və onun hökuməti bu gün Rusiya Fede­rasiyası Prezidentinin həbsini nəzər­də tutan Roma statutunu ratifikasiya etməyə hazırlaşır, erməni-amerikan birgə təlimləri keçirilir, eyni zamanda, İrəvan uzun müddətdir KTMT-nin tə­limlərindən imtina edir: “Roma statutu­nun ratifikasiyası bizə Ermənistan–Ru­siya münasibətlərinin pozulmasından başqa heç nə verməyəcək, bu, təh­lükəli avantüradır. Ermənistan haki­miyyəti bu addımı Azərbaycana qarşı cəza mexanizmi formalaşdırmaq üçün əlavə alət qazanmaq məqsədilə atdığı­nı bildirir. Ancaq İrəvan həmin planda da uğursuzluğa düçar olacaq. Sənədin təsdiqlənməsi Rusiya ilə münasibət­lərdə yeni problemlər yaradaraq, bizi yalnız növbəti təhlükələrə məruz qo­yacaq. Bu avantürist siyasət fəlakətə gətirib çıxarır”.

Politoloq deyib ki, Ermənistan rəh­bərliyi cəmiyyətin keçmiş hakimiyyətə qarşı konsolidasiyası fonunda haki­miyyətə gəlib, lakin indi bu texnologi­ya işləmir və Ermənistan hakimiyyəti öz səhvlərinə görə Moskvanı günah­landırmaq qərarına gəlib: “Hazırda anti-Rusiya siyasəti Paşinyan üçün şəxsi hakimiyyətini saxlamaq üçün bir vasitədir, arada isə erməni maraqları bundan əziyyət çəkir. Bu siyasətə görə biz artıq Qarabağı itirmişik, Ermənistan isə ciddi çağırışlarla üz-üzədir”.

Onun sözlərinə görə, hadisələrin gələcək inkişafı Ermənistan hakimiy­yətinin həyata keçirəcəyi siyasətdən asılıdır, lakin seçilmiş kurs birmənalı şəkildə erməni maraqlarının mövcud olduğu yerə aparmır.

Haylar arasında daim müzakirə olunan ölkənin KTMT-dən çıxma ehti­malına gəlincə, Qukasyan qeyd edib ki, İrəvan NATO-dan və ya hər hansı digər təhlükəsizlik sistemlərindən heç bir təklif almayıb: “KTMT ən ideal təş­kilat olmaya bilər, lakin hakimiyyət yeni təhlükəsizlik sistemi əldə etmədən belə qeyri-uzaqgörən addım atsa, bu, ölkə­miz üçün, xüsusən də belə bir region­da, sadəcə, fəlakət olacaq”.

“Hraparak” qəzeti isə Ermənistan parlamentinin Roma statutunu ratifika­siya etməyə hazırlaşmasına dair yazır: “Görünür, Ermənistan baş naziri Nikol Paşinyan Roma statutunu ratifikasiya etməklə hansı işə qol qoyduğunu tam başa düşmür. O, yəqin ki, Qərb müş­tərilərinin bununla Vladimir Putini in­citməyə çalışdığını düşünür. Ancaq o, böyük səhv edir. Roma statutu Qərbin Paşinyanın boğazına taxdığı ilgəkdir. Bu, Paşinyan və Qərb üçün sonun baş­lanğıcına çevriləcək. Dünyada hər şey çox sürətlə dəyişir. Bu gün Şarl Mişeli qucaqlayırsan və ya Co Bayden sənə məktub yazır, sabah isə birdən-birə sən xalqın gözündə hərbi cinayət­kar ola bilərsən. Necə ki, Qarabağda bunu etdin. Məhz buna görə də ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qo­şulmayıb. Orada hər yeni prezident öz sələfini həbs etmək hüququna malikdir”.

“Joxovurd” qəzeti yazır ki, parla­mentdəki hakim fraksiyanın deputatları gələn həftə toplaşacaq. Belə ki, “Mülki müqavilə” bazar ertəsi axşam fraksiya iclası keçirəcək. Nəşrin mənbələrinə görə, bu görüş adi görüşlərdən biri ol­mayacaq. Müzakirə olunacaq mühüm məsələlər var ki, onlar təkcə parla­mentin iclasına aid deyil, ona görə də “Mülki müqavilə”nin rəhbərliyi bütün deputatların iştirakını tapşırıb: “Bizə məlumat verildi ki, yaranmış fəlakətli vəziyyətə görə parlamentin gələn həftə başlanacaq sessiyasının gərgin at­mosferdə keçirilməsi gözlənildiyi üçün “Mülki müqavilə”nin deputatları gələ­cək fəaliyyətlərini müzakirə edəcəklər. Parlamentdə iqtidar fraksiyasının de­putatları üçün xoşagəlməz çıxışlar və suallar olacaq, ona görə də onlar bütün suallara hazır cavab almaq və yaran­mış vəziyyətdən çıxmaq üçün əvvəlcə­dən hazırlaşmalıdırlar. Baxmayaraq ki, artıq ilkin qərar qəbul edilib – hər şeyi keçmiş hakimiyyətin və rusların üzə­rinə atmaq. Gələn həftənin çərşənbə günü Nikol Paşinyan da parlamentə gələcək. “Mülki müqavilə”nin deputat­ları da öz aralarında qərar verməlidirlər ki, həmin gün Paşinyana kimin hansı sualı verəcəyinə hazırlaşsın”.

Ermənistanın sabiq maliyyə naziri Vardan Aramyan isə “Facebook” he­sabında yazıb: “Biz hamımız Ruben Vardanyana, David Babayana və 120 min (?) “artsaxlı”ya xəyanət etmişik. Və heç kim buna bu və ya digər pro­sesin səbəb olduğunu iddia etməyə çalışmasın, əsas nəticədir. Hökumət üzvləri, siz gecələr yaxşı yatırsınız? Bu dövlətin başında ruslar, portuqallar, müxalifət və ya ABŞ deyil, sizsiniz. Bu, fəlakətdir, cənablar”.

Beləliklə, göründüyü kimi, Ermənis­tanda hakimiyyətdən narazılıq getdik­cə artır. İndiyədək bir çox çağırışlarla üzləşmiş Paşinyan iqtidarı indi daha çətin vəziyyətdədir. Rəsmi İrəvanın bu vəziyyətdən necə çıxacağı isə onun yaxın günlərdə atacağı addımlardan asılıdır.

Yeganə HACIYEVA,
politoloq

– Ermənistanda etiraz­lar, adətən, beynəlxalq donor mərkəzlərinin maliyyəsinin əldə olunması üçün keçirilir. Bu işlərin “ustası” da, əslində, ölkənin ha­zırkı hakimiyyətidir. Çünki indiyə­dək daha çox onların daxil olduğu “Soros şəbəkəsi” aktiv etirazlar edirdi. Onlar hər nə qədər “Soros şəbəkəsi” olsalar da, yekunda er­məni maraqlarına xidmət edirlər.

İndi ondan narazıların keçir­dikləri aksiyalara gəldikdə isə qeyd etmək lazımdır ki, Paşinyan üçün etirazlar həmişə xarakterik olub. O özü də etiraz dalğasında hakimiyyətə gəlib. Ümumiyyətlə, onu da qeyd edim ki, Paşinyan etirazların idarə olunmasını, küt­ləvi şüuru manipulyasiyanı yax­şı bacarır. Müharibədə məğlub olduqdan sonra keçirilən təkrar seçkidə qələbə çalması bunun göstəricisidir. Hazırkı etirazların landşaftı bir neçə qrupun ora­da aktiv iştirakıdır. Burada ciddi maliyyə olduğunu da hiss etmək mümkündür. Çünki bu etirazlar maliyyə hesabına təşkil olunur. Mitinq üçün texniki vasitələrin alınması tələb olunur ki, bunun üçün də, ilk növbədə, maliyyə la­zımdır.

Etirazların ciddi perspektivinin olacağını gözləmək lazım deyil. Paşinyan ən azı hakimiyyət müd­dətinin sonunadək vəzifədə qala­caq. Məsələ bundadır ki, etiraz­lar elə Paşinyanın öz ətrafından idarə olunur. Mitinqlərin təbliğatı üçün media dəstəyini Paşinya­nın həyat yoldaşı Anna Akopya­nın aid olduğu sorosçu media şəbəkəsi kurasiya edir. Paralel olaraq, etirazçıları qrupları yenə Paşinyanın ətrafındakı iqtisadi dairələr maliyyələşdirir. Buradan o nəticəyə gəlmək olur ki, baş nazir özü etirazları təşkil etmək­lə ətrafa demokratiklik görüntüsü ötürür.

Səxavət HƏMİD
XQ



Siyasət