Nizami Kino Mərkəzi daha bir festivala ev sahibliyi edir

post-img

Sentyabrın 26-da Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin dəstəyi ilə DokuBaku VII Beynəlxalq Sənədli Filmlər Festivalının açılışı oldu.

Azərbaycan Kino Agentliyinin şöbə müdiri Rəşad Qasımov, DokuBaku-nun təsisçisi və direktoru, kino və teatr rejissoru İman Həsənov çıxış edərək, festivalın təşkilatçılarına, tədbirdə iştirak edən qonaqlara təşəkkür etdilər. 

Çıxışlarda, həmçinin qeyd olundu ki, festival keçən il olduğu kimi bu il də gender bərabərliyinə sadiq qalıb. Belə ki, bu il qalib adını qazanaraq, festivalda iştirak edən filmlərin 40 faizi məhz qadın əməyinin məhsuludur.

Sonra “Yüz yaşa” filmi nümayiş olundu. Film dünyanın ən uzunömürlü sakini kimi Ginnesin Rekordlar kitabına düşmüş Şirəli Müslümov və onun ailəsindən bəhs edir. Ekran işində, həmçinin Lerik rayonunda yaşayan digər uzunömürlü şəxslərin həyat və yaşayış tərzləri haqqında maraqlı kadrlar yer almışdır. Rejissor film haqqında festival iştirakçılarını məlumatlandırdı və bildirdi ki, bu onun Azərbaycanda çəkdiyi ilk filmdir: “Çox sevinirəm ki, filmin premyerası məhz milli kinonun yaranmasının 125 illiyinə təsadüf etdi. Arzu edirəm ki, uzun ömürlü Azərbaycan kinosu qəlbimizdə həmişə yaşasın”. 

Qeyd edək ki, 2017-ci ildən keçirilən festival Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə təşkil olunur. Builki festivalın mövzusu “KosmoDarvinizm: Dolça dövrü” adlanır. İndi bəşəriyyət Dolça əsrinə qədəm qoyduğuna görə, biz qloballaşmaya və sehrdən fərqlənməyən elmin sürətli inkişafına hazır olmalıyıq. 30 il əvvəl bizə yalnız ssenaristlərin və yazıçıların ixtirası kimi görünən ideyalar artıq həyata keçir və varlığımızın bir hissəsinə çevrilir. 

 Festivalın proqramı 43 nümayişdən ibarətdir. Festivalda 29 ölkədən 61 sənədli film nümayiş etdiriləcək. 

 Festival ən yaxşı tammetrajlı film, Ən yaxşı qısametrajlı film, DokuDarvin, No Main Müsabiqə, Müsabiqədən kənar və DokuKids olmaqla beş kateqoriyaya bölünür. Festival ərzində istehsal olunan yeni filmlərin premyeralarının da keçirilməsi nəzərdə tutulur. 

Hər nominasiya üzrə qalibləri isə Fransua Skulye, Nik Voyt, Maykl Qraversen, Andrea Tsulkova, Emil Nəcəfov və Fuad Şabanov kimi janrın tanınmış ustaları da daxil olmaqla 20 ekspertdən ibarət beynəlxalq münsiflər heyətinin üzvləri müəyyən edəcək. Hər kateqoriya üzrə birinci yeri tutan kinorejissorlara festival mükafatları təqdim olunacaq. Qaliblər “iHuman”, “iCyborg”, “NewEye” mükafatları ilə yanaşı, yeni “CosmoHuman” mükafatı ilə də təltif olunacaqlar.

Festivalın builki rəsmi tərəfdaşları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Kino Agentliyi, Nizami Kino Mərkəzi, Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyidir. 

Festivalın məqsədi sənədli film yaradıcılarının mövcud dəyişikliklər haqqında nə düşündüklərini öyrənmək, eləcə də dövrümüzün reallığı olan rəqəmsallaşma və həyatın çılğın tempi ilə bəşəriyyət necə ayaqlaşa bilər, insana dəyər biçən kimdir, insan texnologiyadan istifadə etmədən uğur qazanmaq arzusunun öhdəsindən ən yaxşı şəkildə necə gələcək kimi suallar çərçivəsində kinematik araşdırmaları bölüşməkdir.


Fidan SALMANLI

Elşən AĞALAROV(foto)

XQ

 













Mədəniyyət