İndi heç kim Azərbaycanın təmkini ilə oynamağa cəhd eləməz

post-img

Çünki bizim səbir kasamızın daşmasının nəticəsi artıq hamıya məlumdur

Bunu Ermənistan hakimiyyəti də bilsin, onun arxasında duran himayədarları da bilsin. Bu gün Azərbaycana qarşı qəbuledilməz planlar cızan tərəflərə buradan mesaj verirəm: Bizim səbrimiz­lə oynamasınlar. Biz səbirliyik, ancaq qətiyyətliyik. Biz haqlı ol­duğumuzu sübut edə bilirik və edirik. Ona görə yox ki, bizim gücümüz var, çünki haqq-ədalət bizim tərəfimizdədir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti 

Zəngilan, 29 sentyabr, 2023-cü il

Dövlət başçımızın BMT-nin Məskunlaşma Proqramının və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə təşkil olunan “Şəhərsalma həftəsi 2023” tədbirləri çərçivəsində II Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimindəki çıxışı Cənubi Qafqazdakı proseslər barədə dünya ictimaiyyətinə verilən növbəti mesaj, şərh kimi böyük əhəmiyyət kəsb edirdi. 

Həmin çıxışdakı “Bizim səbrimizlə oyna­masınlar” xəbərdarlığı Cənubi Qafqazın bu­günkü ərzi-halını dəyişmək xülyası ilə yaşa­yanlara olduqca sərt xəbərdarlıq idi. Həm də olduqca vacib addım idi. Yəni, hərə öz yerini bilməlidir ki, sadə insanlar kiminsə başıpo­zuqluğundan əziyyət çəkməsinlər. Həyat sübut etdi ki, erməni xalqının ideoloq və si­yasətçilərinin gerizəkalılığı nəticəsində tək Azərbaycan və regionun digər xalqları deyil, erməni xalqının özü də uzun illər əziyyət çək­di və sarsıdıcı zərbələrə məruz qaldı.

Həmin düşüncəsiz adamların sar­saq planlarının icrası zamanı Azər­baycan ərazilərinin 20 faizi yerlə-yek­san edildisə, Ermənistan iqtisadiyyatı otuz-qırx ildə dirçələ bilməyəcək vəziy­yətə düşdü. Son nəticədə Azərbaycan dövləti zorən cəlb edildiyi – artıq tarixin zibilliyinə atılmış münaqişədən müasir dünyanın həm iqtisadi, həm də hərbi baxımdan ən güclü dövlətlərindən biri kimi çıxdısa, Ermənistanın həm ordu­su darmadağın edildi, həm də iqtisa­diyyatı tamamilə çökmüş halda miskin­ləşdi. 

Münaqişənin sonunda Azərbay­can xalqı qalib xalq statusunu əldə etdisə, ermənilər 2020-ci ilin payızın­da kapitulyasiya aktına imza atmaqla, 2023-cü ilin sentyabrında isə otuz il əvvəl Azərbaycan ərazisində yarat­dıqları ikinci erməni dövlətini məhz öz əlləri ilə qəbirə qoyan millət kimi rüs­vay oldular. 

İkinci Dünya müharibəsindən son­ra dünyada baş vermiş çoxsaylı mü­naqişə və müharibələrdə kapitulyasiya aktının imzalanması və separatçıların öz dövlətini buraxması faktı olmamışdı. Başdanxarab hay ideoloq və siyasət­çiləri taleyin bizə qonşu etdiyi erməni xalqını məhz bu rüsvayçılıqlarla xar etdilər. Ona görə də Azərbaycan Pre­zidenti deyir ki, ermənilər və onların havadarları bizim səbrimizlə oynama­sınlar. Oynasalar... hələ itirəcəkləri çox şeyləri var. 

Yeri gəlmişkən, dövlət başçımız səbir məsələsini yada salanda mən böyük şairimiz Mirzə Ələkbər Sabirin bir qəzəlinin son misrasını xatırladım: “Hansı bir müşküldü kim, səbr ilə asan olmasın?!” 

Bəli, bütün problemlər səbirlə həll olunur. Azərbaycan həm ermənilərin xəyanətinə, həm onların himayədarla­rının riyakarlığına, həm də, ümumiy­yətlə, beynəlxalq aləmdəki ikili stan­dartların ədalətsiz (həm də əxlaqsız) nəticələrinə otuz il möhtəşəm bir sə­birlə dözdü, hər şeyin vaxtını, vədəsini gözlədi və əldə edilən nəticə də məhz möhtəşəm oldu. İndi ermənilər səbir eləsinlər. Biz də inanırıq, onların özlə­ri də bilirlər ki, müasir Ermənistana bu ağılda adamlar rəhbərlik ediblərsə və bundan sonra da edəcəklərsə, bu xalq hansısa uğura nail olmaq üçün nəinki otuz il, bəlkə də bir əsr səbir etməli, gözləməli olacaq. O vaxta qədər isə ya xalq ölər, ya da Sarkisyan, Koçaryan, Balayan və başqalarının nəsli-kökü itər. 

Cənab İlham Əliyev Zəngilanda dünya ictimaiyyətinə bir daha xatırlatdı ki, Ermənistan dövləti kriminal hərbi ci­nayətkarlar tərəfindən idarə olunan bir rejim idi. İki prezidenti Xocalı soyqırı­mında iştirak etmişdir. Onlar buna görə cavab verməlidirlər, məsuliyyət daşı­malıdırlar. Onlar Azərbaycan torpaqla­rını talayanlar idi. İyirmi il ərzində onlar əllərindən gələni edirdilər ki, bizim işğal olunmuş torpaqlarımızda bu taktikanı işlətsinlər. Həmin taktikanı Ermənistan­da da tətbiq etməyə başladılar.

Azərbaycan Prezidentinin fikrincə, bu gün də erməni xalqı həmin xunta rəhbərlərinə nifrət edir. Ancaq hazırkı Ermənistan hakimiyyəti ilə bağlı olan ümidlər də sarsılmışdır. İndiki Ermə­nistan hakimiyyəti istəsəydi, Azərbay­canla sülhə gələrdi, bunu edə bilərdi. Azərbaycan buna hazır idi, beynəlxalq vasitəçilər bunu bilirdilər: “Keçmiş həmsədrlər bilirdilər ki, biz bunu Azər­baycanın ərazi bütövlüyünün bərpası əsasında dinc yolla həll etməyə hazır idik. Biz Azərbaycandakı erməni azlı­ğın hüquqlarını bərpa etməyə, təmin etməyə hazır idik. İndi isə müharibə­dən sonra və sonuncu hərbi əməliyyat ki, baş verdi, on gün əvvəl biz yenidən bunu bəyan etdik: Qarabağın erməni əhalisinin hüquqlarını təmin edəcəyik. Artıq biz onlara bu məsələ ilə bağlı, reinteqrasiya ilə bağlı öz baxışımızı təqdim etmişik, onların dini, təhsil, mə­dəni, bələdiyyə hüquqları – beynəlxalq konvensiyalara uyğun olaraq bütün bu məsələlər həll ediləcək. Bu, Azər­baycanın iştirakçısı olduğu bütün kon­vensiyalara, bizim konstitusiyamıza və beynəlxalq öhdəliklərimizə uyğun hə­yata keçiriləcək”.

Mən cənab Prezidentin çıxışında­kı “Keçmiş həmsədrlər bilirdilər ki, biz bunu Azərbaycanın ərazi bütövlüyü­nün bərpası əsasında dinc yolla həll et­məyə hazır idik” – cümləsini təsadüfən yada salmadım. Belə ki, bu gün gah Fransadan, gah da ABŞ-dan səslər gəlir ki, bu münaqişənin həlli üçün (!?) kiməsə mandat verilsin, yaxud hansısa missiya göndərilsin, haradasa danışıq­lar aparılsın və sair. 

Əvvəla, əlində mandatı olan – üç güclü dövlətin həmsədrlik etdiyi məlum qrup otuz ildə nəyə nail olmuşdu ki, indi nə edə bilə?! İkinci, onların həll etməli olduğu münaqişə artıq Azərbaycanın hərbi-siyasi qüdrəti ilə həll edilib. Daha heç kəsin vasitəçiliyinə ehtiyacımız yoxdur. Bizim vasitəçimiz haqq-ədalət, beynəlxalq hüquqdur. Üçüncü, işğalçı dövlət otuz illik xəyanət və namərdlik­lərini etiraf edərək, “Azərbaycan bizim 1991-ci ildəki ərazi bütövlüyümüzü ta­nısın” – deyə yalvarırsa, separatçıların özləri öz “dövlətlərini” rəsmi sənədlə cəhənnəmə vasil etdisə, Paris niyə dilini bir sakit yerdə saxlamır? Yaxud, ABŞ-dəkı erməni diasporu İrəvana kömək etməkdən vaz keçirsə, bu ölkə­nin siyasətçilərindən ibarət olan ermə­ni lobbiçiləri niyə “Paşinyandan çox erməni olmaq” istəyirlər? Nəhayət, sonuncu, təkcə İrəvandakılar deyil, Va­şinqton və Parisdəkilər də bizim səbri­mizlə oynamasınlar. 

Bu sətirləri dövlət başçımızın mə­lum çıxışının son akkordları ilə yekun­laşdırırıq: “Biz 20 sentyabrda Qara­bağdakı Ermənistan ordusuna bəyan etdik: silahlarınızı yerə qoyun və ora­ları tərk edin. Belə də oldu və bu, baş verdi. Yəni, biz sözümüzə, vədimizə əməl edirik, ona sadiqik. Əminəm ki, Ermənistan hökuməti bu hadisələri düzgün şəkildə təhlil etsə, “Qarabağ Ermənistandır!” bəyanatından sonra – 2019-cu ildə verilən bəyanatdan sonra 20 sentyabradək baş verənləri düzgün təhlil etsə, sülh əlçatandır. Bu, gələcək­lə bağlı bizim baxışımızdır. Bu, regio­nun gələcəyi ilə bağlı baxışımızdır və hesab edirəm, beynəlxalq aktorlar və qonşular görəcəklər ki, bizim münasi­bətimiz konstruktivdir”.

İttifaq MİRZƏBƏYLİ
XQ



Siyasət