Azərbaycan elmi milli və bəşəri yüksəlişin xidmətində

post-img

Elm cəmiyyətin sosial-iqtisadi və mədəni inkişafını təmin edən önəmli mənəvi-intellektual güc mənbəyi, çağdaş dünyada qəbul edildiyi kimi, yüksək səmərə verən məhsuldar qüvvədir. Müasir cəmiyyətlərin dayanıqlı inkişafında elmi-texniki tərəqqinin rolu və təsiri misilsizdir.

Bu günlərdə 80 illik yubileyini qeyd etməyə hazırlaşan Azərbaycan çoxəsrlik mədəni-zehni dəyərlər üzərində qazandığı tarixi nailiyyətlərlə dünya elminin ön mövqelərində şərəfli və öyünclü mövqe qazanıb. Bu qürurlu tarixin son qərinəsini müstəqil dövlətçilik şəraitində yaşayıb-yaradan alimlərimiz ölkənin sürətli inkişafı ilə yanaşı, beynəlxalq miqyasda da elmə layiqli töhfələr, məşhur elmi mərkəzlərə dərin zəkalı və yenilikləri böyük səmərə gətirən elmi kadrlar verib.

Azərbaycan Prezidenti İlham Əliyev son illər ölkəmizdə elmin inkişafı, elmi-texniki potensialın qorunub saxlanılması və modernləşdirilməsi, elm və təhsil sahəsində yüksəkixtisaslı kadrların hazırlanması, onlara daim qayğı göstərilməsi, cəmiyyətdə alimlərin, elm və təhsil işçilərinin nüfuzunun artırılması sahəsində bir sıra mühüm qərarlar qəbul edib. Bütün bunlar əvvəlki mərhələdə qazanılmış elmi uğurları qoruyub saxlamağa və artırmağa xidmət edir.

Elmin inkişafına dövlət səviyyəsində qayğı, dövlətçiliyin möhkəmləndirilməsi və xalqın milli-mədəni tərəqqisinə və rifah halının yüksəldilməsinə xidmət edən siyasətin tərkib hissəsidir. Qloballaşma prosesinin dünyanı əhatə etdiyi və elmi-texniki tərəqqinin kifayət qədər yüksək sürətlə aparıldığı müasir dövrdə müstəqil Azərbaycan dövlətinin inkişafı elmi durumun səviyyəsindən və qazanılan nailiyyətlərin tətbiqindən əhəmiyyətli dərəcədə asılıdır. Azərbaycanda elmin inkişafı, əhalinin maddi rifahının yaxşılaşması və gələcək inkişafında Azərbaycan Milli Elmlər Akademiyası ötən 80 ildə müstəsna rol oynayıb.

Görkəmli dövlət xadimi, müstəqil dövlətimizin banisi, ümummilli lider Heydər Əliyevin 23 sentyabr 1993-cü ildə respublika ziyalıları ilə tarixi görüşündə Azərbaycan Elmlər Akademiyasının əhəmiyyəti, xidmətləri haqqında söylədiyi fikirlər cəmiyyətin inkişafında elmin roluna dair obyektiv qənaətləri ifadə edirdi: “Elmlər Akademiyası Azərbaycan xalqının tarixi nailiyyətidir. 1945-ci ildə bu akademiyanı yaradan adamlar, Azərbaycanın alimləri çox böyük şücaət göstərmişlər. Ötən dövrlərdə bu akademiyanın çərçivəsində Azərbaycan elmi çox inkişaf etmişdir. Akademiyanın fəaliyyətini tənqid etmək də olar, ancaq, ümumən götürdükdə, şübhəsiz ki, elminin keçdiyi inkişaf yoluna yüksək qiymət verməli, onu əldə saxlamalı, itirməməliyik. Dağıtmaq çox asandır, qurmaq, yaratmaq çətindir.

1945-ci ildə Elmlər Akademiyasını yaratmaq, sonra isə onu inkişaf etdirmək, yeni-yeni institutlar təşkil etmək asan iş idimi? Əlbəttə, yox! Tarix, insanlar isə həmişə quranları, yaradanları qiymətləndirir. Əmin ola bilərsiniz ki, Elmlər Akademiyası da, institutlar da fəaliyyət göstərəcəklər. Azərbaycan elmi inkişaf etməlidir... Biz bu sahəyə hər cür kömək edəcəyik və mədəniyyətimiz, elmimiz, təhsilimiz, o cümlədən də ali təhsilimiz inkişaf edəcəkdir”.

Doğrudan da, AMEA milli elmin baş qərargahı, bu sahədə strateji idarəetmə məktəbi və mərkəzidir. Bu məktəbin məzunları olan alimlər, müəllimlər, mühəndislər ölkənin gələcəyini qururlar. Bu mərkəzdə çalışanlar Azərbaycanın intellektual potensialını, aparıcı ziyalı zümrəsini təşkil edirlər.

SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli qərarı ilə ümumittifaq akademiyasının 1935-ci ildə yaradılmış yerli filialı Azərbaycan SSR-in müstəqil Elmlər Akademiyasına çevrildi. Bununla Tusinin, Bəhmənyarın, Urməvinin, Bakıxanovun, Zərdabinin vətənində çoxəsrlik elmi düşüncə ənənəsinin, müasir tədqiqat sisteminin təşkilinin yeni mərhələsi başlanıb.

Azərbaycan Milli Elmlər Akademiyası ilk təşəkkülü dövründə onun 4 bölməsi, 16 elmi-tədqiqat institutu, 3 muzeyi, mərkəzi elmi kitabxanası, Naxçıvan, Gəncə, Xankəndi və Qubada elmi bazaları var idi. Həmin il Azərbaycan EA-ya 15 həqiqi üzv seçilb. Keçən dövr ərzində AMEA respublikada aparılan fundamental tədqiqatların əsas mərkəzinə çevrilib. Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində müxtəlif elmi istiqamətlər üzrə elmi bölmələr fəaliyyət göstərib: fizika-riyaziyyat və texniki elmlər; kimya elmləri; humanitar və ictimai elmlər; Naxçıvan və Gəncə elm bölmələri.

Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi keçən əsrin 70-ci illərində onlarla azərbaycanlı aspirant və doktorantlar keçmiş SSRİ-nin ən qabaqcıl alimlərinin fəaliyyət göstərdikləri elmi mərkəzlərə göndərilib, akademiyada müasir tələblərə cavab verən yüksəkixtisaslı kadrların yetişdirilməsi üçün əlverişli şərait yaradılıb.

Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi birinci dövr elmin sürətlə inkişaf etdiyi illər hesab edilir. O illərdə ölkəmizdə böyük elmi məktəblər yaranıb, görkəmli elm adamları yetişib. Respublika rəhbəri Heydər Əliyevin təşəbbüsü ilə 1975-ci ildə ölkəmizdə Elmlər Akademiyasının 30 illik yubileyinin keçirilməsi və akademiyanın "Xalqlar dostluğu" ordeni ilə təltif olunması elm tariximizin parlaq hadisələrindən biri hesab olunur.

Ötən əsrin 70–80-ci illərində Azərbaycanda elmi-texniki tərəqqinin qarşısında duran önəmli vəzifələrdən biri ölkənin enerjiyə olan tələbatlarının ödənilməsi idi. Xüsusən, neft-qaz energetikasının inkişafına böyük diqqət verilirdi. Geofiziki kəşfiyyatın yeni metodlarının tətbiqi yeni neft və qaz yataqlarının kəşf edilməsinə kömək edirdi. Məhz bu dövr Azərbaycan ərazisində yeni neft yataqlarının kəşfi dövrü oldu.

SSRİ-də 90-cı illərin sonlarında başlayan iqtisadi-siyasi böhran və bu dövlətin tərkibinə daxil olan xalqların milli azadlıq hərəkatı SSRİ-nin dağılmasına və müstəqil Azərbaycan dövlətinin təşəkkülünə səbəb oldu. Müstəqil Azərbaycanın təşəkkülü ilə yeni müstəqil qurumların, o cümlədən müstəqil Milli Elmlər Akademiyasının formalaşması dövrü oldu. Beləliklə, Azərbaycan elminin inkişafında yeni bir dövr başlandı.

1992-ci ildə Azərbaycan Birləşmiş Millətlər Təşkilatının üzvlüyünə qəbul edildi. Azərbaycanın ərazi bütövlüyü dünya dövlətlərinin əksəriyyəti tərəfindən tanındı. Azərbaycanda elmin yeni inkişafı sahəsində tamamilə yeni dövr başlandı. Bu dövrdə ölkəmizdə əldə olunan elmi nailiyyətlərin artıq SSRİ-nin deyil, müstəqil Azərbaycanın inkişafına yönəldilməsi, milli maraqlara uyğun olaraq elm sahələrini inkişaf etdirmək imkanı əldə etdi.

1993-cü ildə Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ölkədə siyasi və iqtisadi böhranın aradan qalxmasına gətirib çıxardı. Azərbaycan dövləti bütün sahələrdə, o cümlədən elmin bütün istiqamətlərində sürətli inkişaf etməyə başladı.

Akademiyanın tərkibində gənc və istedadlı alimlərin sayı artırıldı. AMEA-nın 6 bölməsinin fəaliyyəti nizama salındı. Kimya elmləri, Yer elmləri, biologiya və tibb elmləri, humanitar elmlər, ictimai elmlər bölmələrində, 2 regional bölmədə və 2 regional elmi mərkəzdə uğurlu axtarışlar davam etdirildi. Azərbaycan Milli Elmlər Akademiyasında 10 minə yaxın əməkdaş, o cümlədən 4 min 939 nəfər elmi işçi, 664 elmlər doktoru, 2 min 26 nəfər fəlsəfə doktoru çalışır. Akademiyanın 72 həqiqi üzvü və 112 müxbir üzvü var.

Son dövrdə AMEA-da böyük elmi-təşkilati işlər görülüb, əsaslı islahatlar aparılıb. AMEA xarici ölkələrin elmi müəssisələri ilə müntəzəm əlaqə saxlayır, elmin müasir problemlərinə və elmin təşkilinə dair əcnəbi alimlərlə fikir mübadiləsi aparır. Akademiyanın alimləri beynəlxalq elmi qurultay, konfrans və simpoziumlarda elm və texnikanın aktual problemlərinə dair məruzələrlə çıxış edirlər. AMEA bir çox nüfuzlu beynəlxalq elmi təşkilatların üzvüdür, onun əməkdaşları MDB ölkələri, ABŞ, Yaponiya, İsrail, İsveçrə, İngiltərə, Almaniya, Pakistan, Türkiyə, İran və başqa ölkələrin aparıcı elm və təhsil müəssisələri ilə birgə proqram çərçivəsində tədqiqatlar aparır, kadr və informasiya mübadilələrində iştirak edirlər.

Ümummilli lider Heydər Əliyevin AMEA-nın Azərbaycan elminin və bütövlükdə ölkənin ədəbi-ictimai həyatındakı rolu və xidmətlərini ifadə edən bu sözləri bu gün də aktualdır: “AMEA-nın keçdiyi şərəfli yol Azərbaycan xalqının tarixində böyük səhifədir. Çoxəsrlik tariximizdə böyük elmimiz olubdur. Ancaq Azərbaycan elmi heç vaxt bu qədər mütəşəkkil və bu qədər qüvvətli, güclü, çoxsahəli olmayıb. Müstəqil Azərbaycanın Elmlər Akademiyası bütün elmi potensialı özündə cəmləyərək xalqımızın yaradıcılıq sahəsində nəyə qadir olduğunu dünyaya göstəribdir”.

Bu gün çox böyük iftixar hissi ilə deyə bilərik ki, 80 illik fəaliyyət dövründə AMEA-nın uğurlu fəaliyyəti, elmin ən yeni və müasir istiqamətləri üzrə yüksək ixtisaslı, elmi dərəcələrə malik mütəxəssislərin hazırlanması Azərbaycanın ən böyük uğurlarındandır.

Hər il 27 martda Azərbaycanda Elm Günü təntənə ilə qeyd edilir. Bu gün Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsis edilib və ölkə elminin inkişafındakı rolunu vurğulamaq və şərəfləndirmək məqsədi daşıyır. Bu tarix respublikamız üçün əlamətdar bir vaxta –AMEA-nın təsis olunduğu günə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət daşıyır.

2011-ci il aprelin 26-da AMEA-nın illik ümumi yığıncağında iştirak edən Prezident İlham Əliyev vurğulayıb ki, müasir dövlətin qurulması, ölkənin tərəqqisi elmin inkişafı olmadan mümkün deyildir. Elmi tədqiqatların ölkədə aparılan iqtisadi siyasətlə bağlılığının diqqətdə saxlanılması vacib şərtdir. Ölkə rəhbəri son illərdə elmin inkişafına, bu sahədə problemlərin kompleks həllinə xidmət edən bir çox sərəncam və fərmanlar imzalayıb, məqsədli Dövlət proqramlarnı təsdiq edib. Prezident İlham Əliyevin 2009-cu il 4 may tarixli “Azərbaycan Respublikasında 2009–2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın və “Azərbaycan Respublikasında 2009–2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, 2009-cu il 22 may tarixli “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncamları bu baxımdan xüsusi vurğulanmalıdır.

Milli Strategiya Azərbaycanın elmi-texniki potensialının, innovasiya siyasətinin, kadr hazırlığının imkanlarına əsaslanır, ixtisaslaşdırılmış elmi-tədqiqat institutlarının, həm də ayrı-ayrı istiqamətlər üzrə dövlət siyasətinə cavabdeh olan rəsmi strukturların qarşısına təxirəsalınmaz tələblər qoyur. Son illərdə ölkəmizdə gənclər siyasətinə də xüsusi diqqət yetirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında dövlət gənclər siyasətinin formalaşdırılmasında gənc elmi kadrların hazırlanması da əksini tapıb.

Ölkədə elmin inkişafı istiqamətində görülən ən mühüm işlərdən biri də Prezident İlham Əliyevin 2009-cu il 21 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılmasıdır. Bu qurumun təşkilində məqsəd ölkədə elmi-texniki potensialın qorunması, iqtisadiyyatın inkişafında bu potensialdan səmərəli istifadə edilməsi, mühüm sosial problemlərin həllində elm və texnikanın rolunun yüksəldilməsi, cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli elmi-tədqiqatların, proqramların, layihələrin və digər elmi tədbirlərin maliyyələşdirilməsi, alimlərin elmi fəaliyyətinin stimullaşdırılması və onlara əlavə yaradıcılıq imkanının yaradılmasıdır.

Prezident İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında” 2010-cu il 9 fevral tarixli sərəncamı respublikada elmi-tədqiqatların müasir standartlar səviyyəsində aparılmasını, ölkənin elmi kadr potensialının artırılmasını və Azərbaycanda elmin elm məkanına beynəlxalq inteqrasiyasının təmin olunmasını daha da sürətləndirmək məqsədi daşıyır. Sərəncamla Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Azərbaycan Milli Elmlər Akademiyasına gənc alimlərin Avropanın elmi mərkəzlərinin doktoranturalarında təhsil almaları üçün 500 min manat məbləğində vəsait ayrılıb. Bu, sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində elmi-tədqiqatların Avropa səviyyəsinə çatdırılmasını, gənc alimlərin dünya elminə inteqrasiyasını nəzərdə tutur.

Azərbaycan Milli Elmlər Akademiyasının 2011-ci il 26 aprel tarixdə keçirilən illik ümumi yığıncağında Prezident İlham Əliyev giriş nitqində bildirib: “2009-cu ildə Elmin İnkişafı üzrə Milli Strategiya və Dövlət Proqramı qəbul edilmişdir, ondan sonra Elmin İnkişafı Fondu yaradılmışdır. Bu fondun xətti ilə nəinki müasir avadanlığın alınması öz həllini tapır, eyni zamanda, müxtəlif qrantlar verilir ki, biz Azərbaycanda elmi araşdırmaları stimullaşdıraq”.

Dövlət başçısının 2011-ci il 4 noyabr tarixli Sərəncamına əsasən, Elmin İnkişafı Fondunun dəstəklənməsi, ölkədə elmi-tədqiqatların müasir standartlar səviyyəsində aparılmasını və xalqımızın mədəni-tarixi irsinin daha dərindən araşdırılmasını təmin etmək məqsədilə Elmin İnkişafı Fonduna Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan 3 milyon manat məbləğində vəsait ayrılıb.

Prezident İlham Əliyev fondun uğurlu fəaliyyətini belə dəyərləndirib: “Qeyd etməliyəm ki, hazırda fəaliyyət göstərən Elmin İnkişafı Fondunun təcrübəsi də çox müsbətdir. Yəni bu fondun xətti ilə müxtəlif proqramların icrasında, o cümlədən gənclər, gənc alimlər də çox fəal iştirak edirlər. Gənclər Fondu da fəaliyyətini bu səpkidə, yəni bu istiqamətdə aparmalıdır”. Fond Azərbaycan xalqının, alimlərinin rifahına və ölkənin tərəqqisinə, dövlətin möhkəmləndirilməsinə, elmin yüksək xətlə inkişaf strategiyasının müəyyənləşdirilməsinə və təkmilləşdirilməsinə, Azərbaycan alimlərinin elmi-tədqiqat layihələrinin uğurla həyata keçirilməsinə və ölkədə elm sahəsində dünyamiqyaslı və rəqabət apara biləcək elmi nəticələrin alınmasının reallaşdırılmasına və bu nəticələrin tezliklə iqtisadiyyatda öz tətbiqini tapmasına xidmət etməkdir!

Ulu öndər Heydər Əliyevin müdrikliklə müəyyən etdiyi və həyata keçirdiyi elm siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müstəqillik illərində əldə edilən uğurlardan biri kimi Azərbaycanın Kosmos dövlətinə çevrilməsini xüsusi qeyd etmək lazımdır. Bu nailiyyət ölkə Prezidentinin İKT sahəsində məqsədyönlü və uzaqgörən siyasətinin həyata keçirilməsi, eləcə də respublikamızda ən yeni texnologiyaların tətbiqinin reallaşdırılması sayəsində əldə olunub.

Azərbaycanda elmi fəaliyyət əsasən Milli Elmlər Akademiyasını, ali təhsil müəssisələrini, dövlət qurumlarının tərkibindəki elmi təşkilatları, qismən də özəl sektoru əhatə edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə 22 ildən artıq dövrü əhatə edən bir müddətdə Azərbaycanda bütün sahələrdə olduğu kimi, AMEA da islahatlar və yenilənmə mərhələsini yaşayır. Dövlətin həyata keçirdiyi müasirləşmə və innovasiya siyasəti nəticəsində ölkəmizdə ənənəvi sahələrin inkişafı ilə yanaşı, IV Sənaye İnqilabının çağırışlarına uyğun genişmiqyaslı layihələrin reallaşdırılmasına şərait yaradır. Bu proses öz təsirini Akademiyanın elmi mühitində də aydın şəkildə göstərməkdədir.

80 illik şanlı yubileyini qeyd edən AMEA, bütövlükdə, Azərbaycan elmi, ölkəmizin və dünyanın ən aktual problemi olan ekoloji tarazlığın əldə edilməsi, ətraf mühitin qorunması, dayanıqlı inkişafın təmin edilməsində elmi-texniki potensialdan prioritet hesab olunan istiqamətlərdə istifadəni genişləndirmək və AMEA-nın 80 illik fəaliyyətini dünyanın yeni çağrışları ilə əlaqələndirilməsi olduqca vacibdir.

80 il əvvəl qoyulmuş təməl bu gün Milli İnnovasiya sisteminin mərkəzinə çevrilmişdir. Elm dövlətin gücünü, dövləti isə elmin inkişaflarını artırır, bu qüdrətli gücün elmi-təşkilati təcrübəsi gələcəyin texnoloji və intellektual inkişaf xəritəsini müəyyənləşdirir.

80 illik yubiley elmimizin müstəqil dövlətçiliklə birgə böyüməsinin bayramıdır. Bu həmdə düşüncənin, ağlın, zəkanın zəfəridir. Akademiyanın alimləri, ziyalıları yalnız elmi nailiyyətləri ilə deyil, həm də ictimai düşüncənin formalaşmasında, gənc nəslin milli dəyərlər ruhunda tərbiyəsində böyük rol oynayırlar. Alimlərin fəaliyyəti dövlətin intellektual dayaqlarının möhkəmlənməsinə xidmət edir.

Azərbaycan bu gün qlobal dünyada özünün intellektual, iqtisadi və siyasi çəkisini artıraraq müasir dövrün çağırışlarına cavab verən dinamik inşikaf edən bir ölkəyə çevrilib. Bugünkü uğurlarımız ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu möhkəm dövlətçilik təməlindən, onun siyasi irsindən və Prezident İlham Əliyevin müdrik siyasətindən irəli gəlir.

Yaxın günlərdə özünün şanlı 80 illik yubileyini qeyd edəcək Azərbaycan Milli Elmlər Akademiyasının bütün elm adamlarını Azərbaycan Dövlət İqtisad Universitetinin kollektivi adından səmimi-qəlbdən təbrik edir, AMEA-da çalışan, ölkənin ali təhsilinə də önəmli dəstək verən həmkarlarımıza yeni yaradıcılıq uğurları arzu edirik. İnanırıq ki, AMEA-nın elmi axtarışları bundan sonra da müstəqil dövlətimizin hərtərəfli tərəqqisinə, zehni-mədəni yüksəlişə xidmət edəcək, milli elmimizin və alimlərimizin xoş sorağı dünyanın hər yerindən gələcək.

Arif ŞƏKƏRƏLİYEV,
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru, Əməkdar elm xadimi





Sosial həyat