Sentyabr ­– xalqımız üçün tarixi qələbələr ayı

post-img

         Hərb sahəsini az-çox bilənlər yaxşı dərk edir ki, müharibənin taleyini həll edən amillər sırasında müasir silah sistemlərinə sahib olmaq, iqtisadi, siyasi üstünlük, orduda say çoxluğuna malik olmaq yetərli deyil. Burada iqlim şərtləri də vacib amildir. Bu baxımdan, müharibə edən tərəf iqlim şərtlərindən maksimum yararlanmalıdır. Necə deyərlər, təbiəti öz tərəfinə çəkməyi bacarmalıdır. İqlim şərtlərini nəzərə almayan ordu məğlubiyyətə düçar olmağa məhkumdur. Bunu tarix dəfələrlə sübut edib. 

1812-ci ildə Napolenun Rusiyaya hücumu məhz hava-iqlim şərtlərini nəzərə almadığından iflasa məhkum olmuşdu. Rus sərkərdəsi Kutuzov bu fürsəti əldən verməmiş və az qala sayı yarım milyona çatan fransız ordusunu Moskva yaxınlığında yerləşən Borodino çölündə məğlub etmişdi. Bundan başqa şəxsiyyəti xalqımız üçün də əziz olan Osmanlı dövlətinin hərb naziri Ənvər paşa məşhur Sarıqamış döyüşünü ertələməmiş, beləliklə, onminlərlə türk əsgəri Qarsın dağlarında rus ordusunun bir gülləsinə belə tuş gəlmədən donub həlak olmuşdu. 

2020-ci ildə başlanan Vətən müharibəsi, o cümlədən 2023-cü ildə misli görünməmiş uğurla nəticələnən antiterror tədbirlərimiz də sentyabr ayına təsadüf etdi. Bu ayın hər günü günəşli olmadı, amma əməliyyatların məhz günəşli günlərdə başlaması Tanrının lütfü olmaqla yanaşı, həm də hərbi strateqlərimizin nailiyyəti idi. Deməli, istər 44 günlük Vətən müharibəsi, istərsə də 24 saatlıq antiterror tədbirlərinin uğurla nəticələnməsinin əsasında hazırlığın hərtərəfli olması ilə yanaşı, hətta hava şəraitinin dəqiqliyinə qədər nəzərə alınması dayanırdı. Bir sözlə, artıq 3 ildir ki, sentyabr ayı xalqımız üçün qələbələr ayına çevrilmiş, əyilmiş milli qəddimizin düzəldiyi təqvim kimi yaddaşımızda özünə yer etmişdir. 

Bəs necə oldu ki, Azərbaycan 4 il ərzində savaşa-savaşa itirdiyi torpaqlarını cəmi 44 günə azad etdi ? Dünya hərb elmində Şuşa əməliyyatı ilə misilsiz səhifə açdı? Hərbi dərsliklərə salınmalı şücaətlərlə, ən müasir silah sistemlərinin döyüş şəraitində tədbiqi ilə müharibənin taleyini həll etdi ?

Əlbəttə, bu sualların hər birinin çox uzun cavabları var. Lakin qısa şəkildə onu deyə bilərik ki, Azərbaycanın 27 ildən artıq müddət ərzində işğalda qalan torpaqlarının taleyi nə ATƏT-in Minsk Qrupu deyilən boşuna fəaliyyət göstərən qurum, nə digər beynəlxalq qurumlar həll etdi. Azərbaycan BMT-nin Ermənistanın torpaqlarımızdan qeyd-şərtsiz çıxması ilə bağlı məlum qətnamələrini təkbaşına icra etdi. Halbuki, Ermənistan dövləti BMT deyilən dünyanın ən böyük təşkilatının 1992-1993-cü ildən etibarən bəyan etdiyi qətnamələri adi kağız parçası yerinə qoyaraq münaqişənin həllinə doğru bir addım belə kompromisə getmirdi. Bu isə Azərbaycanı daha yaxşı hazırlaşmağa, ordu quruculuğuna diqqət ayırmağa, xarici siyasət prioritetlərində Qarabağ məsələsi üzərində prinsipiallığını artırmağa, dünyanın böyük dövlətlərində cəmləşən erməni lobbisini ifşa etməyə, diplomatik münasibətlər sayəsində dostlarını artırmağa sövq etdi. Beləcə, Ermənistan havadarlarının və lobbisinin güclü olmasına baxmayaraq siyasi müstəvidə işğalçı imicindən yayına bilmədi. 

2020-ci ildə qəhrəman generalımız Polad Həşimovun erməni diversiya hücumu nəticəsində şəhadətə qovuşması, xalqımızın onminlərlə nümayəndəsinin onun qisasının alınması üçün küçələrə axışması, Ali Baş Komandanın müraciəti, minlərlə gəncin hərbi komissarlığa üz tutaraq döyüşə getməyə hazır olduğunu göstərməsi ilk psixoloji qələbəmiz idi desəm yanılmaram. Həmin  günlər dünya koronovirus pandemiya ilə mübarizə apardığı vaxtlar idi. Yalnız Azərbaycan istisna idi. Biz həm gözəgörünməz pandemiya ilə, həm də bir əsrdir bizə qənim kəsilən məkrli düşmənlə savaşmağa qərar vermişdik. El dilində desək, bu xına əvvəlki xınalardan deyildi. 27 sentyabrda Füzulinin kəndlərinin işğaldan azad edilməsi ilə başlayan müqəddəs hərbi yürüş bir-birinin ardınca Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Şuşa, Laçın, Kəlbəcər, Ağdamın azad edilməsi ilə nəticələndi. Şuşa əməliyyatı xüsusi təyinatlı qüvvələrimizin şah əsəri kimi hərb tarixinə keçdi. Təsadüfi deyildi ki, dünyanın bir sıra ölkələri məhz bu uğurlu əməliyyatı öz hərbi dərsliklərinə saldılar. Çətin, keçilməz relyefə malik Şuşa şəhərinin dağıntılar olmadan, lokal qüvvə ilə, artilleriyasız, pualarsız yenidən fəth edilməsi orta əsr cəngavərlərinin qələbəsinə bənzədi. Bəli, 3 min şəhidin qanı bahasına olsa da, qədim dastanımızda deyildiyi kimi, düşmən basıldı. Mübaliğəsiz olaraq, düşmən ağır məğlubiyyətə düçar oldu, 10 noyabr Birgə Bəyanatında Ermənistan Azərbaycan qarşısında ilk kapitulyasiyaya imza atdı. Bunu “Qarabağ Ermənistandır və nöqtə” deyən Nikol Paşinyan şəxsən imzaladı. Cəmi bir il qabaq yallı getməyə, çaxır içməyə torpaqlarımıza hay-hayla qaçaraq gələn Paşinyan, kapitulyasiya etməklə vay-vayla, birdəfəlik Ermənistana qaçdı. Bu 100 ilin, hətta daha dəqiq desək 200 ilin tutarlı qələbəsi idi. 

Vətən müharibəsi nəticəsində erməni separatizminə böyük zərbə vuruldu, Qarabağın qondarma statusu məsələsi müzakirə masasından götürüldü, Ermənistan dövləti ciddi sarsıntılara məruz qaldı, türkə nifrət ruhunda tərbiyə olunmuş erməni cəmiyyəti soyuq duş effekti yaşadı, erməni lobbisinin bütün çabaları boşa çıxdı. Regionun süni şəkildə dəyişdirilmiş xəritəsi düzəldi, geostrateji dəyərlər nizama qovuşdu. Azərbaycan dövləti dünyada haqq-ədalətin yeri gələrsə döyüşərək bərpa oluna biləcəyi fəlsəfəsini sübut etdi. 

Bu il isə Vətən müharibəsindəki qələbəmizə kölgə salmaq istəyən, suverenlyimizə xələl gətirməyə çalışaraq özlərini müstəqil subyekt kimi aparmağa cəhd edən separatçı qüvvələr ağ bayraq qaldırmağa məcbur edildi. Yenə də sentyabr ayında Milli Ordumuzun ildırımsürətli antiterror tədbirləri düşməni pərişan etdi. Vaxtılə  bizi Yevlaxa qədər qovacaqlarını ironik şəkildə təkrarlayan düşmən bu dəfə məyus şəkildə Yevlaxa təslim olmaq üçün nümayəndələrini göndərdi. Budur, düşmən silahlarını təhvil verir, təslim olur, onların əlində saxladığı, qurduğu səngərlər, postlar, kəndlər, şəhərlər bir-birinin ardınca təhvil alınır. Separatçıların əlində olan yaşayış məntəqələrimizə Azərbaycan dövlətinin bayrağı sancılır. Azərbaycan açıq deyir ki, erməni əsilli vətəndaşlarımız qala bilərlər, onların təhlükəsizliyinə qarantiya verilir. Getmək istəyənə isə yol açıqdır. Beləliklə, istər Vətən müharibəsində, istərsə də son 24 saatlıq hərbi əməliyyatlarda Azərbaycan Ordusu heç bir beynəlxalq təşkilata onu ittiham etməyə əsas vermədi. Ermənistandan fərqli olaraq biz heç bir mülki obyektə zərbə vurmadıq, düşmən qüvvələrinin Azərbaycan şəhərlərinə atdığı raketlərin hayıfını mülki ermənilərdən çıxmadıq. Amma döyüş meydanında etdiklərinin bədəlini sona qədər ötətdirdik. Təkcə bu amil  iki fərqli təfəkkürün savaşında kimin haqlı, kimin haqsız olduğunu  bütün dünyaya sübut etdi. Necə  ki, Ali Baş Komandan İlham Əliyev bütün proseslərin əvvəlində qətiyyətlə demişdi: Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Anar TURAN,

XQ

Siyasət