Zəfərə gedən yolun şanlı başlanğıcı
“Sentyabrın 27-də nə baş verib, onu tarixçilər deyəcəklər. Necə başlayıb, onu, hesab edirəm ki, bir çoxları bilir. Artıq Azərbaycan xalqının səbri tükənmişdi və mən Ermənistan baş nazirinə son görüşlərdə demişdim ki, siz odla oynamayın, Azərbaycan xalqının səbri ilə oynamayın. Siz Azərbaycan xalqını tanımırsınız, siz tanıyacaqsınız bizi, amma gec olacaq. Düz yola gəlin, çıxın bu torpaqlardan, bu torpaqlar sizə mənsub deyil”. Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev bu fikirləri Azərbaycan xalqına 10 noyabr 2020-ci il tarixli müraciətində dilə gətirmişdi. Həmin gün 44 günlük müharibə müqəddəs Zəfərimizlə başa çatmışdı.
27 sentyabrda başlanmış yol özünün gözlənilən məntiqi sonluğuna çatmışdı. Bu gün o şərəf yolumuzun başlanmasından üç il ötür. Nə xoş ki, üç ilin tamamında Vətənimiz Azərbaycan özünün suverenliyini də bərpa edib. Qətiyyətlə demək olar ki, “27 sentyabr”ın qarşıya qoyduğu hədəflər tam şəkildə həyata keçirilib.
Azərbaycan dövləti hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, müqəddəs bayrağımızı işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınıb.
Bəli, Prezident İlham Əliyevin də bildirdiyi kimi, 27 sentyabr 2020-ci il tarixdə nələrin baş verdiyini tarixçilər deyəcəklər. Ümumən, istənilən hadisəyə ən layiqli qiymətin verilməsi, onun vətəndaşlıq hüququ qazanması üçün əlahəzrət zamana ehtiyac var. Hesab edirik ki, 27 sentyabr tarixi ilə bağlı da ən obyektiv və dolğun qiymət zamanla veriləcək, bu tarixin möhtəşəmliyi özünü daha zəngin təqdimatlarda tapacaq.
Hələlik isə onu qətiyyətlə söyləmək olar ki, 27 sentyabr Azərbaycan xalqının öz üzərindəki ləkəni təmizləmək üçün müqəddəs yolçuluğa çıxdığı tarixdir. Bu tarixin yaşanmasında canından keçmiş Vətən övladlarının anılmasında böyük məntiq və misilsiz qədirbilənlik var. Axı 27 sentyabrdan başlanan yolun məziyyətləri ölçüyəgəlməzdir. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olundu. Üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsinin işğalına son qoyuldu. Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Nəhayət, 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı. Əlbəttə, bu gün Azərbaycanın öz torpaqlarına sahiblənməsinin, tam suverenliyini bərpa etməsinin əsası da 27 sentyabr 2020-ci ildən qoyuldu.
27 sentyabr tarixi nəinki Azərbaycana, o cümlədən, Cənubi Qafqaz regionuna sülh müjdəsinə əsas yaradan tarixdir. Məlum olduğu kimi, sülh qanla əldə edilir. Həm də elə buna görə qanından-canından keçmiş Vətən övladlarını məhz bu gün anırıq. Onlar yaşadığımız regionun sülh təminatçılarıdır, sülh və ədalət yolunda gənc həyatlarını qurban vermiş əsl fədakarlar, qəhrəmanlardır.
Sentyabrın 27-si müdrikliyin, səriştənin, dönməzlik və prinsipiallığın zəfərinə doğru yolun başlanğıcıdır. Hesab edirik ki, Azərbaycan xalqı bu tarixədək bir İlham Əliyev tanıyırdısa, bu tarixdən sonra tamamilə fərqli bir liderlə tanış oldu. Onu güclü sərkərdə kimi tanıdı. Hər bir azərbaycanlı onu özünə ata, qardaş, dayı, əmi gördü, öz doğması hesab etdi. Bu, cənab İlham Əliyevin prezidentlik keyfiyyətlərinə yeni obraz qazandırdı. Prezident bu obrazın verdiyi qətiyyətlə müzəffərlik zirvəsinə ucaldı. 27 sentyabrdan noyabrın 10-dək xalqımız bu müzəffər liderin tvitlərini gözlədi, müraciətlərini izlədi, dünyanın nüfuzlu media orqanlarına verdiyi müsahibələrin, az qala, hər sözünü bir-bir oxudu. Oxudu, gözlədi, izlədi və daxilində müqəddəs Zəfərimizə inam bəslədi.
27 sentyabr tarixi səbr kasamızın dolduğu gündür. Bu tarix ona görə yaşandı ki, təzavüzkar Ermənistan Azərbaycanın xoş niyyətindən, münaqişəni dinc yolla aradan qaldırmaq istiqamətindəki səylərindən nəticə çıxarmadı, işğalçı mahiyyətindən daşınmadı. 27 sentyabr tarixinə qiymət verən, İrəvanın xəbərdarlıqlardan nəticə çıxarmadığını vurğulayan Prezident İlham Əliyev bu məqamı özünəxas şəkildə təqdim edir: “Amma nə etdilər? Orada qanunsuz məskunlaşma aparmaq üçün beynəlxalq hüququ, beynəlxalq konvensiyaları, o cümlədən Cenevrə konvensiyalarını kobudcasına pozaraq nümayişkaranə şəkildə xaricdən erməniləri gətirib özü də məhz Şuşaya ki, bizi incitsin. Məhz Şuşada o dəstə başçısı hansı ki, indi deşik axtarır gizlənməyə, xunta başçısı özünə andiçmə mərasimi keçirmişdir və Ermənistan baş naziri gedib orada iştirak edib. Bu, bizə sataşmaq deyildimi? Bunun hesabını sizdən soruşan olmayacaqdımı?! Hesabını soruşduq, diz çökdürdük, diz üstə qoyduq! Onun-bunun ətəyindən yapışıb bu 40 gündən çox bir müddətdə adam qalmayıb ki, zəhləsini tökməsin, yardım istəməsin, özünü alçaltmasın. Biz alçaltmışıq onu, əcəb də etmişik. Bizim üçün müqəddəs olan Şuşa şəhərinin Cıdır düzündə sərxoş vəziyyətdə rəqs edəndə fikirləşəydi ki, bu gün gələcək, cəzasını alacaq, siçan kimi gizlənib bax bu sənədi götürüb ağlaya-ağlaya imzalayacaq. Yerini göstərdik, dərsini verdik. Qovmuşuq onları torpaqlarımızdan, iti qovan kimi qovmuşuq. Demişdim ki, qovacağıq, iti qovan kimi qovacağıq və qovmuşuq, iti qovan kimi qovmuşuq”.
27 sentyabr tarixi ədalətin bərpasına doğru gedən şanlı yolun başlanğıcıdır. Məlum olduğu kimi, Ermənistan BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğalına son qoyulmasına dair dörd qətnaməsini saya salmırdı. Bundan başqa digər mötəbər təşkilatların da çağırışlarına məhəl qoymurdu. Azərbaycan bütün bunlara qarşı öz haqq və ədalətini diktə etdi. Əminliklə söyləyə bilərik ki, 27 sentyabr tarixi həm də haqqın və ədalətin güc yolu ilə, hərbi yolla zəfər çaldığı möhtəşəm bir mərhələnin başlanğıcıdır. Halbuki, Azərbaycan Prezidenti 44 günlük müharibə başlanandan sonra da məsələni hərbi yolla həll etməmək üçün səylər göstərdiyini vurğulayıb: “Mən bu müharibə başlanandan sonra demişdim ki, bir çoxları, demək olar, bu məsələ ilə məşğul olan siyasətçilərin hamısı deyirdi ki, bu münaqişənin hərbi həlli yoxdur. Mən nə deyirdim? Deyirdim ki, var! Məni tənqid edirdilər ki, İlham Əliyev nə danışır? Yoxdur hərbi həlli. Dedim yaxşı yoxdursa, onda bunu sülh yolu ilə həll edin. Sizin əlinizdə bu imkanlar var. Siz böyük dövlətlərsiniz, böyük nüfuzunuz var, böyük imkanlarınız var. Nədir ki, sizin qabağınızda Ermənistan, nədir ki, ona təsir edə bilmirsiniz? Bəlkə təsir etmək istəmirsiniz? Yox, deyirdilər ki, olmaz müharibə aparmaq, sülh yolu ilə. Sülh yolu ilə 1 il, 2 il, daha 30 il sülh yolu ilə? Bizim başımızı nə qədər aldatmaq olar?”
27 sentyabr tarixi onu da göstərdi ki, Azərbaycan xalqını saymazdan gəlmək cəhdləri mənasızdır. Həm də ona görə ki, 44 günlük müharibənin Zəfərindən sonra bu xalqın malik olduğu dövlət, ümumən, Cənubi Qafqaz regionunda yeni mərhələnin təməlini qoydu. Ümummilli lider Heydər Əliyev bildirirdi ki, Azərbaycan dünyaya Günəş kimi doğacaq. Dahi şəxsiyyətin söylədiyi hər fikir, dilə gətirdiyi hər arzu reallıqla uzlaşır, çin çıxır. 27 sentyabrdan başlanmış yol Vətənimizi doğan Günəşə çevirdi. Elə bir Günəşə ki, dünyanı yenidən işıqlandırmaq əzmini göstərdi.
XQ-nin analitik qrupu