“Qızım, sənə deyirəm, gəlinim, sən eşit”
Mən bir məsələni də bildirmək, əziz xalqıma çatdırmaq istəyirəm. Yəqin siz fikir vermisiniz ki, bu bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur, yoxdur! Bəs hanı Ermənistan tərəfinin tələbləri ki, Dağlıq Qarabağa müstəqillik verilməlidir? Mən onlara muxtariyyət təklif edəndə buna razı olmadılar, dedilər ki, yox, bu, “müstəqil dövlətdir”. Bunlar uzun illərdir “müstəqil dövlət” kimi yaşayır və onlar Azərbaycandan müstəqillik almalıdırlar. Bir kəlmə də yoxdur, Paşinyan.
Prezident İlham Əliyevin Azərbaycan xalqına 2020-ci il tarixli müraciətindən
Əlbəttə, biz bir çox məsələləri başa düşür, yaxud başa düşməyə çalışırıq. Bəzən, özümüzü başa düşürmüş kimi də göstərmək istəyirik. Məsələn, dərk edirik ki, Ermənistan Rusiyaya dönük çıxıb və ikinci birinciyə bunu anlatmaq istəyir. Onu da dərk edirik ki, Moskva İrəvanın Qarabağ, Azərbaycanla münasibətlər müstəvisində ona ünvanladığı ittihamlara hansısa formada cavab verməlidir. Anlamadığımız məsələ həmin cavabların məzmunudur. Söhbətimiz elə həmin məzmun barədədir.
Əslində, bu barədə əvvəllər söz açmışdıq. Yadınızdadırsa, Ermənistan parlamentinin spikeri Alen Simonyan bütün diplomatik ifadə formalarını, siyasi etiket qaydalarını aşaraq bildirmişdi ki, Rusiya 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla Qarabağı Azərbaycana verdi. Həmin vaxt məsələyə Rusiyanın Xarici işlər naziri Sergey Lavrov münasibət bildirmiş və Qarabağın statusundan söz açaraq demişdi ki, Ermənistan rəhbərliyi bundan imtina edib. Deməli, belə çıxmışdı ki, Qarabağa status bölgənin Ermənistana verilməsi imiş, ancaq İrəvan razılaşmayıb (?).
Rusiya Prezidenti Vladimir Putin də məsələyə münasibətini açıqlamışdı. O, Şərq İqtisadi Forumu çərçivəsindəki panellərin birində çıxış edərkən, Simonyanın məlum ritorikasına toxunaraq daha açıq danışmışdı.
O demişdi ki, Kəlbəcər və Laçın da daxil olmaqla, bütövlükdə Qarabağın Ermənistana verilməsi söhbəti olub, lakin ölkə Kremlin təklifinə etinasız yanaşıb.
Burada üç məqam üzərində dayanmağa ehtiyac var. Birincisi, nə Putin, nə də Lavrov qaldırdıqları məsələyə tam diqqət yetirmir, digər təfərrüatları və incəlikləri açıqlamırlar. İkincisi, onların hər ikisi status məsələsini, prinsip etibarilə, Qarabağın Ermənistana verilməsi kimi qəbul edir. Üçüncüsü isə bu şəxslər özlərini elə aparırlar ki, sanki istədiklərini reallaşdıra, hər şeyi həll edə bilərmişlər.
Təbii, biz Rusiyanın Cənubi Qafqazda, ümumən dünyada hegemon roluna barmaqarası baxmırıq. Ancaq bu rol, ümumən, o zaman anlaşılandır ki, özünü ədalətli əməldə göstərir, yüngül deyimlərdə yox. Yəni, “verirdik, götürmədiniz” kimi ritorika hakim rol oynamaq deyil. Obrazlı desək, öküz də çox atılıb-düşür, ancaq özündən razılıq onu konserv qutusuna düşmək aqibətindən sığortalamır. Digər tərəfdən, böyüklük Simonyan kimi avantüristin, saxta inqilab həngaməsi nəticəsində hakimiyyət kreslosunu zəbt etmiş tərbiyəsizin səfeh məntiqinə eyni tonda cavab vermək də deyil.
Ermənistan baş naziri Nikol Paşinyan da Simonyandan fərqlənmir. Hər ikisi küçələrdən idarəçiliyə keçmiş adamlardır və məqsədləri bəllidir. Qərbpərəst Nikolun Ermənistandakı, ümumən, Cənubi Qafqazdakı Rusiya amilinə bomba qoymaq üçün ortaya atılmış fiqur olduğu gün kimi aydındır. Ancaq nə məsələdirsə, Paşinyanın söylədiklərinə Rusiya tərəfindən verilmiş reaksiyalar, bir qayda olaraq, adekvat alınmır. Yəni, erməni baş nazirin, əslində, küçə uşağı olduğu heçə sayılır. Düşünülmür ki, Nikol özünün yarımçıq təfəkkürü ilə sərsəm fikirlər söyləyir və onun dediklərinə münasibətdəki ayrı-ayrı motivlər problem yaradır. Problem bu dəfə də yarandı. Söhbət erməni baş nazirin 24 sentyabr 2023-cü il tarixdə xalqa müraciəti zamanı söylədiklərinə Rusiyanın Xarici İşlər Nazirliyinin cavab bəyanatından gedir. Daha doğrusu, bəyanatda əksini tapmış bəzi fikirlərdən.
***
Bəli, əvvəldə də dediyimiz kimi, rəsmi Moskva hər vəchlə İrəvana, ümumən Ermənistan cəmiyyətinə başa salmaq istəyir ki, ölkənin düşdüyü hazırkı acınacaqlı duruma görə məsuliyyəti o yox, erməni iqtidarının özü daşıyır. Mövcud xüsusda Kremlin əvvəlki Ermənistan hakimiyyəti üzərinə yüklənmələrini də görürük. Məsələn, Putinin “Kəlbəcər və Laçın da qarışıq bütün Qarabağı Ermənistana verirdik, razılaşmadılar” məntiqinin Paşinyan hakimiyyətinə heç bir dəxli yoxdur. Rusiya bu təklifi öz adamı olan Serj Sarkisyana vermişdi. Moskvanın ərköyün uşağa çevirdiyi Serjik isə ondan imtina etmiş, bütün işğal olunmuş rayonları öz əlində saxlamaq istəmişdi. Hələ biz onu demirik ki, Azərbaycan da məsələ ilə razılaşmamışdı. Əsas məqam Rusiyanın Sarkisyanın şıltaqlığını normal qəbul etməsi idi. Yəni, prinsipcə, Moskva da torpaqlarımızın işğalda qalmasına etiraz bildirməmiş, İrəvana təzyiq göstərməmişdi.
Ancaq Paşinyanın iqtidara gəlməsi ilə vəziyyət kökündən dəyişdi. Belədə Kreml nəyə görə Koçaryan–Sarkisyan xuntasının göstərdiyi mənasız inadı Nikolun üzərinə transformasiya edir? Hər keçi öz ayağından asılmalı deyilmi? Rusiya XİN-in bəyanatı göstərir ki, ölkə bu prinsipdən uzaqdır. Uzaqlıq isə ortaya bir reallığı qoyur – Rusiya özünü təmizə çıxarmaq üçün manipulyasiya yolu tutur. Ancaq məsələ yalnız bunda da deyil...
***
Diqqət yetirək, Kremlin baş diplomatiya idarəsinin bəyanatında bildirilir ki, N.Paşinyan Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci ilin noyabrında əldə olunmuş və Qarabağın statusu məsələsini gələcək nəsillərin öhdəsinə buraxmaq barədə centlmensayağı razılaşmaya əməl etmək əvəzinə, Qərbin öyüd-nəsihətlərinə boyun əydi. Birincisi, centlmensayağı razılaşma nə deməkdir? Axı, Azərbaycan Prezidenti İlham Əliyev 10 noyabr 2020-ci il tarixdə xalqa müraciətində çox açıq və aydın şəkildə bildirdi ki, Qarabağa status məsələsi bitdi. Dövlətimizin başçısı onu da vurğuladı ki, üçtərəfli Bəyanatda həmin məsələ barədə heç nə yoxdur. Yeri gəlmişkən, Ermənistan iqtidarı da müharibədən sonra bu haqda fikir bildirməyib. Status məsələsini ara-sıra qaldıran elə Rusiya olub. Yəni, heç bir halda, məsələ 44 günlük müharibədən sonrakı Azərbaycan–Ermənistan sülh nizamlaması üçün prioritet təşkil etməyib. Elə isə Moskva İrəvana minnətini nə üçün mövcud xüsusda qoyur? Deməli, Rusiya rəhbərliyi öz düşüncəsini tərəflərə sırımaq istəyib və onların heç biri razılaşmayıb.
***
Digər tərəfdən, sual olunur: Ermənistanın Qarabağa status məsələsi ilə razılaşmaması nə üçün Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilmiş Praqa (6 oktyabr 2022-ci il) və Brüssel (14 may 2023-cü il) görüşlərində Paşinyanın, Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə əlaqələndirilməlidir? Nəyə görə Rusiya XİN hesab etməlidir ki, Nikolun 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında hərəkət etməyə dair qərar verməsi status məsələsinə ziddir? Nəhayət, hansı səbəbdən Paşinyanın Alma-Ata Bəyannaməsini üstün tutması 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalandığı şərtləri, eləcə də Rusiya sülhməramlı kontingentinin mövqeyini əsaslı şəkildə dəyişdirməlidir? Belə çıxır ki, Moskva üçtərəfli Bəyanata Ermənistan üçün yeni ərazi verilməsi kontekstində yanaşıbmış? Axı, heç vaxt Kreml tərəfindən bu baxış ortaya qoyulmayıb. Rusiya nə zamansa mövqeyini açıq şəkildə bildiribmi ki, indi İrəvanın məsələ ilə razılaşmamasını ona qəbahət kimi qələmə verir? Hazırda onsuz da vəziyyət başqadır. Bəs, Rusiya rəhbərliyi əvvəl düşünürdü ki, Azərbaycan onun məntiqi ilə razılaşacaqdı? Əlbəttə, heç vaxt razılaşmazdı.
1991-ci ilin Alma-Ata Bəyannaməsi sabiq SSRİ respublikalarının malik olduqları sərhədlərin qarşılıqlı şəkildə tanınmasını rəhbər tutur. Bu isə o deməkdir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycanın tərkibində tanınır. Nikol çox doğru olaraq bildirmişdi ki, hazırkı Rusiyanın ərazisi də həmin sənədə əsasən tanınıb. Bəs, o zaman nə üçün Paşinyanın Praqa və Brüsseldə Alma-Ata Bəyannaməsinə sadiqliyini bildirməsi Qarabağa status məsələsini ikinci plana atmalıdır? Sözdə bildirilmə əsasdır, yoxsa imza ilə təsdiq? Yəni, hər bir halda, Ermənistan bəyannaməyə çoxdan imza atıb. Nikol əvvəlki açıqlamasında, hətta onu da demişdi ki, Alma-Ata razılaşması artıq ölkəsinin qanunvericiliyinin bir hissəsidir. Rusiya XİN sırf bu məqamı nəzərə almır, özü bilər, bəs Qarabağı niyə düşünmür? Daha doğrusu, bölgənin əbədi və əzəli Azərbaycan torpağı olduğunu “yaddan çıxarır”. Axı, V.Putin özü də bildirmişdi ki, Qarabağ və ətraf rayonlar beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycan əraziləridir.
***
Məlum olduğu kimi, N.Paşinyanın xalqa müraciəti əsasən Ermənistanın təhlükəsizliyinin qorunması seqmenti üzərində idi. Onun Rusiyaya yönələn ittihamında da bu motiv əsas götürülmüşdü. Yəni, Nikol açıq surətdə demişdi ki, Moskva İrəvanın təhlükəsizliyini təmin edə bilmir və bu səbəbdən ona yeni alətlər lazımdır. Rusiya XİN isə bəyanatında vurğulayır ki, Paşinyan iqtidarının “uzaqgörənliyi” sayəsində Ermənistanın təhlükəsizliyinin möhkəmləndirilməsi sahəsində bir sıra sazişləri həyata keçirmək mümkün olmadı, xüsusən Nikol altı ölkənin xarici işlər nazirləri tərəfindən razılaşdırılmış qərarı imzalamadı. Söhbət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müşahidə missiyasının Ermənistan-Azərbaycan sərhədinə yerləşdirilməsi ilə bağlı məsələdən gedir. Söhbət həm də KTMT-nin 2022-ci ilin noyabrında keçirilmiş İrəvan sammiti ilə bağlıdır. O sammit ki, orada Rusiya Prezidenti V.Putin də iştirak etmişdi. Paşinyan isə həmin tədbirdə quruma üzv dövlətlərin liderləri qarşısında bəyan etmişdi ki, KTMT Azərbaycanın işğalçılığı kimi dəyərləndirdiyi sentyabr eskalasiyasına siyasi qiymət verməlidir. Bu qiymət isə olmadı. Nəticədə Nikol Rusiya XİN-in hazırkı bəyanatında vurğulanmış “sərhəddə missiya” məntiqinə müsbət reaksiya vermədi. Bütün bunlar öz yerində, amma Kremlin baş diplomatiya idarəsinin yaydığı sənəddən belə nəticə hasil olur ki, Ermənistana sərhədində təhlükə mənbəyi Azərbaycandır. Halbuki, ölkəmizin Ermənistan ərazisinə hücum planı olmayıb. Digər tərəfdən, sual olunur: Azərbaycanla Ermənistan arasında sərhədlər müəyyənləşməyibsə, KTMT qüvvələri harada yerləşdiriləcəkdi? Əgər Moskva həqiqətən də İrəvanın təhlükəsizliyini düşünsəydi, o zaman, ilk növbədə, sülh müqaviləsinin imzalanmasına çalışardı. Çalışmadı və bildirdi ki, müqavilənin imzalanması sonraya saxlanılmalıdır. Yəqin, bir azdan bunu da centlmen razılaşması kimi qiymətləndirənlər tapılacaq. Yəni, problemin ətrafında gəzişmək lazım deyil. Çünki bu gəzişmənin şəxsi maraqlardan irəli gəldiyi, səmimiyyətdən uzaqlığı çox aydın görünür.
***
Rusiya XİN-in Praqa və Brüssel sammitlərindən söz açması müstəvisində yada saldığı bir məqam da var. Qurumun bəyanatında vurğulanır ki, sözügedən görüşlərdə Ermənistanın baş naziri Azərbaycanın ərazi bütövlüyünü tanımaqla, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini unudub. Mövcud deyimdə konseptual baxış nədir? Bu barədə söz açmazdan əvvəl bildirək ki, Nikol, ümumən rəsmi İrəvan son dövrlər Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi məsələsini mütəmadi şəkildə qaldırmaqda idi. Hətta mövcud yöndə hansısa beynəlxalq təminatlardan da söz açırdı. Rusiyanın mövqeyi isə budur: Qarabağı istəyirsənsə, onu Azərbaycan kimi tanıyaraq bölgədəki erməni əhali ilə bağlı iddia irəli sürə bilməzsən! Görünür, İrəvan bunu həm də ona görə etməməlidir ki, belə dəst-xətt Rusiyanın Qarabağ ssenarisinə ziddir.
Dəst-xətdən söz düşmüşkən, o da məlumdur ki, İrəvanın Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi ilə əlaqədar beynəlxalq təminatlar məsələsi ərazini Rusiyanın egidasından çıxarmaq cəhdidir. Başqa sözlə desək, Nikol avantüranı Qərb platformasına keçirərək hərəkət etməyin tərəfdarıdır. Rusiya XİN isə bildirir ki, belə cəhdlər uğursuzluq gətirdi və o, uğursuzluğa görə məsuliyyət daşımaq istəmir, həmçinin uğursuzluğun Kremlin boynuna qoyulması ilə razılaşmır. Yəni, buradan da belə nəticə çıxa bilər ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımasaydı, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi kontekstində bölgə ilə bağlı iddialarını davam etdirə bilərdi. Əlbəttə ki, Rusiyanın köməyi ilə.
***
Daha bir məqama keçid alaq. Rusiya XİN-in bəyanatında bildirilir ki, vəziyyət rəsmi İrəvanın 10 noyabr 2020-ci il tarixindən sonra Ermənistan silahlı qüvvələrinin Qarabağda mövcudluğunun davam etdirilməsini israrlı şəkildə boynundan atması ilə də gərginləşdi. Sən demə, bu da sonuncu sentyabr eskalasiyasının əsas səbəblərindən birinə çevrildi. Yəni, “ayın 20-də Rusiya sülhməramlılarının vasitəçiliyi ilə yerdə qalan erməni birləşmələrinin çıxarılması və “Dağlıq Qarabağ Müdafiə Ordusu”nun tam tərksilahına dair əldə olunmuş razılaşma real mənzərəni üzə çıxardı, davamlı deeskalasiya üçün ilkin şərtlər yaratdı”.
Əvvəla, Azərbaycan həmişə bildirirdi ki, Qarabağda qeyri-qanuni erməni hərbi birləşmələri var. Ölkəmiz onların çıxarılmasını tələb edirdi. Ermənistan rəhbərliyi isə çox zaman məsələnin üzərindən sükutla keçirdi. Yəni, Rusiya XİN-in bildirdiyi kimi, bunu heç zaman yüksək səslə bildirmirdi. Nikol yalnız ara-sıra “Qarabağda Ermənistan ordusu yoxdur”, – deyə fikir səsləndirib. Onun bunu ucadan bəyan etməsi məhz antiterror tədbirləri zamanı oldu – baş nazir sentyabrın 19-da dedi, 20-si təkzib elədi və bildirdi ki, razılaşmaya əsasən Ermənistan ordusunun birləşmələri tam şəkildə Qarabağdan çıxarılacaq.
Bəs, yaxşı, Rusiya XİN nə üçün 10 noyabr Bəyanatı xüsusunda bölgədə olan İrəvana məxsus hərbi birləşmələr məsələsinin üzərinə gəlir? Nəzərə alaq ki, bu deyim Ermənistanın təhlükəsizliyi müstəvisində səslənir. Deməli, belə qənaətə gəlmək olar ki, Moskva həmin qeyri-qanuni hərbi birləşmələri də İrəvan üçün təhlükəsizlik prizmasında dəyərləndirirmiş və gözləyirmiş ki, Paşinyan iqtidarı buna uyğun addımlar atsın? Deməli, Nikol məsələyə əhəmiyyətsiz yanaşmaqla səhvə yol verib. Bəs, üçtərəfli Bəyanat? Axı, orada aydın yazılıb ki, Ermənistana məxsus hərbi birləşmələr Qarabağdan çıxmalıdır. Bəyanatda Putinin də imzası var. Nə üçün bu, təmin edilməmişdi? Axı, ödəlik Rusiyanın idi...
Əslində, Rusiya XİN yaydığı bəyanatla İrəvana başa salmaq istəyir ki, Qarabağda bölgəni itirməmək üçün ordunun qalmasını təmin edən Rusiya olub və ölkə son anadək – sentyabrın 19-da başlamış antiterror tədbirlərinədək status-kvonu saxlamağı bacarıb. Çox güman, Kremldə sual edirlər ki, Ermənistanın təhlükəsizliyi və Qarabağ üçün daha nə etməli idik? Hə, bu sıraya müxtəlif torpaq yollarla separatçı rejim üçün silah-sursat, hərbi texnika, mina daşınmasını da əlavə edə bilərik. Doğrudan da, Rusiya 44 günlük müharibədən sonra İrəvan üçün başqa nə etməli idi ki, Ermənistan onun orbitinə qayıtsın? Yaxud başqa nə etməli idi ki, Azərbaycana zərər dəysin?..
Əvəz CAHANGİROĞLU
XQ