İdxal azalır, ixrac çoxalır

post-img

Sentyabrda xaricə 200 milyon dollarlıq qeyri-neft məhsulları satılıb

Son illər iqtisadiyyatın diversifikasiyası istiqamətində çoxsaylı layihələr həyata keçirilib. Vergi Məcəlləsinə edilən düzəlişlər, sənaye məhəllələrinin, texnoparkların, azad iqtisadi zonaların salınması investisiyaların cəlbini və biznes mühütinin kifayət qədər yaxşılaşdırılmasını şərtləndirib. 

Azərbaycanın neft strategiyası iqti­sadi artımda əsas rol oynasa da, uğurla həyata keçirilən geniş miqyaslı islahatlar nəticəsində qeydə alınan göstəricilərlə qeyri–neft sektorunun payı neft–qaz sə­nayesini üstələyib. Belə ki, qeyri–neft–qaz sektoruun ÜDM-dəki payı 2011-ci ildəki 48,8 faizdən cari ildə 66 faizə yük­səlib. Gələn il isə bu göstəricinin 68 faizə yüksələcəyi proqnozlaşdırılıb. Qeyri–neft–qaz sektorunun payının artmasın­da istehlakçı fəallığının genişlənməsi və düşməndən təmizlənən torpaqarda yeni layihələrin icrası, habelə infrastruktur in­vestisiyaları əhəmiyyətli rol oynayıb.

Respublikamızın ixrac qabiliyyəti də davamlı şəkildə güclənməkdə davam edib, idxalı əvəzləyən məhsulların isteh­salının artırılması reallaşıb. Bu, statistik göstəricilərdə də öz aydın ifadəsini tapıb. İqtisadi İslahatların Təhlili və Kommuni­kasiya Mərkəzinin hazırladığı “İxrac icma­lı”na əsasən, 2023-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycanın ümumi ixra­cı 24,4 milyard dollar, qeyri–neft sektoru üzrə ixrac isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 14,6 faiz artaraq 2,2 milyard dollar təşkil edib. Bu ilin yanvar-avqust ayları ərzində yeyinti məhsulları üzrə ix­rac isə 571,4 milyon dollara bərabər olub. 

Cari ilin 8 ayı ərzində elektrik enerjisi 3,9 dəfə, spirtli və spirtsiz içkilərin ixracı 3,8 dəfə, qara metal məmulatlarının ixra­cı 36,6 faiz, şəkər ixracı 17,9 faiz, mey­və-tərəvəz ixracı isə 7,4 faiz artıb.

İİTKM-nin məlumatına əsasən, 2023-cü ilin yanvar-avqust ayları ərzində aqrar və aqrar–sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 10,4 faiz ar­taraq 594 milyon dollar təşkil edib. Qey­ri–neft–qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar–sənaye məh­sullarının yaratdığı dəyər ötən ilin müva­fiq dövrü ilə müqayisədə 32,8 faiz artaraq 132,6 milyon dollar təşkil edib.

İxrac əməliyyatlatında diqqətçəkən bu uğurlu göstəriciləri bir sıra amillər şərtləndirir: respublikamızda prioritet la­yihələrin maliyyələşdirilməsi üçün yeni borclanma siyasəti aparılır, makroiqtisadi və büdcə dayanıqlığının reallaşdırılması məqsədilə iqtisadiyyatın şaxələndirilmə­sinə xüsusi əhəmiyyət verilir. Məhz bü­tün bunların nəticəsidir ki, hazırda qey­ri–neft–qaz sənayesində artım neft–qaz sektorundakı artımı üstələyir. Mövcud sahədə əlavə dəyərin 6,5 faiz artması, ümumi halda isə qeyri–neft sektorunda 3 faizdən çox artım müşahidə olunması, həmçinin 2003-cü ildən başlayaraq, ötən zaman ərzində reallaşdırılan strategiya sayəsində milli iqtisadiyyatın real xərci­nin 4 dəfə, ixracın 15,6 dəfə yüksəlməsi, iqtisadiyyatın orta artım tempinin dünya üzrə orta səviyyədən 4 faiz çox olması bunun parlaq ifadəsidir.

Azərbaycanın iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun getdikcə güclən­məsi isə, öz növbəsində, xarici ticarət dövriyyəsinin genişlənməsinə təkan verib. Məhz bunun nəticəsidir ki, ölkə­mizin xarici ticarət əlaqələrinin coğra­fiyası ildən–ilə genişlənib. Belə ki, cari ilin yanvar–iyul aylarında Azərbaycan Respublikası dünyanın 190 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları apa­rıb. Hesabat dövründə Azərbaycan isteh­salı olan məhsullar planetin 111 ölkəsinə ixrac olunub. Bununla yanaşı, ilin 7 ayın­da 181 ölkə ilə idxal əməliyyatları həyata keçirilib.

Dövlət Statistika Komitəsindən ve­rilən məlumata görə, gömrük orqanla­rında qeydiyyatı aparılan, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmayan ixrac olunan xam neft və təbii qazın sta­tistik qiymətləndirilən dəyəri nəzərə alın­maqla cari ilin yanvar–iyul aylarında ölkə­mizin xarici ticarət dövriyyəsi 26 milyard 333 milyon dollar təşkil edib. Ümumi ticarət dövriyyəsinin 16 milyard 777 mil­yon dolları ixracın, 9 milyard 556 milyon dolları isə idxalın payına düşüb. 

Xarici ticarət əməliyyatlarında ixra­cın həcminin xeyli artması nəticəsində ilin 7 ayı ərzində əmtəə dövriyyəsində 7 milyard 220,2 milyon dollarlıq müsbət saldo yaranıb. Göründüyü kimi, ötən ilin yanvar–iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 14,2 faiz azalsa da, real ifadədə 1,4 faiz artıb. O cümlədən idxal real ifadədə 8 faiz ar­tıb, ixrac isə 0,7 faiz azalıb.

İİTKM-nin məlumatına görə, cari ilin 8 aylnda Rusiya Federasiyasına 721,5 mil­yon dollar, Türkiyəyə 586,6 milyon dollar, Gürcüstana 219,1 milyon dollar, İsveçrə Konfederasiyasına 86,4 milyon dollar, Qazaxıstana isə 72,4 milyon dollar dəyə­rində qeyri–neft sektoruna aid mal ixrac olunub. Bu ilin avqust ayının qeyri–neft ixracı 200 milyon dolları keçib. Bunun da 51,4 milyon dollarını (10,3 faiz artım) ye­yinti məhsulları üzrə ixrac, 152,2 milyon dollarını isə qeyri–yeyinti məhsulları üzrə ixrac təşkil edib.

2023-cü ilin avqust ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiya­sı (79,6 milyon dollar) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (31,4 milyon dollar) ikinci və Gürcüstan (20,4 milyon dolları) üçüncü olub. Avqust ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahı­sında şaftalı (17,4 milyon dollar) birinci, ilkin formalı polipropilen (10,8 milyon dol­lar) ikinci və polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr (9,6 milyon dollar) üçüncü olub. 

“İxrac icmalı”nda göstərilib ki, 2023-cü ilin sentyabr ayında “Bir pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçi­rilən qeyri–neft ixracının dəyəri 31,6 mil­yon dollar olub. İİTKM-nin məlumatına əsasən, hesabat dövründə Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azər­kosmos”) tərəfindən dünyanın 45 ölkə­sinə 12,7 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78 fa­izini təşkil edib. Bu ilin avqust ayında isə “Azərkosmos” dünyanın 40 ölkəsinə 1,5 milyon dollar dəyərində xidmət ixrac edib.

8 ayda peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 3,6 milyon dollarla Birləşmiş Krallıq, 2,7 milyon dollarla Lüksemburq, 1,1 milyon dollarla BƏƏ, 713,2 min dollarla Alma­niya və 539,9 min dollarla Nigeriya qərar­laşıb.

Bütün bu müsbət göstəricilər hazırda ölkə iqtisadiyyatı üçün yeni istiqamətlərin formalaşmasını deməyə əsas verir. Bu, yeni istiqamətlər idxaldan asılılığın azal­dılması, qeyri-neft əmtəə və xidmət ixracı həcminin yüksəldilməsi, qeyri-neft emal sənayesinin inkişafının sürətləndirilməsi, biznesin bank kreditlərinə çıxışının ge­nişləndirilməsi, dövlət investisiyalarının iqtisadi səmərəsinin artırılması, özəl in­vestisiyaların dominant rolunun gerçək­ləşdirilməsi, kiçik və orta sahibkarlığın iqtisadi artımın başlıca qüvvəsinə çevril­məsi, şəffaflığın yüksəldilməsi və “kölgə iqtisadiyyatı”nın səviyyəsinin minimuma endirilməsindən ibarətdir. Yeni məqsəd­lərə doğru yolda əldə edilən ilkin nəticələr isə müsbətdir. 

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat