Sülh “məlhəmi” və Femida

post-img

İndi Ermənistanın ona daha çox ehtiyacı var

Sentyabrın 20-dən sonra artıq zaman yetişib ki, bizim nümayən­dələr əyləşsin və sülh sazişinin layihəsi üzərində işləsin. 20 sentyabrda biz suverenliyimizi artıq bərpa etmişik. Bundan sonra sülh sazişinin tezliklə imzalanması daha asan olacaqdır. Bununla yanaşı, təbii ki, gərək sərhədlərin delimitasiyası üzərində fəal surətdə çalışaq və uzun müddət sürən bu qarşıdurmaya son qoyaq. Azərbaycan sülh istəyir. Biz Qafqazda sülh və sabitlik istəyirik. Bu, mümkündür və se­çim Ermənistanındır.

Azərbaycan Prezidenti İlham Əliyevin Zəngilanda keçirilən 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimindəki çıxışından

 

Azərbaycanın bədənindəki “Artsax” adlı çiban kəsilib atıldı. Bundan sonrası “dezinfeksiya” prosedurudur. Erməni separatizmindən rişələnən həmin çibanın bir daha cücərməsinə heç bir halda yol verilməyəcək. Çünki Azərbaycan onu kökündən qoparıb atmaqla üzərində tam və qəti qələbə qazanıb.

Artıq Azərbaycanın suveren əra­zisində nə “boz zona”lar qalıb, nə də qeyri-qanuni strukturlar. Qarabağımız­da separatismın zəhərli nəfəsindən qur­tulmuş təmiz ab-hava, qara buludlardan təmizlənmiş açıq səma bərqərar olub. Hər şey ilkinə qayıtdığı kimi, əzəli yur­dumuz da otuz ildən çox intizarında ol­duğu dogma sakinlərini qoynuna alma­ğa başlayıb. İndi Vətənimizin bu cənnət guşəsində insanlarımız kimi, torpaq da sevinir. Üstü də, altı da sərvətlə zəngin Qarabağ torpağında ocağını qalayıb ömürlərini sürməyə başlayan keçmiş məcburi köçkün soydaşlarımızın qayı­dışdan sonrakı ən böyük arzusu sülh və əmin-amanlıq şəraitində qurub-ya­ratmaqdır. Məgər bu bəşəri istək irqin­dən, dinindən, dərisinin rəngindən asılı olmayaraq, planetimizin bütün qitələrin­də yaşayan insanların arzusu deyilmi? Sülhə təşnə olanların onu məlhəm kimi qəbul etməsi təbii haldır. Bəli, Cənubi Qafqaz çoxdan intizarında olduğu sül­hün yarım addımlığındadır. 

* * * 

Bölgədə son üç ildə cərəyan edən hadisələrin dinamikasına və xarakterinə nəzər yetirsək, görərik ki, əgər Ermənis­tan hakimiyyəti istəsəydi, Azərbaycanla sülhə gələ bilərdi. Çünki Vətən müha­ribəsində qazandığımız Zəfərdən sonra Azərbaycan buna hazır idi və bunu İrə­van iqtidarı da yaxşı bilirdi. Təəssüf ki, daxildəki daşnak-revanşist, kənardakı lobbi-diaspora təzyiqlərinə layiqli müqa­vimət göstərə bilməyən Paşinyan ko­mandası özünü addım-addım görünən uçurumun kənarına sürüklədi. İndi irə­liyə addım atılası məsafə qalmayıb, son nöqtəyə çatıblar və real təhlükə­dən qurtuluşları yalnız sülhə gəlməkdir. Azərbaycan hətta bu vəziyyətdə belə xəyanətkar qonşusu ilə də humanist davranış sərgiləyir. Bakı Qarabağdakı erməni azlığın hüquq və təhlükəsizliyini təmin etməyə, onlara ölkənin digər etnik azlıqları kimi, bütün şəraiti və imtiyazları yaratmağa hazır olduğunu açıq şəkildə bəyan edib. Bu, qalib dövlətin məğlub ölkəyə təklif edə biləcəyindən daha bö­yük güzəştdir.

Bu təminatı onlar Azərbaycan Res­publikasının Prezidenti İlham Əliyevin dilindən eşidiblər: “Qarabağın erməni əhalisinin hüquqlarını təmin edəcəyik. Artıq biz onlara bu məsələ ilə bağlı, reinteqrasiya ilə bağlı öz baxışımızı təqdim etmişik, onların dini, təhsil, mə­dəni, bələdiyyə hüquqları – beynəlxalq konvensiyalara uyğun olaraq bütün bu məsələlər həll ediləcək. Bu, Azərbay­canın iştirakçısı olduğu bütün konven­siyalara, bizim konstitusiyamıza və bey­nəlxalq öhdəliklərimizə uyğun həyata keçiriləcək”. 

Dövlətimizin başçısı Ermənistanın ərazi bütövlüyünü Azərbaycanın tanıdı­ğını növbəti dəfə dünyaya bəyan etdi. “Yəni, bizim başqa niyyətlərimiz olsay­dı, əməliyyat sentyabrın 20-də dayan­mazdı. Mən bunu hər kəsin bilməsini istəyirəm. Bunu Ermənistan hakimiy­yəti də bilsin, onun arxasında duran hi­mayədarları da bilsin, bu gün Azərbay­cana qarşı qəbuledilməz planlar cızan tərəflərə buradan mesaj verirəm! Bizim səbrimizlə oynamasınlar. Biz səbirliyik, ancaq qətiyyətliyik. Biz haqlı olduğu­muzu sübut edə bilirik və edirik. Ona görə yox ki, bizim gücümüz var, çünki haqq-ədalət bizim tərəfimizdədir”. 

Prezident İlham Əliyevin bu çağırı­şının İrəvanda düzgün dəyərləndirilə­cəyinə inansaq, deməli, oktyabrın 5-də Aİ-nin Qranada sammitində iki ölkə ara­sında ilkin sülh sazişinin imzalanması perspektivi real görünməkdədir. 

Ədalət və qətiyyət! Sarsılmaz siya­si iradənin göstərici sayıla biləcək bu dəyərləri Azərbaycan öz liderinin sima­sında hər zaman gözlədi və nümayiş etdirdi. Azərbaycan hökuməti Ermə­nistanla sülhə hazır olduğunu göstərir. Sülhə nail olmaq üçün Bakının konkret təklifləri çoxdan danışıqlar masasının üzərinə qoyulub. Bunlar kommunikasi­yaların açılması, Zəngəzur dəhlizinin işə salınması, sərhədlərin delimitasiyası, anklavların geri qaytarılması və ticarət əlaqələrinin bərpasıdır. Cənubi Qafqaz­da uzun fasilədən sonra dayanıqlı sül­hün bərqərar olmasının Azərbaycandan çox Ermənistanın maraqlarına cavab verdiyini söyləyə bilərik. Çünki İrəvan Zəngəzur dəhlizi vasitəsilə İranla, Rusi­ya ilə, ərazimizdən keçməklə Orta Asiya ilə əlaqə yaratmaq şansını əldə edəcək. Bu isə haylar üçün əməkdaşlıq imkanla­rı, tərəqqi fürsəti deməkdir. Ermənista­nın, ilk növbədə, Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan dividendlər qazana­cağı şəksizdir.

* * * 

On illər boyu işğalçı Ermənistan tə­cavüzkar mövqeyi, radikal-hərbi ritori­kası ilə özünü bölgədə təcrid olunmuş vəziyyətə gətirib çıxardı. Bəs onun qazancı nə oldu? İqtisadi tənəzzül, klanların formalaşdırdığı korrupsiya zənciri, cəmiyyətdə misli görünməmiş təbəqələşmə, xaricə miqrasiyanın il­dən-ilə, gündən-günə çoxalması. 44 günlük savaşda biabırcasına uduzan, əsgər itkisinin və fərarilərin sayını bu günədək dəqiqləşdirə bilməyən bir ölkə sülhə gəlmək əvəzinə, revanş götürmək kimi xam xəyallara qapıldı. Sülh danı­şıqları üzrə prosesi qəsdən uzatmaqla nəyə nail olmağa çalışdığını özü üçün də tam aydınlaşdırmaqda çətinlik çəkən İrəvan iqtidarı sərhəddə silahlı təxribat­lardan tutmuş danışıqlar masasında diplomatik avantüralara kimi təhlükəli və zərərli təşəbbüslərə baş vurdu. Bu zaman arxalandığı, güvəndiyi tərəfdaş­larından, himayədarlarından gözlədiyi dəstəyi görməyəndə yenə silaha əl atdı. Amma bu, Azərbaycan iqtidarının səbir kasasını daşdıran sonuncu damla oldu. Və avantüristlərin, separatçıların və on­ları qarşıdurmaya sürükləyənlərin son və qəti cavabını verməkdən ötrü Azər­baycana cəmi bir sutka kifayət elədi. Er­mənistan ordusunun Qarabağda qalmış tör-töküntüsü darmadağın edildi. Ölən öldü, qaçan qaçdı. Qondarma “artsax respublikası” sabun köpüyü tək bir ge­cədə havaya buxarlandı. Amma sepa­ratçı-xunta rejiminin “liderlərinin”, “dqr” rəsmilərinin Femida qarşısında cavab verəcəkləri gün hələ qabaqdadır... 

* * * 

Aydın məsələdir ki, törətdikləri hər­bi cinayətlərə görə barələrində istintaq başladılmış separatçı-xuntaçıların üzdə gedənlərinin öz layiqli cəzalarını alması tarixi ədalətin bərpası ilə yanaşı, həm də görk, ibrət məsələsidir. Artıq var­danyanlar, xaçatryanlar, balasanyan­lar, manukyanlar, mnatsakanyanlar və daha neçə-neçə “yan”lar Bakının təc­ridxanalarında mühakimə prosesini və tribunalın hökmünü gözləməkdədirlər. Adları Azərbaycanın hüquq-mühafizə orqanlarına çoxdan bəlli olan bu daşnak tör-töküntülərinin məhkəmə prosesinin hansı formada aparılacağı indidən çox­larının marağına səbəb olub. 

Bununla bağlı ölkənin sabiq xarici iş­lər naziri Tofiq Zülfüqarovun açıqlama­sına diqqət yetirək: “Mənə elə gəlir ki, bu, 1946-cı ilin Nürnberq Məhkəməsinə bənzər bir proses olacaq. Həmin pro­sesdə nasist mahiyyətli “miatsum” la­yihəsini ideoloji cəhətdən əsaslandıran, onu daha sonra həm də etnik təmiz­ləmə şəklində reallaşdıran sexakronizm ideologiyası mühakimə olunacaq. Ona görə də prosesə cəlb olunacaq bey­nəlxalq hüquqşünasların iştirakı ilə bu ideologiya açıq şəkildə lənətlənməlidir. Səfirlər, beynəlxalq ekspertlər, təşkilat və qurumların rəsmiləri separatçıların Azərbaycan xalqına qarşı törətdikləri vandalizm aktlarını canilərin öz dillərin­dən eşidə biləcəklər”.

Təcrübəli diplomatın sözlərinə görə, burada söhbət təkcə Azərbaycana və azərbaycanlılara qarşı törədilən təca­vüzkar, qəddar hərəkətlərdən deyil, eyni zamanda, Ermənistana və onun diasporuna hakim kəsilən bir ideologi­yanın həyata keçirilməsindən gedir: “Əslində, bu, həmin ideologiyanı məh­kəməyə çıxarmaq üçün bir səbəbdir. Və bu məhkəmə onlar üçün “taleyüklü layihəyə” siyasi nöqtənin qoyulması demək olacaq. Bu layihənin praktiki ola­raq tarixə gömülməsi gözümüzün qar­şısında baş verir. Əl atdıqları sonuncu “taktikalarından” görürük ki, onlar hər şeylərini itirdiklərinə görə, baş verənləri “etnik təmizləmə” adlandıraraq, dünya ictimaiyyətini yenə aldatmağa çalışır­lar”.

* * * 

Bütün dünya gördü ki, Azərbaycan hətta düşməninə qarşı xoş məramını, sülhpərvər imicini sona kimi qoruyub saxlamağı bacaran dövlətdir. Ötən əsrin 80-ci illərinin ortalarına qədər azərbay­canlılar və etnik ermənilər Qarabağda yan-yana, sülh və dinc şəraitdə yaşa­yıblar. Bu gün Azərbaycanda 30 minlik yəhudi icması var. Yevangeliya xristian­larının icması böyüməkdədir. Gürcülər, ruslar, ukraynalılar, molokanlar hamısı bu gün çoxmillətli və çoxkonfessiyalı Azərbaycanın ayrılmaz tərkib hissəsi sayılır. Bu, Qarabağ ermənilərinə də aid ola bilər və olmalıdır. Nəhayət, erməni xalqı anlamalıdır ki, Azərbaycan mü­haribə deyil, sülh istəyir. Amma ədalətli sülh istəyir.

 

İmran BƏDİRXANLI
XQ



Siyasət